Modern.az

19-cu payızda əbədiyyət yolçuluğu... - Şəhid HEKAYƏTİ

19-cu payızda əbədiyyət yolçuluğu... - Şəhid HEKAYƏTİ

8 Fevral 2021, 15:09

Ey ömrünün 19-cu payızında həyatını ölkəmizin baharlı günləri naminə qurban verən əziz şəhidim gəlmişəm müqəddəs məramından, amalından söhbət açam. Qaraxanbəyli kənd mərkəzinin qənşərindəki Vətən göylərinin ənginliklərinə ucaltdığın, nicatına qovuşan torpaqlarda vüqarla dalğalanan ay-ulduzlu sevdalınla bəzənən evinin kandarına dikilir gözlərim bir neçə dəqiqəlik. Küçədən keçənlərə vaxtilə bu ocaqda muradına çatan bir igid yaşadığını nişan verən “Xocavənd şəhidi Pərviz Məmmədzadə” adlı tablo içəri səsləyir, qonaq edir kiçik bədəndə böyük ürək daşıyan oğulun qəhrəmanlıq dünyasına məni. 19 illik şərəfli ömrün şirin-şəkər, doğma, əziz xatirələrinə bürünüb Məmmədzadələrə məxsus evin hər küncü, hər bucağı. Dünyaya göz açdığın andan 19-cu payızının əbədi yüksəkliyə aparan sonuncu yolçuluğunadək ailənə yaşatdığın qürur, fəxarət dolu anların yadigarları- üzərindən uşaqlıq çağlarının şən-şaqraq nəfəsi duyulan oyuncaqların, ad günü hədiyyələri, musiqiyə marağından söz açan qarmonun, tədbirlərdə qazandığın uğurlardan xəbər verən diplomların, fəxri fərmanların, hərbi həyatını əxz edən forman və daha nələr, nələr. Və bir də səni sənin dilindən tanımağıma vəsilə olan, öz dəsti-xəttinlə qələmə aldığın xatirə dəftəri, ömür gündəliyi...

         
Əziz şəhidim, atan, anan, nənən və bacının sənli xatirələri dilə gələrək qısa həyatının uzun yolundan danışır, yaşanan hər bir anı gözlər önünə sərən ömür gündəliyinin səhifələri bir-bir vərəqlənir. Deyir, 2001-ci il iyulun 31-də ailənizin ilk beşiyi olaraq Babək şəhərində dünyaya göz açdın, bütün həmyaşıdların kimi sən də ürəyindəki uşaqlıq arzuları, diləkləri ilə nənənin sevimli nəvəsi kimi Qaraxanbəyli kəndində böyüyüb yaşa doldun və günlərin birində anan Pərvanə xanımın əlindən yapışıb məktəb yollarına qədəm qoydun. Məktəbdə oxuduğun illərdə müəllimlərin tez-tez ananla yaratdıqları telefon ünsiyyəti “Belə tərbiyəli, qanacaqlı, böyük-kiçik yeri bilən, dərslərdə hazırcavablığı ilə seçilən övlad böyütdüyünüz üçün təşəkkürlər sizə” kimi cümlələrlə sonlanardı, Pərvanə xanım hər valideyn iclasından sonra barəndə eşitdiyi yüksək ifadələrdən daha da qürurlanar, balaca bacın Pərvinə də nümunə çəkərmiş səni. O illər ərzində müəllimlərin hörməti ilə yanaşı mehriban, səmimi dostlar da qazandın, vüqarlı, dəyanətli ürəyin həm də həssas, musiqiyə duyumlu idi. Böyük maraqla qarmon ixtisasının ilkin biliklərinə dərindən yiyələnib şəhadətnamə alsan da, musiqi təhsilini davam etdirmədin, məqsədin, məramın daha məsuliyyətli, çətin peşəyə yönəltdi səni. Belə ki, 8-ci sinifdə oxuyanda müəllimlərindən hərbi liseyə sənəd yığımı barədə eşidən kimi ata-ananın xeyir-duasını alıb enişli-yoxuşlu, keşməkeşli, məsuliyyətli, eyni zamanda da şərəfli bir yola çıxmağa qərar verdin...

         
Deyirlər igid oğul atasına oxşayar. Əziz şəhidim, sən də atana bənzədin, onun kimi mübariz, Vətən yolunda canından keçməyə hər an amadə dayandın. Bəli, 1992-1993-cü illərdə bədnam qonşularımızın Naxçıvana, Sədərəyə dikilən gözlərini kor edənlər sırasında atan Zahid kişi də var idi. 2015-ci ildə Naxçıvan şəhərindəki hərbi liseyə daxil olanda bu günü düşünüb verdiyin söz hələ də müharibə veteranının qulağında çınlayır: “Əziz atam gün gələcək oğlun sənin yarımçıq qalan işini tamamlayacaq, arzunu yerinə yetirəcək, ata-baba torpaqlarımızın azadlıq xəbərini ön cəbhədən verəcək”. Elə bu arzularla, diləklərlə, hərbi yarışlarda qazandığın uğurlarla liseyi bitirib, Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə üz tutdun. Ali məktəbdə də uğurlarının davamı gəldi, kursant yoldaşların arasında nümunəvi nizam-intizamınla, təlimlərdəki çevikliyinlə fərqləndin, komandirlərinin hörmət-izzətini qazandın. 2020-ci ilin may-iyun aylarında cəbhədə təxribatın qarşısının alınmasında göstərdiyin şücaətə görə, düşmənin canlı qüvvəsini sıradan çıxartdığın üçün aldığın mükafat isə sənin bacarıqlı, qabiliyyətli əsl zabit kimi formalaşacağından xəbər verirdi...

         
Əziz şəhidim, sentyabrın 27-si haqq-ədalət müharibəmiz başlayanda sən Ali Hərbi Məktəbin ikinci kursuna hələ yenicə qədəm qoymuşdun, zabitliyə doğru addımlarının kövrəkliyinə baxmayaraq ürəyindəki Vətən eşqi, vətənpərvərlik ruhu səni məktəbə deyil, ön cəbhədə vuruşan silahdaşlarının yanına səsləyirdi. Atana verdiyin sözün də tutmağın məqamı yetişdiyindən yuxarı komandanlığa ərizə yazaraq oktyabrın 1-də üçrəngli sevdalını da öpüb könüllü surətdə sıravi əsgər kimi döyüşə atıldın. Füzuli-Hardrut istiqamətində başlanan döyüş yolun 35 gün çəkdi, bu vaxt ərzində verilən əmrləri, komandaları böyük məharət və şücaətlə yerinə yetirdin. Ailənlə hər telefon danışığında ordumuz irəliləyir, tezliklə zəfər müjdəsini verəcəyəm sizə deyər, məndən nigaran qalmayın cümləsi ilə ananın pərişan ürəyinə ümid qığılcımı saçardın. Noyabrın 1-də yenə zəng vurmuşdun Pərvanə xanıma, budəfəki telefon söhbətində “Ana artıq çox irəliləmişik, atama deyərsən ona verdiyim sözü unutmamışam, tezliklə qələbə müjdəsini verəcəyəm, nənəmdən də muğayat olun” söylədin. Pərvinə isə  səni qəhrəman bacısı edəcəyəm vədini verərək sağollaşdın. Günlər sonra Müzəffər Ordumuzun Böyük Qələbə, sənin isə Xocavənd istiqamətində aparılan şiddətli döyüşlərdə son anadək qəhrəmanlıqla vuruşaraq şəhadətə yetişmə xəbərin gəldi...

         
Əziz şəhidim, yəqin çoxdan xəbərin var ki, şəhadətindən sonra ölkə Prezidenti cənab İlham Əliyev mərdliklə, şücaətlə döyüşən digər silahdaşların kimi sənin də igidliyini yüksək qiymətləndirdi, “Vətən uğrunda” və “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif olundun. Kursant yoldaşların, səninlə çiyin-çiyinə vuruşan cəbhə dostların, komandirlərin atana, anana igidliyin barədə o qədər gözəl hadisələr  nəql ediblər ki, eşidəndə fəxarət duymamaq mümkün deyil. Zahid kişi dost-tanışla söhbətində qürurla “Gözümün ağı-qarası olan oğlum atasına verdiyi sözü tutdu, Vətənimizin bayrağını, ailəmizin, nəslimizin adını uca etdi”-deyir. Nənən Məxluqə xala “Pərviz mənim hər zaman nümunəvi nəvəm olub, onun yeri bir başqadır” söyləyərək ötən illərin xatirələrini hey yada salır, söhbətinin əvvəlini də, axırını da sənə bağlayır. Anan Pərvanə xanım hər gün səndən nişanə qalan yadigarlarını, xatirə əşyalarını əzizləmək, hərbi formandan ətrini duymaq üçün otağına üz tutur, qohum-qonşu yanında toxdaq şəkildə deyir ki, oğlumun arzusu şəhid olmaq idi, çatdı muradına Pərvizim. Pərvin, qardaş həsrətini ovutmaqdan ötrü şücaətlərinlə bağlı videolar çəkir, slaytlar hazırlayır, rəfiqələrindən qəhrəman bacısı sözünü eşidəndə isə qüruru yerə-göyə sığmır...

         
Ey ömrünün 19-cu payızında əbədiyyət yolçuluğuna çıxan, qanı ilə, canı ilə şərəf, ləyaqət dastanı yazan, könüllərin fəxarət məramına ucalan əziz şəhid qardaşım Pərviz kiçik həyatına qısa səyahətimə vəsilə olan xatirə dəftərindəki vüqarlı qəlbindən süzülüb gələn vətənpərvər ətirli şeirlərini mütaliə etdikcə muradına çatan bir igid canlanır gözlərim önündə. Hələ Naxçıvan şəhərindəki Heydər Əliyev adına Hərbi Liseydə oxuduğun illərdə qələmə aldığın şeirin aşağıdakı misraları sənin doğma yurdumuza, onun bütövlüyünə olan sevginin sonsuzluğundan, mübarək Qələbə gününü necə könüldən arzuladığını xəbər verir:  
 

                                                Verərsə Komandan hücum fərmanın,

                                                 Döyüşdə tökərdim düşmənin qanın,

                                                 Qalxardı göylərə Azərbaycanım,

                                                 Unutma Vətənim, unutma məni...

Ata-baba torpaqlarımızın, Qarabağımızın azadlığı naminə təhsilini yarımçıq qoyub haqlı müharibəmizə könüllü qoşulan, son nəfəsinədək “Təki Vətən yaşasın”-deyən Pərviz Məmmədzadəni nə bu Vətən, nə də bu xalq heç vaxt unutmayacaq...



Nail ƏSGƏROV  
               

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Əliyev Putinlə görüşə gedir