Modern.az

Türk Topluluqlarıyla Iş üzrə Dövlət Komitəsi yaradılmalıdır

Türk Topluluqlarıyla Iş üzrə Dövlət Komitəsi yaradılmalıdır

1 Fevral 2010, 10:20

Azər Həsrət: "Prezident İlham Əliyev cənablarının bu təşəbbüsü diqqətə alacağına şübhə etmirəm"

“Azərbaycanda Türk Dövlət və Topluluqlarıyla İş üzrə Dövlət Komitəsi və hətta deyərdim ki, nazirlik qurulması məqsədəuyğun olardı. Modern.az xəbər verir ki, bu fikir “Yeddi Dövlət – Bir Millət” Kültür və Dayanışma Dərnəyi Türk Cümhuriyyətləri baş təmsilçisi Azər Həsrətə məxsusdur. “Ölkəmizin regionun lider dövlətinə çevrilməsi, ölkədəki sürətli iqtisadi inkişaf və həyata keçirilən ictimai-siyasi islahatlar türk dövlət və topluluqlarında da ciddi diqqətə səbəb olub və buna görə də onların bizdən əsaslı gözləntiləri var”, - deyən baş təmsilçi fikrini bununla əsaslandırır ki, Azərbaycan həm türk dünyasının birliyinin təmin edilməsi, həm də qardaş xalqların bizim dərdlərimizlə daha yaxşı tanış ola bilməsi üçün ardıcıl və sürətli dövlət siyasəti həyata keçirməlidir.
“Dəfələrlə şahidi olmuşuq ki, ən yaxın saydığımız türk topluluqlarında, hətta çox zaman Türkiyədə belə Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğal edilməsi, Xocalı, 20 yanvar kimi qırğınlar haqqında bilgi ya yoxdur, ya da ki, çox azdır. Ən dəhşətlisi isə odur ki, bu bilgilər bizim əleyhimizə olan bir şəkildə təzahür edir. Nəticədə türk topluluqları eyni dərəcədə özlərinə də aid sayıla biləcək problemlərdən xəbərsiz qalırlar”, – deyə Azər Həsrət bildirib.
O, həmçinin qeyd edib ki, Azərbaycanın iqtisadi imkanları, dünya çapında yetərincə güclü bir dövlət olaraq qəbul edilməsi digər türk dövlət və topluluqlarını da ümidləndirir və onların yeni gözləntilərinin meydana çıxmasına səbəb olur: “Hətta mənimlə söhbətlər zamanı bir sıra türk dövlət və topluluqlarının nümayəndələri açıq şəkildə bildirirlər ki, Azərbaycandan gözləntiləri və umduqları bu gün ediləndən qat-qat artıqdır. Onlar hesab edirlər ki, türk dövlət və topluluqları ilə bağlı Azərbaycan öz üzərinə daha artıq məsuliyyət götürməyə imkanı olan az sayda türk dövlətlərindən biri, hətta bəzi hallarda isə müəyyən səbəblərdən birincisidir”.
“İstər Orta Asiya, istərsə də digər bölgələrdə yaşayan türk xalqlarının bu cür gözləntilərini təmin etmək üçün Azərbaycan dövləti bir an belə vaxt itirmədən Türk Dövlət və Topluluqları İlə İş Üzrə Dövlət Komitəsi və ya nazirlik qurmalıdır. Bu, dövlətimizin mənəvi məsuliyyət məsələsi olmaqla bərabər onun rolunun daha da möhkəmlənməsinə səbəb ola biləcək güclü bir addım ola bilərdi”, – deyə bildirən Azər Həsrət təşəbbüsü Prezident İlham Əliyev cənablarının diqqətə alacağına şübhəsinin olmadığını da bildirib: “Cənab Prezidentin öz fəaliyyəti dövründə türk dünyası ilə bağlı yürütdüyü doğru və ardıcıl siyasət bizə əsas verir ki, onun belə bir dövlət strukturu qurulmasına müsbət yanaşacağını düşünək”.

Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir