Modern.az

Sarı Aşığın doğma kədəri

Sarı Aşığın doğma kədəri

16 Avqust 2012, 16:25

(Sarı Aşığın «Gül dəftəri» kitabı üstə)

Aşıq sənəti – doğma sənətdir. Çünki milli ruhumuzdan doğub. Bu doğmalığı hər an yaşamımızda, düşüncəmizdə duyuruq…

Sarı Aşığın rəmzləşməsi, əfsanələşməsi səbəbsiz deyil. O, daha çox özünəməxsus, bənzərsiz bayatılar müəllifi kimi tanınır.  Bayatı yaratmaq isə asan deyil.

Bayatı yaratmaq mahiyyətcə xalqı təmsil etmək deməkdir.

Gözəl, ülvi olan əbədiliyi təsdiq edir və xalq adlı ünvana axır, təsdiqini tapır.

Bir bayatıda bir kitablıq hikmət var:

Qarşıda səndə sən bil,
Sən oxu səndə sən bil.
Gedər oldum, sevdiyim,
Can qaldı səndə, sən bil.

Eşqində ardıcıldır Sarı Aşıq – zaman aşiqliyindən üstündür, çünki eşqə çatıb, var olub:

Aşığa gələn dərdi,
Gül əkdim gələn dərdi.
Candan əziz saxlaram,
Canandan gələn dərdi.

Əslində «aşıq» sözü «işıq» sözündəndir.

«Aşıq» sözü «saz» sözü, saz aləti kimi qədimdir və türk ruhundan doğub.

Sazı yaradan türkün ruhu qədimlərdən gəlir. Sazın mahiyyətində insanın tanrıçılığı, ucalığa – göyə yetib qərarlaşması var.

***

Sədaqət, səadət, ləyaqət, birsifətlilik…

Bütün bunların yaşanmasını Sarı Aşığın bayatılarında görürük. Onun bayatılarında rəmziliklər, sirlər az deyil.

Bunlara həqiqət ölçüsüylə yanaşmaq, xəyaliliklə xülyəviliyi mümkün qədər ayırmaq gərək.  

Ancaq bu bayatılarda diqqətimi çəkən əsas məqam budur: sevgi bitməzmiş, habelə sevənin dərdi qurtarmazmış:

Bu dağlar qara zildi,
Buluddan qara zildi.
Yaxşısız hər il, Aşıq,
İllər də qara zildi.

Sənətkarlıq baxımından mükəmməl nümunələrdə daha çox kədər var. Bəs niyə kədər Sarı Aşığı məhv etmir? Necə olur ki, kədər ünvanlı bayatılar xəlqi ünvana çevrilə, xalq ruhunu təmsil edə bilir? Ona görə ki, Sarı Aşıq kədərdən güc ala, kədəriylə doğmalaşa bilir:

Zülfün suda mar kimi,
Oynar su damar kimi,
Sızıldatdın aşiqi,
Yağa su damar kimi.

Yaxud da

Mən Aşıq, özüm neylim,
Bu dərdə dözüm neylim?!
Ah çəksəm aləm yanar,
Çəkməsəm, özüm neylim?!

Kədərdən, fəlakətdən güc almaq hünərdir. Sarı Aşıq bunu bacarır, ümidi qırılmır. Ümidiylə xalqı təmsil edir.

Sarı Aşığın həsrəti var-doğma:

Mən Aşıq, sənə gözüm,
Səyriyir sənə gözüm,
Birdən ayrılıq olar,
Qoy baxsın sənə gözüm.  

*** 

Sarı Aşıq eşqində sadiqdir. Demək olar, hər bayatısının başı, dilinin əzbəri Yaxşıdır. Bu, əslində bilərəkdən dəlilikdir!

Dərdini ürəkdən yaşayıb Sarı Aşıq. Dərdin, sevməyin nə olduğunu bilməyən belə yaza bilməzdi:

Mən Aşıq, tər sinə qoy,
Tər təni tər sinə qoy.
Yaxşının qibləsinə,
Aşığı tər sinə qoy.

Təbii ki, Sarı Aşıq Füzuli deyil, ancaq Füzulinin əruzda dediyini o, sadə xalq dilində deyə bilib.

***

İlham Qəhrəmanın illər ərzində Sarı Aşığın irsini toplamaq yönündəki işlərini hünər sayıram. Ancaq fikrimcə, bir məqama diqqət yetirmək gərəkdir: kitabı oxuyarkən gözümüzün önündə Sarı Aşığın haradasa ikili obrazı canlanır. Daha çox  Məcnun Sarı Aşıq, qismən də cismani nəşəyə meyilli Sarı Aşıqla rastlaşırıq. Bir var ruhani həzz: bu, klassik poeziyada  Füzuli, Nəsimi yaradıcılığı üçün xasdır. Bir də var cismani nəşəsevərlik. Bu, daha çox Vaqif poeziyası üçün xasdır.

Ruhani həzz – insani, mənəvi duyğularla görüşdür. Cismani həzz – heyvani duyğularla görüşdür. Nəsə, ilahi duyğuları bayatı dilində heyranlıqla haray çəkən Sarı Aşığın adına cismani həzz məqamlı bayatıları yaraşdırmıram.

***

Sarı Aşığın bayatı dili türkcəmizin həm də üzağlığıdır. Sanki ana balasına şirin layla deyirmiş kimi bayatı çəkir. 400 ildir ki, bu bayatılar doğulub, ana dilimizin, milli ruhumuzun qüdrətini özündə yaşadır:

Mən Aşıq, gördü günü,
Ay doğdu, gördü günü,
Namərddə söz əylənməz,
Mərd deməz gördüyünü.

Belədə bir daha insanın fəxarətlə deməyi gəlir:

Türk soyumuz var olsun!

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?