Modern.az

“Sərhəddə ticarət” İşçi qrupunun iclası keçirilib

“Sərhəddə ticarət” İşçi qrupunun iclası keçirilib

4 Fevral 2021, 18:25

Biznes Mühiti və Beynəlxalq Reytinqlər üzrə Komissiyanın “Sərhəddə ticarət” işçi qrupunun onlayn formatda iclası keçirilib.

 

DGK-dən Modern.az-a bildirilib ki, İşçi qrupunun rəhbəri, Dövlət Gömrük Komitəsi sədrinin birinci müavini, gömrük xidməti general-leytenantı İsmayıl Hüseynovun sədrliyi ilə keçirilən iclasda Prezident Administrasiyasının İqtisadi siyasət və sənaye məsələləri şöbəsinin İqtisadi islahatların monitorinqi, koordinasiyası və qiymətləndirilməsi sektorunun müdiri, Biznes Mühiti və Beynəlxalq Reytinqlər üzrə Komissiyanın Katibliyinin rəhbəri Vüsal Şıxəliyev, Dövlət Gömrük Komitəsi sədrinin müavini, gömrük xidməti general-mayoru Cavad Qasımov, Dövlət Gömrük Komitəsinin Baş İdarə və idarə rəisləri, İqtisadiyyat, Ədliyyə Nazirliklərinin, Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin, Milli Elmlər Akademiyasının, Qida Təhlükəsizliyi Agentliyinin, eləcə də Azərbaycan-Fransa Ticarət və Sənaye Palatasının, konsaltinq şirkətlərin nümayəndələri, gömrük təmsilçiləri iştirak edib.

 

İclasda Biznes Mühiti və Beynəlxalq Reytinqlər üzrə Komissiyanın “Sərhəddə ticarət” İşçi qrupunun 2021-ci il üçün fəaliyyət planı müzakirə olunub.

 

İclasda çıxış edən Dövlət Gömrük Komitəsi sədrinin birinci müavini İsmayıl Hüseynov 2020-ci ildə görülən işlərin nəticəsi olaraq Dünya Bankının son audit açıqlamalarına əsasən ölkəmizin 6 pillə irəlilədiyini, xüsusilə “Sərhəddə ticarət” indikatoru üzrə nailiyyətlərin əldə olunduğunu diqqətə çatdırıb.

 

Yeni fəaliyyət planından danışan işçi qrupunun rəhbəri bildirib ki, idxal-ixrac əməliyyatları zamanı sənəd sayının azaldılması, vaxt və vəsait itkisinin aradan qaldırılması məqsədilə bir sıra tədbirlər müəyyənləşdirilib. 

 

Sonra Prezident Administrasiyasının İqtisadi siyasət və sənaye məsələləri şöbəsinin sektor müdiri Vüsal Şıxəliyev çıxış edərək iclasda özəl sektorun nümayəndələrinin, gömrük təmsilçilərinin iştirakını yüksək qiymətləndirib və bunun dövlət-biznes dialoqunun inkişafının nümunəsi olduğunu bildirib.

 

Dövlət Gömrük Komitəsi sədrinin müavini Cavad Qasımov sərhədkeçmə proseslərinin sadələşdirilməsi, ticarətin asan və sürətli şəkildə həyata keçirilməsi məqsədilə gömrük orqanları tərəfindən görülən işlərdən bəhs edib.

 

O da qeyd olunub ki, Azərbaycanın Vətən müharibəsindəki qələbəsindən sonra tranzit imkanlarımız daha da genişlənəcək, ölkəmizin üzərindən daşınacaq yüklərin həcmi sürətlə artacaq və bu da gömrük-keçid məntəqələrinin potensialının artırılmasını, müasir üsul və yanaşmaların tətbiqini zəruri edir.

 

 


 
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır