Arxiv
7 Fevral 2021, 10:23 | ƏDƏBİYYAT
Ölüm qorxusu - Həyat eşqi

Məşhur yunan filosofu Epikur deyirdi ki, ölümdən qorxmaq lazım deyil. Çünki biz onunla heç zaman görüşmürük – biz olanda ölüm olmur, ölüm olanda biz… Amma o, haqlıdırmı?! Axı, biz həyatımız boyu ölümlə, demək olar ki, hər gün rastlaşırıq. Yaxın adamlarımızı – atamızı, anamızı, qohumlarımızı, dostlarımızı itirməyimiz ölümlə görüş deyil, bəs nədir?


Yaşından, başından və fəlsəfi anlayışından asılı olmayaraq, insanlar hamısı ölüm haqqında fikirləşir. Sadəcə olaraq, bunlar artdıqca, fikirlər də artır, bir qayda olaraq, daha müdrik, daha dərin olur. Dahi filosofların, böyük zəka sahiblərinin ölüm haqqında fikirləri təbii ki, daha maraqlıdır. Ölümü fəlsəfənin əsas ilhamvericisi hesab edən Sokrat onu nəvazişlə «qayğıkeş ölüm» adlandırmışdı. Onun fikrinə görə, ölüm qorxusu olmasaydı, fəlsəfə də olmazdı, yəni insan həyatın əvvəli və sonu barədə düşünməzdi. Sokratın fikrini inkişaf etdirsək, belə nəticəyə gələrik ki, Allah, cənnət və cəhənnəm kimi anlayışlar da olmazdı. Axı, bu anlayışların da «ilhamvericisi», birmənalı olaraq demək olar ki, ölüm qorxusudur.


Qəribə və maraqlıdır ki, ölüm qorxusu qətiyyən şüurdan asılı deyil, tamamilə instikidir, ölümün nə olduğunu bilməyən heyvanlar, hətta həşəratlar ölümdən qorxur, var gücü ilə ondan qaçmağa çalışır. Bu hiss sanki bütün canlıların proqramında olur (yeri gəlmişkən, həyatın əmələ gəlməsi məsələsində materalist fikrin tərəfdarları, Çarlz Darvinin ideyaları bu fenomeni izah etmək qüdrətində deyil) və onlar doğulanda onu özlərilə həyata gətirirlər. Bir az obyektiv olub hər şeyi öz adı ilə çağırsaq, ölüm qorxusu adlandırdığımız bu hiss bütün canlılara – bizim hamımıza xas olan və şairlərin sevə-sevə tərənnüm etdiyi həyat eşqinin «astar üzü»ndən başqa bir şey deyil.


Yuxarıda deyildiyi kimi, şüur - bu ali keyfiyyət nəinki həyat eşqinin mənbəyi deyil (şüursuz heyvanlar ölümdən bizdən az qorxmurlar), hətta əksinə, ölüm qorxusuna qalib gəlməyə kömək edir. Sanki insanın beynində bütün həyatı boyu şüurla ölüm qorxusu arasında mübarizə gedir, şüur qalib gələndə insan gözünü qırpmadan öz idealları uğrunda ölümə gedə bilir və hamının gözündə qəhrəmana çevrilir. Ölüm qorxusu qalib gələndə isə, mənəvi və ruhi cəhətdən natamam insanlar (daha ağır ifadə işlətmək istəmirəm – Q.A) yaranır. Bu mübarizədə şüurun səviyyəsi insanın fiziki və mənəvi vəziyyətindən, intellektindən, ailə tərbiyəsindən, hətta xəstə və ya sağlam olmasından asılı olaraq dəyişir və insanla bir doğulduğu kimi, bir yerdə də ölüb gedir. Amma insan şüurla bir yerdə ölmür, bəzən şüurun ölməsi (məsələn, şezofreniya, ruhi depressiyalar zamanı) həyat eşqinin, paralel olaraq, ölüm qorxusunun güclənməsi ilə müşahidə olunur. Buradan aşağıdakı nəticələrə gəlmək olar:


- Ölüm qorxusu həyat eşqinin astar tərəfidir və insanın və ümumiyyətlə, bütün canlıların həyatının əsas mahiyyətini təşkil edir.


-Şüur əsas olsa da, insanın həyat eşqi - ölüm qorxusundan sonrakı mahiyyətidir.


-Şüur ölüm qorxusu ilə daim mübarizədədir və bizim kimliyimiz bu mübarizənin nəticəsidir.


Ölüm qorxusu təbii ki, mübarizəsiz təslim olmur, bir qayda olaraq, insanın bütün varlığına hakim kəsilir və insan «ölümdən sonrakı həyat» axtarışında cənnət – cəhənnəm nağılları uydurmalı olur. Nə qədər qəribə olsa da, insanı ondan əvvəlki həyatı ondan sonrakı həyatından qat-qat az maraqlandırır. Axı, elementar məntiqə görə, bizim üçün bizdən əvvəlki həyatımız bizdən sonrakı həyatımızdan az maraqlı olmamalıdır. Hazırda hətta elmi səviyyələrdə (!?) «ölümdən sonrakı həyat», «ruhlar»ın ölməzliyi haqqında ktablar yazılır, tədqiqatlar aparılır, amma soruşan yoxdur ki, insanın ondan sonra ölməz olan ruhu ondan qabaq harada idi?! Axı, “məndən qabaqkı mənsiz həyat” anlayışı “məndən sonrakı mənsiz həyat” anlayışından az dəhşətli deyil, bizə qalan da bu iki sonsuzluq arasında bir göz qırpımı qədər qısa görünən həyatdır. Bu nöqteyi-nəzərdən, induslar və buddistlər haqlıdırlar, onlar öz dini nəzəriyyələrində insanın «ölümdən sonrakı həyatı»na uyğun olaraq, doğuluşdan əvvəlki – birinci həyatının olduğunu təsəvvür edirlər. Amma sonrakı həyata oxşar olaraq əvvəlki həyatı da sonsuzluğa qədər uzatmaq olarmı, yəni birinci həyatdan əvvəlki həyatlar varmı – bu suala cavab verə bilmirlər. Əslində bu suallar bizim üçün eyni dərəcədə əhəmiyyətlidir və axırıncı suala cavab tapan, faktiki olaraq, birinci suala da cavab vermiş olardı.


Deməli, Epikur «Ölümdən qorxmaq lazım deyil, çünki biz onunla heç zaman görüşmürük…» deyərkən kifayət qədər haqlı idi. Ölüm də həyat kimi fəlsəfi məsələdir və ona elə bu cür fəlsəfi yanaşmaq lazımdır. Bizdən əvvəlki həyat bizi nə qədər maraqlandırırsa, bizdən sonrakı həyat da o qədər maraqlandırmalıdır. Bu nöqteyi-nəzərdən, ölümdən qorxmağa, onu şər hesab etməyə elə bir əsas yoxdur – biz nə vaxtsa olmamışıq və nə vaxtsa olmayacağıq. Vəssalam… Hətta «həmişə Imama yox, arabir Yezidə ağlasaq», məlum olur ki, ölümün yalnız şər yox, xeyir tərəfləri də var. Təsəvvür edin ki, ürək on illərlə döyünür, orqanizm dincəlmədən işləyir, sözün əsil mənasında, Sizif əziyyəti çəkir. Deməli, ürəyin birdən dayanması orqanizmə (yeri gəlmişkən, ürəyin energetikası da ölüm qorxusu kimi materialist nöqteyi-nəzərindən izahı olmayan bir möcüzədir), sözün əsl mənasında namuslu əməklə qazanılmış, bir rahatlıq, istirahət gətirir. Yəqin bu səbəbdəndir ki, ölümdən sonra əksər insanların üzündə bir təbəssüm, rahatlıq hissi olur.


Doqrudur, insan gecələr yatır, dincəlir. Bu zaman ürəyin ritmi, beyinin işi, nəfəslərin sayı azalır, istiliyin ayrılması yavaşıyır. Hətta bəziləri yuxunu ölümün kiçik maketi hesab edir, yuxuları isə cismi müvəqqəti tərk edən ruhların görüntüləri kimi qələmə verirlər. Qeyd etmək lazımdır ki, onlar müəyyən qədər haqlıdırlar. Axı, insan nə qədər çalışsa da, ayıqlıqdan yuxuya keçdiyi anı tuta bilmədiyi kimi, yəqin ki, həyatdan ölümə keçdiyi anı da tuta bilmir (Burda bir paradoks var: ürəyin dayanması ilə beyin hüceyrələrinin kütləvi məhvi arasında müəyyən saniyələr keçir, deməli insan ölümün nəfəsini hiss etməlidir!) Bu nöqteyi-nəzərdən, ölmək yuxuya getmək kimi bir şeydir və deməli, təsəvvür olunduğu qədər də dəhşətli deyildir. Sadəcə olaraq, insan bu yuxudan heç zaman ayılmır və sonsuzluğa qədər yatır. Sonsuzluğu isə (istər zaman, istərsə də məkan anlayışında) insan dərk etmək, deməli həm də qəbul etmək iqtidarında deyil. Insan şüurunun ölüm qorxusuna həmişə qalib gələ bilməməsinin əsas səbəblərindən biri də budur – sonsuz yuxunun dərk olunmamasıdır. ÖLÜM DƏRK OLUNMAYAN BIR ZƏRURƏTDIR, əgər dərk olunsaydı, insanlar ölümdən bu qədər qorxmazdı…


Beləliklə, bütün canlıların bu qədər qorxduğuna, hətta ölüm qorxusu (oxu: həyat eşqi) ilə doğulduğuna baxmayaraq, ölüm birmənalı olaraq şər – «arzuolunmaz qonaq» deyil və təsəvvür edildiyi qədər də qorxulu deyil. Amma qəribə və maraqlıdır ki, canlı bu qədər asan və həvəslə gəldiyi, əzab və əziyyətlərlə dolu dünyanı bu qədər könülsüz və əzabla tərk edir. Axı, həyatdan fərqli olaraq, ölüm ağrılı deyil və əziyyət vermir. Bu nöqteyi-nəzərdən onu xeyir və «arzuolunan qonaq» da hesab etmək olar. Burada ölümün ikili mahiyyəti – onun eyni zamanda həm şər, həm də xeyir daşıyıcısı olması meydana çıxır. Ölüm bütün əzabların, ağrıların sonudur. Amma eyni zamanda, arzuların, həyatın da sonudur. Ölüm bir rahatlıq, bir azadlıqdır, amma bu rahatlıq böyük əziyyətlər, həyat uğrunda məşəqqətli mübarizələr hesabına başa gəlir. Odur ki, hindular ölüm allahını iki sifətli təsvir edirdilər. Biri zalım, qorxulu və qəddar, o biri gülər üzlü, mehriban və qayğıkeş.


Bir məsələ də var, əgər bütün canlıların anası sayılan təbiət öz övladlarını belə əliaçıqlıqla ölümün ağzına göndərirsə, deməli, onların bu və ya başqa formada öz anasının qucağına qayıdacağına əmindir. Təbiət canlıların alisi sayılan insanla da eyni cür rəftar edir, onun ölümünə biganədir, çünki adi ölümlə həyatın kəsilmədiyini, sadəcə olaraq, başqa formada davam etdiyini bilir. Təbiətin bir hissəsi olaraq, insan da ölümü mütləq son kimi qəbul etməməlidir, çünki bununla həyat bitmir. Yuxarıda deyildiyi kimi, ölüm və həyat fəlsəfi məsələlərdir və onlara elə bu cür fəlsəfi yanaşmaq, yəni yalnız zamandan yox, həm də məkandan baxmaq lazımdır. Ətrafınıza diqqətlə baxın, obyektiv olmağa çalışın. Dağlar, meşələr uzanıb, çaylar axıb gedir, quşlar cəh-cəh vurur, qoyun-quzular dağda-düzdə ayın-şayın otlayır. Göydə qartallar quş quşlayır, yerdə canavarlar ov ovlayır. Bütün bunlar min illər, əsrlərdir ki, davam edir. Hətta ilk nəzərdən adama elə gəlir ki, heç nə dəyişmir. Amma yerdə, göydə, ümumən bütün təbiətdə nəsillərin biri gəlir, biri gedir. Atanın yerinə oğul, oğulun yerinə nəvə gəlir, nəsillər bir-birini əvəz edir, həyat davam edir. Hətta göydə ulduzlar, yerdə dağlar da qocalır, ölür, amma yerinə yeniləri gəlir. Şair demiş, bu dünya bir yandan boşalır, bir yandan dolur, düşünən bir beyin bir parça torpaq olur. Amma həyat davam edir…


Bir sözlə, ölümdən daim qorxmaq, bütün həyatını səksəkəli yaşamaq inteklekti və iradəsi zəif olanlara xas olan bir xüsusiyyətdir. Güclü insanlar həyata və ölümə fəlsəfi baxırlar, həyat eşqinin ölüm qorxusunun astar üzü olduğunu anlayırlar. Mərhum Turqut Ozal demiş, Allahın verdiyi həyatı Allahdan başqa heç kim ala bilməz. Odur ki, ölüm qorxusu ilə yox, həyat eşqi ilə yaşamaq, Vətənin, valideyinlərin xidmətində durmaq, övladların şəxsində özündən sonra yaxşı iz qoymaq lazımdır. Həyatın mənası da budur…


Qalib ARIF

 

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
İspaniya AVRO-2020-dən imtina etdi 22 Aprel 2021, 01:00 Saxta koronavirus peyvəndləri aşkarlandı 22 Aprel 2021, 00:53 36 yaşlı Yakub Kulqanek Çexiyanın xarici işlər naziri təyin edildi 22 Aprel 2021, 00:47 Milli Məclisin bitərəf deputatları TOPLAŞIR 22 Aprel 2021, 00:34 Gimnastımız Avropa Çempionatının finalına çıxdı 22 Aprel 2021, 00:23 Moskvada "Navalnıya azadlıq" aksiyası 22 Aprel 2021, 00:06 Çexiya ilə Rusiya arasında diplomatik qalmaqal böyüyür 21 Aprel 2021, 23:54 Qarabağdakı Rusiya-Türkiyə Birgə Monitorinq Mərkəzi ilə bağlı AÇIQLAMA 21 Aprel 2021, 23:39 Goranboyda azyaşlını it dişlədi 21 Aprel 2021, 23:22 Bakıda sökülməkdə olan evlərdə yanğın 21 Aprel 2021, 23:07 Paşinyanın evinin qarşısında aksiya - VİDEO 21 Aprel 2021, 22:59 "Qarabağ" "Sumqayıt"la sülh bağladı - Azərbaycan Kuboku 21 Aprel 2021, 22:48 Dünyanı dünyanın başına YIXACAQ(MI?) 21 Aprel 2021, 22:41 Hüseynbala Mirələmovun biabırçı görüntüləri yayıldı - VİDEO 21 Aprel 2021, 22:37 Paytaxtda gənc qızı maşın vurdu 21 Aprel 2021, 22:33 Mariya Stadnik Avropa çempionatının finalında - FOTO 21 Aprel 2021, 22:22 "Real"ın futbolçusu koronavirusa yoluxdu 21 Aprel 2021, 22:10 Göygöldə qadın sirkə turşusu içib zəhərləndi 21 Aprel 2021, 21:55 BMT baş katibi Zelenski ilə danışdı 21 Aprel 2021, 21:41 Türkiyədə koronavirusla bağlı vəziyyət daha da pisləşdi 21 Aprel 2021, 21:23 Paşinyanın kortejini saxlayanlar cəzalandırılacaq 21 Aprel 2021, 21:08 Kürdə xilas edilən şəxs daha sonra qollarını doğradı 21 Aprel 2021, 20:55 Çempionlar Liqasının kuboku İstanbula gətirildi 21 Aprel 2021, 20:41 Çində peyvənd olunanların sayı açıqlandı 21 Aprel 2021, 20:29 Avrokomissardan Azərbaycan və Ermənistana çağırış: "Münaqişə bitib, barışmaq vaxtı çatıb" 21 Aprel 2021, 20:15 Sabirabadda 22 yaşlı hamilə qadın xəstəxanada öldü 21 Aprel 2021, 20:04 “Dərs vaxtı”nda cədvələ uyğun mövzular təqdim olunub 21 Aprel 2021, 19:10 Millimizə "Kasımpaşa"dan oyunçu çağırılıb 21 Aprel 2021, 19:02 Rusiya aviaşirkətləri Azərbaycana müntəzəm reyslər üçün icazə alıb 21 Aprel 2021, 18:55 MSK-nın tərkibi yenidən formalaşdırılır - Namizədlər kimlər olacaq? 21 Aprel 2021, 18:48 Naxçıvan Qarnizonu Qoşunlarında hərbi hissə rəhbərliyi ilə məşğələ keçirilib - VİDEO 21 Aprel 2021, 18:40 Lukaşenko sabah Putinlə görüşəcək 21 Aprel 2021, 18:32 “Gilan”a məxsus obyektdə qanunsuzluqlar AŞKARLANDI 21 Aprel 2021, 18:25 Rusiya 10 amerikalı diplomatı ölkədən qovur 21 Aprel 2021, 18:17 Səfərbərlik Xidmətindən şəhid statusunun verilməməsi ilə bağlı iddialara CAVAB 21 Aprel 2021, 18:08