Modern.az

Bizim əsgər: Şəhidin anası Xankəndidə yaşamaq, atası Azərbaycan vətəndaşlığı almaq İSTƏYİR - FOTOLAR

Bizim əsgər: Şəhidin anası Xankəndidə yaşamaq, atası Azərbaycan vətəndaşlığı almaq İSTƏYİR - FOTOLAR

28 Yanvar 2021, 12:35

Modern.az saytında “Bizim əsgər” rubrikası davam edir. Budəfəki qonağımız şəhid anası Maya Quliyevadır. O, bizə oğlu, şəhid Xalid Mahmud oğlu Hassan haqqında danışacaq. Qeyd edək ki, şəhidimizin atası əslən Misirdəndir.


Şəhid Xalid Mahmud oğlu Hassan 26 yanvar 1995-ci ildə anadan olub. Doğulandan 6 ay sonra ailəsi atasının işi ilə əlaqədar Qazaxıstana köçüb. Sonra yenidən Azərbaycana qayıdıblar.


Anası Maya Quliyeva: - Böyük oğlum Xalid birinci sinifə gedən ərəfələrdə mən onu da götürüb sənəd almaq üçün Azərbaycana gəlmişdim. O, birinci sinfə Bərdə şəhərində köçkünlərin məskunlaşdığı çadır şəhərciyində yerləşən 2 nömrəli Ağdam məktəbində gedib.
Xalid orta məktəbin 10-cu sinfini Qazaxıstanın Almatı şəhərində bitirib. 11-ci sinfi yenə Azərbaycanda - Ağdamın 2 nömrəli məktəbində başa vurub.
2014-cü aprelində həqiqi hərbi xidmətə gedib. Tovuz istiqamətində yerləşən N saylı hərbi hissədə qulluq edib.

Xalid hərbi xidmətdə kəşfiyyatçı olmaq istəmişdi, amma atası xarici ölkə vətəndaşı olduğundan bu, mümkün olmamışdı .

Həqiqi hərbi xidməti başa vurandan bir neçə il sonra - 2020-ci ilin iyulunda baş verən Tovuz döyüşləri oğlumu da səfərbərliyə müraciətə sövq etdi.
Lakin onu çağırmadıqlarından yenə iki dəfə Ağdam “hərbi komisarlığına” müraciət etdi.

Nəhayət 2020-ci il oktyabrın 8-də Xalidi səfərbərliyə çağırdılar. O, təlimlərdə olan zaman kəşfiyyat bölüyünün komandirindən dəstəyə götürülməsini istəmişdi.

Xalid Vətən müharibəsində ürəklə iştirak edib. 2020-ci il noyabrın 4-də Kəlbəcərdən Şuşaya gedən yolda şəhid olub.



- Xalid hansı bölgələrimiz uğrunda gedən döyüşlərdə iştirak etdi?


- Ağdərə, Talış, Suqovuşan istiqamətlərindəki döyüşlərdə iştirak edib.

Dediyim kimi, Tovuz döyüşlərindən sonra səfərbərliyə yazılmışdı, amma çağırmırdılar. 27 sentyabrda Vətən müharibəsi başlayan gün Ağdamda ilk şəhidimizi dəfn edəndən sonra yenə “hərbi komissarlığa” gedib könüllü yazıldı.  

Sentyabrın 27-dən biz bir qrup yaradıb ön cəbhəyə yardımlar aparırdıq. Ərzaq, siqaret, su, tibbi ləvazimatlar çatdırırdıq. Bu işdə Xalid də mənimlə bərabər idi.

Dostlar sağ olsun. Onların sayəsində bunları edə bilirdik. Bizim evimiz ön cəbhəyə yaxın olduğundan toplanış yeri kimi istifadə edirdik. Həmən vaxt evimiz sanki bir ərzaq bazası idi.

Xalid hardasa oktyabrın 5-6-da bir dəfə də “hərbi komissarlığa” getdi. Nəhayət oktyabrın 8-də onu da çağırdılar. 

Məni də özü ilə götürüb “hərbi komissarlığa” apardı. Üstündündəki şeylərini mənə təhvil verib oradan təlimlərə, təlimlərdən isə döyüşlərə yollandı.

Noyabrın 4-də Kəlbəcər-Şuşa yolunda şəhid oldu. Qəlpə düz alnının ortasından dəymişdi.

Oğlumun şəhid olması mənim onu vətənpərvərlik ruhunda böyütməyimin nəticəsiydi. Atası ərəb olan bir uşağı azərbaycanlı etmək, həm də görmədiyi torpaqlar uğrunda şəhid olması ...  Anlatılmayacaq qədər çətindir..


- Əgər sağ qalsaydı bu il yanvarın 26-sında 26 yaşı olacaqdı. Ona ürəyinizdə hansısa demədiyiniz sözlər qalıbmı?

 
- Ürəyimdə qalan bir sözüm var. Bilmirəm onu deməyim nə qədər doğru olacaq.   

Bir dəfə nənəsi dedi: “Xalid, sən ərəbsən, Qarabağ sənin Vətənin deyil axı”. (Anam onunla zarafat edirdi. Bilmirəm bəlkə də ona bir şey olmasın deyə, bunu deyirdi. Anam bilirdi ki,  müharibə başlasa, Xalidi heç kim saxlaya bilməyəcək).

Dedi ki, - nənə, mən Saybalı kəndinin havasını almaq istəyirəm. Səni də aparacam kəndinizə. Görüm tapacaqsan evini...

Noyabrın 8-də gecə Qələbə xəbərini eşidən kimi saat 03:00 Bərdədən Ağdama - Şəhidlər Xiyabanına gəldik.

İlk dəfə o zaman ürəyimdə - “Xalidim sağ olsaydı, bu yollarda maşını necə sürərdi, onu bayrağımızla necə bəzəyərdi, Qələbəni birlikdə necə yaşayardıq?..” deyə fikirləşdim.



- Xalid evli idi, onun azyaşlı övladına atasını gələcəkdə necə təqdim edəcəksiniz?


- O, körpə qıznı - Məryəmini çox sevirdi. Təlimlərdə olduğu vaxt bir gün mənə zəng edib dedi ki, “ana qızımı qucaqlayıb, qoxusunu içimə çəkmək istəyirəm”. Dedim ki, “onu öpməyə və qucaqlamağa hələ çox vaxtın olacaq”.

Amma ürəyim dözmədi. Uşağı götürüb təlim keçdiyi hərbi hissəyə apardım. Beş dəqiqəliyə gəlib uşağını qucaqladı və çox təəssüf ki, bu, onun övladını qucaqladığı son görüş oldu.

Mən Xalidimə Vətən sevgisini nə qədər ötürdüyümü oğlumun sentyabrın 27-də həyat yoldaşı və körpə qızını Sabirabadda qayınatasının evinə qoyanda bildim. Bu da Xallımda - Xalidi öz aramızda belə adlandırırdım - vətənpərvərlik hisslərinin necə qabarıq olmasından irəli gəlirdi. O, məhz Vətən sevgisinə görə bütün sevgilərinin üstündən xətt çəkdi.

Xalid bir də evlərə şəhid gəlməsin, uşaqlar atasız, qadınlar dul qalmasın deyə, 10 aylıq Məryəmini atasız, amma ən əsası övladı üçün azad vətən qoyub getdi.

Nəvəmə atasının gördüyü işlər, yüksəldiyi şəhidlik zirvəsi barədə ətraflı danışacam, Xalidi ona ən mükəmməl şəkildə tanıtdıracam. Əminəm ki, balaca Məryəm həmişə öz atası ilə fəxr edəcək.


- Söylədiniz ki, şəhidimizin atası əcnəbi vətəndaşıdır və deyəsən Azərbaycan pasportu almaq istəyir...


- Bəli, Xalidin atası Misir Ərəb Respublikasının vətəndaşıdır. 1992-1993-cü illərdə ölkəmizə gələn "İslam Nicat Təşkilatı"nın vasitəsi ilə məcburi köçkünlərə yardım göstərdi. Həmin təşkilat Bərdə şəhərində yerləşən çadır şəhərciyinə sığınmış yüzlərlə məcburi köçkünə himayədarlıq edirdi. Bizim də tanışlığımız məhz oradan başladı. Mən o zaman Ağdamın Saybalı kəndindən olan köçkün idim. “Bu gün-sabah qayıdarıq” deyə-deyə, düz 28 il Ağdamsız yaşadıq.

1995-ci ilin sentyabr ayında həyat yoldaşımın işini Qazaxıstana dəyişdilər. Biz də onunla getdik.

2010-cu ildə yenidən Azərbaycana qayıtdıq. Həyat yoldaşımın  burada bizdən başqa kimsəsi yoxdur və o, Azərbaycanı öz vətəni bilir. Ona görə də buranı tərk etmir.

Bir oğlunu bu dövlət uğrunda Şəhid verən və ikinci oğluna sığınıb Azərbaycanda qalan əlil ata vətəndaşlıq almaq istəyir. Dəfələrlə bununla bağlı Dövlət Miqrasiya Xidmətinə müraciət etsək də, məsələ hələ ki həllini tapmayıb.


- Hazırda Vətənimizi qoruyan əsgərlərimizə nə deyərdiniz.

 
- Mən Birinci Qarabağ müharibəsindən demək olar ki, Ordumuzun yanında, içində olmuşam. Mənim anam Şamama İsa qızı Quliyeva Birinci Qarabağ müharibəsinin veteranıdır. Gəncliyim demək olar ki, çadır şəhərciklərində keçdi.   
Sonra da bir müddət qürbətdə yaşamaq məni Vətənimə daha çox bağlayıb. İndi şəhadətə ucalan oğlum da körpəlikdən mənim çəkdiyim vətən nisgilini hiss edirdi. “Vətən” deyib ağladığım vaxtlar mənə heç bir kömək edə bilməyən, balaca əlləri ilə göz yaşlarımı silən oğlum Xalid, indi İkinci Qarabağ müharibəsində silah tutan əli ilə düşməndən qisas aldı.

Allah bir də xalqıma biz yaşadığımız köçkünlük həyatını yaşatmasın. Allah qan yaddaşımızı qorusun. Qorusun ki, biz keçmişimizdən ibrət alıb yenidən o səhvləri təkrarlamayaq.
Allah Azərbaycanımı və bu gün Azərbaycanı qoruyan əsgərlərimizi, igidlərimizi qorusun!


- Qarabağla bağlı hansısa bir arzunuz varmı?..

- Şəhid anası kimi bir arzum var: əgər yaxın gələcəkdə azərbaycanlı ailələri yaşamaq üçün Xankəndiyə köçürəcəklərsə, mən də o siyahıda olmaq istəyirəm…
Təbii ki, heç bir kin-küdurətə görə yox. Sadəcə, ermənilərin gözünün qarşısında - bəli, oğlumu məhz buna görə şəhid verdim deyib başıuca yaşamaq üçün.

Whatsapp
Bizə yazın!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?