Modern.az

Bizimkilər: “Jurnalistikaya 24 il öncə qarşıma çıxan o elanla gəldim” - Baş redaktorla MÜSAHİBƏ

Bizimkilər: “Jurnalistikaya 24 il öncə qarşıma çıxan o elanla gəldim” - Baş redaktorla MÜSAHİBƏ

Media

10 Fevral 2021, 08:37

Modern.az saytı bir neçə aylıq fasilədən sonra “Bizimkilər” rubrikasına davam edir. Bu rubrikada jurnalist həmkarlarımızdan yazır, onları oxucularla daha yaxından tanış edirik.


“Bizimkilər”in növbəti qonağı Əməkdar jurnalist, “İdman” qəzetinin baş redaktoru, Azərbaycan İdman Jurnalistləri Federasiyasının prezidenti Qabil Mehdiyevdir.

 

Qabil Sabir oğlu Mehdiyev 1977-ci il may ayınının 1-də Naxçıvan Muxtar Respublikasının Babək rayonunda anadan olub. 1994-cü ildə Prezident yanında Dövlət İdarəçilik Akademiyasında politoloq ixtisası üzrə təhsil alıb. 1997-ci ildə mətbuata “Süper sport” qəzetində müxbir kimi çalışaraq gəlib. 2000-ci ildən bu günə qədər Gənclər və İdman Nazirliyinin rəsmi orqanı olan “İdman” qəzetinin baş redaktoru vəzifəsində çalışır. 

- Qabil müəllim, ola bilər bunu əvvəllər də soruşan olub: Sizi jurnalistikaya gətirən səbəb nədir? Necə oldu ki, bu sahəni seçdiniz?

- Tələbəliyi 90-cı illərə təsadüf edənlərin bir çoxu sonuncu kursda oxuyarkən qəzetlərlə əməkdaşlıq edirdilər. Bu, bir tərəfdən qazanc naminə, qonorar almaq üçün idisə, digər tərəfdən də tələbələr arasında bir rəqabət məsələsi idi. Hər tələbə qəzetdə çıxan imzası ilə fəxr edirdi. Kimin daha maraqlı və daha çox yazısı qəzetdə dərc edilirdisə, qrup yoldaşları arasında xüsusi hörməti olurdu. Mən də “gələcəyin politoloqu” olaraq ilk vaxtlar siyasətdən yazmağa başlamışdım. 3-cü kursda oxuyanda qəzetlərdə siyasi mövzularda yazılarım dərc olunurdu, qonorarımı da elə qəzetlərin abunəsinə xərcləyirdim.

Sonradan bir dəfə yeni təsis ediləcək idman qəzetinə müxbir axtarıldığı haqda elan gördüm. İdmana marağım uşaqlıq illərimdən var idi. Düşündüm ki, siyasətdən yazmaqdansa, idman daha maraqlı olar. Əlaqə saxladım, dedilər ki, kollektiv yığılır. Qısa müddət sonra yeni işıq üzü görən “Super sport” qəzeti ilə yeni yola çıxdım. Jurnalistikaya gəlişim də o gündən başladı, sonradan da bu peşəyə elə bağlandım ki, başqa sahəyə getməyi ağlıma da gətirmədim.

Düzü bu sahəni seçməyimə səbəb, jurnalistikaya və idmana olan marağım, bir də 24 il öncə, təsadüfən qarşıma çıxan o elan oldu. Yeri gəlmişkən, həmin elanın müəllifi və ilk redaktorum olmuş Əməkdar jurnalist Əli Fərəcovla 24 ildir yollarımızı ayırmamışıq. Sadəcə, o vaxt “Super sport”da mənim redaktorum idi, indi isə mənimlə birgə “İdman”da çalışır.



- Uzun müddətdir “İdman” qəzetinin baş redaktorusuz. Sizcə, redaktor olmaq çətindi, yoxsa müxbir?


- Hər iksinin öz asan və çətin tərəfləri var. O ayrı məsələdir ki, hər bir müxbir redaktor olmağa çalışır, müxbir olmaq istəyən redaktor isə çətin tapıla. Cəmi 3 il müxbir, 21 il redaktor kimi çalışmışam. Redaktorun məsuliyyəti böyükdür, hər kəsin yazısına görə məsuliyyət daşıyır. Müxbir olmaq isə indiki zamanda çətin olsa da, yalnız özünə görə məsuliyyət daşıyır. Baş redaktor olmaq isə daha böyük məsuliyyət tələb edir. Təkcə yaradıcılığa, informasiyaya görə deyil, eyni zamanda kollektivin problemlərinə görə də məsulsan. 


- İdman jurnalistikasının digər jurnalistika sahələrdən fərqli xüsusiyyətləri nələrdi?

- İdman jurnalisti media ilə yanaşı, idmanı da yaxşı bilməlidir. Günü stadionda, məşq zalında keçən idman jurnalistlərimiz var. Onlar qarda, soyuqda, qızmar istidə öz peşə borclarını yerinə yetirirlər. Mən deyərdim ki, idman jurnalistikası çətinliyinə görə yalnız hərbi jurnalistika ilə müqayisə edilə bilər. Söhbət peşəkar idman jurnalistindən gedir. Yeri gəlmişkən, hərbi xidmət dövrümdə iki il hərbi müxbir kimi çalışmışam. İdman jurnalisti olduğum üçün hərbi müxbir olmaq mənim üçün çətin olmayıb. İdmandan yazmaq olar, amma təcrübəsiz birinin yazdığı səhvlərlə dolu olacaq. Buna görə də, idman mediasında çalışan idmançıları və məşqçiləri tanımalıdır, növlərin təsnifatını bilməlidir, ingilis dilini bilirsə, bu onun digərlərindən bir addım öndə olması deməkdir.



- Sizin fikrinizcə, əsl jurnalist necə olmalıdır?

- Əsl jurnalist işini, peşəsini sevməlidir. Sadəcə bu sahədə işləmək, dolanışıq xatirinə deyil, media sahəsində hamıdan öndə olmağa çalışmalıdır. Hər kəs qarşısında alnıaçıq, üzüağ olmalıdır ki, istədiyini yaza bilsin. Bir də ən əsası, əldə edib yaydığı informasiyanın məsuliyyətini dərk etməlidir. Yazdığını da özü diqqətlə oxumalı, korrektə, redaktə etməlidir. Hər bir səhv jurnalistin nüfuzuna xələl gətirir. Bir vaxtlar kimsə hansısa sözün düzgün yazılışını və ya xəbərin dəqiqliyini qəzetlərdə dəqiqləşdirirdi. İndi isə mətbuatda hərf səhvləri çoxalıb, dəqiqləşdirilməmiş informasiyaların yayımı adi hala çevrilib. Əsl jurnalist bu məsələlərdə diqqətli olmalıdır.


- Nə zamansa bu sahədən getmək fikrində olmusunuz?

- Hərdən yorulanda, hansısa problemlə qarşılaşanda insan düşünür ki, başqa sahədə işləsəydim daha yaxşı olardı. Amma hər bir peşənin çətinlikləri var. Mənim üçün həyatda ən yaxşı bacardığım iş jurnalistikadır. 25 ildə bu barədə düşünməmişəm. Yəqin ki, elə təqaüdə də bu sahədən çıxaram. Dəfələrlə idman mediasının problemləri ilə məşğul olan tədbirlər təşkil etmişəm. Ötən ildən isə Azərbaycan İdman Jurnalistləri Federasiyasının rəhbəri olmaqla, demək olar ki, bu sahəyə tam bağlanmışam.



- İllərdir bu peşədə çalışırsınız. Jurnalistika sahəsi sizə nələri qazandırıb?

- Çox şey. Cəmiyyətdə tanıdıb, xüsusən də idman ictimaiyyətində və mediada. Mən hələ orta məktəb illərində “Sovetskiy sport” və “İdman” qəzetlərinin daimi oxucusu idim. O vaxtlar “İdman” qəzetində redaktor Mirpaşa Miriyev idi. Heç ağlıma gəlməzdi ki, hər dəfə qəzeti oxuyanda ad-soyadını gördüyüm və redaktorluğuna həsəd apardığım bu insanla tanış ola biləcəyəm. Vaxt gələcək, onunla birgə tədbirdə idman mətbuatının problemlərini müzakirə edəcəyəm, onun haqqında kitab müəllifi olacağam və s. Digər tərəfdən layiqli dostlar, həmkarlar qazanmışam. Bu sahədəki fəaliyyətimi dövlət də yüksək qiymətləndirib. Prezident İlham Əliyevin sərəncamı ilə ayrı-ayrı illərdə “Tərəqqi” medalına, “Əməkdar jurnalist” fəxri adına layiq görülmüşəm. Müəllıfi olduğum 9 kitab jurnalist fəaliyətimin məhsuludur. Ölkəmizi müxtəlif beynəlxalq media tədbirlərində təmsil etmişəm. Dünyanın 30-dək ölkəsində səfərlərdə olmuşam. Ümumiyyətlə, şablon səslənsə də, bütün uğurlarımı jurnalistikaya borcluyam.

 


- Yazılı mediada çalışırsınız. Heç televiziyada işləmək istəmisiniz?

- Mənim üçün ən rahatı yazmaq və redaktə etməkdir. Danışmağa elə də həvəsim yoxdur. “İdman”a yeni redaktor təyin edilməzdən öncə AzTV-dən belə bir təklif olmuşdu. Səhv etmirəmsə, Bəxtiyar Qaraca idman müxbiri kimi kanala dəvət etmişdi. Amma televiziyada uğur qazanacağıma inamım yox idi. Ona görə də, mətbuatda qalmağa üstünlük verdim.

 

- Övladlarınızın sizin yolunuzu davam etdirməyini istərdinizmi?

- İstərdim. Amma seçim onların özlərinin olacaq. Oğlum idmançı olmaq istəyir. Jurnalistikaya marağı yoxdur. Qızım isə yolumu davam etdirmək arzusundadır. Amma onun da fikri hələ qəti deyil.



- Jurnalistikada başınıza gələn ən yaddaqalan hadisələrdən danışmağınızı istərdik.

- Belə hadisələr çox olub, zamanla unutmuşam. 1998-ci ildə futbol üzrə Estoniya olimpiya yığması Azərbaycanla yoldaşlıq oyunu üçün Gəncəyə gəlmişdi. Mən də Bakıdan ora ezam olunmuşdum. Axşam qaldığım “Kəpəz” mehmanxanasında Estoniya yığmasının oyunçusu İndrek Zelinsiki ilə söhbət etdikdən sonra ondan xahiş etdim ki, komandasının ən yaxşı oyunçularından olan Andreas Operlə müsahibəmə tərcüməçilik etsin. Çünki, gənc eston futbolçu rus dilini bilmir, yalnız öz dilində danışırdı. O isə əvvəlcə razılaşmadı. Sonra  belə bir şərtlə razılığa gəldik: əgər sabahkı oyunda Azərbaycan qalib gəlsə, o mənim üçün tərcüməçilik edəcək. Yox, əgər estonlar qalib gəlsə, Zelinskinin şəklini və müsahibəsini qəzetin birinci səhifəsində dərc edəcəyəm. Bunun üçün də Bakıya qayıtdıqdan sonra, redaktoru yola gətirmək lazım idi. Amma bəxtim gətirdi, bizimkilər 2:1 hesabı ilə qalib gəldilər. Zelinski könülsüz də olsa, tərcüməçim oldu və hər iki eston futbolçunun müsahibəsini 6-cı səhifədə dərc etdik.


Daha bir hadisəni də sizinlə bölüşmək istəyirəm.


Bir neçə il öncə, Beynəlxalq İdman Mətbuatı Assosiasiyasının konqresində iştirak etmək üçün Qatarın paytaxtı Dohaya getmişdim. Təyyarədən enəndə gördüm qarşımda ərəb görünüşlü bir xanım dayanıb. Əlində də mənim ad-familiyam yazılan kağız tutub. Özümü təqdim etdim və məni VIP zalınadək müşayiət etdi. Ora qədər mənimlə ingiliscə danışan xanım Bakını soruşdu. Mən də Azərbayanı və paytaxtımızı tərifləməyə başladım. Sağollaşanda qayıtdı ki, bəs mən də azərbaycanlıyam, ailəm "Vorovskidə" yaşayır...

 

Fidan İlqarqızı

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır