Modern.az

Növbədənkənar seçkilərin 1 ili tamam oldu - Deputatlar ümidi doğrultdumu…

Növbədənkənar seçkilərin 1 ili tamam oldu - Deputatlar ümidi doğrultdumu…

9 Fevral 2021, 14:28

Azərbaycanda Milli Məclisə növbədənkənar seçkilərin keçirlməsindən 1 il ötür.

VI çağırış Milli Məclis 2020-ci il fevral ayının 9-da keçirilmiş seçkilər nəticəsində formalaşmışdı.

Parlamentin bir illik fəaliyyətini necə qiymətləndirmək olar?

Modern.az
-ın əməkdaşı bu sorğu ilə Milli Məclisin bir neçə deputata müraciət edib.

 


Vüqar Bayramov
: “Parlamentin bir illik fəaliyyətinin pandemiya dövrünə düşməsinə baxmayaraq çalışdıq ki, davamlı olaraq seçicilərimizlə əlaqə saxlayaq. Milli Məclisin fəaliyyətini çox yüksək qiymətləndirirəm. 

Karantin qaydalarına uyğun olaraq bəzən iclaslarımız onlayn qaydada keçirilsə də,  yenə də üzərimizə düşən hər bir işin öhdəsindən layiqincə gəldik”. 

 

Jalə Əliyeva: “Çətin il olmasına baxmayaraq, parlament aktiv şəkildə fəaliyyət göstərdi. VI çağırış Milli Məclisin fəaliyyəti bütün dünya və Azərbaycan üçün çox əhəmiyyətli dövrə təsadüf etdi. Bu bir il çox təlatümlü hadisələrlə bol oldu. İlk növbədə 2020-ci il bütün dünyada təəssüflər olsun ki, bu günə qədər davam edən koronavirus bəlası ilə yadda qaldı. Təbii ki, pandemiya Azərbaycandan da yan ötmədi və istər gündəlik həyata, istərsə də parlament həyatına öz təsirini göstərdi. Amma fövqəladə bir şəraitdə işləməyimizə baxmayaraq, Azərbaycan parlamenti bəlkə də hər zamankından heç də geri qalmadı. Hətta deyərdim ki, daha fəal və aktiv oldu.

Parlament ötən bir il ərzində Azərbaycanın bütün sahə üzrə inkişafı üçün hər bir addımı atdı. Eyni zamanda, 2020-ci ildən danışırıqsa, həmin il Azərbaycan tarixinə çox əhəmiyyətli məqamla daxil oldu. İllərdir həll edilməmiş olan Qarabağ probleminin 44 gün ərzində Şanlı qələbə ilə aradan qaldırılmasına nail olduq. Azərbaycan bütün dünyaya örnək olacaq tarix yazdı. Parlament də həmin zamanlarda hər an öz ölkəsinin, xalqının yanında oldu.

Qeyd etmək istərdim ki, Azərbaycan parlamentinin 2020-ci ildəki fəaliyyəti çox uğurlu və əhəmiyyətlidir”.

 

Kamilə Əliyeva: “Milli Məclis geridə qalan bir il ərzində çox uğurlu fəaliyyət göstərdi.

Mən parlamentin bir illik fəaliyyətini çox yüksək qiymətləndirirəm. Bu dövr ərzində çox uğurlu və səmərəli işlərə imza atdıq. İlk növbədə bir il dövründə 250-dən çox qanun lahiyəsi qəbul olundu. Milli Məclisin beynəlxalq səviyyədə də işini çox yüksək qiymətləndirmək lazımdır. Pandemiya dövrü olmasına baxmayaraq, plenar və komitə iclaslarının keçirilməsi davam etdirildi.

Ümumiyyyətlə, 2019-cu ildən bəri keçən zaman kəsiyi respublikamızda islahatlar dövrü kimi yadda qaldı. 2020-ci ildə Milli Məclisdə də kadr islahatları aparıldı.

Qarabağ müharibəsi dövründə Milli Məclisin üzvləri həqiqətləri dünyaya çatdırmaq üçün çox böyük işlər gördülər”.

 

Əziz Ələkbərli: “Bəri başdan deyim ki, bir illik fəaliyyəti son dərəcə müsbət qiymətləndirirəm. Bu bir ildə Azərbaycan öz tarixinin və taleyinin çox məsuliyyətli bir dövrünü yaşayıb. 9 fevral parlament seçkilərinin nəticələrinin təsdiqindən dərhal sonra pandemiya başladı və onun yaratdığı bəzi məhdudiyyətlər hələ də davam edir. 44 günlük müharibə və bu müharibə nəticəsində qazandığımız Zəfər isə tariximizə qızıl hərflərlə yazıldı. Hər iki məsələdə Milli Məclisin rəhbərliyi, əməkdaşları, komitə və komissiyaları, xüsusilə deputatlar üzərlərinə düşən vəzifələrin öhdəsindən layiqincə gəldilər. 

Deputatlarımız son bir ildə yerli və xarici mediada yazılarla, teleradio kanallarında çoxsaylı çıxışlarla təmsil olundular. Bunlar hamısı Azərbaycan həqiqətlərini yerli və xarici auditoriyaya çatdırmaq üçün edilən və ictimai-siyasi yükə malik hərəkətlərdir. Üstəgəl çoxlu sayda qanun layihələrinin hazırlanması, müzakirəsi və qəbulu, bir də seçicilərin saysız-hesabsız müraciətləri, bu müraciətlərlə bağlı görülən işlər…. Təbii ki, qalib bir dövlətin vətəndaşı, alimi, məmuru olmaq nə qədər şərəfdirsə, deputatı olmaq da bir o qədər şərəfdir. Elə hesab edirəm ki, Azərbaycan parlamenti və onun hər bir üzvü bundan sonra da var gücü ilə çalışacaq, millətimizə, dövlətimizə və dövlətçiliyimizə layiqincə xidmət edəcək”.


Fidan İlqarqızı

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?