Modern.az

Milli Məclis 1 ili necə işlədi? - Jurnalistlər deputatları belə qiymətləndirdilər

Milli Məclis 1 ili necə işlədi? - Jurnalistlər deputatları belə qiymətləndirdilər

10 Fevral 2021, 12:14

Azərbaycanda Milli Məclisə növbədənkənar seçkilərin keçirilməsindən 1 il ötür.

 

VI çağırış Milli Məclis 2020-ci il fevral ayının 9-da keçirilmiş seçkilər nəticəsində formalaşmışdı.

 

Parlamentin bir illik fəaliyyətini necə qiymətləndirmək olar?  Milli Məclisin son bir ildə hansı işi ilə yadda qalıb?

 

Modern.az-ın əməkdaşı bu sorğu ilə parlament jurnalistlərinə müraciət edib. 

 

“Olaylar” qəzetinin müxbiri Alim Hüseynli: “Son illər parlamentin fəaliyyətində müsbət dinamika müşahidə olunmaqdadır. Həm parlamentin öz fəaliyyətində, həm də kütləvi informasiya vasitələri ilə əməkdşlıqda əhəmiyyətli dərəcədə irəliləyiş nəzərə çarpır. Baxmayaraq ki, pandemiya ilə əlaqədər dünya ölkələrinin qanunvericilik orqanlarının fəaliyyətində müəyyən qədər məhdudiyyətlər tətbiq olunmaqdadır, lakin Azərbaycan parlamenti öz işini yeni situasiyaya uyğun qurmağı bacardı. Onlayn qaydada təşkil edilən iclaslar Milli Məclisin işinin səmərəliliyindən xəbər verir. Beynəlxalq parlament qurumlarının tədbirlərində iştirakdan tutmuş deputatların seçiciləri ilə onlayn şəkildə görüşünə qədər bütün tədbirlərin ən yüksək səviyyədə təşkil olunması buna bir sübutdur. O ki qaldı parlamentdə təmsil olunan jurnalistlərin fəaliyyətinə, deyə bilərəm ki, bu sahədə də yeniliklər tətbiq olundu. Jurnalistlərin akreditasiyasından başlayaraq parlament komitələrinin və plenar iclasların işıqlandırılmasınadək bütün lazımi şərait yaradılıb. Jurnalistlərin fərdi qaydada müsahibə götürməsi üçün xüsusi otağın ayrılması, ayrı-ayrı deputatların brifinqinin təşkili son illərdə edilən yeniliklər sırasındadır”.

 

Ölkə.az-ın müxbiri Mürtəza Bünyadlı: “Milli Məclisin yeni tərkibdə ötən bir ildəki fəaliyyətini pandemiya şərtləri baxımından qənatəbəxş hesab edirəm. Öncə onu qeyd etmək istərdim ki, Milli Məclisin sədri Sahibə Qafarovanın parlament iclaslarını yüksək və peşəkar səviyyədə aparmasını təqdir edirəm. Yeni tərkibin iş fəaliyyətinin də digər müsbət cəhətləri var. Amma əvvəlkindən fərqli olaraq çatışmayan cəhətlər də mövcuddur. Bu sırada jurnalistlərin komitə iclaslarındakı iştirakına məhdudiyyətlərin qoyulması və bir sıra məsələlər var. Ümid edirik ki, qarşıdakı müddətdə belə hallar aradan qaldırılacaq”.

 

Azvision.az-ın əməkdaşı Anar Kəlbiyev: “Parlamentin 2020-ci ildəki fəaliyyəti əvvəlki illərlə müqayisədə pandemiya səbəbindən çox fərqlənib. Belə ki, komitə iclaslarının böyük hissəsi onlayn keçirilib. Plenar iclaslar zamanı da deputatlar sosial məsafəyə əməl edərək bir-birindən aralı oturublar, tibbi maska və əlcəkdən istifadə ediblər. Həmçinin, parlamentin fəaliyyətini işıqlandıran jurnalistlər də bu müddətdə tibbi maska və əlcək taxıblar. Məlum olduğu kimi, 2020-ci il həm də Vətən müharibəsi ilə tarixə düşdü. Rəşadətli Azərbaycan Ordusu 30 ilə yaxın düşmən tapdağında qalan torpaqları işğaldan azad etdi. Bu dönəmdə Milli Məclis “Hərbi vəziyyət elan edilməsi haqqında” fərmanı təsdiq edib. Bu, ötən il yadda qalan məqamlardan olub. Həmçinin, 2020-ci ildə iqtisadi sahəni əhatə edən qanunlara bir sıra dəyişikliklər oldu. Əsas məsələlər isə Ordumuzun qələbəsi ilə bağlı oldu. Belə ki, Azərbaycanda yeni hərbi orden, medallar və fəxri ad təsis edildi. Parlamentin 2020-ci ilin sonunda keçirilən plenar iclaslarında bunların hər biri təsdiqləndi. Düşünrəm ki, Milli Məclisin ötən ildəki fəaliyyəti daha çox bu məqamlarla yadda qaldı”.

 

“Türküstan” qəzetinin baş redaktoru Aqil Camal: “Parlamentin bir illik fəaliyyəti pandemiya dövrünə düşdü. Bununla belə hesab edirəm ki, parlament həm qanunvericilik sahəsində, həm də, cəmiyyət həyatının problemlərinin müzakirə olunması baxımından səmərəli fəaliyyət göstərib. Uzun illər parlamentdə akkreditasiya olunduğum üçün bu müqayisəni aparmaq imkanım var.

Hazırkı parlamenti fərqləndirən cəhətlərdən biri “cari məsələlər”ə ayrılan vaxtın yetərincə olmasıdır. Əvvəlki dövrlərlə müqayisədə indi deputatların ən müxtəlif mövzularla bağlı çıxış etməsinə imkan var. Bu da həm seçicilərin, ümumən xalqı maraqlandıran məsələlərin parlament tribunasından səsləndirilməsinə şərait yaradır, həm də media üçün çoxlu xəbər bazasının yaranmasına səbəb olur. Milli Məclisin iclasları olan günlərdə xüsusən internet mediasının əsas gündəmi parlamentdəki çıxışlar, qəbul edilən qərarlar olur. Məncə, bunu hazırkı parlamentin uğuru saymaq olar.

Etiraf etmək lazımdır ki, əksər deputatların parlamentdən, qanun yaradıcılığından kənar fəaliyyəti də indi aktivdi. Həm təmsil etdikləri dairədə seçicilərlə iş, həm də ölkənin ictimai-siyasi həyatında aktiv iştirak baxımından. Düzdür, istisnalar da var. Və bu istisnalar seçicilərin də, medianın da nəzərindən qaçmır”. 

 

Pravda.az-ın baş redaktoru İlkin Pirəli: “Növbədənkənar seçkilərdə Milli Məclisin tərkibi əhəmiyyətli dərəcədə olmasa da, müəyyən qədər yeniləndi. O fikri bölüşürəm ki, yenilənmə mərhələli şəkildə aparılmalıdır. Ümumiyyətlə, kadrların yenilənməsi, gəncləşmə ilə bağlı yekdil mövqe ortadadır. Hökumət bu istiqamətdə ciddi addımlar atır. Biz bunu müsbət qiymətləndiririk. 2020-ci il fevralın 9-da keçirilən seçkilərdə buna qismən nail olundu.
Milli Məclisin 1 il ərzində fəaliyyətini qənaətbəxş hesab edirəm. Düşünürəm, mümkün olduğu qədər məhsuldar əmək ortaya qoyulub. Təbii ki, burada əsas məsuliyyət birbaşa xanım Sədr Sahibə Qafarovanın üzərində olub. Sərtləşdirilmiş karantin rejimi olsa belə, parlament fəaliyyətinə fasilə vermədi, bütün mümkün tədbirlər görüldü, komitələrin iclasları onlayn keçirildi, plenar iclaslar da sosial məsafə qorunmaq şərtilə baş tutdu. Bu müddət ərzində qanunverici orqan mətbuat orqanları ilə sıx işlədi. Nə lazım idisə, anındaca məlumat verilirdi. Parlamentin əvvəlki illərdən fərqi ondan ibarətdir ki, deputatlar seçici ilə yaxından işlədilər. Daha köməkçiləri deyil, özləri əraziyə getdilər. Bu, çox əhəmiyyətlidir. Etiraf etmək lazımdır ki, deputatların 10 faizi elə əvvəldən xalqa açıq idi. Bu il aktiv deputatların sayı daha da artıb. Seçici deputatını şəxsən görmək istəyir, belə olan halda narazılıq böyümür. Təbii ki, seçici ilə maraqlanmayan deputatlar da var, düşünürəm, onlar da tezliklə fəaliyyətində dönüş edəcəklər. Beynəlxalq fəaliyyətdə də aktivlik müşahidə edilib, qarşılıqlı səfərlər, telefon danışıqları baş tutub”.

 

Etikxəbər.az-ın baş redaktoru Kamil Həmzəoğlu: “VI çağırış Milli Məclis bir sıra fərqlilikləri ilə seçilir. Çünki seçkilər vaxtından öncə keçirilmiş, bir qədər önə çəkilmişdi. Bu da ölkədə baş verən dəyişikliklərlə bağlı idi. Milli Məclisdə seçkilər fevral ayında baş tutdu. Əslində Milli Məclisinin yaz sessiyası qanunvericiliklə, daxili Nizamnamə ilə fevralın 1-də başlamalı idi. Lakin seçkilər növbədənkənar olduğuna görə, Milli Məclisinin formalaşdırılması, ilk iclasının baş tutması bir qədər uzun çəkdi. Ötən ilin mart ayının 10-da VI çağırış Milli Məclisinin ilk iclası keçirildi. Təbii ki, istər seçkilər vaxtı, istər seçkilərdən sonra müəyyən tənqidi fikirlərim, iradlarım olmuşdu. Lakin bununla belə müəyyən narahatlıqlarım da var idi. Milli Məclisin rəhbərliyinə kifayət qədər təmiz, savadlı, peşəkar, nüfuzlu insanların  gətirilməsi, parlamentin komitələrinin bir qədər fərqli formada təşkil edilməsi, irəliyə doğru atılmış müsbət addımlardan oldu. Və məndə parlamentlə bağlı müsbət fikirlərin yaranmasına gətirib çıxardı. VI çağırış Parlament fəaliyyətə başlayar-başlamaz, ölkədə, dünyada baş verən koronavirus pandemiyası Azərbaycandan da yan keçmədi. İstər-istəməz Milli Məclisinin fəaliyyətinə öz təsirini göstərdi. Plenar, komitə iclaslarının keçirilməsində hesabatların dinlənilməsində bir qədər məsafələr yarandı. Bununla belə istər yaz sessiyasında, payız sessiyasında parlament öz üzərinə düşən işlərin öhdəsindən gəlməyə çalışdı. VI çağırış parlament xüsusi ilə də payız sessiyası ölkəmiz, xalqımız üçün çox vacib bir hadisə ilə üst-üstə düşdü. İkinci Vətən Müharibəsi parlamentin payız sessiyasına təsadüf etdi. Həttda payız sessiyasından üç gün əvvəl Milli Məclisin növbədənkənar xüsusi iclası çağırıldı. Ölkədə hərbi vəziyyətin elan olunması ilə bağlı qərar qəbul edildi. Ölkə prezidenti tərəfindən imzalanaraq, hüquqi qüvvəyə mindi. Həmin dövrdə də parlament üzərinə düşən işlərin öhdəsindən gəlməyə çalışdı və buna nail oldu.
Dövlət büdcəsi müzakirələri bir qədər gecikdi. Payız sessiyasının sonlarına yaxın artıq bu məsələ də öz müsbət həllini tapdı. Ölkənin qələbə, zəfər büdcəsi adlandırılan 2021-ci ilin büdcəsi qəbul olundu. Təbii ki, yeni parlamentin fəaliyyətini təqdirəlayiq hesab etmək olar. Gözləntilərimiz çoxdur. Dünyada, Azərbaycanda da koronavirus pandemiyası davam edir. Ölkəmiz ağır 30 illik müharibədən çıxıb. İnsanların yaşamında müəyyən çətinliklər var. Buna görə hər bir seçici ilə işləmək, hər bir seçicinin səsi olmaq, millət vəkillərinə xüsusi tələbkarlıq, həsaslıq tələb edir. Arzu edərdim ki, hər bir millət vəkili seçicisinin yanında olsun. Çox istərdim ki, millət vəkilləri növbəti ildə daha fəal, aktiv olsunlar. Millət vəkilləri qazilərin, şəhid ailələrinin və Vətən müharibəsi iştirakçılarının problemlərini, qayğılarını dinlənilməsində parlament və ölkə rəhbərliyi səviyyəsində həll olunmasında daha çox fəallıq göstərsinlər. Çünki bunlar olduqca vacib məqamlardır. Yəni millət vəkillərinin fəaliyyətində 4 illik fəaliyyətində bunlar qırmızı xətt kimi olmalıdır”.

 

“Ədalət” qəzetinin müxbiri Nicat Novruzoğlu: “Milli Məclisin son 1 ilinə nəzər etdikdə burada müəyyən islahatların aparıldığını görmək olar. İclasların vaxtının münasib zamana dəyişilməsi, deputatlara təklif və iradlarını bildirmək üçün lazımi vaxt imkanı yaradılması, jurnalistlər üçün xüsusi bir otağın yaradılması, KİV-lə əlaqələrin genişləndirilməsi və s. Bu islahatlar mərhələli şəkildə davam edir. Və yaxud yadınızdadırsa, Milli Məclisin sədri Sahibə Qafarova İctimai Televiziyada “Parlament saatı” adlı yeni verlişin efirə çıxacağı barədə məlumat verdi. Bu addımları yüksək qiymətləndirnək lazımdır. Deputatlara gəlincə isə onların bu imkanlardan necə faydalanmağı mənim fikrimcə qənaətbəxş deyil. Sanki onlar özləri üçün hansısa sərhədlər çəkiblər və bu sərhəddən kənara çıxmağa ehtiyat edirlər. 1 il az vaxt deyil. Bu dövr ərzində öz çıxış, təklif və iradları ilə özünü göstərməyi bacarmayan deputatlar məncə qalan illərdə fəaliyyətlərini aktivləşdirmək üçün çalışmalıdırlar.
Qanunların müzakirəsi zamanı tabloda kimlərin adının görünəcəyini biz parlament jurnalistləri artıq əvvəlcədən ehtimal edirik. Ola bilsin ki, onlar danışmaqdan çox işləməyə üstünlük verirlər, amma iş varsa demək ki, problemlər də var. Bu problemləri qaldırmaq, ictimailəşdimək lazımdır. Ölkə rəhbərliyi hər zaman çıxışlarında ictimai nəzarətin vacibliyini xüsusi qeyd edir. Deputat bir növ ictimai nəzrətin önündə getməlidir. Çünki onlar məhz ictimaiyyətin etimad göstərdiyi şəxslərdir. Cəmiyyət hələ ki deputatlarımızdan gözlədiyi nəticəni əldə edə bilmir. Deputatlarımız cəmiyyətin tələbinə uduzur. Bu hesabı minimuma endirmək lazımdır”.

 

“Yeni Müsavat” qəzetinin əməkdaşı Elşad Paşasoy: “Əslində ötən il seçkilər ərəfəsində cəmiyyət formalaşdırılacaq yeni parlamentdən daha çox şeylər gözləyirdi. Amma bir çoxları seçkilərin nəticələrinə, əvvəlki tərkibdə özünün yorğunluğu və passivliyi ilə diqqət çəkənlərin yenidən ali qanunvericilik orqanına mandat qazanmasına görə üzüldü. Çox təəssüf ki, sonrakı dönəmdə də həmin şəxslər öz fəaliyyətində ciddi dönüş yaratmadılar, sanki onları məcburən parlamentə gətiriblər və orda oturmağa vadar ediblər. Amma Milli Məclisə yeni seçilən bir sıra gənclər, həmçinin ötən çağırışlarda aktiv fəaliyyəti ilə rəğbət qazananlar, ölkənin, millətin taleyinə həssas münasibət bəsləyənlər, oliqarxiyanı deyil, vətəndaşı düşünən deputatların bu bir ildə də səsinin eşidilməsi təbii ki, tərkibin müsbət qiymətləndirilməli tərəflərindəndir.
Milli Məclisin xanım sədrinin fəaliyyəti və iclasları idarəetmə məharəti, həmçinin deputatların çıxış və təkliflərinə həssasiyyəti təqdirolunandır. Məncə, budəfəki tərkib koronovirus pandemiyası səbəbindən bir az da bəxtsiz tərkib oldu, sərbəst fəaliyyət imkanları bəlli səbəblərdən məhdudlaşdırıldı, komitə iclasları onlayn qaydada keçirildi, plenar iclasların pandemiya qaydalarına uyğun şəkildə, sosial məsafə gözlənilməklə keçirilməsinin şahidi olduq. Amma hesab edirəm ki, Milli Məclisin bu tərkibi Qarabağ zəfərinə, Şuşanın işğaldan azad edilməsinə şahidlik etdiyinə, prosesdə bu və ya digər şəkildə iştirakına görə həm də tarixə düşdü, gərək bu vaxta qədər tənqidləri haqq etmiş parlamentarlar məhz bu şansa görə özlərinə çəki-düzən versinlər, tənqidlərdən nəticə çıxartsınlar. Əgər bu baş verməyəcəksə, deputatlar xalqın səsi, xalqla dövlət arasında körpü ola bilməyəcəksə, o halda tərkibin yenidən təzələnməsi qaçılmaz ola bilər, çünki müasir dövrün tələbləri və çağırışları var, dövlət başçısı dəfələrlə vətəndaşın xidmətçisi olmaq zərurətindən danışıb ki, bu, vətəndaşın səsi olmalı olanlara da aiddir”.

 

Oxu.az-ın əməkdaşı Aqşin Kərimov: “Parlamentin fəaliyyətinin effektiv olması, hökumət üzərində nəzarəti gücləndirməsi üçün səlahiyyətləri genişləndirilməlidir. Mövcud səlahiyyətləri çərçivəsində də nəticələr var, parlamentdaxili islahatlar aparılır, media ilə sıx əlaqələr qurulur. Yeni simalar, parlament sədrinin köməkçisinə belə çıxış imkanı var. Əvvəlki çağırış parlamentdə isə bürokratiya güclü idi. Lakin parlamentin hökumətin üzərində nəzarət baxımından fəaliyyətini qənaətbəxş hesab etmirəm. Fikir verin, bir dəfə də hansısa qanun layihəsi geri qaytarılmayıb, hamısına "hə" deyilib. Sadəcə,  müzakirələr zamanı bir sıra tənqidlər səsləndirilir, praqmatik təkliflər də verilir. Ümumilikdə VI çağırış parlament yeni deputat obrazları baxımından qənaətbəxşdir, pandemiya şəraitində deputatlar aktiv oldular, Milli Məclis işini pandemiyanın çağırışlarına uyğun qura bildi”.

 

Nəzrin Vahid

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir