Modern.az

“Qarabağ bülbülləri”nin yaradıcısı: “Ansamblın yubileyində tələbələrimdən imtina edəcəm” - MÜSAHİBƏ

“Qarabağ bülbülləri”nin yaradıcısı: “Ansamblın yubileyində tələbələrimdən imtina edəcəm” - MÜSAHİBƏ

10 Avqust 2012, 16:15

Murad Rzayev: “Bircə Teymur Əmrah məni yada salır”


Yaxşı bir məsəl var, kiminin əvvəli kiminin axırı. Elə “Qarabağ bülbülləri”nin yaradıcıcsı Murad Rzayev də ansamblı yaradanda bilmirdi ki, bir ayda 3 konsert verən “Qarabağ bülbülləri” bu gün konsert salonlarına, saraylara həsrət qalacaq. Bilmirdi ki, min bir zəhmət hesabına ortalığa çıxardığı tələbələri bu gün ondan üz döndərəcək. Bu gün tələbələr toylara gedib klip pulu, xalq artisti adı qazanacaq, amma müəllim “Təqaüdüm görəsən, çatacaqmı bu ay ev kirayəsinə?”– deyə fikirləşəcək və fəxri adı ala bilməyəcək.

Müsahibimiz “Qarabağ bülbülləri” ansamblının yaradıcısı Murad Rzayevdir.

– Deyirsiniz ki, musiqi təhsiliniz yox idi, bəs necə oldu ki, ansambl yarada bildiniz?

– Musiqiyə əvvəldən həvəsim olub. Amma bu sahəyə baxmamışam. Əvvəlcə kinomexanik olmuşam. Musiqiyə çox gec başlamışam. Gec başlasam da, sözümü də demişəm. Musiqi məktəbi oxumamışam. Birbaşa texnikuma girmişəm. Ağdam şəhərində kinomexanik işləyirdim. Kinoda musiqilər gedəndə fikrim qalırdı başqa yerdə, bir də görürdün ki, lent qurtarıb, camaat yerdən qışqırır. Tez yüyürüb aparatı qoşurdum. Yəni musiqi mənə belə təsir edib. Həmişə də arzum olub ki, bir ansambl yaradım. O vaxtları məni gətirib pioner evinə müdir qoydular. Arzum yerinə yetdi. Ansambl yaratmaq fikrinə düşdüm. Amma fikirləşirdim ki, mən hara, 1971-ci ildə istedadlı uşaqları başıma yığdım, ansambl yaratdım. Yavaş-yavaş mahnılar oxuduq, məşhurlaşdıq.

– Deyəsən o zamanlar indiki kimi konsert vermək problemi yox idi ..

– Biz bir ayda Kremldə 3 dəfə konsert vermişik. Bizdən başqa Azərbaycanda elə bir kollektiv yox idi ki, ora gedə. O vaxtlar Daşkənddə simpozium keçirildi. Canəli Əkbərov oxuyurdu. O zamanlar heç Alim Qasımov da yox idi. Uşaqlar orada necə oxudusa, hamını valeh etdilər.

– Bəs niyə indiki “Qarabağ bülbülləri” əvvəlkilər kimi məşhur deyil?

– Məhərrəm Qasımov, Gülçöhrə Quliyeva, Xanım Abdullayeva vardı. Onlardan sonra Tacir Şahmalıoğlu, Nazim Zeynalov, Bəhram Məmmədov, Araz Hüseynov, Nəzakət Teymurova, Aygün Bayramova, Cabir Abdullayev, Fehruz Səxavət, İlhamiz Paşayev, Arzu Fərhadova olub. Onlar məşhurlaşa bildilər. İndikilərdən isə oxuyurlar, toylara da gedirlər, amma reklam olunmurlar. Musiqi məktəblərinin direktorları, müəllimlər işləyənlər var. Çoxu müəllimlik edir. Eləsi də oldu ki, bu sahəni atıb başqa bir işlə məşğul oldu.  

– O zaman ki, dinləyicilərlə indikilər arasındakı fərq nədədir?

– Əsas məsələ ondadır ki, tamaşaçı onda muğamı fərqli qəbul edirdi. Mən deyərdim ki, o zamanlar muğam çox sevilirdi, nəinki indi. Halbuki o vaxtlar çətin idi. Hər gün saat 2-də günorta muğam verirdilər. Hamı çörəyini yediyi yerdə iki saat muğama qulaq asırdı. İndi sırğalı oğlanlar at oynadır.

– Həmişə açıq danışdığınızı deyirsiniz, bu, sizə baş ağrısı gətirmir ki?

– Bəzi şeyləri düz danışıram, ona görə də mənim sözüm keçmir. Sözümün bəlasını həmişə çəkirəm, amma sözümü də deyirəm. Azərbaycanda 4 səsli xorun ilk yaradıcısıyam. “Qarabağ bülbülləri”ni Almaniya, Polşa, Bolqarıstan, İraq, Türkiyəyə aparıb konsertlər verirdik. 2007-ci ildə 60 illik yubileyim oldu. Xalqın mənə verdiyi qiyməti mən orada gördüm. Zala o qədər insan toplaşdı ki, Rəmiş kimi adama yer olmadı, gitara əlində məndən inciyib çıxıb getdi.


– Bildiyimiz kimi ansambldan başqa da yaradıcılığınız var. Musiqilər bəstələməklə də məşğulsunuz. Mahnılarınızı hazırda kimlər oxuyur?

– Qədir Rüstəmov, Mirzə Babayev, Flora Kərimova, Zöhrə Abdullayeva, Teymur Əmrah , Lalə Məmmədova və başqaları mənim mahnılarımı oxuyub. İlqar Muradov da məndən mahnı götürüb. Yeni mahnılardan Mənsum İbrahimova, Zakir Əliyevə vermişəm. İndi özümün o qədər  problemim var ki, başım ancaq ona qarışıbdır. Həyat şəraitim çox pisdir. Hamı özünə villa tikdirəndə mənim başım qarışmışdı ansambla. Fasiləsiz 42 il işləyirəm. “Azəri-Star”dan tutmuş “Yeni Ulduz”a qədər neçə tələbəm var. Allah yaxşı yoldaşların canını sağ eləsin. 12 sənədli və bədii filmlərə çəkilmişik. “Bayatı Şiraz”da ilk dəfə improvizasiyanı mən etmişəm. Onu da Arzu adında oğlana hazırlayırdım. Tacir onda balaca idi, bunu öyrəndi və onunla da düşdü tarixə. Muğam festivalı o improvizə ilə açılır indi. Amma mən bu gün evsiz-eşiksiz qalmışam. Maaşım cəmi 150 manatdır. Bu yaxınlarda Maliyyə Nazirliyi yoxlama apardı. Niyə 15 uşaq yoxdur, 13 uşaq var? Halbuki məktəblərdə iki yoxdur. Qəzetlərdə yazdı ki, Maliyə Nazirliyinin “Qarabağ bülbülləri”nə Novruz hədiyyəsi”. Sonra bildim ki, bu, sifariş imiş. Məni yıxmaq üçün ediblər bunu. Bu yoxlamadan sonra hər əzaba dözdüm. 42 nəfər işçim var, heç birini də çıxartmadım, dedim ki, 65 yaşında bir işçi çıxartmaram. Elə şeylər var ki, heç kimin də yanında açıb danışa bilmirəm. Mərd-mərdanə yaşayıram.

– Bəs tələbələriniz necə müəllimlərinə maddi və ya mənəvi dəstək olurlarmı?

– Tələbələrim məni itirib-axtarmırlar. Ustadına kəm baxanın gözlərinə qan damar. Bircə Teymur Əmrah məni yada salır. Onu uşaq evindən mən götürüb saxlamışam. Mənəvi atasıyam. Çox yaxşı ki, ona ev verildi. Məni evə dəvət etmişdi. Amma hələ də getməmişəm. Bu yaxınlarda fikrim var ki, gedəm.

Aygün Bayramova da tez-tez əlaqə saxlayır mənimlə. O ikisi sadiqdir.

– Telefon zənglərinizə cavab verməyənlər kimdir?

– Hərəsinin 10 dənə köməkçisi, can güdəni var. Açanda da könülsüz danışırlar. Amma görəndə mənimlə can-ciyər kimi olurlar.

– Tələbələrinizə kömək üçün müraciət etmisinizmi?


– Heç vaxt, onlar özü başa düşməlidir ki, mən necə yaşayıram. 1984-cü ildən “Niva”m var. Gecə yuxusuz, əlimdə termos gedib, məsələn, Aygün Bayramovaya çay gətirdim. Aygün indi də həmişə məni axtarır, ona zəhmətimi halal etməliyəm. Bəzilərinə isə halal etmirəm. Mən bu il ansamblın 40 illiyini təşkil edəndə söz verirəm ki, öz tələbələrimdən imtina edəcəm. Ürəkdəki inciklik buna vadar edir.

– Tacir Şahmaloğlu kürd müğənnisi ilə mahnı oxumuşdur və bu da böyük bir ajiotaj yaratmışdı. Siz də öz münasibətinizi bildirdiniz. Deyəsən, sizdən incimişdi də...

– Onun üstündə nə qədər küsülü qaldıq. Mənə jurnalist zəng elədi dedi ki, Tacir belə bir şey edib, dedim o elə iş görməz, edibsə də səhv edib. Onu jurnalistlər götürüb nə formada yazdılarsa Aqil Abbas da məndən incidi ki, Tacirin haqqında giley yazmısan, nə bilim nə, yəni mən onun haqqında heç bir şey deməmişəm. Demimişəm, edibsə, səhvdir. Amma Tacir onu hər kiminlə oxuyubsa, toyda oxuyub. Mədəniyyət naziri də dedi ki, sənətçi hər bir millət ilə də oxuya bilər. Amma onun götürüb qucaqlaşmağı, öpüşməyi düzgün deyil... Həmişə mən onu tərifləmişəm. Tacir bizim ansamblın ən ərkəsöyünü idi. Məni ən çox incidən Tacir olub. Başıma açmadığı oyun qalmayıb. 6 yaşından səhnəyə çıxartmışam.

Elə olub ki, onları qayışla döymüşəm onu. Rusiyada olanda bir dəfə qapı döyüldü, açdım ki, polisdir. Bizi polis idarəsinə aparmağa gəlib. Sən demə rusdan velosiped alıb deyib, “druq, adin kruq”. Onu da aparıb evin dalında satıb.

- Zeynəb Xanlarova ilə necə əlaqələriniz varmı, əvvəllər birlikdə çox çalışmısınız?

– İndi əlaqələrimiz yoxdur. Gör neçə illər keçib. İstəyərdim elə dərdimi ona deyim.


Şahanə Rəhimli

Twitter
Sizə yeni tvit var
Keçid et
Mühüm mövqelər Ordumuzun nəzarətinə keçdi-Ermənistanda şok