Modern.az

Xaricdəki azərbaycanlıların pasport problemi – Diaspor rəhbəri nə deyir?

Xaricdəki azərbaycanlıların pasport problemi – Diaspor rəhbəri nə deyir?

25 Avqust 2012, 15:15

Vidadi Salahov: “Qazaxıstan hökuməti Miqrasiya Xidmətinin cavabını qəbul etmir”

“1993-cü ildən sonra Azərbaycandan Qazaxıstana pənah aparan, orada məskunlaşan 20 minədək azərbaycanlı qaçqın və məcburi köçkünlərin pasport almaqla bağlı olan problemi artıq öz həllini tapıb. Daxili İşlər Nazirliyinin Pasport idarəsinin nümayəndələri Qazaxıstanda bir ilə yaxın çalışdılar və orada olan azərbaycanlıların pasportlaşmasına nail oldular”. Bu sözləri Modern.az saytına açıqlamasında Qazaxıstan Azərbaycanlılarının Mədəni Mərkəzləri İttifaqının sədri Vidadi Salahov deyib. Onun sözlərinə görə DİN-in Pasport idarəsinin nümayəndələri bütün vilayətlərdə çalışaraq pasportunun dəyişdirilməsi, alınması və s. əlaqədar bütün problemlərinin maksimum həllinə nail oldular.

“Bu böyük kömək oldu. Eyni zamanda orada yaşayan azərbaycanlılar da bunu minnətdarlıq hissi ilə qəbul etdilər. Əslində belə də olmalıdır, çünki onlar bu ölkədə qeyri-leqal hesab olunurlar, ölkəni nə tərk etməyə, nə də yaşamağa imkanları var. Bir haldakı pasportlaşdılar, seçim hüquqları yarandı, istəyənlər vətənə qayıtdı, istəməyənlər miqrasiya xidmətində qeydiyyata düşüb, leqallaşdırlar və bu yolla da böyük problemin aradan qaldırılmasına yardımçı oldular.

Təbii ki, pasport ala bilməyənlər də oldu ki, bu da onların öz günahıdır. Çünki biz bir il müddətində məlumatlandırma kampaniyası apardıq. Kim istədi müraciət etdisə, pasportunu dəyişdi, aldı”.

Bununla belə, Vidadi Salahov problemlərin də olduğunu qeyd edib. Onun sözlərinə görə problemin həlli Azərbaycan Miqrasiya Xidmətinin fəaliyyətindən asılıdır.

“1995-1998-ci illərdə ölkədə hələ pasportlaşma aparılmırdı. Ölkəni tərk edənlərin qırmızı sovet pasportuna əlavə vərəq yapışdırılır və ona da möhür vurulurdu ki, Azərbaycan vətəndaşıdır. Onlar həmin xarici ölkələrdə işlədikləri müddətdə Azərbaycanda pasportlaşma başa çatdı. Həmin insanlar-əksəriyyəti də məcburi köçkünlər olanlar nə oranın vətəndaşı ola bildi, nə də yaşadığı ölkənin. Çünki səfirliyin konsulluq xidmətindən arayış verilməlidir ki, bu insan Azərbaycan vətəndaşıdır yoxsa yox. Azərbaycanda yaradılan Miqrasiya Xidməti isə onlara göndərilən sorğuya “təyin edilməmişdir” cavabını göndərir. Bu cavabı da Qazaxıstan hökuməti qəbul etmir. Nəticədə bu cür xeyli insan səfil vəziyyətdə sığınacaqlarda, təcridxanalarda qalırlar”.

V. Salahov deyir ki, bu insanların Azərbaycan vətəndaşı olduğunu yaşadıqları rayonun icra başçıları təsdiqləri halda Miqrasiya Xidməti bunu təsdiqləmir. “İcra başçısının verdiyi kağızı isə səfirlik qəbul etmir. Səfirlik ancaq Miqrasiya Xidmətinin verdiyi cavabın əsasında arayış verir”.

Eyni vəziyyətin təkcə Qazaxıstanda deyil, bütün Orta Asiya respublikalarında müşahidə olunduğunu deyən Vidadi Salahov bildirib ki, problemlə bağlı Azərbaycan Miqrasiya Xidmətinin rəsmi saytına rəsmi məktubla müraciət etdiyini vurğulayıb.

“Eyni zamanda Dünya Azərbaycanlıların diaspor təşkilatlarının Bodrumda keçirilən görüşündə Prezident Aparatının İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Əli Həsənov, Milli Məclisin birinci vitse-spikeri Ziyafət Əsgərov, Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimovla bu haqda söhbət etdik, məsələni qabartdıq. Bizə lazımi hüquqi yardım göstərildi və onlar söz verdilər ki, bu müvafiq qurumlar qarşısında qaldırılacaq”.

Aytən Əliyeva

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! Bayrağımız Qazaxın kəndlərində qaldırıldı