Modern.az

Mehriban Əliyeva: “Mən siyasətlə məşğul olmuram” - MÜSAHİBƏ

Mehriban Əliyeva: “Mən siyasətlə məşğul olmuram” - MÜSAHİBƏ

Müsahibə

26 Avqust 2012, 12:20

"İlhamla mənim çox şeylər barədə təsəvvürümüz eynidir... ... Oğlumun peşə seçiminə çox da qarışmaq istəməzdim"

“Mən konkret iş görmək, konkret insanlara kömək etmək istəyirəm”

Bu gün Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezideni, millət vəkili Mehriban Əliyevanın ad günüdür.
Modern.az saytı Mehriban Əliyevanın bir neçə il öncə “İzvestiya” qəzetinə verdiyi müsahibəsini bəzi ixtisarlarla Azərbaycan dilinə tərcümə edərək, oxuculara təqdim edir. Jurnalist Oleq Siqanov tərəfindən alınan müsahibədə birinci xanım bir sıra maraqlı məqamlara toxunub.  

“Qadın, hətta əgər o, prezidentin xanımı da olsa, hər şeydən əvvəl, qadındır”

- Ərinizin prezident vəzifəsinə seçilməsi ilə həyatınızda nə kimi dəyişiklik baş verib? Göz qabağında olmağınız Sizi narahat etmirmi? Uşaqlarınız, ciddi ictimai işiniz var. Prezidentin xanımı olmaq çətindirmi?

-  Bir kəlmə ilə desək, çox məsuliyyətlidir. Həyatıma gəldikdə isə, demək olar ki, dəyişməyib.Mən uşaqlıqdan daim kütləvilik elementi olan mühitdə böyümüşəm. Əgər nəzərə alsaq ki, Heydər Əliyevin ailəsinin üzvü olanda birinci kursda oxuyurdum, deməli ki, 20 ildən artıq bir müddətdə bir çox amillər formalaşıb, davranış tipini şərtləndirib. Odur ki, xüsusi dəyişikliklərin baş verdiyini demək mənim üçün çətindir.
Dəyişən başqa şeydir - məndən kənarda olan nə isə dəyişib. Məsələn, ömür boyu mənim həyat amalım belə olub ki, etmək istədiyin yaxşılığı heç vəchlə gözə çarpdırmaq olmaz. İndi mən bundan, demək olar ki, məhrumam. Birinci xanım statusunda mən elə bir xeyriyyə aksiyası keçirə bilmirəm ki, o, ictimaiyyətin diqqətini cəlb etməsin. Bu, kütləvilik amili məni sıxsa da, yaşayışıma bəzi yeniliklər gətirir və mən bunu olduğu kimi qəbul edirəm. Bu isə özünü göstərməkdən tamamilə uzaq adam kimi mənə kifayət qədər çətin olur.

- Ölkənin siyasi həyatında müxalifətsiz, söz azadlığı olmadan keçinmək mümkün deyil. Ailənizdə söz azadlığı baxımından vəziyyət necədir və "müxalifət" varmı?

- Ailə, ilk növbədə həmfikirlər deməkdir. Bu insanlar - oxşar həyat prinsipləri və mənəvi dəyərləri olan kişi və qadındır. Odur ki, məncə, ailədə sözün radikal mənasında müxalifət olmamalıdır. İlhamla mənim çox şeylər barədə təsəvvürümüz eynidir. Biz təxminən oxşar mühitdə böyümüşük. Bu, ötən əsrin bütün mürəkkəbliklərinə baxmayaraq, öz ideallarına, mənəvi dəyərlərinə, milli ənənələrinə sadiq qala bilən Azərbaycan ziyalılarıdır. Belə köklərə malik olmaq xoşbəxtlikdir.
Qadın, hətta əgər o, prezidentin xanımı da olsa, hər şeydən əvvəl, qadındır, ailədə sülhün, razılığın və məhəbbətin təminatçısıdır. Mənim üçün çox vacibdir ki, həyat yoldaşım olduqca dolğun və gərgin iş günündən sonra evə gəlir və burada onu anlayır və dəstəkləyirlər, onu qiymətləndirir və sevirlər. Mən həm dost, həm də sevimli olmaq istəyirəm.

“Mən Allaha inanıram...”


- Siz xalq ənənələrini dəstəkləyirsiniz, dünya mədəniyyətinin bir hissəsi kimi muğamı inkişaf etdirirsiniz. Siz dindar adamsınız? Görkəmli dövlət xadimlərinin müqəddəs yerləri nümayişkaranə ziyarət etməsinə münasibətiniz necədir?

- Mən Allaha inanıram. Dindar deyiləm, məhz Allaha inanıram, bu anlayış mənim daxili aləmimi daha dəqiq əks etdirir.
Dövlət xadimlərinin müqəddəs yerləri nümayişkaranə ziyarət etməsinə gəldikdə isə, zənnimcə, bu onların günahından çox bədbəxtçiliyidir. Belə ki, Allahla və Müqəddəsliklə təmas kimi sırf şəxsi məsələ də protokola tabe olur və kütləvilik elementinə çevrilir. Hesab edirəm ki, buna görə onların daxili ehtiyacını şübhə altına almaq lazım deyildir.

- Siz ixtisasca həkim-oftalmoloqsunuz. Peşə seçiminiz nədən irəli gəlmişdi?

-
Ağlım kəsəndən bəri başqa alternativim olmayıb. Anam şərqşünas-alim idi. Azərbaycan Elmlər Akademiyasının Şərqşünaslıq İnstitutuna başçılıq edib. Lakin məktəbi bitirdikdən sonra sənədlərini Tibb İnstitutuna vermişdi, çünki çox istəyirdi ki, həkim olsun. Nəyə görəsə valideynləri onu uzun müddət dilə tutmuşlar və nəticədə o, görkəmli filoloq oldu. Bax onun bu baş tutmamış arzusu mənim seçimimi müəyyənləşdirdi.

İxtisas seçimimə isə İlhamın anası - həkim-oftalmoloq Zərifə xanım təsir göstərib. Çox təəssüf ki, Zərifə xanım ilə ünsiyyətimiz çox çəkmədi. Biz 1983-cü ildə tanış olduq, 1985-ci ildə isə o, dünyasını dəyişdi. Bu istedadlı və gözəl qadınla bağlı ən xoş xatirələrim qalıb.

- Moskva. Orada nə qədər yaşamısınız, Moskva ilə bağlı nostalji hisslər keçirirsinizmi?

- Yəqin ki, bu gənclik illərinin nisgilidir. Unudulmaz vaxtlar idi. Əlbəttə, Moskvada dostlarımız qalıb, onların hamısını böyük səmimiyyətlə xatırlayırıq. Bu gün Moskvanı, əlbəttə ki, tamamilə başqa cür qavrayıram. Protokolda hər dəqiqə nəzərə alınır və mən, əslində, şəhəri doyunca gəzə bilmirəm. Moskva fantastik surətdə gözəlləşib. Lakin bu, artıq başqa şəhərdir. Burada hər şey başqadır. O dövrün Moskvası artıq tarixdə, bir də mənim xatirimdə qalıb. Yəqin ki, vaxtilə yaxşı günlər keçirdiyimiz bütün şəhərlərdə bu, gec-tez baş verir.


- Atanın və oğulun xüsusiyyətlərini necə müqayisə edərdiniz? Heydər Əlirza oğlunun hansı keyfiyyətləri Sizin üçün xüsusilə yaddaqalandır?

- Şübhəsiz ki, oxşarlıq var. Bu, özünü çox şeydə göstərir. İlk növbədə intellektdə və xasiyyətdə.
Heydər Əlirza oğlu barədə suala bir müsahibə çərçivəsində cavab vermək mümkün deyil. Onun haqqında çoxlu kitab yazılıb. Lakin təəssüf ki, onların heç biri onun şəxsiyyətinin bütün əzəmətini əks etdirmir. İlk növbədə, əlbəttə ki, Heydər Əlirza oğlu aydın ifadə olunan xarizmaya malik idi. Onun enerjisi ətrafda hər şeyi dəyişməyə qadir idi. Onun gəlişi ilə hər şey dəyişirdi. Onun fantastik yaddaşı, intellekti, hədsiz məlumatlılığı bəzən həlli müşkül görünən problemləri həll etməyə imkan verirdi. Mahiyyət etibarilə Heydər Əliyev fenomeni hələ də sonadək açılmayıb. Tarixin sovet dövründə Heydər Əliyev haqqında çox yazırlar, Azərbaycanda sanki ümidsiz görünən vəziyyəti onun necə dəyişə bildiyini, yaxud Heydər Əliyevin necə "hakimiyyət ustası" olduğunu anlamağa çalışırlar. Lakin bütün bunlar eyni bir adam barədədir. Bu yazılarda liderin həm praqmatik, həm də strateq ola bilməsinin fəlsəfi baxımdan dərk edilməsi çatışmır.

O, ailədə, gündəlik ünsiyyətdə olduqca sadə idi. Uşaqları, nəvələri ilə onu təkcə qohumluq əlaqələri bağlamırdı. Həddən artıq məşğul olmasına baxmayaraq, onların hər birinə həssas qayğıkeşlik göstərirdi.

Ancaq onu müqayisə etmək çox çətindir. Heydər Əliyev əzəmətli, bənzərsiz şəxsiyyətdir! Xasiyyətinin hansısa cəhətləri, xüsusiyyətləri onun uşaqlarında, nəvələrində yaşayır. Lakin təbii ki, onlar başqadırlar. Yeni dövr yeni yanaşma tələb edir, həyat bir yerdə dayanmır.

- Oğlunuzun hansı sənətin sahibi olmasını istərdiniz?

- Mən bu seçimə çox da qarışmaq istəməzdim. Mənim üçün başlıcası onun təbii potensial imkanlarının həyata keçə bilməsi və yaxşı bir insan kimi böyüməsi üçün əlimdən gələni etməkdir. Əgər insanın intellekti və əxlaqı qaydasındadırsa, mənim bunu necə qiymətləndirəcəyimdən asılı olmayaraq, həyat yolunun seçimi onun öz haqqıdır.

“Televiziya adamı deyiləm...”


- Avropa klassikasına necə münasibət bəsləyirsiniz, müasir incəsənəti izləyə bilirsinizmi?

- Mənim həyat tərzimlə harasa getmək, nəyəsə qulaq asmaq və ya baxmaq heç də həmişə mümkün olmur. Mən bu yaxınlarda, bərpadan sonra Qrand Operada oldum. Lakin bu, təsadüfi hal idi. Mən Parisdə idim, axşam məşğul deyildim, biletlər var idi, mən də getdim.

Deyə bilmərəm ki, mən müasir incəsənətin bilicilərindənəm. Lakin əsas yeniliklərdən və təmayüllərdən, əlbəttə, xəbərim var. Yəqin ki, Avropada bütün premyeraların mərkəzində olduğun bir vaxtda "mədəniyyətdən bu sayaq istifadə" xüsusi həyat tərzi və asudə vaxt olmasını tələb edir, mənim isə vaxtım daim məhduddur. Buna baxmayaraq, əlbəttə, mən ölkənin mədəni həyatının bütün hadisələrindən xəbərdar olmağa çalışıram.

- Siz hansı kitabları oxuyursunuz, sizi hansı janr maraqlandırır?

- Kitablar baxımından mən, necə deyərlər, olduqca "universal" zövqə malikəm. Kitabları mən həm Bakıda alıram, həm də kənardan, o cümlədən Moskvadan gətirirlər. Müasir ədəbiyyat haqqında onu deyə bilərəm ki, yaxşı və asan oxunan ədəbiyyat az deyil, lakin daim belə bir sual doğur ki, bunu ədəbiyyat adlandırmaq olarmı? Ona görə də biz yenidən klassikaya qayıtmağa məcburuq. Məsələn, mən bir qədər əvvəl təkrarən Dostoyevskini oxuyurdum, bir çox şeyləri yenidən kəşf etdim. İndiki qavrayış gənclik illərindəkindən tamamilə fərqlidir.

- Bəs televiziya haqqında nə deyə bilərsiniz?

- Ümumiyyətlə, mən televiziya adamı deyil, kitab adamıyam. İş belə gətirib. İlham bütün informasiya proqramlarına baxır, o, evdə olmayanda isə, televizoru yandırmağa həvəsim də gəlmir. Kinematoqrafiyaya gəldikdə isə, kino da mənim üçün ədəbiyyatdan törəmədir. Buna görə də, Avropa, o cümlədən rus kinosu mənə “Hollivud”un istehsal etdiyi filmlərdən daha yaxındır. Bugünkü cəmiyyətdə televiziya çox zaman, sadəcə, vaxt keçirmək vasitəsidir. Mənim üçünsə əsas problem vaxt problemidir.

“Mən siyasətlə məşğul olmuram, sadəcə insanlara kömək edirəm…”


- Siz özünüzü işlə həddindən çox yüklənmiş hesab etmirsinizmi?

- Şübhəsiz, iş çox olur, lakin mən iş günümün dolğun olmasından əziyyət çəkmirəm. İnsan gördüyü işin haqlı, xeyirli və lazımlı olduğuna daxilən inandıqda həvəslə işləyir. Fiziki yorğunluq isə mənəvi məmnunluqla ödənilir.

- Siz qəhvə içirsiniz, yoxsa çay?

- Mən çayı xoşlayıram, özü də qara çaydan daha çox yaşıl çay içirəm.

- Bəs siz necə dincəlirsiniz?

- Bu, cavab verilməsi mümkün olmayan bir sualdır. Hələlik heç cür. Hesab edirəm ki, birlikdə, ailəliklə dincəlmək lazımdır. İlhamın nə vaxt imkanı olsa, onda dincələcəyik.

- Səfərlər zamanı protokola riayət etmək sizin üçün ağırdırmı?

- Bilirsinizmi, çox maraqlı insanlarla görüşlər bütün bu uçuşları, reqlamenti kompensasiya edir. Bir qayda olaraq, prezidentləri görkəmli şəxsiyyətlər əhatə edirlər. Ölkədə maraqlı nə varsa, onları göstərirlər. Mən hesab edirəm ki, səfər etmək, insanlarla, başqa xalqların mədəniyyəti ilə tanış olmaq xoşbəxtlikdir.

- Prezident həyat yoldaşı ilə gəlir, onu danışıqlar, görüşlər, siyasi tədbirlər gözləyir. Xanımların öz proqramı olur?

- Bəli, qarşılanma mərasimləri və digər xüsusilə təntənəli məqamlar istisna olmaqla, xanımların özlərinin ayrıca proqramı olur. Birinci şəxslərin həyat yoldaşlarına ən maraqlı nə varsa, göstərməyə çalışırlar. Bu, paytaxtlarla tanış olmaq üçün yaxşı imkandır. Dünyanın ən gözəgəlimli, maraqlı yerlərini görməyə və seyr etməyə bir də nə vaxt belə imkan olacaq?

- Lora Buş ( ABŞ-ın eks prezidenti Corc Buşun həyat yoldaşı-red.) ciddi proqramlarla məşğul olur, Hillari Klinton (ABŞ-ın hazırkı dövlət katibi-red.) siyasi karyeraya başlayıb. Siz siyasətlə məşğul ola bilərdinizmi?

- Əlbəttə, bunun üçün geniş imkanlar açılır. Lakin hər şey fərdiyyətdən asılıdır. Əgər siyasi fəaliyyət sənə yaxındırsa, əlbəttə ki, bu işə daha asanlıqla başlamaq olar. Mən siyasətlə məşğul olmuram, sadəcə insanlara kömək edirəm. Əgər bunu siyasət adlandırmaq olarsa, buyurun, elə də hesab edin. Çox vaxt siyasət dedikdə, insanın hakimiyyətə gəlmək niyyəti olduğu düşünülür. Mən hakimiyyət adamı deyiləm və hakimiyyətə can atmıram. Bu, mənlik deyil.

İstər YUNESKO-nun Xoşməramlı səfiri kimi, istərsə də Heydər Əliyev Fondunun prezidenti kimi mənə ehtiyac olduğunu hiss edirəm. Mənim adıma hər gün 200-dən çox məktub gəlir. Onların heç biri diqqətsiz qalmır. Mən konkret iş görmək, konkret insanlara kömək etmək istəyirəm. Konkret problemləri həll etmək, yardım edə bildikdə sevinc hissi keçirmək və səndən asılı olmayan səbəblər üzündən nəsə edə bilmədikdə təəssüflənmək, qəzavü-qədər, sağalmaz xəstəlik qarşısında bütün gücsüzlüyünü dərk edərkən əziyyət çəkmək, xilas edilmiş bir uşağın təbəssümünü gördükdə isə bir daha sevinmək istəyirəm. Bu, mənim seçimimdir.

Hazırladı Xaqani SƏFƏROĞLU

Whatsapp
Bizə yazın!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü