Modern.az

Bizi dəfələrlə vətəndaş müharibəsinə sürüklədilər, xalqımız buna getmədi - Vitse-spikerlə MÜSAHİBƏ

Bizi dəfələrlə vətəndaş müharibəsinə sürüklədilər, xalqımız buna getmədi - Vitse-spikerlə MÜSAHİBƏ

1 Fevral 2021, 10:31

Milli Məclisin vitse-spikeri Fəzail İbrahimli Modern.az saytına müsahibə verib. Onunla söhbəti təqdim edirik:

 

- Fəzail müəllim, Siz ixtisasca tarixçisiniz. 44 günlük Vətən Müharibəsində Azərbaycan əsgəri tarix yazdı. Bu tarixi gələcəyə çatdırmaq üçün tarixçilərimizin üzərinə hansı öhdəlik düşür? 

 

- Düşünürəm ki, 44 günlük zəfər tariximizi gələcək nəslə çatdırmaq qarşımızda duran strateji kursdur. Amma o strateji kursdan doğan taktiki addımlar var. O da bu günün işidir. Ona görə də gələcək üçün narahat olmamalıyıq. Biz bu günün özündə 44 günlük müharibənin fəlsəfəsini anlamalıyıq. Bundan sonra ətrafa anlatmalıyıq.

 

- Sizcə, özümüz bugünkü gerçəkləri tam olaraq anlaya bilirikmi?

- Söhbət ondan gedir ki, 44 günün içində möcüzəli bir çubuq, konkret olaraq “Dəmir yumruq” Azərbaycanı işğaldan azad etdi. Ancaq məsələyə sadəlövh baxışla yanaşmaq olmaz. Azərbaycanın 44 günlük müharibədə əldə etdiyi uğurları bu gün dərk etmək üçün ən azı 200 illik tariximizə nəzər salmalıyıq. Lap qısa formada 100 illik tariximizə...

Məsələn, başlayaq bir illik təqvimimizdən. 20 Yanvardan başlayan qara tarix 20 Noyabrla başa çatır. Hər ayımızda bir faciə, bir matəm, zədə var. 20 Yanvardan sonra fevralda Xocalı soyqrımı... Mart ayında azərbaycanlıların soyqırımı. Apreldə Kəlbəcərin itirilməsi və AXC-nin süqutu...

Mayda Şuşa Laçının itirilməsi və sairə.

1991-ci ilin 20 noyabrında vertolyot hadisəsi baş verir. Sanki 20 tarixi bizim üçün bir faciədir.

Qəribə bir haşiyə çıxım... 2020-ci ildə qələbə çalırıq. Sanki 20 rəqəmi tarixdə bu dəfə üzümüzə gülür. Sadaladıqlarım aylardır. Baş verənlərin öz ili var. Hər hadisə fərqli illərdə baş verib. Əsrin əvvəlindən başlayaraq əsrin sonlarına qədər daimi olaraq təqiblərə məruz qalmışıq. Böyük qüvvələrlə üz-üzə gəlmişik. Cənubi Qafqazda bir müsəlman dövləti kimi xristian dünyasının təzyiqi altında qalmışıq. Üstəgəl, bizim region daima əsas dövlətlərin diqqətini çəkib. 

 

- Necə düşünürsünüz, tarixdə başımıza gətirilənləri bu amillərmi bağlamalıyıq?

- Məsələn, uşaqlarımız sual verə bilər: “Necə olub biz ancaq əzilib geri çəkilmişik. Torpaq itirmişik?!”. Bu sualların cavabı mütləq məntiqə və tarixə söykənməlidir. I Pyotr dövründən  başlayaraq Azərbaycanın tarixi taleyində çox böyük faciələr başlayıb. I Pyotr Bakını işğal edəndən sonra sarayda ən böyük şənlik keçirib. Bakı onun üçün çox önəmli olub.

1721-ci ildə özünü imperator elan edən I Pyotr 3 erməni katalikosunu qəbul edir. Bu görüşün nəticəsi olaraq gələcəkdə Bakıda, Gilanda, Mazandaranda, Qarabağda və digər yerlərdə yerli əhalini sıxışdırıb çıxararaq, erməniləri həmin ərazilərdə yerləşdirir. 2 ildən sonra I Pyotr dünyasını dəyişir. Pyotrın bu fikri Rusiya Xarici İşlər Kollegiyasının qərarı ilə rəsmiləşir. Hələ o vaxta qədər qeyri-rəsmi idi. Bu hadisə 1723-cü ildə olur. 100 ildən sonra bu fikir reallaşır. 1828-ci ildə Türkmənçay sülh müqaviləsi ilə Şimali Azərbaycan Rusiya tərəfindən işğal olunur və nəticədə İrandan 40 min, Türkiyədən isə 84 min erməni Pyotrun dediyi yerlərə köçürülür. Fikir verin, siyasətin gücü budur. 100 ildə iki nəsil dəyişir. Amma bu xətt dəyişmir. Nəticədə Azərbaycanın həmin köçürmə vasitəsilə qara günləri başlayır. 

 

- Və Qarabağ da işğal olunur...

- Rus yazıçısı Şabrov  deyirdi ki, Qafqazdakı siyasətimizə qeyri-ruslar, yəni, ermənilər vasitəsilə nail olduq. Bunlar tarixdə də var. Bir faktı da deyim. Rus yazıçısı Valentin Pikovun “Fovorit” əsəri var. Əsərdə Potyomkinlə kraliça II Yekaterina arasında gedən söhbət qələmə alınıb. Potyomkin Rusiyanın hərbi naziri, Dövlət Şurasının üzvü və II Yekaterinanın mənəvi dostu olub. Söhbət zamanı Potyomkin deyir ki, iş bacaran ermənilər paytaxt üçün gözaltı edib. Bu söz Yekaterinaya qəribə gəlir. Deyir ki, dövləti olmayan ermənilərin paytaxt üçün gözaltı etməsi necə ola bilər?! “İndi yoxdu gələcəkdə olacaq”-deyə Potyomkin cavab verir.  Ermənilər paytaxt olaraq İrəvanı gözaltı ediblər. Bu söhbət II Yekaterinanın dövründə baş verib. Üstündən 100 il keçir. 1918-ci ilin mayında həmin söhbət reallaşır və paytaxt İrəvan olur. Baxın, görün, bu siyasi xətt necə davam edirmiş.

Ermənilər SSRİ dövrünə gəlib çıxırlar. Bu dəfə Molotovun qılığına girirlər. Tehran konfransında dünyanın taleyi həll olunur. Molotov da Stalinin kabinetinə girib deyir ki, burada yaşayan ermənilər çox əziyyət çəkirlər. Bunları Ermənistana köçürüb orada yaşayan azərbaycanlıları da Azərbaycana köçürmək lazımdır. Stalin solaxay əlilə deyir ki, indi zamanı deyil, zamanı gələndə bu məsələyə baxarıq. Stalin kimi ölkənin birinci adamını da ələ almağı bacarırlar.

1943-cü ildə olan söhbət çox tez reallaşır. 1946-cı ildə iki erməni katalikosu Stalinin qəbuluna girir. Onların babaları 1723-cü ildə II Pyotrun da qəbuluna girmişdilər. Maraqlı məqam var. Stalinin yaratdığı hökumət din hökuməti deyil. Necə olur ki, Allahsız hökumət din xadimlərini qəbul edir?! Təbii ki Molotov vasitəsilə. Molotov Stalinə  deyir ki, Amerikada yaşayan ermənilər sosializm ideyalarına vurulub. Böyük və imkanlı adamlardır. Onlar Amerikadan imtina edib bizim ölkəyə köçmək istəyirlər. Təbii ki, bu, Stalinin xoşuna gəlir. Bu ideyanı bəyənir. 1947-cilin dekabrın 23-də aborigen azərbaycanlıların Ermənistan SSRİ-dən Azərbaycan SSR-nin Kür və Araz ovalığına köçürülməsi haqqında qərar qəbul edir. 200 min azərbaycanlı oradan köçürülür. Bunlar hamısı elə-belə deyildi. Biz bu hadisələri yaşaya-yaşaya gəlib bu günlərə çıxdıq.
1918-ci ilin mart soyqırımında 50 min insan qətl edilib. Amma göz yaşımız qurumamış AXC elan olunub. Bax, bu millətin qüdrəti ondadır. Bütün dünyaya nümunə olan demokratik ölkə yaranır. 1990-ci ilin 20 yanvarında şəhidlərimizlə bağlı insanlarımızın göz yaşları qurumamış 1991-ci ildə müstəqilliyimizi elan etdik. Biz bunları nəsillərimizə ötürməliyik. Qəhrəmanlıq tariximizdəki o cizgiləri çatdırmalıyıq. Bizi qovublar, döyüblər, əziblər. Hər döyülməyimizin, əzilməyimizin arxasında böyük dövlətlər durub. 200 ildən artıq müddətdə xristian ağuşuna sığınan ermənilər başımıza güllə və qumbara atdılar. Ən yaxşılarımızı sıradan çıxartdılar. Tariximizə zədə vurublar, torpaqlarımızı işğal ediblər. Amma biz uduza-uduza da olsa, dövlətçiliyimizi əldən verməmişik. Bunu bizim nəsillər bilməlidir. Ermənilər heç zaman bizimlə üz-üzə gəlməyib. 1918-ci il mart soyqırmını boklşeviklərlə daşnak birləşmələri, Xocalı soyqırımını 366-cı motoatıcı alayı, torpaqlarımızın 20%-nin işğalını ermənilərin havadarları törədib.  

2020-ci ildə isə tamam başqa hadisə baş verdi. Birincisi, Azərbaycanın apardığı diplomatik uğurlar, ikincisi, Cənubi Qafqaz regionunda baş verən ictimai-siyasi proseslər, üçüncüsü, qardaş Türkiyənin qətiyyətli addımı...

Bunların üçü birləşəndə uğurumuza rəvac verdi. Ermənistana Fransa kömək etmək istədi, Avropa dövlətləri lal oldu, Rusiya xeyli silah ötürdü. Nəticə nə oldu?! Tarixin ən vacib anında Azərbaycana xilaskar gəlib çıxdı. O xilaskar ki, dünya dövlətləri ilə zor dilində danışa bilir. 20 ildə axıra çatdıra bilmədiyimiz haqq-ədalət və ideoloji müharibəmizi 44 gün Vətən müharibəsində dünyaya çatdırdı. Qüdrətli ordu yaratdı, bu ordunun qüdrəti ilə 44 günlük müharibədə Azərbaycan qələbə çaldı. Burada hər bir amil həlledicidir.


Birincisi, Azərbaycan xalqının müdrikliyi... 1990-cı ildən bəri Azərbaycanı vətəndaş müharibəsinə sürükləyiblər. Bunu 1990-cı ilin yanvar qırğınında təhlükəsizlik orqanları etmək istəsə də, alınmadı.
İkincisi, cəbhə dövründə Gəncə hadisələri zamanı... Baxmayaraq ki, öz qüsuru idi, amma vətəndaş müharibəsinə getmədi.
Ayaz Mütəllibovu əhatəyə alıb Milli Məclisdə həbs etdilər. O hər şeyi dayandırıb vətəndən getdi, amma vətəndaş müharibəsinə getmədi.

Bütün bu uğurların başında xalqın müdrikliyi dayanır. Ermənistan 2020-ci ilin sentyabrında bu müharibəyə başlayanda bir şeyə köklənmişdi. Elə zənn edirdilər ki, müharibə başlayan kimi Azərbaycanda qarşıdurma güclənəcək, daxili siyasətə, daxili çaxnaşmaya başımız qarışacaq və bunlar da istifadə edib böyük Ermənistan ideyalarını genişləndirmək yolunda növbəti addımlar atacaq. Növbədə Gəncə, Tərtər, Ağcabədi kimi rayonların işğal edilməsiydi ki, bu zaman da “ağayi naçalnik” peyda olaraq “dayan” əmrini verəcəkdi. Bütün bu hadisələrin baş verməməsinin arxasında xalqın müdrikliyi dayanır. Çünki bu xalqın tarixində böyüklük var. Və ən əsası bizi bu qələbəyə aparan Ali Baş Komandanımız İlham Əliyev var.

 

- 44 günlük müharibənin bizim üçün  mənəvi tərəfləri nədir?

- 44 günlük müharibədə Azərbaycanın itirilmiş qeyrəti, məğrurluğu, şərəf və ləyqəti özünə qayıtdı. Zəfər paradında Azərbaycan Prezidenti İlham Əliyev kürsüyə sinə gərib dünyaya bəyan etdi ki, bu xalq məğlubedilməzdir. Bizim mübarizəmiz haqq mübarizəsidir. Ədalətli müharibə apardıq və qalib gəldik.

Burada vətəndaş kimi diqqətimi çəkən bir məqam oldu. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın “Ay Laçın, can sənə qurban, Laçın” ifadəsi oldu. Bu ifadə ilə o, dəfn etməkdə olduğumuz erməniçilik ideologiyasının, böyük Ermənistan ideyasının tabutuna sonuncu mıxı vurdu. Mənə elə gəlir ki, böyük Ermənistan ideologiyası darmadağın olundu. Bu vaxta qədər həmişə sıfırdan başlayıb böyük uğurlar əldə edən, İrəvanı paytaxt edən, Dağlıq Qarabağda status sahibi olan Ermənistanın üzərindən qara xətt çəkildi. Bu gün Azərbaycan xalqının da üzü ağdır. Dövlət başçısı da möhtəşəmdir. Təəssüf ki, bizim uğurlara sevinməyənlər, genetik kodunda antiAzərbaycan elementi daşıyan qüvvələr, Avropa heyranları danışır. Bütün bunlar tarixdə öyrənilməli və sistem formasında təqdim edilməlidir. 

 

- Fəzail müəllim, bütün dediklərinizdən o qənaətə gəlmək olur ki, biz başımıza gətirilən hadisələrdən, tarixdən ciddi dərs çıxartmalıyıq...

- Təbii ki, səhvlərin təkrarlanmamasına çalışmalıyıq. Bir gerçəklik var ki, humanist xalqıq. Nifrət hissimiz yoxdur və bu barədə də düşünməməliyik. Nifrət olmamalıdır. 

 

- Sevgi olmalıdır?...

- Üzeyir Hacıbəyovun 1918-ci ilin mart soyqrımının bir illiyi ilə bağlı 1919-cu ildə yazdığı yazı var. Yazının adı “31 Mart”dır. Bu yazı həm də vəsiyyət idi. Yazıda qeyd olunur: “O qara günləri yaddan çıxartmamalıyıq. Bunun üçün isə hər an, hər dəqiqə hazır olmalıyıq. Tanırının bizə verdiyi müstəqillik aktını şərəflə yaşatmalıyıq”.

Şərəflə yaşatmaq o deməkdir ki, düz ol, təmiz ol. Dövlətinə düzgün xidmət et! Əlin düz olsun. Nəfsinin qabağında dura bil. Budur bizim borcumuz. 

 

- Bu gün bir neçə olkə var ki, Konsitusiyasında başqa ölkənin ərazisinə iddia var. Ermənistan dövləti Azərbaycan torpaqları üzərində qurulub. Bu, faktdır. Ancaq Ermənistanın Türkiyəyə qarşı ərazi iddiaları var. Biz Milli Doktrinamızda Ermənistana qarşı ərazi iddiası ortaya qoya bilərikmi? 

 

- Mənə elə gəlir ki, ən böyük doktrinamız “Dəmir yumruq” gündəmdədir. Dövlət başçısı da Şuşada olarkən bunu bəyan etdi. Hesab etməsinlər ki, hər şey bitib. 30 il təmkinlə hərəkət edib torpaqlarımızı işğaldan azad etmişik. Bu gün tələsik ermənilərin törətdiyi avantüralara, atdıqları addımlara, yaxud da faşist Njde Qareginə qoyulmuş heykələ müharibə formasında yanaşmaq beynəlxalq aləmdə qəbuledilməzdir. Məqsəd Azərbaycanı qıcıqlandırmaq, yeni müharibəyə çəkməkdir.

Müsahibələrimin birində demişəm ki, zaman gələcək Qareginin heykəlinin boğazına ip atacağıq, o heykəl varsa, Qareginin qəbrinə düşəcək. Bu gün bundan istifadə edib Azərbaycan hakimiyyətinin üstünə gələn qüvvələrə qarşı olmalıyıq. Dövlətimiz və onun xarici siyasəti, strateji kursu  var. Cənab Prezident maraqlı bir söz işlədib: “Biz nəyin nə vaxt və necə olmağını yaxşı bilirik”. Ona görə də heç kimin özündən fantaziya uydurmağına ehtiyac yoxdur. 

 

- Deməli səbrli və təmkinli addım atmalıyıq...


- 28 il səbr etdik. Amma müharibə ilə torpaqlarımızı geri aldıq. Qurani-Kərimdə belə ifadə var: “100 şəhidin qan tökməklə görə bilmədiyi işi bir damla mürəkkəblə həll etmək olur”. Artıq diplomatik mübarizəmizi işə salmışıq.


Səbr və təmkinlə hərəkət etməliyik. Dövlət başçımızın strateji kursuna diqqətlə qulaq asıb nəticə çıxartmalıyıq. Ermənistanda gedən siyasi proseslərin Dağlıq Qarabağda və hələ də tam azad edilməmiş yerlərin taleyində ciddi təsiri olacaq. Proqnozuma görə, Ermənistana tam ağlı yerində olan insan gəlməli və Koçaryan, Sarkisyan kimi 30 ildəki qədər xalqı aldatmamalıdır. Paşinyan “Şuşa nə vaxtdan bizim olub?” deyirsə, bu, gerçəkliyi ortaya qoyur. Bütün bunlar “Qarabağ Azərbaycandır!” şüarının hesabına əldə olunub. Eyni zamanda, Dağlıq Qarabağın statusu məsələsi gündəmdə olmayıb. Üçtərəfli təslimçilik aktında da bu məsələ ifadə olunub. Biz əsas işimizi görə bilmişik. Vaxtilə ATƏT-in və digər beynəlxalq təşkilatların ağzına baxırdıq. İndi isə biz diqtə edirik. 

 

- Ermənistanın Rusiyanın vassalı olmağından danışdınız. Ancaq müharibə dövründə bir şeyin şahidi olduq ki, ermənilərin yanında Fransa, Belçika da var. Bu cür məsələlər haradan qaynaqlanır?


- Bu məsələdə xristian təəssübkeşliyi hadisəyə önəm verə bilmədi. Güc, həlledici amildir. Unutmamalıyıq ki, xristian amilinin qarşısında bir türk amili dayanırdı. Neçə illərdir ki, Ermənistanla səmimi qonşuluq siyasəti aparan İran müharibənin gedişində fərqli mövqe sərgilədi.



Twitter
Sizə yeni tvit var
Keçid et
TƏCİLİ! Rusiyanın Ermənistandakı bazasına hücum edildi