Modern.az

"Hakimiyyətdə elə adamlar tanıyıram, xalq hərəkatında olanların əksəriyyətindən dürüstdürlər”

"Hakimiyyətdə elə adamlar tanıyıram, xalq hərəkatında olanların əksəriyyətindən dürüstdürlər”

25 Avqust 2012, 10:37

Fazil Mustafa: “İlham Əliyevlə İsa Qəmbər bir masa arxasında əyləşib problemlərimizi müzakirə etsinlər”


Modern.az
 saytı Böyük Quruluş Partiyasının sədri, millət vəkili Fazil Mustafa ilə müsahibəni təqdim edir.

- Fazil bəy, mərhum prezident Əbülfəz Elçibəyin ölümü ilə bağlı zəhərlənmə iddiasından sonra siz həm Xanım Xəlilova, həm də Türkiyənin sabiq millət vəkili Mehmet Ceylanla qarşı-qarşıya gəldiniz.

- Mən Mehmet Ceylan haqda hər hansı pis fikir söyləməmişəm. Yalnız onu bildirmişəm ki, onun müraciəti əsasında hava limanından Elçibəyi aparan təyyarəni buraxdılar. Onunla bağlı hər hansı bir məsələyə kölgə belə gətirmədim. Mən onun Elçibəyə qarşı davranışını yüksək qiymətləndirirəm. Hər halda Elçibəyin aparılması Türkiyə dövlətinin razılığı ilə həyata keçirildiyi üçün burada ayrı-ayrı şəxslərin cömərdliyini qeyd eləmək lazımdır. Təbii ki, mənim də nöqsanım ola bilər. Təsəvvür edin, siyasətdə olmuş adam, millət vəkili olmuş adam yaxından tanımadığı biri haqda fikir bildirir və söyüş söyür. Qəribədir ki, onun müsahibəsində başlıqda “Mehmet Ceylan” yazılmasaydı düşünərdim ki, Xanım Xəlilova ilə eyni müsahibədir. Eyni söyüş və təhqir. Bu başqa mühitdə böyümüş iki insanın eyni üsluba, eyni tərbiyəyə malik olmasını göstərir. Bu da çox üzücüdür. Türkiyədə adətən siyasət çox mədəni şəkildə həyata keçirilir. Mehmet Ceylanın pulu da ola bilər, Elçibəy üçün cömərdlik də edə bilər. İlk növbədə onun tərbiyəsi olmalıdır. O başa düşmür ki, insan haqqını yeməkdən ağır heç nə yoxdur. Mən bu zamana kimi heç kimin haqqını tapdamamışam. Məsələn, bağını Elçibəyə vermiş Rafiq müəllimin adını həmin müsahibəmdə xüsusi vurğuladım ki, bu adam böyük fədakarlıq edib. Onun haqqını mən necə tapdalaya bilərəm ki, bütün problemlərini məhz buna görə yaşayıb. Buna görə belə məsələlərdə hamı öz üslubuna diqqət yetirməlidir. Hamı öz mədəniyyətini, səviyyəsini göstərir. Söyüşlə problemlər həll olunmur. Mən son zamanlar Azərbaycan siyasətinə nəyi müşahidə edirəm? Satqınlıq, xəyanət, namus, əxlaq insanın şəxsi çevrəsi ilə bağlı məsələdir. Danışdığın sözlərə ailəndən tutmuş yaxınlarına kimi qürurla söyləyə biləcəyi məsələ kimi baxılmalıdır. Bunu  siyasətə çevirmək doğru deyil. Siyasətin əsas məğzi taktiki məsələlərdir. Azərbaycan siyasətində sanki fanatik futbol azarkeşliyi mövcuddur. Bu komandadan çıxıb başqa komandaya azarkeşlik edəndə sənə satqın kimi baxırlar. Halbuki, hansı komanda yaxşı oynayırsa, qələbə qazanmağı bacarırsa, doğru olan insanlar bu istiqamətə gedirlər. Fanatizmin sonu axmaqlığa gətirib çıxarır. Elçibəylə bağlı məsələdə də Məmməd Arazın bir gözəl şeiri var onu diqqətə çatdırmaq istəyirəm.

Bir ağılın budağından sallanıb,
Neçə-neçə ağlı dayaz yaşayır...

Əbülfəz bəy kimi böyük şəxsiyyətin budağından nə qədər dürüst, vicdanlı insanlar asılda da, xeyli sayda ağlı dayaz insanlar da asıldı. Mənim kiminləsə şəxsi qərəzim, problemim yoxdur. Heç kim mənə rəqib deyil və yaxud da mənə narahatlıq yaradacaq gücdə deyil. Mən yalan danışmıram, deyirəm ki, gəlin goplamayaq. Əbülfəz bəylə bağlı məsələlərdə daha çox mahiyyətə varaq. Ictimaiyyət heç bilmir ki, kimin həyat tərzi necədir. Bəziləri isə siyasətdə tez-tez bu kimi ifadələr işlədirlər. Bu da gülünc doğurur. ƏsasAzərbaycan siyasətini, xüsusi ilə də xalq hərəkatını mənfi simvollardan təmizləmək lazımdır. Amma bunu bacarmadılar. Diqqət edin, Dövlət Baxçalı dürüst bir siyasətçi kimi hakimiyyətə gələndə MHP-nin qərargahından Azərbaycandan olan mənfi ünsürü uzaqlaşdırdı. Bu da ona seçkidə uğur qazandırdı. Çox təəssüf ki, Azərbaycanda bunu nə Müsavat edə bildi, nə də Əbülfəz Elçibəy. Özünü savadlı adlandıran, elmli adlandıran bir qadın  öz müsahibəsində ağzını söyüşlə açırsa, ondan nə gözləmək olar? Xalqı bu kimi insanlardan qorumaq lazımdır.

- Xanım Xəlilova ilə münasibətlərinizin gərgin olduğu ortadadır. Problemin səbəbi nədir?

- Mənim siyasi arenada heç kimlə problemim olmayıb. Lakin qeyd edim ki, problemin kökündə duran məqam odur ki, Elçibəyin Türkiyədə imicinin korlanmaması üçün çalışmışam. Bunu hər kəs bilir. Onlar elə danışırlar ki, guya mən əbədi oturmalıydım Kələkidə. Mən siyasətlə məşğul idim. Əbülfəz Elçibəy sərəncam verərək, məni Türkiyədə özünün təmsilçisi elan etdi ki, spekulyasiyalara son qoyulsun. Təbii ki, əsas məqsədlərdən  biri də onun adından edilən çıxışların, xalqı aldatmağın qarşısını almaq idi. Budur məsələnin kökü. Bunu da bir qrup adamlar həzm edə bilmədi. O insanlar bundan savayı müxtəlif iddialar irəli sürürdülər. Bu da Əbülfəz bəyi aşağılamaqdır. Guya Əbülfəz bəy öz iradəsi ilə hərəkət etməyib, o bilməyib kimi hara göndərib. Bu fikirlər hesab edirəm ki, Əbülfəz bəyin iradəsinin zəif olmasını iddia eləmək deməkdir. Təbii ki, hamının özünə görə xidməti olub. Amma bu gopu, yalanı yığışdırmaq lazımdır. Tutaq ki, Türkiyə cəmiyyətinə bunu sırıdın. Ola bilsin ki, Mehmet Ceylan kimi aşağı səviyyəli adama bu goplarını inandıra bilərsən. O baxımdan da bu məsələlərdə daha dürüst davranmalısan. Siyasi polemikada nəyin doğru olub-olmadığını dürüscə sübut etmək lazımdır. Şəxsiyyətə isə toxunmaq tərbiyəsizlikdir. Bütün nəsillərində mənim tərbiyəmlə, şəxsiyyətimlə müqayisə olunacaq adam varsa göstərsinlər biz də tanıyaq? Məni qınayırlar ki, niyə AXCP-də deyiləm. Mən sizinlə niyə bir yerdə olmalıyam ki? Dürüst, təmiz adamlar niyə sizin yanınızda olmalıdırlar? Mən sizin cinahda olmadım deyə, niyə bu cür mədəniyyətsiz şəkildə üzərimə gəlməlisiniz? Bu məsələlərdə artıq “dur” deməyin vaxtıdır. Sizin cinahda da ikiüzlü, riyakar adamlar var. Həmin insanlar intellekt, savad və mənəviyyat baxımından nədə üstündürlərsə buyurub ortaya qoysunlar. Mən söyüşdən başqa bir üslubu olmayan insanlarla eyni cinahda olmadığıma görə çox rahatam.


- Keçmiş silahdaşları ayrı-ayrılıqda özlərini vaxtilə Elçibəyin ən yaxın adamı kimi qələmə verir. Ona ən yaxın adam kim idi?

- Hər kəsin haqqı var ki, özünü böyük bir tarixi şəxsiyyətə yaxın hesab eləsin. Bu haqqı heç kimin əlindən almaq olmaz. Bütövlükdə bundan söhbət getməməlidir. Tarixə hörmətlə və təhrif etmədən yanaşmaq lazımdır. Əbülfəz Elçibəy də bir insandır, hər halda peyğəmbər deyil ki, hər hansı səhvi olmasın. Elçibəy siyasətə xüsusi əxlaq gətirmiş insandır. Elçibəyin siyasət əxlaqından nümunə götürmək lazımdır. Əbülfəz Elçibəy bu cür söyüş söyərdimi? Bəzi insanlar Elçibəy yolunu davam etdirdiklərini bildirirlər. Təsəvvür edin belə əxlaqa malik insanlar, söyüş söyən mənəviyyatsız insanlar onun yolunu necə davam etdirə bilərlər?

-  Bəs, Elçibəyin ideologiyasını hazırda davam etdirən kimsə varmı? Siz bu yolu davam etdirirsinizmi?

- Bir vaxtlar Elçibəy ideologiyasını davam etdirən insan kimi bu gün bu xətti izləmirəm. Mən Elçibəyin siyasət əxlaqının yaşamasının tərəfdarıyam. Təbii ki, Əbülfəz Elçibəyin ideyası Azərbaycan ideyasıdır. Amma siyasət mücərrəd və həyata keçməyən ideyalar üzərində qurulmur. Siyasət zaman-zaman yenilənir. Yeni situasiyaya görə öz dəsti-xəttini qoymalısan. Elçibəy əlimizdən yapışıb, qulağımıza deməyəcək ki, bu addımı at. Biz özümüz 10 il onun yoxluğunda seçim etməliyik ki, Azərbaycan üçün faydalı olan addımlar ataq. Elçibəyin ideoloqluğu siyasətçiliyindən daha öndə idi. İndiki durumda Azərbaycanın ayaqda qalmasına xidmət edən siyasət yürütmək lazımdır.

- Belə çıxır ki, reallıqla barışaraq, gücün tərəfində dayanmısınız...

-
Yox, bu gün Elçibəy, Məhəmmədəmin Rəsulzadə yolunu davam etdirənlərin cəmiyyətdə böyük dəstəyi yoxdur. Çünki, onlar ideoloji çevrədən çıxa bilmədilər. Azərbaycan insanı ideologiyaya doğru yönəlmir. Narazılıq kifayət qədərdir. Təsəvvür edin ki, insanların hakimiyyətə münasibətində mənfi çalarlar daha çoxdur, amma bu, müxalifətin xeyrinə işləmir. Bu illər ərzində heç nə dəyişmədi. Çünki, onlar tutduqları ideologiyanı dəyişmək belə istəmirlər. İdeologiyasız siyasət yürütmək lazımdır. İşləri getməyəndə günahı atırlar bizim üstümüzə ki, guya biz olmasaq, onlar hakimiyyətə gələcəkdilər. Bu gün Azərbaycanda hakimiyyətə gəlsən belə bir aya xarici güclər tərəfindən devriləcəksən. Eybi yox, qoy, kimsə söysün, kimsə desin hakimiyyətə satılmısan. Amma unutmasınlar ki, mənə düşən imkanların bir faizi onlara düşsəydi, hər şeylərini satardılar. Bunu tam əminliklə söyləyirəm. Onlar o qədər zəif insanlardır ki, bilmirlər ki, sabah Allah qarşısında hesabat verəcəklər. Nə deyirlər desinlər önəmli olan xalq üçün çalışmaqdır.

- Demək müxalifət xalqa xidmət etmək iqtidarında deyil?

-
Bilirsiniz, xalqa xidmət etmək iqtidarı başqa şeydir, xalqa xidmət etmək niyyəti başqa şey. Təbii ki, Azərbaycan müxalifətində xalqa xidmət etmək niyyəti var. Amma bir məsələ var ki, niyyətdən başqa bunu icra etmə qabiliyyəti, dünyagörüşləri yetərli deyil axı. Düz 20 ildir ki,  onların düşüncələri dəyişmədi. Artıq dəyişmək zamanıdır. Elə xətt işləmək lazımdır ki, maksimalist xətt olmasın. Bir qədər yumşaq siyasət yürütməyə məhkumuq. Tutublar əqidədən. Bu adamlara başa salmaq olmur ki, əqidə birdir, mütləqə inam, Allaha inam. Başqa şeylər nisbidir, əqidə deyil ki. Biri deyir mən əqidəmi dəyişməmişəm. Başa düşmürəm, sən heç əqidə əldə etmisən ki, dəyişəsən də. Əqidə Allah əqidəsidir, islam əqidəsidir. Siyasətdə əqidə yox, yanaşma və dürüstlük lazımdır. Hakimiyyətdə olan elə adamlar tanıyıram ki, xalq hərəkatında olan insanların əksəriyyətindən dürüstdürlər. Nə olsun ki, dövlət strukturunda çalışır. Məhz bunu bacarmadıqlarına görə, idarəetməyə də hazır deyillər. Dəyişən heç nə yoxdur, eyni yol, eyni ittihamlar. Mən bir məsələni də deyim ki, Əbülfəz Elçibəy adından istifadə etməyə ən çox haqqı çatan adamlardan biri özümü hesab edirəm. Amma mən bir dəfə də onun adından istifadə eləmədim, bir dəfə də onun adına arxalanaraq siyasətdə yer almağı düşünmədim. Mən Allaha şükür özümə, Allahıma güvənən insanam. Mən bu zamana kimi heç kimə vicdansızlıq etməmişəm. Eybi yox, nə deyirsiz deyin, siz öz cinahınızda qalın. Peyğəmbərimizin bir sözü var ki, sənin dinin sənə, mənim dinim mənə. Özünüzü haqlı sayırsınızsa, öz yolunuzu da davam edin. Başqalarının doğru olmadığını niyə söyüşlə, təhqirlə müəyyənləşdirirsən. Mehmet Ceylan kimi adamlar çıxıb Azərbaycanda nüfuzsuz, hörmətsiz adamların dilində məni təhqir edir. Mən o zaman Səlcuq Alkını çağırmışam ki, bizim pulumuz yoxdur Türkiyə ilə danış. Bizim pulumuz olsaydı Mehmet Ceylan kimi tərbiyəsiz adamın Elçibəyi aparmasında razılıq verərdimmi? İndi onun 5 manat pulu var deyə, bizi söyməlidirmi? Axı o özbaşına durub gəlməmişdi Azərbaycana. Onu Türkiyə dövləti göndərmişdi. Yaxşılıq eləmisənsə, savabını Allah versin. Bu sənə haqq qazandırmır ki, kimisə söyəsən. Mən onun haqqını danacaq hər hansı söz deməmişəm axı.

- Bəzi məlumatlara görə, Elçibəyin Türkiyədə müalicə və müayinə xərcləri Ərdoğan tərəfindən ödənilib.

-
Bunu kim edibsə, Allah ondan razı olsun. Bu xərcləri Ərdoğan ödəmiş olsa belə, o, elə əxlaqın sahibi deyil ki, durub bunu desin. Bu elə məsələdir ki, kim edibsə yalnız onu deyə bilərəm ki, Allah o insandan razı olsun. Mənə qarşı tərbiyəsizlik etməsinə baxmayaraq, Mehmet Ceylana da borcumuz var. Ədalətsiz olmaq lazım deyil. Əbülfəz bəyin budağından elə tutmaq lazımdır ki, bu budaq qırılmasın. Yəqin ki, mənim sözümü başa düşənlər düşdü nə demək istəyirəm.

 - Son günlər iqtidar-müxalifət münasibətlərində gəginlik bir qədər də artıb. Bu kontekstdən ictimai-siyasi durumu necə qiymətləndirirsiniz?

- Azərbaycanda hazırki ictimai-siyasi durum çox acınacaqlı vəziyyətdədir. Hakimiyyətlə müxalifət bir masa arxasında oturub müzakirələr aparmalıdırlar. Söhbət məndən, səndən, o birisindən getmir. Qoy, İlham Əliyevlə İsa Qəmbər və eləcə də digərləri bir masa arxasında əyləşib problemlərimizi müzakirə etsinlər. Bu münasibət qurulmalıdır. Bu olarsa, artıq problemlər özlüyündə həll olunacaqdı. Siyasi baxışlar fərqli olsa da, ən azından biri-birlərini söymədən, təhqir etmədən danışacaqlar. Bu durumda Liviyanın, Suriyanın yaşadığı bugünkü vəziyyətə biz də gələ bilərik. Pulun da ola bilər, savadın da ola bilər, amma cəmiyyətlə dialoq bunlardan daha vacibdir. Eybi yox, bunlara nail olmaq üçün söyüş yiyəsi olaq, amma bu birliyə nail ola bilək. Mən buna çalışıram. Nə deyirlər desinlər. Dünya malı dünyada qalacaq. Allaha şükür mən siyasətə, hətəkara kasıbçılıqdan gəlməmişəm. Şükürlər olsun ki, o zaman da valideynimin imkanı ən yüksək səviyyədə olub. Hərəkata maddi maraq  güdüb gəlməmişik. Azərbaycanı keyfiyyətcə dəyişməyi bacarmalıyıq. Bunu bacarmasaq, bizi çox ciddi təhlükələr gözləyir. Hakimiyyətin özündən razılığı, müxalifətin özünə vurğunluğu ağır nəticələrə səbəb olacaq. Yaxşı bir kəlam var, Allah varlının xəsisliyindən, kasıbı təkəbbürlüyündən qorusun.

- Bir müddət əvvəl sizin Müsavat partiyası ilə münasibətləriniz pisləşmişdi.

- Müsavat Partiyası ilə mənim münasibətlərin partiya münasibətləri deyil. Müsavatda olan insanlarla normal münasibətim var. Sadəcə olaraq, bu partiyada kiminləsə münasibətim yoxdursa, bu mənim günahımdan deyil. Müsavat, AXCP və digərləri siyasətə futbol kimi baxırlar. Tutaq ki, mən “Fənərbaxça”lıyam, sonra “Qalatasaray”a azarkeşlik edirəm, o zaman “Fənərbaxçalı”lar mənə düşmən kimi baxacaqlar. Onlar da elə. Siyasət fanatizim yeri deyil. Bunu anlamayan bəzi insanlar bizdən umurlar ki, biz onların cinahında olaq. Mən Elçibəydən başqa heç kimi siyasi lider qəbul eləməmişəm. Mənim alnım açıqdır. O dünyada Elçibəyin hüzuruna başıuca gedəcəm. Allah şahiddir ki, Elçibəyə qarşı heç vaxt namərdlik eləmədim. Elçibəy vəfat edəndən sonra, mən öz seçimimi etdim. Bu hakimiyyət mənim sözümü dinləməyi bacarır. Mən hakimiyyəti tənqid edəndə də hakimiyyət məni dinləyə bilir. Amma təsəvvür edin ki, eyni cinahdan olduğumuz insanlar məni dinləmək belə istəmirlər. Bu, çox acınacaqlı bir şeydir. Xalq hərəkatında olan insanlar məni tənqid edirlər, amma problemləri olanda kömək üçün müraciət edirlər. Mən də gücüm çatdığı qədər öz köməyimi edirəm. Bu insanlar anlamalıdırlar ki, ağılla həll edilən işi söyüşlə həll edə bilməyəcəklər.

Anar RÜSTƏMOV

Whatsapp
Bizə yazın!
Keçid et
BAKI TƏSDİQLƏDİ - Sülhməramlılar Qarabağdan belə çıxarıldı