Modern.az

Parlament partiyalarına ayrılan büdcə vəsaiti - VHP məbləğdən narazıdır, qalanlar razı...

Parlament partiyalarına ayrılan büdcə vəsaiti - VHP məbləğdən narazıdır, qalanlar razı...

17 Fevral 2021, 09:22

2021-ci ilin birinci rübü üzrə 10 siyasi partiyaya dövlət büdcəsindən vəsait ödənilib. Bunlar Yeni Azərbaycan Partiyası (YAP), Vətəndaş Həmrəyliyi Partiyası (VHP), Ana Vətən Partiyası (AVP), Demokratik İslahatlar Partiyası (ADİP), Azərbaycan Demokratik Maarifçilik Partiyası (ADMP), Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası (BAXCP), Böyük Quruluş Partiyası (BQP), Vəhdət Partiyası (VP), Respublikaçı Alternativ Partiyası (ReAl) və Milli Cəbhə Partiyasıdır. Partiyalara ümumilikdə 857,5 min manat məbləğində vəsaitin köçürüldüyü bildirilib.


Qeyd edək ki, siyasi partiyalara maliyyə yardımının göstərilməsi üçün 2021-ci ilin dövlət büdcəsində ümumilikdə 4 milyon manat vəsait nəzərdə tutulub.

Vətəndaş Birliyi Partiyası (sədr deputyat Sabir Hacıyev) ötən il olduğu kimi 2021-ci ildə də büdcədən ayrılan vəsaitdən imtina etdiyini bildirib. 

Parlamentdə təmsil olunan  partiyalar mandat qazanan millət vəkillərinin sayına müvafiq olaraq vəsait alıblar. Ən yüksək məbləğdə ödəməni VI çağırış Milli Məclisdə 70 nəfər deputatla təmsil olunan hakim Yeni Azərbaycan Partiyası qəbul edib.


Vətəndaş Həmrəyliyi Partiyası parlamentdə 3 deputatla təmsil olunduğuna görə, ən çox vəsaiti alan müxalifət partiyası olub.  


VHP sədrinin müavini Samir Əsədli Modern.az-a açıqlamasında bildirib ki, partiyaya ayrılan məbləğ 40 min manatdan artıqdır:


“Birinci rüb üçün dövlət büdcəsindən partiyamıza ödənilən məbləğ təxminən 40 min manatdan çoxdur, lakin düşünülənin əksinə ikiqat vəsait deyil. Onu da qeyd etməliyəm ki, ötən ilki ödəməyə nisbətdə bu il bizə ayrılan vəsaitdə azalma var. Tam məbləği deyə bilmərəm”.


Samir Əsədli söyləyib ki, VHP-yə ayrılan vəsaitin böyük əksəriyyəti Aparat əməkdaşlarının maaşının ödənilməsinə xərclənəcək:

“Həmçinin sosial ödənişlər, dəftərxana, ofis-təsərrüfat xərcləri də bu vəsait hesabına təmin ediləcək”.


İlk dəfə Milli Məclisdə təmsil olunmaq hüququ qazanan Milli Cəbhə Partiyasının sədri, deputat Razi Nurullayev bildirib ki, partiyaya aylıq 14 min manatdan bir qədər artıq vəsait ayrılıb:


“Ümumilikdə birinci rüb üçün 45 min manata yaxın vəsait hesabımıza yatırılıb. Bu vəsait əmək haqlarının verilməsinə, təşkilatı məsələlərə və s. ödəniləcək. Partiyanın gücləndirilməsi, yeni şöbələrin yaradılması və üzvlərin birlik və bacarıqlarının artırılması üçün hansısa kurslara ehtiyac olacaqsa, həmin vəsaitdən istifadə oluna bilər. Ümumilikdə bütün vəsait ancaq partiyanın güclənməsinə və təşkilatlanmasına sərf ediləcək”.


Milli Məclisdə bir deputatla təmsil olunan və ilk dəfə mandat qazanan digər partiya Respublikaçı Alternativ Partiyası (ReAl) da dövlət büdcəsindən təxmini bu qədər vəsait alıb. ReAl-ın icra katibi Natiq Cəfərli söyləyib ki, partiyaya aylıq 14 min manata yaxın vəsait verilib:

“Bunu rüblük hesabladıqda 43 min manatadək pul deməkdir. İlkin toplantıda aldığımız qərar budur ki, vəsaiti yeni xidmət işçilərinin cəlb olunmasına, elmi, siyasi araşdırmalara, sorğulara yönləndirək. Bəzi ofis xərclərimiz bu vəsaitlə qarşılanacaq. İdarə heyətinin toplantısını keçirib, xərc istiqamətlərini daha dəqiq müəyyənləşdirəcəyik”.

Onu da qeyd edək ki, Milli Məclisdə təmsil olunan digər 6 partiyaya da (AVP, ADİP, ADMP, BAXCP, BQP, VP) hər birinə 43 min manatadək rüblük vəsait ayrılıb.


Xatırladaq ki, “Siyasi partiyalar haqqında” qanuna əsasən, Milli Məclisə keçirilmiş seçkilərin yekunlarına əsasən, Milli Məclis səlahiyyətli tərkibdə formalaşdığı gündən etibarən siyasi partiyaların fəaliyyətinin maliyyələşdirilməsi üçün hər il dövlət büdcəsindən ayrılan vəsaitin rüblər üzrə bərabər hissələrlə siyasi partiyanın bank hesabına köçürülməsinə dair yeni qayda müəyyənləşib. Vəsaitin 5 faizi irəli sürdüyü namizədlər Milli Məclisə keçirilmiş seçkilərdə etibarlı səslərin ən azı 3 faizin qazanmış, lakin Milli Məclisdə təmsil olunmayan siyasi partiyalar arasında qazanılmış səslərin sayına proporsional qaydada bölünür. Vəsaitin 40 faizi Milli Məclisdə təmsil olunan siyasi partiyalar arasında bərabər bölünür. Vəsaitin 50 faizi Milli Məclisin say tərkibinə (125) bölünür və bunun nəticəsində alınan məbləğ Milli Məclisdə təmsil olunan siyasi partiyalardan seçilmiş deputatların sayına vurulmaqla müəyyən edilmiş məbləğ həmin siyasi partiyalara ayrılır.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır