Modern.az

Xəmsənin Osmanlı türkcəsində yenidən nəşri və satışı planlaşdırılır

Xəmsənin Osmanlı türkcəsində yenidən nəşri və satışı planlaşdırılır

24 Yanvar 2021, 12:08

2021-ci il Azərbaycanda “Nizami Gəncəvi ili” elan olunub.

 

“Nizami Gəncəvi ili” ilə bağlı tədbirlər planının hazırlanması, müxtəlif layihələrin həyata keçirilməsi gözlənilir. Milli Məclisin Gəncədən olan deputatı Naqif Həmzəyev Modern.az-a açıqlamasında keçiriləcək tədbirlər barədə danışıb.

 

Deputat Nizaminin tək Azərbaycan üçün deyil, bəşəriyyət üçün dahi şəxsiyyət olduğunu xatırladıb: “Nizami Gəncəvinin 880 illiyinin Azərbaycanda və ölkəmizdən kənarda keçirilməsi, bununla bağlı müxtəlif tədbirlərin həyata keçiriləcəyi planlaşdırılır. Bildiyiniz kimi Nizami Gəncəvi adına Beynəlxalq mərkəz var. Həmçinin Gəncə şəhər İcra Hakimiyyəti və bütün aidiyyatı orqanlar bu il çox fərqli layihələr və tədbirlər ortaya qoymağı planlaşdırır. Nizami Gəncəvinin doğum günü adətən sentyabrın 24-də qeyd olunur. Həmin ərəfədə böyük bir festivalın keçirilməsi mümkün ola bilər. Ümid edək ki, həmin dövrə qədər pandemiya təhlükəsi sovuşar və Nizami Gəncəvinin adına layiq geniş festival və tədbirlərin keçirilməsi mümkün ola bilər”.

 

Naqif Həmzəyev dahi şairin yubileyinin beynəlxalq səviyyədə də qeyd edilməsindən söz açıb:

 

“Bununla yanaşı, çalışmalıyıq ki, həm MDB məkanında, həm Avropada, həm də türkdilli ölkələrdə Nizami Gəncəvi irsinin tədqiqi və tanıdılması baxımından müxtəlif layihələr həyata keçirək. Xüsusilə, Türkiyədə böyük şəhərlərdə, turistlərin olduğu ərazilərdə Nizami Gəncəvinin adını daşıyan küçələrin salınması və çox məşhur universitetlərdə Nizami Gəncəvi adına auditoriyaların yaradılması planlaşdırılır. Bu məsələ ilə bağlı aidiyyatı qurumlarla birgə işlərə başlamışıq. Düşünürəm ki, bu il bunları reallaşdırmaq mümkün olacaq. Həmçinin Nizami Gəncəvinin əsərləri, Xəmsəsi türk dilinə tərcümə olunsa da, bu geniş auditoriyaya təqdim edilib yayıla bilmədi. Ona görə Xəmsənin Osmanlı türkcəsində yenidən nəşr edib hər kəs üçün satışa çıxarılması planlaşdırılır”.

 

Parlamentari Nizaminin sözlərinə bəstələnmiş mahnılardan da danışıb:

 

“Müxtəlif layihələrdən biri də Nizami Gəncəvinin əsərlərinə bəstələnmiş mahnılardan ibarət disk Heydər Əliyev Fondu tərəfindən hazırlanıb. Onun yeni versiyada təqdim edilməsi nəzərdə tutulur”.

 

Gəncənin deputatı adıçəkilən şəhərdə görüləcək işlərə də toxunub:

 

“Hazırda Gəncə şəhərində tədbirlər planı hazırlanır. Qısa müddət ərzində bu tədbirlər planı ictimaiyyətə açıqlanacaq. Sadəcə tədbirlər planında nəzərdə tutulan işləri sadalayıb hadisələri qabaqlamaq istəmirəm. Bir sözlə, Nizami Gəncəvinin adına layiq həm ölkəmizdə, həm də onun hüdudlarından kənarda böyük tədbirlər keçirilməsi planlaşdırılır. Deputat olaraq bu işlərdə fəal olacağıq. Çalışacağıq ki, üzərimizə düşən işi görək və həyata keçirək”.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ: Sülhməramlılar bu ərazini tərk etdi, polisimiz gəldi