Modern.az

“Düşmənlərimiz Nizaminin xaricdəki əlyazmalarında saxtalaşdırmalar edib” Nizamişünas alim

“Düşmənlərimiz Nizaminin xaricdəki əlyazmalarında saxtalaşdırmalar edib” - Nizamişünas alim

Mədəni̇yyət

20 Yanvar 2021, 14:10

Dünya ədəbiyyatının görkəmli nümayəndəsi, dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvi bəşəriyyətin bədii fikir salnaməsində yeni səhifə açmış nadir şəxsiyyətlərdəndir. Nəhəng sənətkarın xalqımızın mənəviyyatının ayrılmaz hissəsinə çevrilmiş parlaq irsi əsrlərdən bəri Şərqin misilsiz mədəni sərvətlər xəzinəsində özünəməxsus layiqli yerini qoruyub saxlayır.


Filologiya üzrə fəlsəfə doktoru dosent, nizamişünas Zəhra Allahverdiyeva Modern.az-a Nizami irsi və bu ilin “Nizami Gəncəvi ili” elan olunması haqqında danışıb.


“Nizami Gəncəvi irsi Azərbaycan xalqının mənəvi sərvətidir və bu sərvətin qorunması, tədqiqi və təbliği  Azərbaycan Dövlətinin yeritdiyi siyasətin tərkib hissəsi olaraq daim diqqət mərkəzindədir. Məlumdur ki, hələ XX əsrdə Azərbaycan nizamişünaslığı öz monumental töhfələri ilə dünya elmi tarixində yeni bir  səhifə açmışdır. Bu dövrdə Nizami Gəncəvi əsərlərinin elmi-tənqidi mətnlərinin hazırlanması, nəşri, tərcüməsi, tədqiqi və təbliği sahəsində görülən uğurlu işlər dünya miqyasında əzəmətli bir məktəbin – Azərbaycan nizamişünaslıq məktəbinin varığını bir daha təsdiq etmişdir. XX əsrdə Azərbaycanın fədakar alimlərinin fəaliyyətinin bəhrəsidir ki, bu gün Azərbaycan Respublikası Nizami Gəncəvi irsinin öyrənilməsi, nəşri və təbliği işində dünya üzrə əsas koordinat mərkəzə çevrilmişdir. Müstəqil  Azərbaycan dövləti müasir dövrdə də nizamişünaslığın inkişafına xüsusi diqqət yetirir və Nizami Gəncəvi irsinin dünya miqyasında təbliğində mühüm  işlər görür.Azərbaycan Prezidenti İlham Əliyevin 23 dekabr 2011-ci ildə  “Dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin 870 illik yubileyinin keçirilməsi haqqında” imzaladığı sərəncamla  nizamişünaslığın məqsədyönlü və uğurlu fəaliyyəti daha da genişlənmişdir.
Bu sahədə 2013-cü ildə İngiltərədəki Oksford  Universiteti nəzdində  yaradılmış “Nizami Gəncəvi adına Azərbaycan və Qafqazşünaslıq Elmi Mərkəzi” nin uğurlu fəaliyyətini göstərmək lazımdır. Bu Elmi Mərkəz Azərbaycan Respublikası rəhbərliyinin dəstəyi və himayəsi sayəsində,  M.V. Lomonsov adına Moskva Dövlət Universitetinin rektoru, AMEA-nın müxbir üzvü, professor Nərgiz Paşayevanın və Oksford və Nyu- York Universitetinin Şərqşünaslıq sahəsi üzrə  professoru Robert Hoylandın təşəbbüsü  ilə yaradılıb. Elmi Mərkəz Azərbaycan həqiqətlərinin dünyaya tanınması, o cümlədən Nizami Gəncəvi irsi haqqında dəqiq məlumatların elmi ictimaiyyətə çatdırılması  sahəsində bir sıra mühüm işlər görüb”.
 

Zəhra Allahverdiyeva deyir ki, Nizami Gəncəvi şəxsiyyəti elə bir ölməz dühadır ki, özünün sözü ilə həmişə diridir, əbədidir.

“Onun ədəbi irsinin möcüzəsinə bütün dünya biliciləri heyrət və heyranlıq içindədirlər. Kim Nizami yaradıcılığına üz tutubsa, ömür boyu onun kəlamlarının sehrindən ayrı düşə bilməyib. Çünki şair uca insanlığı, ilahidən gələn bəşəri məhəbbəti  böyük sidq və zövq ilə,  ali  bir məqsəd olaraq tərənnüm edirdi.

Əlbəttə, həm Azərbaycanın, həm də bütün bəşər övladının  iftixarı olan Nizami kimi qüdrətli bir sənətkarın ədəbi irsinin qorunması, təbliğ olunması  mühüm məsələdir. Mənə elə gəlir ki,  ümumxalq birliyi şəraitində dünya miqyasında mütəmadi təbliğat yolu ilə, dövlət qayğısı və Nizami irsini araşdıran alimlərə mənəvi və maddi dəstək şəraitində davamlı iş aparmaq mümkündür. Mədəniyyətimizin mühüm tərkib hissəsi olaraq Nizami irsi həmişə diqqət mərkəzindədir və bundan sonra da onun irsinin qorunması, araşdırılması Azərbaycan elminin əsas vəzifəsi olaraq qalacaqdır. Bu, Azərbaycan xalqının adını dünya tarixinin qızıl səhifələrinə yazmış olan böyük şairə bizim mənəvi borcumuzdur”.


Nizamişünas alimin sözlərinə görə, Nizami Gəncəvi hər bir misrasında öz xalqının ruhunu yaşadan böyük bir sənətkardır. Dünyada bəşər övladı var olduqca, Azərbaycan xalqı əbədi  durduqca, Nizami sənəti də əbədi yaşayacaqdır!


Zəhra Allahverdiyeva bildirib ki, dünyanın müxtəlif  kitabxana və muzeylərində Nizaminin əsərlərinin yüzlərlə əlyazma nüsxələri saxlanılır.

“Bu gün Nizami Gəncəvi “Xəmsə”sinin Avropada, Türkiyədə, İranda, Hindistanda, Misirdə,  Azərbaycanda, Avstriyada, Rusiyada çoxsaylı əlyazma nüsxələri mövcuddur. Bu bir danılmaz faktdır ki, bir sıra nizamişünaslıq problemlərinin düzgün həllində dürüst əlyazma mətnlərinin olması əsas şərtdir”.

Müsahibimizin sözlərinə görə, bu gün müstəqil dövlət olaraq, dünyanın istənilən kitabxanasından Nizami əsərlərinin əlyazmalarını əldə etmək imkanımız var.

“Nizami dövrünə daha yaxın, məsələn, XIII əsrə aid əlyazmalar əldə olunmuşdur. Mənim bildiyimə görə, Azərbaycan Elmlər Akademiyası Füzuli adına Əlyazmalar İnstitutunda hal-hazırda Nizami əsərlərinin  daha qədim əlyazmalarının tapılması üzrə ciddi işlər aparılır və araşdırmalar öz uğurlu nəticəsini verəcəkdir. Əlbəttə, ən yaxşı qorunan əlyazma mətni təhrif olunmamış nüsxədir. Məlumdur ki, obyektiv və subyektiv səbəblərdən əlyazmaların çoxusu təhriflərə məruz qalmışdır. Dünyanın hansı ölkəsində olursa, olsun, təhrif olunmamış, dəyişdirilməmiş mətn ən yaxşı nüsxədir. Ümid edirəm ki, Nizami Gəncəvi əsərlərinin ən qədim və ən dürüst əlyazma nüsxələri alimlər tərəfindən aşkar olunacaqdır”.



Nizamişünas alim deyir ki, ölkə başçısının Azərbaycan Respublikasında 2021-ci ilin “Nizami Gəncəvi İli” elan edilməsi haqqında 5 yanvar 2021-ci il tarixli sərəncamı ölməz şairin irsinə ardıcıl qayğı və diqqətin  bariz nümunəsidir. 

“Vaxtında verilmiş bu sərəncamla Azərbaycan nizamişünaslıq elminin tarixində yeni bir möhtəşəm dövr başlayır.

Onu da qeyd etmək lazımdır ki, Azərbaycanın elmi potensial qüvvələri nizamişünaslığın aktual problemləri sahəsinə yönəldilmişdir və hazırda akademik İsa Həbibbəylinin təşəbbüsü ilə Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda yenidən Nizamişünaslıq şöbəsi yaradılmışdır. Şöbənin rəhbəri AMEA-nın müxbir üzvü Nüşabə Araslının başçılığı ilə dahi şairin həyatının və ədəbi irsinin tədqiqi monoqrafiya və məqalələrdə davam etdirilir.  İnstitutun rəhbərliyinin təşəbbüsü və Nizamişünaslıq şöbəsinin fəaliyyəti sayəsində  “Nizami Gəncəvi almanaxı”nın nəşri bərpa olunmuşdur. 2019-cu ildə Bakıda çap olunan “Nizami Gəncəvi almanaxı”nın birinci sayı Azərbaycanın görkəmli şərqşünas alimi, akademik Həmid Araslının xatirəsinə ithaf olunmuşdur. Almanaxın II sayının hazırlanması işinə başlanmışdır.

Hal-hazırda Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda “Nizami Gəncəvi: həyatı və yaradıcılığı” adlı irihəcmli elmi monoqrafiya çapa hazırlanmaqdadır.

AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu, Şota Rustaveli adına Gürcü Ədəbiyyatı İnstitutu və Kembric Universitetinin birgə həyata keçirdiyi “Nizami Gəncəvi və Şota Rustaveli” Beynəlxalq layihə  əsasında hazırlanan kitab çapa təqdim edilmişdir.

5 yanvar tarixində  2021-ci ilin “Nizami Gəncəvi İli” elan edilməsi ilə əlaqədar bir sıra nizamişünaslıq problemlərinin həllinə daha geniş istiqamətlər açılmış oldu. Nizami Gəncəvinin həyatı, dövrü, ədəbi mühiti haqqında dəqiq elmi araşdırmaların aparılması, şairin əsərlərinin əlyazmalarının dürüst elmi-tənqidi mətnlərinin üzə çıxarılması, Nizami Gəncəvi ensiklopediyasının hazırlanması, şairin bədii irsinin ideya-fəlsəfi-poetik xüsusiyyətlərinin daha geniş aspektdə tədqiqi, poemalarının dünya xalqlarının dilinə tərcümələri və nəşri işlərinin yenilənməsi üçün mühüm şərait yaranmış oldu. Ümid edirəm ki, sadalanan bu problemlər üzrə hər bir mütəxəssis nizamişünaslığa öz dəyərli töhfəsini verəcəkdir”.

Zəhra Allahverdiyeva deyib ki, Nizaminin xaricdə saxlanan əlyazmalarında katiblərin təhrifindən başqa, düşmənlərimiz tərəfindən saxtalaşdırmalar, dəyişikliklər edilib:

“Bilirsiniz ki, uzun əsrlərdir, bizim tariximizi, mədəniyyətimizi silmək üçün fəaliyyət göstərən düşmən qüvvələr vardır. Düşünürəm ki, Türkiyə məxəzlərində  saxlanılan Nizami Gəncəvi əlyazmaları düşmən əlinə keçə bilməyib. Bu səbəbdən, orada saxlanılan mətnlərdə Nizami Gəncəvinin həyatına dair daha dəqiq məlumatlar mövcuddur”



Mehri Qurban

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! Qarabağdakı Rusiya bayraqları belə sökülür