Modern.az

Postmüharibə dövrünün Azərbaycan Ordusu - Hansı islahatlara ehtiyac var...

Postmüharibə dövrünün Azərbaycan Ordusu - Hansı islahatlara ehtiyac var...

Ölkə

28 Yanvar 2021, 12:30

Azərbaycanın Şanlı Ordusunun 44 günlük İkinci Qarabağ savaşında göstərdiyi qəhrəmanlıq bütün dünyanın diqqətini cəlb edib. Ordumuzun seçdiyi döyüş taktikası hər kəsin maraq dairəsindədir.

Postmüharibə dövrü Azərbaycanın yeni tarixi hədəflərini müəyyən edir. Ordumuz bu dövrdə qüsurları aradan qaldırmaq üçün yeni qərarlar qəbul etməlidir.


Qeyd edək ki, bu barədə Prezident İlham Əliyev keçirdiyi sonuncu müşavirələrdən birində qeyd etmişdi.


Prezident İlham Əliyev deyib: “Döyüş meydanında uğurlar qazanmışıq. Amma, eyni zamanda bu döyüş onu göstərdi ki, qüsurlarımız da, çatışmazlıqlarımız da var. İkinci Qarabağ müharibəsi bitdikdən sonra qüsurların hamısı ciddi təhlil olunmalıdır. Baxmayaraq ki, bu gün Azərbaycan Ordusu dünya miqyasında güclü ordular sırasındadır, biz bundan sonra ordu quruculuğu işində daha müasir metodlardan istifadə etməliyik”.


Maraqlıdır, İkinci Qarabağ savaşından sonra Azərbaycan Ordusunda hansı yeniliklər ola bilər? Postmüharibə dövründə daha peşəkar, müasir silahlarla təmin olunmuş Ordu quruculuğuna üstünlük veriləcəkmi?


Mövzu ilə bağlı Modern.az deputatlar və hərbi ekspert danışıb.


Milli Məclisin deputatı Elman Məmmədov
deyib ki, peşəkar ordu məsələsi bu gün dünya ölkələrində gündəmdədir:


“Əvvəla, demək istəyirəm ki, hər ölkənin özünəməxsus peşəkar ordusu var. Dünya ölkələrinin əksəriyyətində peşəkar ordu məsələsi gündəmdədir. İkinci Qarabağ savaşında hamımız xüsusi təyinatlı dəstələrin döyüşdə əldə etdiyi uğurların şahidi olduq. Müharibədə qələbə qazansaq da, digər tərəfdən qüsurlarımızı da müşahidə etdik. Vətən müharibəsində Azərbaycan Ordusunun işlətdiyi taktika bütün dünyanın diqqətini çəkdi. Hesab edirəm ki, postmüharibə dövründə xüsusi təyinatlı dəstələrin sayını artırmalı, müasir texnikalardan istifadə etməliyik”. 


Milli Məclisin deputatı Arzu Nağıyev
bildirib ki, müharibədən sonra müşahidə olunan qüsurları aradan qaldırmaq üçün ciddi təhlil aparılmalıdır:


“Peşəkar ordu əsasən yüksək texnologiyalı ordu olmalıdır. Ordunun döyüş qabiliyyəti heç də iştirak edənlərin sayından asılı deyil. Təsəvvür edin ki, Azərbaycan Ordusu dünyadakı sıralamada ilk “50-lik”də yerləşirsə, bu o deməkdir ki, Azərbaycan döyüşə-döyüşə buna nail olub.

Əsas məsələ ondan ibarətdir ki, ordunun qüsurlarını aradan qaldırmaq üçün dünya standartlarına uyğun olan təlimlərdə iştirak etmək lazımdır. Təbii ki, əsas məsələlərdən biri də ciddi kadr potensialının yetişdirilməsidir. Azərbaycan Ordusunun yetişdirdiyi kadr potensialı 44 günlük Vətən müharibəsində özünü göstərdi.

Peşəkar ordu yaratmaq və bütün qüsurları aradan götürmək üçün həm dağ, həm də səhra şəraitində vuruşmağı bacaran əsgərlər yetişdirilməlidir. Bu da ciddi təlimlər vasitəsi ilə başa gəlir. Bundan başqa, orduda əsas məsələ ruh yüksəkliyinin olmasıdır.

Xüsusi peşəyə malik olan mütəxəsisslərin yetişdirilməsi də vacib məsələlərdəndir. İstər arxa cəbhədə, istərsə də ön cəbhədə çalışanların hamısı peşələri üzrə mütəxəsissləşməlidir”.


Hərbi ekspert Ədalət Verdiyevin
sözlərinə görə, ordumuzun gələcək fəaliyyətində yeni istiqamətlər üzrə addımlar atılacaq:


“Müharibədən sonrakı dövrdə Azərbaycan Ordusunun Vətən Müharibəsində həyata keçirdiyi döyüş əməliyyatları, o cümlədən Tovuz hadisələri zamanı baş verənlər geniş şəkildə müzakirə ediləcək. Bu müzakirələr Ordumuzun gələcək fəaliyyətlərinin daha çevik şəkildə təhdidlərin aradan qaldırılması istiqamətində mühüm addımlar atmasına imkan yaradacaq. Böyük ehtimalla bu dəyişikliklər Ordunun həm say tərkibinə, həm silahlanmasına, həm də regionun aparıcı lider Ordusu kimi mövqeyini qorumasına imkan verəcək.

Ordunun formalaşdırılmasında ən böyük təcrübə döyüş meydanında qazanılır. Azərbaycan Ordusu isə 30 ildir ki, belə bir təcrübə əldə etməkdə davam edir. Son əməliyyatlar isə Ordumuzun yaxın 20-30 illik perspektivdə mümkün təhdidlərə qarşı effektiv mübarizə aparması, o cümlədən müasi silahlı mübarizə metodlarını tətbiq etmək üçün zəruri silah sistemlərini əldə etməsi üçün qiymətli bir baza əhəmiyyəti daşıyacaq.

Gələcəkdə Azərbaycanın kompakt Orduya malik olmaqla NATO standartlarını daha geniş tətbiq etməyə üstünlük verəcəyi gözlənilir”.


Fidan İlqarqızı

Whatsapp
Bizə yazın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir