Modern.az

Pandemiya səhiyyə sahəsinə həm ziyan vurdu, həm də xeyir verdi - Deputat

Pandemiya səhiyyə sahəsinə həm ziyan vurdu, həm də xeyir verdi - Deputat

Aktual

26 Yanvar 2021, 10:27

Dünyanı vahimədə saxlayan koronavirus (COVİD-19) pandemiyası bütün sahələrə mənfi təsirini göstərməkdədir. Belə sahələrdən biri də səhiyyədir. Pandemiya dövründə həm çox əziyyət çəkən, həm də koronavirus xəstələri ilə çox ünsiyyətdə olan insanlar səhiyyə işçiləridir.

 

Bəs pandemiyanın səhiyyə sektoruna hansı zərərləri olub?


Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev Modern.az-a deyin ki, koronavirus tək səhiyyəyə deyil, bütün sahələrə ziyan vurub:

“Koronavirus tək səhiyyəyə deyil, beynəlxalq münasibətlərə, turizmə, iqtisadiyyata, təhsilə də ziyan vurub. Onu demək istəyirəm ki, pandemiya ölkə üzrə bütün sahələrə mənfi təsir göstərib. 

Bəli, pandemiyanın səhiyyəyə də ziyanı oldu, amma eyni zamanda da səhiyyə sektorunun inkişafına stimul, təkan verdi. Bir çox ölkələrdə səhiyyə sahəsində harda boşluq olduğu bilindi. Səhiyyə işçiləri hansı üsulla daha effektiv işləməyi öyrəndilər. Yeni texnologiyalar, laboratoriyalar, analiz üsulları yarandı. Yeni dərmanlar eksperiment şəraitində sınaqdan keçirilib satışa buraxıldı, vaksinlər hazırlandı. 

Düzdür, pandemiyanın səhiyyə sektoruna ziyanı oldu, digər tərəfdən də dərman yaranma prosesinə təkan verdi. Pandemiya dövründə təcili tibbi yardımın keyfiyyəti müəyyən halda aşağı düşdü, bəzi insanların müalicəsi gecikdi. Amma, qeyd etmək lazımdır ki, bütün bu halları pandemiya dövründə digər ölkələrdə də müşahidə etmək olar”.

M.Quliyevın sözlərinə görə, pandemiya xüsusilə dövlət büdcəsinə ziyan vurdu:


“Ən əsası pandemiyanın dövlət büdcəsinə ziyanı oldu. Nəzərdə tutulmayan büdcə xərcləri yarandı. Tək bizim ölkəmizdə 146 klinika və 15 yeni modul tipli  xəstəxana koronavirusla mübarizəyə yönəldi. Koronavirusun səhiyyəyə verdiyi ən başlıca ziyan kadr azalması oldu. Bəzi tibb işçilərimiz koronavirusa yoluxdu, bəziləri həyatını itirdi. Hər birimiz bilirik ki, bir tibb işçisinin ərsəyə gəlməsi 30 il zaman alır”.


Komitə sədri qeyd edib ki, belə bir dövrdə bütün dünya ölkələri birlik nümayiş etdirməlidir:

“Pandemiya bir daha göstərdi ki, bütün beynəlxalq səyləri birləşdirmək lazımdı. Dünyaya ilk çağırışı da cənab prezident İlham Əliyev etdi. Həm Türk Şurasının, həm də Qoşulmama Hərəkatının zirvə toplantısında İlham Əliyev bu çağırışla çıxış etdi. Çıxışında bütün ölkələri pandemiya ilə mübarizədə birlik olmağa çağırdı. Buna görə də, ötən il dekabrın 3-4-də İlham Əliyevin müraciəti əsasında BMT-nin xüsusi sessiyası keçirildi.

Hazırda bütün dünyada və eləcə də Azərbaycanda vaksinasiya başlayıb. Artıq ölkəmizdə ikinci həftədir ki, peyvəndləmə davam edir və çox uğurlu vaksin seçimi etmişik. İnşallah, yaxın iki ay ərzində vaksinasiya prosesi ölkəmizdə pandemiyaya qarşı mübarizədə öz sözünü deyəcək”.

Fidan İlqarqızı

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! Qarabağdakı Rusiya bayraqları belə sökülür