Modern.az

Britaniyanın ardınca ABŞ-dan Azərbaycana ZƏFƏR TƏBRİKİ

Britaniyanın ardınca ABŞ-dan Azərbaycana ZƏFƏR TƏBRİKİ

28 Yanvar 2021, 00:22

İqtisadiyyat naziri Mikayıl Cabbarov ABŞ-ın Azərbaycandakı səfiri Örl Litzenbergerlə görüşüb.

İqtisadiyyat Nazirliyindən Modern.az-a verilən məlumata görə, görüşdə Mikayıl Cabbarov ABŞ-la iqtisadi, ticarət, sənaye və s. sahələrdə tərəfdaşlığın inkişaf etdiyini qeyd edib.

Nazir Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Ordumuzun qələbəsini vurğulayaraq, işğaldan azad olunmuş ərazilərin bərpası və inkişafı konsepsiyasının hazırlandığını, konsepsiyada dövlət-özəl tərəfdaşlığından geniş istifadənin, həmçinin xarici investorlar üçün xüsusi təşviq proqramlarının, ərazilərin inkişafı üçün xarici şirkətlərin cəlb edilməsinin nəzərdə tutulduğunu bildirib.


ABŞ səfiri Örl Litzenberger Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi münasibətilə təbriklərini çatdırıb, regionda dayanıqlı sülhün bərqərar olmasının önəmini vurğulayıb.

Səfir ABŞ şirkətlərinin işğaldan azad edilmiş ərazilərimizin bərpasında iştiraka hazır olduqlarını qeyd edib, xüsusilə su ehtiyatlarının idarə olunmasında, yol və digər infrastrukturun yaradılmasında, rəqəmsal və innovativ texnologiyalar sahəsində əməkdaşlıqda maraqlarını diqqətə çatdırıb. 


Görüşdə iqtisadi əlaqələrin genişləndirilməsi istiqamətləri barədə müzakirələr aparılıb.

 

Modern.az xatırladır ki, Azərbaycanın apardığı 44 günlük Vətən müharibəsi zamanı bəzi ölkələr ölkəmizə qarşı qərəzli münasibəti ilə yadda qalmışdı. Az sayda olan bu ölkələrin başında isə ATƏT-in Minsk qrupunun həmsədr ölkələrindən olan Fransa dururdu.

Lakin ölkəmizə qarşı qərəzli mövqe tutan Fransa sonradan Bakıdakı səfiri vasitəsilə Azərbaycanla münasibətlərə yenidən baxmağa hazır olduqlarını bəyan etdi.

Rusiya rəsmiləri də müharibə zamanı ərazi bütövlüyümüzü dəstəklədiklərini elan etmişdilər. Müharibənin bitməsindən sonra Rusiya Prezidenti Vladimir Putin də verdiyi açıqlamalarda Dağlıq Qarabağ bölgəsinin Azərbaycanın suveren ərazisi olduğunu bəyan etdi.

 

Dünya güclərindən olan Böyük Britaniya isə müharibənin gedişatında BMT Təhlükəsizlik Şurasında anti-Azərbaycan qətnaməsinin müzakirəsi zamanı qətnaməyə səs verməməklə, Azərbaycanın ərazi bütövlüyünə dəstək nümayiş etdirdi.

 

Bu günlərdə isə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Ceyms Şarp müdafiə naziri Zakir Həsənovla görüşdə Vətən müharibəsində qazanılan qələbə münasibətilə Azərbaycan xalqını təbrik etməklə ölkəsinin mövqeyini bir daha ortaya qoydu.

 

Britaniya səfirinin ardınca ABŞ diplomatının eyni bəyanatla çıxış etməsi, ölkəmizin ərazi bütövlüyünü dəstəklədiklərini ifadə etməsi isə onu göstərir ki, dünya gücləri artıq Azərbaycanın artan gücü ilə hesablaşır, Qarabağın Azərbaycanın tarixi və ayrılmaz hissəsi olduğunu qəbul edirlər. Bu isə o deməkdir ki, ölkəmiz müharibədə zəfər çaldığı kimi, diplomatiyada da qələbələr əldə edir. 

Whatsapp
Bizə yazın!
Keçid et
Əliyev Putinlə görüşə gedir