Modern.az

Ermənilərin təslim olmaq çağırışını rədd edən Daşaltı ŞƏHİDLƏRİ...

Ermənilərin təslim olmaq çağırışını rədd edən Daşaltı ŞƏHİDLƏRİ...

26 Yanvar 2021, 09:34

Azərbaycan Ordusunun Şuşa rayonunun Daşaltı kəndində keçirdiyi uğursuz əməliyyatdan 29 il ötür. 

Modern.az saytı xəbər verir ki, 1992-ci il yanvarın 25-i saat 20:00-da başlanan əməliyyat zamanı Azərbaycan ordusunun bir neçə tağımı Daşaltı kəndinə daxil olub.

Əməliyyata sabiq müdafiə naziri, general-mayor Tacəddin Mehdiyev rəhbərlik edib.

Əməliyyatda Azərbaycan Ordusunun könüllülərdən ibarət 3 tağımı və Şuşa şəhərinin müdafiə taborunun döyüşçüləri iştirak edib.

Taktiki səhvlər, qruplar arasında rabitə əlaqəsinin olmaması, əməliyyat sirrinin yayılması və bələdçilərin xəyanəti nəticəsində Nəbilər kəndi istiqamətindən Daşaltıya daxil olan bir tağım düşmənin pusqusuna düşərək məhv edilib.

Kəndə daxil olan digər tağımlar isə itki verərək geri çəkilib.

Rəsmi məlumatlara görə, Daşaltı əməliyyatında Azərbaycan Ordusu 90 nəfərdən artıq itki verib, onların böyük əksəriyyəti hələ də itkin düşmüş sayılır. Döyüşdə ermənilər də bir neçə texnika və 80-ə yaxın canlı qüvvə itiriblər.

Daşaltı əməliyyatında iştirak edən döyüşçülər deyir ki, əməliyyatın məqsədi düşməni məhv etmək, erməni silahlı bölmələrinin işğalının qarşısını almaq olub.

Daşaltı döyüşü uğursuzluqla nəticələnsə də, Azərbaycan əsgərləri o döyüşdə qəhrəmanlıq nümayiş etdiriblər. Orada neçə-neçə əsgərimiz ermənilərin təslim olmaq çağırışına rədd cavabı verərək, özlərini qumbara ilə partladıblar.

Təəssüflər olsun ki, onların çoxunun nəşini götürmək mümkün olmadı...


O hadisədən düz 28 il sonra - 2020-ci il noyabrın əvvəllərində Müzəffər Azərbaycan Ordusu Daşaltı kəndini, eləcə də Şuşanı azad edərək, şəhidlərimizin qisasını aldı...

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Ukrayna ordusu dəhşət saçdı: Rusiya ərazisi vuruldu