Modern.az

Bizdə tənqid sevilmir - Zahid Orucla MÜSAHİBƏ

Bizdə tənqid sevilmir - Zahid Orucla MÜSAHİBƏ

9 Fevral 2021, 09:10

Milli Məclisin İnsan hüquqları komitəsinin sədri, Sosial Tədqiqatlar Mərkəzinin (STM) rəhbəri Zahid Oruc Modern.az-a müsahibə verib.


- Zahid müəllim, bütün dönəmlərdə parlamentdəki çıxışlarınızla fərqlənmisiz. Eyni zamanda da Sosial Tədqiqatlar Mərkəzinə rəhbərlik edirsiz. Hansı hansına maneə, yaxud da dəstək olur? Bu qədər işin içərisində vaxt bölgüsünü necə aparırsınız?

- Zamansızlığı yaşadığım hisslər içərisində daha çox hiss edirəm. Hərdən deyirəm, yaşamağa vaxt yoxdur. Doğrudur, time managementi nə qədər uğurlu qurursan qur, hadisələrin sürəti səni qabaqlayır. Aktivlik isə nəinki öz üzərində çalışmanı tələb edir, eləcə də kollektivlə birgəsənsə, onlarla cari və perspektiv vəzifələri əldə tutmağı, dövlətin və xalqın uzlaşan maraqlarını görməyi, millətin ruhunu təmsil etdiyin fikir məktəbinin daxili halı ilə uzlaşdırmağı və gələcəyin düzgün inşasında öz yerini tapmağı bacarmalısan. Müasir dövrümüzün ictimai-siyasi həyatının dinamikası ənənəvi alqioritmlə yaşamağı və çalışmağı sevmir. Çünki kommunikasiya vasitələri artdıqca özgürlüklər itir, fərqlliklər aradan qalxır və virtual həyat reallığın üstünə çıxır, onu əvəz edir. Bağışlayın bir qədər, fəlsəfəyə vardıq, indi "homo-sapiens" sözü qlobal ölçüdə öz klassik mənasını itirib və “texnoloji insan, onlayn insan” ifadələri bizim gerçək halımızı daha dəqiq ifadə edir.

 Ona görə də İnsan haqları komitəsi ilə STM-in işi indiki halda bir-birini tamamalayır. İnanın, söhbət bizim öz potensialımızı yuxarı göstərmək istəməyimizdən, yaxud ambisiyalı olmaqdan getmir. Hər iki planda şəxsimizin xarakteri az-çox cəmiyyətimizə bəllidir. Lakin dünyada insan haqlarından və azadlığından kənarda heç nə yoxdur. Hansı formasiya olursa olsun, bu belədir. Qərb sosioloqları dövləti məhz belə mərkəzlərin üzərindən idarə etməyin faydasını gördükləri üçün onlar bütün parametrlərdə öndədilər. Çin və Sinqapur da Asiya qitəsində öz cəmiyyətlərinin qəlbinə düzgün mühəndisilik etidklərinə görə biri əhali sayına görə dünyanın altıda biri halında daxili tarazlığını qoruyub saxlaya bilir, digəri isə son 40 ildə ÜDM-in adambaşına nisbətinə görə təxminən 90 pillə irəliləyə bilib.

Bəli, tədqiqat sahəsi fundamental elmin məhsuludur, daha geniş zamana ehtiyac duyur, daimi axtarışlarsız keçinə bilmir. Bizim cəmiyyətin istəyi odur ki, sən onun həqiqətini elan etməli, istəklərini dilə gətirməli və gələcəyini dərhal üzünə deməlisən. Tədqiqatçı isə belə edə bilməz. Çünki matritsa tənlikdə bütün məchulları həll etməsən tablo yarımçıq görünəcək.

Bu sahəyə daha yaxın olandan, əksər işləri sıfırdan qurmağa başlayandan sonra proseslərin xeyli çətin olduğunu görürsən. Beynəlxalq təcrübə on illər ərzində bizi qabaqlayıb. Onlar insan qəlbinin əsl cərrahlarıdır. Əksər beyin mərkəzlərinin strateji məqsədi dövlətin qərar qəbuletməsində iştirak etməkdir. Bu olduqca  vacib məsələdir. İkincisi, istinadlar qazanmaq,  legitimlik əldə etmək, nüfuzu ilə sahədə hesablaşılan bir mövqeyə çatmaqdır və araşdırmaların xabına çevrilməkdir. Ən başlıcası, alternativ data baza laboratoriyası qurdunsa, artıq proseslərin məntiqi analizlərini apara biləcəksən, rəsmi və qeyri-rəsmi statistikalarla müqayisəli təhlilərə yolun açılacaq. O halda, informasiya texnologiyalarının dili ilə desək, uyğun proqram təminatı ilə mürəkkəb sualların cavabını tapmaq mümkün olar. Sadə bir misal deyim: iki ay öncə məhduadlaşdırma tədbirlərinin pozulmasına görə sanksiyaları sərtləşdirdik. O zaman sual etdik: son 9 ayda vəzifəli və hüquqi şəxslərin pozuntuya yol verdiyi inzibati hərəkətlərin, yaxud cinayət faktlarının sayını, onların coğrafiyasını, hansı gəlirlilik dərəcəsinə malik olduqlarını və sanksiyalar nəticəsində görülən tədbirdən sonrakı davranşlarını bilirikmi? Gördüyünüz kimi, bir neçə suala eyni anda cavab vermək tələb olunur.

Bəli, həyatımın mühüm bir hissəsi parlamentdə yazılıb. Sizə təşəkkür edirik, jurnalistlər olaraq vestibüldən-coğrafi yüksəklikdən fəaliyyətimizi obyektiv qiymətləndirmisiniz. İnsan hüquqları komitəsinin də işinə konseptual yanaşaraq, daxili Nizamnamə ilə məhdudlaşmayan, lakin onunla ziddiyət təşkil etməyən böyük fəaliyyət prorqamını hazırlamışdıq. İndi hamımız böyük açılmanı gözləyirik.  Doğrudur, gələcəkdə  STM-in rəhbərinin sərbəst bir şəxs olacağına inanırıq. Onun kommunikativ olması isə aparıcı platformalarda təmsilçiyi əvəz edəcək. Yəni, hökmən deputat olmağa ehtiyac qalmayacaq.


- Amma sizin parlamentdə olmağınız bu işə kömək edir. Qanunvericiliyin birbaşa içərisində olursunuz.

- Təbii, hər iki platforma bir-birinə dəstək olur. Qanunların icra vəziyyətinin öyrənilməsi haqda işə dair planımızda ayrıca maddə var. Ölkə başçısı axırıncı müsahibəsində bu fakta xüsusi yer ayırdı. Təsəvvür edin, yerinə yetirilməyən qanunlar, sərəncam və digər normativ-hüquqi aktlar ətrafımızda gördüyümüz problemlərin bir indikatoru kimi çıxış edir. Halbuki, almanlar 2-ci Dünya Müharibəsinin sonunda məğlub olarkən belə qatarın bir dəqiqə də gecikməməsi üçün pedantlıqla çalışırdılar. Ona görə Sovetlər Birliyi müharibəni uddu, mədəniyyətdə və işgüzarlıqda, dəqiqlikdə və intizamda isə faşizmə səs verən bir xalqa uduzdular. Cəmisi 44 il sonra “alman qanunu” yenidən qalib gəldi.  

- Bəzən çıxışlarınıza sərt damğası vurulub. Halbuki, obyektiv çıxışlar etmisiniz. Parlamentdəki fəaliyyətiniz STM-də də görünürmü?


- Cəmiyyətə təqdimat hissəsində görünməyən işlər burada daha çoxdur. Əgər “diaqnostika mərkəzi” adlanırıqsa, gərək özümüzə  münasibətdə də obyektiv olaq. Nəzərə alsaq ki, işləri sıfırdan başlamışıq, masa üzərindəki sərgi (onlarla dərgi, jurnal və kitabları göstərir-N.B) kollektiv zəkanın və əməyin məhsullarıdır, biz onları olduğu kimi, boyamadan, rəngləmədən gerçəkliyi necə əks etdirirsə, elə formada dövlət orqanlarına, hakimiyyət institutlarına və ilk növbədə, cənab Prezidentə təqdim edirik. Belədə  nüfuz, tanıtım və güc əldə etmək üçün zamana ehtiyacımız var. Əminəm ki, hələ çox işlər görüləcək.

Dünyada ictimai barometrin obyektivliyinə hər yerdə şübhə edirlər. Kimi onu sifarişçilərin mənafelərinə uyğunlaşdırıldığını bildirir, ikincilər təbliğat və mövsümi istəklərə bağlayır, üçüncülər ümumən milyonlarla insanın sürətlə dəyişən qərarlarının hər hansı metodla obyektv öyrənilməsinin qeyri-mümkünlüyündən danışır. Hansısa rəqəmlərimiz ətrafında yanlış təqdimatlar üzündən iradlar baş verirsə, hətta üzərimizə qeyri-etik hücumlar olursa, bizi xakterizə edən ən mühüm prinsipə, dəyərə söykənib deyirik-biz təhqir etmirik, gəlin birlikdə aydılaşdıraq. Sərt ittiham və tənqidləri yalnız əks arqumentlərlə cavablandırırıq. Baxın, qarşınızda olan icra hakimiyyətlərinə əhalinin ictimai etibarının kəskin şəkildə aşağı olmasının sübutunu ilk dəfə iki il əvvəl  biz vermişik. Özü də sənəd ictimailəşib.


- Bunu cəmiyyətə çıxartmağınız işin yaxşı tərəfidir. Bəs həmin İcra hakimiyyətləri bu məsələdən xəbərdar olubmu?

- Bu sənədlər İcra hakimiyyətlərinə və hökumətə  də gedir. Reaksiyaların nədən ibarət olduğunu yaxşı bilirik. Biz dövlət nəzarət qurumu deyilik, odan ötrü ayrıca təsisat var. Bir haşiyə çıxım: ABŞ-da təlim proqramlarına dəvət olunmuşduq-qanunlar necə icra olunur deyə? Hüquqi aktların qəbulu mexanizminə baxdığımızda adam daha yaxşı anlayır ki, niyə məsələn, 1962-ci ildə qəbul edilmiş Cekson-Venik düzəlişi hələ də reyestrdə qalır? Axı SSRİ adlı dövlət artıq yoxdur, yəhudilər də istədikləri yerə sərbəst gedə bilirlər. Lakin mexanizm elə qurulub ki, hüquqi qüvvəsi olmayan aktlar belə hələ də yaşayır, varlığını və təsirini hiss elətdirir. Biz məhkəmə orqanı deyilik. Ancaq hamıya deyirik-kompası sındırmayın, özünüzün ayrı yol göstərən cihazınız varsa, lap yaxşı, ancaq bizimkini də yoxlayın, çünki tədqiqat əsaslı idarəetmə daha güclü və strateji olur. Dünyada bunu qurmağı bacaran ölkələr böyük nailiyyətlər əldə ediblər. Ümidvaram ki, Prezidentin qərarı ilə yaradılan bu təşkilat daimi fəaliyyət göstərəcək və şaxələnəcək, böyüyəcək. Əksər dövlət strukturlarından təkliflər var ki, gəlin birgə çalışaq. Çünki biz şəffaf işləyirik. Qara dövriyyədə, sövdələşmədə, şəxsi antipatiya və simpatiyanı dövlətçilik mənafelərinə qatmaqda xüsusi  marağımız yoxdur.


- Təbii ki, STM digər dövlət qurumlarına düşmən gözü ilə baxmır və əməkdaşlıq edir. Masanın üzərində olan orta məktəb dərslikləri gözümə sataşdı. Dövlət qurumları ilə əməkdaşlıq edəndə onların sizə basqısı varmı? Orta məktəb dərslikləri Azərbaycanda bərbad vəziyyətdədir. Bu bərbad vəziyyəti ortaya qoyanda reaksiya necə olur?

- Azərbaycanda tənqid sevilmir, bu aksiomadır! Obyektiv mövqeyə çox da qucaq açılmır, gül-çiçəklə qarşılanmır. Bu doğrudur. Təcrübəmiz ədalətli hakimdir. Lakin fərqli nümunələr də var. İndi Ceyhun Bayramov digər  bir nazirliyə rəhbərlik edir, 2019-cu ildə "Yeni imtahan modeli"ni bütün maraqlı tərəflərin, ilk növbədə isə abituriyent və müəllimlərin rəyi ilə hazırlamışdıq, geniş təqdimatını keçirdik və həm hökumət, həm də qiymətləndirici qurumun rəhbərləri orada iştirak edirdilər. Ceyhun müəllim təkcə şəxsi söhbətlərimizdə deyil, eləcə də yüksək kürsüdən  söylədi ki, Təhsil Nazirliyi sistemində 100 minlərlə müəllim kollektivi olmasına rəğmən, aparılmış tədqiqatı obyektiv, peşəkar və faydalı hesab edir. Cəmisi 4 aydır ictimai-siyasi həyata vəsiqə alan bir təşkilat üçün razılaşın ki, yüksək qiymət idi.

Bizə “bunu çıxarın, onu etməyin” demədilər. Məsələn, ünvanlı yardım siyasəti indi də pis işləyir. Dövlət  300 milyona yaxın vəsaiti bu sahəyə yönəldir, sadə dillə desək, uşaqpullarının ləğvi ideyasına görə imkanlı şəxslərin deyil, ehtiyacı olan ailələrin maliyyələşməsi prinsipi ilə işləyir. İllər uzunu müəkəmməl bir mexanizm qurula bilmədiyindən geri dönüş və effektivlik arzuolunan səviyyədə deyil. Qəribə mənzərədir-həm alanlar narazıdır, həm də kənarda qalanlar. Araşdırma aparıb təqdim etdiyimiz sənədlərə əlbəttə, reaksiyalar müxtəlif ola bilər. Ondan narahat deyilik. Çünki korporativ razılaşma, konformizm, yaxud qərəzli mövqe siyasəti yürütmürüik. 40%-dən yuxarı respondent səhiyyə sistemi administrasiyasının az qala üç hakimiyyətliyindən, sonda məsuliyyəti götürəcək birinin belə meydanda qalmamasından narazılığını ifadə edir. Başa düşürük, bir neçə dəfə kiminsə marağına uyğun olan siyasi mövqe-konkret bir rəqəm, parametr daha çox qabarıb, o da kiminsə yadında qalıb. Ona görə də Mərkəzin mövqeyini hardasa ədalətli göstərməmək istəkləri oradan qaynaqlanır. Bunu da başa düşürük.


- Keçmiş Əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov həbs edilib. Növbəfə sabiq Nəqliyyat naziri Ziya Məmmədovun adı çəkilir. Hər halda, STM olaraq narazılıqları qurumlara göndərirsiniz. Həmin qurum rəhbərlərinə onları da belə vəziyyətin gözlədiyini bildirirsinizmi?

- Bizim üçün illərlə müxtəlif salonlarda hesabat, yaxud fərqli mövzularda birgə tədbirlərə qatıldığımız adamların həbsinə qiymət vermək asan deyil. Hamımız insanıq. Lakin biz son üç ildə cəza tədbirlərinin həyata keçirilərkən, necə əsaslı faktlara söykəndiyini də unutmuruq. Ona görə də ədaləti hakimlər təmin etməlidir. Bizə görə, sadə insanların anlayacağı bir dildə “İlham Əliyevin yeni hakimiyyət quruculuğu” siyasətinin davam etdiyini deyirik. 
2019-cu ildə hökumət tərkibinin təxminən 70%-nin dəyişməsi, ardınca Prezident Administrasiyasını əhatə edən yenilənmə, daha sonra məhkəmə sisteminə keçidin baş verməsi yalnız quru “islahat” sözünün çərçivəsinə sığmır. Biz deyirik: Prezident Yeni Hakimiyyət qurur. Əlbəttə, pandemiya proseslərin  sürətini bir qədər ləngitdi. O biri yandan, yalnız həbs tədbirləri məqsəd ola bilməz, “antisosial məmur obrazları”na qarşı çıxmaq yeni elitanın formalaşdırılmasını sona çatdırmaq deməkdir. Vətən müharibəsində zəfərin qazanılması 3 il əvvəl başlayan dəyişiklərin kontekstində daha yaxşı izah olunur, eyni zamanda qalib xalqın fərqli idarəetmə istəyi təbii qarşılanmalıdır. Çünki vətəndaşlar yaxşı yaşamaq və haqli olduğunu hiss etmək istəyir.

Yeni “milli kimlik” hadisəsi budur, siyasi transformasiyanı görməmək mümkün deyil, yəni 1990-cı illərdə uduzmuş cəmiyyətin və silahlı qüvvələrin dövlətə təsir imkanları aşağı idi. İndi bir məmur ordu üzvünü, əsgəri, şəhid ailəsini əvvəlkitək qapı arxasında saxlaya bilmir. 30 il qabaq 20%-lik işğal faktı hamını günühkar duyğusu altına alırdı və  itaətə vadar edirdi. İndi mental komplekslər və məğlubiyyət sindromunun gətirdiyi ələbaxımlılıq, humanitar yardım gözləntisini “haqqımı ver” tələbləri əvəz edir. Qalib ordu ilə qalib xalq hər yerdə güclü görünmək və dövlətini də özündən öndə görmək istəyir. Ali Baş Komandanın Zəfərin mücəssiməsi olan “Dəmir yumruq” doktrinasının 44 gündə bitmədiyini başa düşməliyik. İndi “qalib yumruq” idarəetmədə, siyasətdə, iqtisadiyyatda, sosial həyatda, çirkli məmurlara münasibətdə, beynəlxalq əlaqələrimizdə  özünü göstərir, daim işləkdir, qüvvəsini saxlayır. Məsələnin başqa tərəfi də var. Daha çox məmurun həbs edilməsinə fərqli qüvvələrin məkrli yanaşmaları gözümüzdən qaçmır. Bəziləri hakimiyyət içərisində qarşıdurmadan danışaraq dünən ittiham etdiklərinin açıq müdafiəsinə qalxır, onların reablitasiyasını aparır, qələbə səlnaməsinə qarşı ondan əkstəbliğat materialı düzəldir, gündəmi dəyişdirməyə, zəfərimizi sosiallaşdırmağa  çalışırlar. Başa düşüləndir, Qarabağ əvəlkitək kart deyil, ondan böyü oyunlarda yararlanmaq daha çətindir, o zaman yeganə mövzu məmur məsələsi, büdcə talançılığı və təbəqələşmədir. Halbuki, ittihamçıların bir çoxu özləri korrupsiya layihələrinin bir parçasıdır.  

Prezident İlham Əliyev millətimiz kimi Şuşaya müqəddəs nəzərlərlə yanaşdığını, onu təkcə mədəniyyətmizin deyil, idarəetmənin, siyasətin və inzibati həyatımızın da Qrinviç xətti, əsas məhək daşı olduğunu nümayiş etdirir. Belədə “Qarabağa qayıdış” yalanı inkar edən, qanunuzluğu tanımayan və ədaləti, imanı, haqqı əsas götürən bir siyasət deməkdir. Bəli, əvvəlki İcra hakimiyyətlərini ora göndərmək mümkün deyil. Yeni xüsusi nümayəndə təsisatının başlıca səbəbi də budur. Təbii ki, sistemdə yeni struktur daha da şaxələnəcək. Hədəf odur ki, artıq əvvəlki idarəetmədəki qüsurlar, korrupsiya problemləri azad olunmuş ərazilərə daşınmasın.


- O zaman həmin idarəetmə Qarabağdan başlaya bilərmi?


- Artıq o proses gedir.


- Belə demək olarmı ki, ölkədəki digər icra strukturlarının ləğvi və yenidən qurulması Qarabağdakı xüsusi nümayəndəliklərin
hesabına olacaq?


- İcra hakimiyyətlərinin ləğvi konstitusion məsələdir. Bilirsiz ki, ali İcra hakimiyyəti sisteminin fəaliyyəti referendumla müəyyənləşir. Gələcəkdə ehtiyac duyulacaqsa, millətin qərarı ilə qalib ölkənin hüquqi və siyasi idarəetmə şəklində, arxitekturasında və gələcək dizaynında dəyişikliklər aparılacaqdır. Biz minillik müqəddəs amalımıza qovuşmuşuqsa, o şəraitdə Qarabağı “zəif bənd” kimi saxlaya bilmərik. Erməni  xalqının, Ermənistanın və Qarabağda yaşayanların faciəsi onda olub ki, onlar həmin əraziləri heç bir sunsidiya, stimul və şərtlərlə məskunlaşdıra bilməyiblər. İnsan resursları tank və topla, dronlarla əvəz olunmur.

Şuşa Azərbaycan idarəetməsinin yeni siyasi arxitekturasında təməl daşına çevrilir. Bəli, həm də mədəni, sosial, psixoloji mərkəzi, düşüncə paytaxtı və fəlaiyyətimizin güzgüsü adlandıra bilərik. Yaxşı məmurların, parlamentarilərin, hakimlərin, eləcə də iş adamlarının, bir sözlə milyonlarla sıravi insanımızın adlarını Şuşanın qala divarlarından asmaq, şərəf lövhəsinə vurmaq Vətən müharibəsində qələbə mükafatlarının əmək və xidmət cəbhəsində davamı olar. 21-ci əsr Azərbaycanında bir millətin övladlarının amalı yalnız bu olmalıdır.

Bəli, 7 icra baççısının həbsi hamı üçün çağırışdır. Qalib ölkə vətəndaşlarının özünü işğal keçmişindəki kimi davranmağa ixtiyarı yoxdur. Ölkəmizi 26 sentyabr atmosferinə qaytarmağa çalışanların niyyəti də millətin işıqlı gələcəyindən yana narahatlıq deyil.

Baxın, 100 və ya 200 il bundan əvvəl uğurlu şəxsiyyətlərin irsi müasir tariximizdə yaşayır və biz onlara ehtiramla yanaşırıq. Son 30 ildə dayanıqlı, sabit yüksək göstəricilərə malik olan kadr korpusunu hələ formalaşdıra bilməmişiksə, ondan faciə düzəldənlər bizi ənənəvi həyat normativinə qaytarmaq istəyənlərdir. Kadrlar məktəblərdə, universitetlərdə, daha sonra sağlam ictimai müansibətlər sistemində, qarşılıqlı nəzarətə dayanan hakimiyyət institutlarında, azad mediada, güclü 3-cü sektorda formalaşır. Ona görə də dövləti suçlandırmağa qalxanlarla qətiyyən razı deyilik.!Bu çox mürəkkəb məsələdir.


- Bu xarakterimizdən irəli gələn məsələdir ki, kadrlar formalaşa bilmir, yoxsa başqa hansı səbəblər var? Eyni zamanda, indiki məmurlar əvvəlkiləri davam etdirmək arzusunda da deyil. Bəzi görüntülər  var ki, əvvəlki məmurların etdikləri gənc məmurlar tərəfindən təkrar olunur.


- Dünyada bürokratik sistem bütün inqilablardan salamat çıxıb. Amerika kimi ölkələrdə prezidentlər dəyişir, amma cəmisi 3600 yüksək nomenklaturanın nümayəndələri əvəzlənir. Yerdə qalan bazis struktur qorunub saxlanır. Elə mexanizm, hüquqi təminat sistemi yaratmaq olar ki, kadrlar yalnız nazirlərdən asılı olmasın, sosial lift gerçəkdən işləsin, bütün sahələr üzrə insan resurlarının çeşidli kartotekası yaransın. Orada nə qan bağları, nə yaxınlıq telləri, nə də regional amil və maddi maraqlar işləməsin. Bundan ötrü zaman keçməlidir. Düşünürəm ki, yaxşı kadr, yaxud alim olmaqla da iş bitmir. Müstəqillik tariximizdə xeyli belələri olub, lakin yaddaqalan işlərə müəlliflik edə bilməyiblər. Qədim yunanlar filosofların dövlətini, başqaları imkanlı şəxslərin hakimiyyətini uğurlu sayırdı. İndi ABŞ-da Co Bayden hakimiyyətə gələn kimi elm adamlarını başına yığır. Biz Mərkəz olaraq Elm nazirliyinin yaradılmasını da təklif etmişik. Süni  intellektin və texnologiyaların ölkələrin coğrafiyasını, əhali sayı kimi faktorları arxa plana keçiriərək görünməmiş inkişafa nail olduqları vaxtda başqa cür edə bilmərik.

Digər bir məsələ-məmur vəzifədən çıxarılanda ona “vurulan adam” kimi baxılmasıdır. Belə reallıq kresloya zorən bağlılıq yaradır. Halbuki, obyektiv olaraq bir şəxs istədiyi vaxt vəzifəsindən gedə, yaxud çıxarıla bilər. Onda cəmiyyətin əvvəlki davranışlarıni öz üzərində dəyişmiş hiss edən nazir, deputat, ya qeyrisi özünü “kiçilmiş” sayacaq. Gürcüstanda son illərdə bir neçə Baş nazir dəyişib, amma ölkə dağlmayıb. Azərbaycanda da belə vəziyyət yaranmışdı. Rayonların birində icra başçısı təyinatı gecikmişdi. Ayrı-ayrı adamlar deyirdi ki, “bəlkə bizə icra başçısı heç lazım deyil”.

Xüsusi nümayəndəlik institutu o deməkdir ki, ölkə başçısı cəmiyyətdən gələn siqnalları hamıdan daha yaxşı görür və dövlət mənafeyini hər kəsdən uca tutur!


- Məmur işdən çıxarılarkən “vuruldu” kimi təqdim edilməsinin yanlış olduğunu dediz.  Ancaq məmur təyinat alanda təriflənib çıxarılanda isə basqılar müşahidə olunur. Bu cür paradoksal vəziyyəti necə şərh edərsiz?


- İctimai münasibətləri, siyasi sistemi elə qurmalıyıq ki, o məsələlər zamanında işləsin. Xalq gəlib bütün prosesləri izləyə, büdcə vəsaitlərinin hara xərclənməsini, yaxud mürəkkəb hesabatların, nəzəriyyələrin, gizli müqavilələrin sorğusunu apara bilməz. Hökumətlər milli təmsilçilik hakimiyyıti olan parlament qarşısında, media və digər siyasi institutların önündə cavab verirlər. Soruşursunuz necə edək hamının əməllərinə vaxtında qiymət verilsin və neqativ hadisələr təkrarlanmasın. Çox vacib məsələdir. Saakaşvili 5 dəfə hökuməti dəyişdi, hamı bunu demokratiyanın təntənəsi saydı. Bizdə isə oxşar qərarlar çox ağrılı qarşılanır. Parlament və hökumət fəaliyyəti elə qurulmalıdır ki, nazirlər özlərini hesabatlı və məsuliyyətli saysınlar, verdikləri qərarların reaksiyasız qalmayacağını dəqiq bilsinlər. Eyni zamanda, biz o mətbuatdan danışırıq ki, gerçək ictimai rəy hakimiyyətidir. Obyektiv olaraq onu qazanıb, çirkli əllərlə biri-digərinə qarşı yönləndirmə vasitəsi deyil. Xatırlayırsınızsa, ölkə başçısı demişdi: “Məmurlar mətbuat vasitəsilə şantaj olunur”. Baxın, ona görə sosial şəbəkələr bizim ayrıca tədqiqat işimiz olub.


- Əlavə sual verməyə imkan yaratdınız. Azərbaycanda ictimai nəzarəti, mexanizmi mətbuat yerinə yetirməlidir. Bu gün mətbuatımız ictimai nəzarəti yerinə yetirmək gücündədirmi? Maraqlıdır, niyə medianı araşdırıb ortaya qoymursuz? Eyni zamanda, dünyada məmur sabah-sabah işə gəlib informasiyanı açıb baxır ki, nələr var, kim nə yazıb. Azərbaycan məmuru isə sabah-sabah işə gəlib mediaya göstəriş verir ki, “bunları yaz”.


- Həqiqətən mətbuatı zəif olan ölkə özünü güclü saya bilmir. Vətən Müharibəsində gördük ki, Ali Baş Komandan informasiya savaşını 3 dildə əsas beynəlxalq audotoriyalarda və platformalarda şəxsən özü apardı,  dünyanın fərqli teleradio kanallarına verdiyi ardıcıl, məqsədyönlü, sistemli müsahibələrilə informasiya savaşını qazana bildik. Keçmişdə bizdə tez-tez “media kapitanları” sözü işlədilirdi. O vaxt deyirdim ki, bizdə informasiya müharibəsini aparmaq üçün siyasət, media generalları lazımdır. Müharibənin gedişində Tədqiqat Mərkəzi kimi hərbi reportyorlarımızın canlı döyüş səhnələrini çıxarıb dünyaya yaymasını, fotoqrafların və jurnalistlərin, səlnaməçilərin öndə olmasını təklif edirdik. Gerçək vəziyəti bildiyimiz halda bəs nə etməliydik? Nə yaxşı, müstəqil qələm adamlarımız o boşluğu doldurdular. Ona görə də təklif edirik ki, medianın yeni simalarını yetişdirmək üçün  ardıcıl proqramlar, təlimlər, təcrübə və təlim mübadilələri həyata keçirilsin. Onda 1990-cı illər mətbuatının qaynar mühitinə dönüləcək, kiminsə diqtəsi ilə işləmək arxa plana keçəcək, peşəkar maraqlar önə çıxacaq. Məmurlar isə “yalnız arzuladığımı oxuyum” deməyəcəklər


- Yeri gəlmişkən, dünyada respondentlər məsələsində azərbaycanlılar yalançı respondentlər sırasındadır. Maraqlıdır, respondemtlərlə işləmək çətin deyil ki?


- Xeyr, çətin deyil. İlk baxışda elə görünür.


- Sizə qədər Azərbaycanda sorğu mədəniyyəti olmayıb. Sorğunun texnologiyasını belə bilmirlər...


- Ümid edirəm ki, gələcəkdə Azərbaycanda sosioloji sahə daha da inkişaf edəcək və güclü elmi əsasları yaranacaq. Yekun olaraq deyim  ki, tədqiqat prinsiplərini düzgün qurmalı, uyğun metodları problemi dərindən araşdırmağı bacarmalısan. Ona görə də biz “qapı-qapı” prinsipi ilə planşetlərlə fəaliyyətə başladıq, kağız formatından imtina etdik. Eyni zamanda, təsadüfi seçimə düzgün əməl etdik. Ümidvarıq ki, gələcəkdə Azərbaycanda ayrıca Sosiologiya Universiteti yaradılacaq. Çünki ictimai rəyin böyük qüvvə olduğunu hamı başa düşəcək.

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! Rusiyanın Ermənistandakı bazasına hücum edildi