Modern.az

Ekspertdən proqnoz: “Ali məktəblərə qəbul faizi azala bilər”

Ekspertdən proqnoz: “Ali məktəblərə qəbul faizi azala bilər”

Təhsil

15 Fevral 2021, 17:24

DİM tərəfindən imtahanların keçirilməsi ilə bağlı qrafik elan olunub. Qrafikə əsasən buraxılış və qəbul imtahanlarının aprel-may aylarında keçirilməsi nəzərdə tutulur.

 

Abituriyentlərin son hazırlıqlar üçün cəmi  2 ay vaxtı  var. Bu müddəti necə dəyərləndirmək lazımdır? Abituriyentlər imtahana psixoloji yöndən nə dərəcədə hazırdırlar? Suallar hansı çətinlikdə salınmalıdır?

 

Modern.az təhsil və qəbul məsələləri üzrə  ekspert Sevinc Purkeştasibin mövzuyla bağlı fikirlərini təqdim edir:

 

“Ötən ilin mart ayından ənənəvi təhsil distant təhsillə əvəzləndi. Həmçinin, çalışdığım  “Zəfər” Tədris Mərkəzində martın 3-də əyani dərslər dayandırıldı, onlayn dərslərə başladıq. Bu proses qəbul imtahanınadək davam etdi. Lakin qeyd edim ki, abituriyentlərimizin nəticələri aşağı olmadı. Onlayn dərslərimiz qrafik üzrə davam etdi və hətta internet problemi olan abituriyentlərə  texniki məsələlərinin həllində yardımçı olduq”.

 

Təhsil eksperti builki qəbul imtahanları ilə bağlı proqnozunu da açıqladı:

 

“Ümumi ölkə üzrə götürülsə, ali məktəblərə qəbul faizinin müəyyən qədər azalacağını düşünürəm. Lakin, DİM bir neçə mövzuda güzəştə gedib imtahan prosesinə həmin mövzulardan suallar salmasa, qəbul faizi dəyişməyə bilər.

 

İmtahana salınan suallar asan, orta, çətin olmaqla 3 qrupa bölünür. Bu il pandemiya şərtlərini nəzərə alınaraq çətin sualların sayı azaldılsa, abituriyentlərin qəbul göstəriciləri artacaq”.

 

“Pandemiyanı normal vəziyyət kimi anlatmaq lazımdır”

 

Ötən il abituriyentlər pandemiyanın birinci dalğası ilə üzləşdi və imtahanların olub-olmayacağı dəqiq bilinmirdi. Buna görə, xeyli şagirddə psixoloji problemlər(stress, depressiya)  mövcud oldu. Abituriyentlərə yaşadığımız şəraiti normal hal kimi aşılamaq, olacağı buymuş kimi davranmaq lazımdır.

 

Müəllim şagirdləriylə dost olmağı bacarmalıdır. Onlarla tez-tez psixoloji yöndən söhbətlər etməlidir. Abituriyent anlamalıdır ki, hər şey imtahan deyil, həyat imtahanla məhdudlaşmır. Bir neçə abituriyent var ki, ötən illərdə imtahandan məqbul balı toplaya bilməyiblər və yenidən hazırlaşırlar. Əsas istək və məqsəddir”.

 

Sevinc Purkeştasibin fikrincə, məsuliyyətli abituriyent hər bir təhsil formasında uğurlu nəticə əldə edəcək:

 

“Ötənilki abituriyentlərlə builki abituriyentlər psixoloji hazırlıq baxımından fərqlənir. Bizim kursda artıq abituriyentlərə qəbul proqramına salınacaq bütün mövzuları yanvar ayında bitirir. Bundan sonra təkrarlama prosesi başlanılır. İstər distant olsun, istər əyani, məsuliyyətli abituriyent hər mühitdə çalışacaq və  bu, onun qəbul göstəricisində əksini tapacaq”.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
İrəvanda Azərbaycan və Türkiyə bayraqları yandırıldı