Modern.az

Azərbaycan alpinistləri Alp, Himalay və Tyan-Şan dağlarına yürüş edəcəklər

Azərbaycan alpinistləri Alp, Himalay və Tyan-Şan dağlarına yürüş edəcəklər

26 Avqust 2012, 22:14

M.F.Axundovun 200 illiyinə və maestro Niyazinin 100 illik yubileyi münasibəti ilə Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi, Heydər Əliyev Fondu, Rusiyanın Azərbaycan Gənclər Təşkilatı və Azərbaycan Alpinizm Federasiyasının dəstəyi və birgə layihəsilə azərbaycanlı idmançıların bu ilin iyul ayının 27-dən başlanan ekspedisiyaları bu günlərdə başa çatıb.

Alpinistlər Qocayev,  Şirxan Məmmədov, Denis Leusov və Firuz Dadaşov iyul ayının 27-də Qırğızıstanda 7134 metr hündürlüyü olan Abu Əli İbn Sina (keçmiş Lenin) zirvəsini fəth ediblər. Ekspedisiya üzvlərindən biri Denis Leusov səhhəti ilə əlaqədar ekspedisiyanı axıra çatdıra bilməyib. Ekspedisiya öz məqsədinə çataraq iki ardıcıl yürüşlə avqust ayının 11-də 7105 metr hündürlükdəki Korjenevski zirvəsini və avqustun 19-da Mərkəzi Asiyanın ən yüksək zirvəsi olan 7495 metr yüksəkliyə malik İsmayıl Somoni (keçmiş Kommunizm zirvəsi) zirvəsini fəth ediblər.

Bundan əvvəl 2010-cu ilin avqust ayında alpinistlər qrup şəklində Tyan-Şan dağlarının Xan Tenqri (Qırğızıstan, 7010 m), dünyanın yüksəkliyinə görə üçüncü zirvəsi sayılan Kançencanqua (Nepal, 8586 m) zirvələrini və 2011-ci il avqust ayında Ü.Hacıbəylinin xatirəsinə həsr olunan  Abu Əli İbn Sina (keçmiş Lenin zirvəsi, 7134 m) zirvəsinin şimal divarını fəth ediblər.

Zirvələri fəth etdikdən sonra azərbaycanlı alpinistləri Azərbaycan Respublikasının Tacikistandakı fövqəladə və səlahiyyətli səfiri Abasəli Həsənov qəbul edib. Səfir alpinistlərə daha böyük zirvələr fəth etməyi və Azərbaycanın üçrəngli bayrağını dünyanın ən hündür zirvələrində dalğalandırmağı arzulayıb.

Modern.az-ın məlumatına görə, gələcək planlarda Alp, Himalay dağlarının ən yüksək və çətin zirvələrinə, eləcə də Tyan-Şan dağlarının ən hündür, maraqlı və əlçatmaz zirvəsi olan “Qələbə” zirvəsinə (Qırğızıstan, 7439 m) ekspedisiya yürüşləri etmək planlaşdırılır.     

Ləman Ağayeva
Düşənbə
 

Twitter
Sizə yeni tvit var
Keçid et
SON DƏQİQƏ! İran raketlərlə vuruldu- Anbaan görüntülər