Modern.az

Ramil Səfərov ad gününü niyə qeyd etmir - FOTOLAR

Ramil Səfərov ad gününü niyə qeyd etmir - FOTOLAR

Aktual

25 Avqust 2012, 13:33

Macarıstan paytaxtı Budapeştdə ömürlük həbsdə olan Azərbaycan Ordusunun zabiti Ramil Səfərovun ad günü ilə bağlı mətbuatda fərqli tarixlər yazılır. Ramil Səfərovun atası Sahib Səfərov Modern.az saytına bildirib ki, Ramilin ad günü 26 avqustdadır.

O, deyib ki, Ramilin ad günü ilə bağlı dostları, yaxın adamlar və ya başqa insanlar zəng vurub təbrik edirlər, onu xatırlayıb, fikirlərini bölüşürlər.

Ramilin özü ailəsinə sonuncu dəfə bir neçə gün öncə Ramazan bayramında zəng vurub, yaxşı olduğunu və heç bir narahatçılığının, şikayətinin olmadığını qeyd edib. Sabah da belə bir zəngin olacağı gözlənilir.

Ailəsi bildirib ki, Ramil özü ad gününü qeyd eləmir. Doğma Cəbrayıl rayonu işğal olunduqdan sonra Ramil Səfərov öz ad gününü qeyd etməkdən imtina edib.

Ramil Sahib oğlu Səfərov 26 avqust 1977-ci ildə Azərbaycanın Cəbrayıl rayonunda anadan olub. Hələ körpə olanda erməni vəhşiliklərini öz gözləri ilə görən Ramildə onlara qarşı əbədi nifrəti yaranıb. Düşmənə sonsuz nifrəti, Vətənə dərin məhəbbəti Ramili hərbi məkrəbdə təhsil almağa istiqamətləndirib. 1991-ci ildə Cəmşid Naxçıvanski adına hərbi litseyə daxil olub, sonra isə təhsilini Türkiyədə davam etdirib.
Ramil Səfərov 2004-cü il yanvarın əvvəlində Macarıstanın paytaxtı Budapeştə NATO-nun "Sülh naminə tərəfdaşlıq" Proqrami çərçivəsində kursa göndərilmişdi. O, həmin il fevralın 19-da eyni kursda təlim keçən erməni zabit Qurgen Markaryanı Azərbaycan bayrağını  təhqir elədiyinə görə öldürdüyündən ömürlük həbs cəzası alıb.          
Ramil həbsxanada macar dilini öyrənib, macar dilindən Azərbaycan dilinə iki əsər tərcümə edib. 

Zabitimizn anası Nübar Səfərova 2009-cu ilin oktyabrında dünyasını dəyişib.

Modern.az Ramil Səfərovun ekstradisiyası məsələnin nə yerdə olduğunu öyrənmək üçün bir müddət öncə müvafiq qurumlarla əlaqə saxlayıb.

Müdafiə və Xarici İşlər nazirliklərindən hər hansı məlumat verilməyib. Bildirildi ki, bu məsələ ilə onlar məşğul deyillər.

Ədliyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Aydın Ağazadə isə  bildirib ki, Ramil Səfərovun Azərbaycana ekstradisiyası üçün iş gedir. Lakin o, bu məsələnin gündəmə gətirilib qabardılmasının əleyhinədir.
 
“Bu işi qabartmaq lazım deyil. Cinayət işidir oldu, jurnalistlər bunu siyasiləşdirdilər və nəticədə  o biri tərəf də başladı ki, Ramil Səfərovu Milli Qəhrəman səviyyəsinə qaldırıblar. İş gedir, sonda nəsə nəticə əldə ediləcəyini, heç kim bilə bilməz”.

Qeyd edək ki, Facebook sosial şəbəkəsində yaradılan “Cəbrayılım” qrupunun gənc üzvləri sabah Ramil Səfərovun Bakıdakı ata evini ziyarət etməyi, ailəsilə görüşməyi qərara alıblar.






A.Qorxmaz

Twitter
Sizə yeni tvit var
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?