Modern.az

Kimə inanasan - “Dövlətqaçqınkom”a, köçkünə, yoxsa jurnalistə?

Kimə inanasan - “Dövlətqaçqınkom”a, köçkünə, yoxsa jurnalistə?

17 Avqust 2012, 14:11

“Bizim yol” və “Azadlıq” qəzetlərinin ötən saylarında dövlət büdcəsi hesabına məcburi köçkün ailələrinin həyat şəraitlərinin yaxşılaşdırılması üçün ayrı-ayrı bölgələrdə inşa olunan evlərin tikintisi və mənzillərin paylanmasında korrupsiya, rüşvətxorluq halları olması barədə məlumat getmişdi.

Həmin yazıdan sonra “Azərbaycan” qəzetinin dünənki sayında “Xahişinə əməl edilməyən müxbir böhtana əl atır” adı ilə yazı çap olunub.Yazıda Kəlbəcər rayonundan olan məcburi köçkün İsmayılov Raqufun adından bildirilir ki, 10 avqust 2012-ci il tarixdə "Azadlıq" qəzetində "Goranboyda köçkünlər üçün  tikilən evlər pulla satılır?" başlıqlı məqalədən onun sözlərinə istinad edilməsi doğru deyil.

”Məlum edirəm ki, həmin məqalədə göstərilən faktlardan xəbərim yoxdur. Əlavə olaraq 11 avqust 2012-ci il tarixdə "Bizim Yol" qəzetində Pərviz Həşimli tərəfindən mənim adımdan yazılan məqalə verilmişdir. Mən onu görməmişəm. Hər iki qəzetin əməkdaşına yazılı və şifahi məlumat verməmişəm. Yazılanların heç bir əsası yoxdur, şər və böhtandır. Azərbaycan Respublikası Prezidentinin daxili və xarici siyasətini bəyənirəm. “Dövlətqaçqınkom”dan, onun mərkəzi aparatından, rəhbərliyindən, yerli nümayəndələrindən heç bir evlə bağlı narazılığım və şikayətim yoxdur”.

Bütün bunlardan sonra isə “Bizim yol” qəzeti Raquf İsmayılovdan rüşvət tələb olunması ilə bağlı video müsahibəni öz saytında yerləşdirib. Kəlbəcərdən olan məcburi köçkün videomüraciətdə bildirir ki, ondan 3 min manat rüşvət alsalar da, mənzili verməyiblər və 1500 manat pulunu da geri ala bilmir: “3000 manatın yarısını qaytarıblar, yarısını isə qaytarmaq istəmirlər”.

Bunlarla bağlı “Azərbaycan” qəzeti ilə əlaqə saxladıq. Qəzetdən Modern.az-a verilən məlumata görə, 16.08.2012-ci il tarixli sayda çıxan yazı “Dövlətqaçqınkom” tərəfindən hazırlanıb, göndərilib. Yəni qəzet bununla bağlı heç bir araşdırma aparmayıb.

İki gün ərzində dəfələrlə "Dövlətqaçqınkom"un mət buat xidmətinin rəhbəri Elçin Qədimovla əlaqə saxlayıb, bu məsələlərə aydınlıq gətirmək istəsək də, cəhdlərimiz baş tutmadı.  

Sevinc İLTİFATQIZI
 

P.S. Xatırladaq ki, Azərbaycan Respublikası Prezidentinin daxili və xarici siyasətini müdafiə etmək baş verən neqativ halları ört-basdır etmək deyil, ona qarşı tədbirlər görmək deməkdir.    
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir