Modern.az

Komitə sədri şəhid ailəsi və maşinistlərlə görüşdü - FOTO

Komitə sədri şəhid ailəsi və maşinistlərlə görüşdü - FOTO

22 Yanvar 2021, 16:39

Milli Məclisin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva və Regional Hüquqi və İqtisadi Maarifləndirmə İctimai Birliyinin (RHİMİB) sədri Arzu Bağırova Masallı rayon, Viləş kənd sakini, şəhid əsgər Balaqardaş Vəliyevin valideynləri Fərhad Vəliyev və Səməngül Vəliyeva ilə görüşüb.

 

Modern.az xəbər verir ki, Qənirə Paşayeva şəhid valideynlərini işğalçı düşmən üzərində tarixi qələbə münasibətilə təbrik edib, ürək sözlərini bölüşüb:

 

“Əziz Şəhid valideynləri, Siz Vətən uğrunda mərdliklə döyüşərək öz canını fəda etmiş oğulun valideynlərisiz. Düşmən üzərində qələbə münasibətilə təbriki ən çox Siz şəhid valideynləri haqq edirsiz. Biz Sizə çox minnətdarıq! Övladınızın ruhu qarşısında dərin ehtiramla baş əyirik. Sizin övladınız artıq yalnız öz ailəsinə deyil, bütün Azərbaycana əzizdir, doğmadır. Şəhid oğlunuz öz əsgər borcunu şərəflə yerinə yetirib.

Oğlunuz 13 oktyabr 2020-ci il tarixində Hadrut istiqamətində gedən döyüşlərdə şəhid olub.

Balaqardaş kimi vətənpərvər gənclərimizlə hər zaman qürur duyacağıq! Onun və cəbhə yoldaşlarının vətənpərvərliyi sayəsində torpaqlarımız Ermənistanın işğalından azad olundu, xalqımızın 30 illik həsrətinə son qoyuldu. Tanrıya çox şükürlər olsun, şəhidlərimizin qanı yerdə qalmayıb. Azərbaycan tarixi zəfər qazanıb. Sizi tarixi zəfər münasibəti ilə bir daha təbrik edirik”!

 

Şəhid valideynlərinə tarixi zəfər münasibətilə Milli Məclisin Mədəniyyət komitəsi və RHİMİB adından Məktublar, üzərinə “Qarabağ Azərbaycandır!” yazılmış qol saatı təqdim edilib.

 

***

 

Milli Məclisin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva Vətən müharibəsində itkilərimizin az olmasında rol oynamış mülki vətəndaşlarla da görüşüb.

 

“Azvirt MMC”nin ekskavator maşinistləri - Sumqayıt şəhər sakini İlqar Köçəri oğlu Həşimov və Tovuz rayon, Azaflı kənd sakini Elsevər Maarif oglu Abdullayevlə görüşən Q.Paşayeva onları düşmən üzərində tarixi zəfər münasibəti ilə təbrik edib, yeni təqvim ilində yeni uğurlar diləyib:

 

"Siz, 44 günlük Vətən Müharibəsində əldə etdiyimiz tarixi zəfərdə öz töhfələri ilə iştirak etmiş mülki vətəndaşlarımızsız. Siz, Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı, Xocəvənd, Şusa istiqamətlərində gedən döyüşlər vaxtı, sizə təhkim olunmuş texnika vasitəsi ilə operativ mühəndis istehkam qurğularının yaradılmasında fədakarlıqla iştirak etmisiz. 

Sizlərin də öz töhfələrinizlə iştirak etdiyiniz Vətən Müharibəsi Ordumuzun qələbəsi ilə sonuclanıb, şəhidlərimizin qanı yerdə qalmayıb.

Sizi düşmən üzərində tarixi zəfər münasibəti ilə təbrik edir, sizə möhkəm can sağlığı, yeni uğurlar diləyirəm"!

 

"Avirit MMC" əməkdaşları İlqar Həşimov və Elsevər Abdullayev səmimi qəbula görə komitə sədrinə təşəkkür edib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Əskipara kəndinə getmək istəyən jurnalistlər belə saxlanıldı