Modern.az

GPU günahsız insanlardan “etiraflar”ı necə əldə edirdi?

GPU günahsız insanlardan “etiraflar”ı necə əldə edirdi?

8 Fevral 2021, 12:28

(Prof. S. Çernavinin məktubu)


Keçən il Solovki həbs düşərgəsindən qaçmağa müvəffəq olan rus professorlarından V. Çernavinin “Times” qəzetində mühim bir məktubu nəşr edilmişdi. GPU-nun (6 fevral 1922-ci ildə RSFSR Xalq Daxili İşlər Komissarlığı (НКВД) nəzdində Dövlət Siyasi İdarəsinin (Государственное политическое управление-ГПУ) əsası qoyuldu. Bu söz alman dilində "GPU" kimi səslənir.  Bu sözün abreviaturası "Grauen, Panik, Untergang" (Qorxu, Təlatüm, Ölüm) formasında açılır-E.Ə) günahsız insanları necə “etiraf”a məcbur etdiyini şərh edən bu məktubu Moskvanın min bir vəhşətlərinə səhnə olan Azərbaycanı da yaxından əlaqələndirdiyi üçün olduğu kimi aşağıda veririk:

           
“Vişinski (son İngilis mühəndisləri mühakiməsindəki hakim), Vikkers şirkəti məmurlarının Moskvada həbs olunmaları münasibətilə, istintaq zamanı müqəssirlərin işgəncəyə məruz qalmadıqlarını 24 mart tarixli “İzvestiya”da iddia edir.

           
1930 və 1931-ci illərdə ziyankarlıqda ittiham edilərək Leninqrat G.P.U.-sunda olduğum üçün qəti sürətdə iddia edirəm ki: məhbuslara etmədikləri bir cinayəti “etiraf” etdirmək üçün GPU ancaq madii və mənəvi işgəncələrə müraciət etməkdədir.

           
70 kvadrat metr bir kamerada 100 şübhəli var. Kamera birə və taxta biti ilə qaynayır. Yeməklərin azlığından və bilərəkdən pis yemək verildiyi üçün bütün şübhəlilər tsınqa xəstəliyinə tutulmuşlar. Bu şərait altında istintaqa məruz qalan şübhəlilər 6 aydan 2 ilə bəlkə də daha çox müddətə qədər saxlanmaqdadır.

           
Barişnikof və Germanof adlı müstəntiqlər məndən bu sözləri izmalamağı tələb edirlər: - “Özümü ziyankarlıqda günahkar adlandırıram*”. Mənim imtina etməyim nəticəsində müstəntiqlər mənə sıra ilə bu işgəncələri tətbiq etdilər:

  1. Güllələməklə təhdid etmək,
  2. Həyat yoldaşımı tutulacağı və oğlumun yetimxanaya veriləcəyi ilə təhdid etmək,
  3. İstintaq müddətincə həyat yoldaşımı həbsxanada saxladılar,
  4. Yoldaşımı kürək cəzasına məhkum etməklə və sürgün etməklə təhdid etmək,
  5. Ultimatum- 3gündə “etirafı” imzalamasan- edam ,
  6. Gecələr güllələmən üçün aparmaq səhnələri.

          
Bunlara baxmayaraq yalan ittihamı imzalamadığım üçün mühakimə etmədən 5 il kürək cəzasına məhkum edilərək Solovki həbs düşərgəsinə sürgün edildim. Oradan 1932-ci ilin payızında qaçmağa müvəffəq oldum.

 

Yuxarıda saydığım üsullardan başqa, mənimlə bir kamerada oturan məhbuslara “etiraf”a məcbur etmək üçün bu işgəncələri tətbiq edirdilər:

  1. “Ayaqüstə durmaq”- məhbusları 6 gün, 6 gecə yeməksiz, susuz və yuxusuz ayaqda durmağa məcbur edirdilər.
  2. “Soyuq kartser” - qışda pəncərələri açıq olan kartserdə məhbusları anadangəlmə çılpaq bir halda saxlayırdılar.
  3. “Sulu kartser” - 20-30 sm qədər su dolu çarpayısız, tualetsiz kartserdə məhbus ancaq dar bir stulda otura bilir.
  4. “Dar kamera”- 300-ə qədər qadın və kişi elə dar bir yerə salınır ki, insan bir-birinə girmiş bir vəziyyətdə yalnız ayaqüstə dura bilir; hərarət, son dərəcə yüksək, bir həftədən artıq çox az adam dözə bilər.
  5. Konveyer”- 40-a qədər şübhəli şəxs bir-birinin ardınca, bir mərtəbədən o birinə qaçmağa məcbur edilir. Otaqda 15-ə qədər müstəntiq oturur. Bu proses “etiraf”ı izmalayana kimi, və yaxud ürəyi gedib yıxılana kimi davam edir.

 

Bu işgəncələr nəticəsində ölüm, intihar, dəli olma hadisələri çox olur.

Leninqrad zindanlarında adı çəkilmiş işgəncələrə məruz qalanların hamısı münəvvərlər, tanınmış mütəxəssislər, mühəndislər və alimlər idi.

Solovkidə  Moskvadan, Belarusiyadan, Ukraynadan və SSRİ-nin başqa yerlərindən gətirilmiş məhkumlarla tanış oldum. Onların danışmasına görə, yuxarıdakı metodlar GPU-nun hər yerdə tətbiq etdiyi üsuldur.

Bütün bu yazdıqlarımı arzu edilən məqamlarda, istənilən şəkildə isbat etməyə və bu xüsusda təfsilat verməyə hər zaman hazıram.


Çernavin (İstiklal. 1933. N33. S 1)

   Hazırladı: Elnurə Əflatun

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
BAKI TƏSDİQLƏDİ - Sülhməramlılar Qarabağdan belə çıxarıldı