Modern.az

Bədəndə olan ziyillərə adi hal kimi baxmayın

 Bədəndə olan ziyillərə adi hal kimi baxmayın

Aktual

27 Avqust 2012, 09:17

Papillomalar (şişlər) dəri və selikli qişaların məməcik formasında olan xoşxassəli törəməsidir. Papillomavirus infeksiyası həkimlərə çoxdan məlum olan bir xəstəlikdir. Papillomaların törədicisi papilloma virusları hesab edilir. XIX əsrin 60-cı illərindən artıq bu xəstəliyin virus təbiətli olması aşkara çıxdı. Bu virusların 100-ə yaxın tipi mövcuddur və əksəriyyəti urogenital nahiyəni və dərini zədələyir.

Son illərdə papilloma virusları ilə yoluxma sayı çox artıb. Əslində Yer kürəsində yaşayan insanların 80%-i papilloma virusuna yoluxub. Papilloma virusların bəziləri təhlükəsizdir, bəziləri ət xalları yaradır, digərləri isə onkogenliyi ilə seçilir. Onkogen papilloma virusları onkogenlik dərəcələrinə görə 2 qrupa bölünür: onkogenliyi çox aşağı olanlar (HPV 1, 2, 3, 56, 11, 42, 43, 44) və yüksək olanlar (HPV 16, 18, 31, 33, 35, 45, 51, 52, 56, 58). HPV 1, 2, 3, 5 tipləri isə onkogen hesab edilmir. Sağlam orqanizm və güclü immun sistem bu virusların inkişafına imkan vermir. Buna görə də papillomalar yaşlı və immun sistemi zəif olan insanlarda daha çox yaranır. Papillomalar nəinki dəri və selikli qişaların səthində olur, eyni zamanda sidiklə, sperma, tüpürcəklə də sirkulyasiya edə bilir. Papillomalara gənc yaşlı insanlarda isə dərman qəbulundan, qripdən, güclü stresdən, hamiləlikdən sonra, həzm sistemi pozulmaları zamanı rast gəlmək olar.

Virusa yoluxma yolları bunlardır:

Cinsi yol

Doğuş zamanı (yenidoğulmuşların laringeal papillomatoz)

Məişət-təmas yolu (məsələn, toxunma, ümumi hamamdan istifadə, dəri və selikli qişaların mikrotravmaları)

Özünüyoluxdurma (autoinokulyasiya – üzqırxma və epilyasiya zamanı)

Bu virusların inkubasiya dövrü 15 gündən bir neçə ilə qədər davam edə bilər. Ola bilsin ki, orqanizmdə mövcud olan papilloma virusun DNT-si inaktiv formada olsun və siqaret çəkmə, hormonal pozğunluq və s. vasitəsilə aktivləşərək papillomaların yaranmasına səbəb olsun.

Papillomalar anadangəlmə və sonradan yaranma olur. Sayına görə isə çoxsaylı və tək halda ola bilər. Rəngləri adətən dəri rəngində olur. Ölçüləri isə 0,2-10 mm-dən 2 sm-ə qədərdir. Papillomalar çox zaman nazik ayaqcığa, nadir hallarda enli əsasa malik olur. Konsistensiyaları yumşaq və sıxdır. Kəskin böyümə zamanı onları strukturu gülkələmini və ya xoruz pipiyini xatırladır. Dəri səthində əmələ gələn papillomaların rəngi ağ, ağımtıl-qəhvəyi rəngdə, selikli qişada yarananlar isə solğun çəhrayı və ya qırmızımtıl rəngdə olur. Bir qayda olaraq, papillomalar çox ləng inkişaf edirlər. Lakin orqanizmin hər hansı vəziyyəti ilə – hər hansı xəstəlik, hamiləlik, stresslə əlaqədar olaraq çox sürətlə artıb böyüyə bilərlər.

İtiuclu kondilomalar, səthi və intraepitelial kondiloma formasında olan papillomalar ayırd edilir. Papillomaların yerləşmə nahiyələri: qeyri-genitaliya nahiyələri (boyun, üz, qoltuqaltı və süd vəzinin alt nahiyələri, burun-udlaq, ağız boşluğu, burunətrafı ciblər, səs telləri), sidik-ifrağat sistemi orqanları (uretra, sidik axarları, sidik kisəsi, böyrək ləyənləri) və genitaliya nahiyələri (qadınlarda – xarici cinsiyyət üzvləri, uşaqlıq yolu dəhlizi, uşaqlıq yolu, uşaqlıq boynu, aralıq, perianal nahiyə, kişilərdə - xarici cinsiyyət üzvləri, aralıq, qasıq nahiyəsinin dərisi, perianal nahiyə).

Profilaktika

 Orqanizmin görünən nahiyələrini papillomalardan qorumaq heç də çətin deyil, bunun üçün sadəcə nəmişlik olan yerlərdən uzaq gəzmək, dəridə olan cızıq və yaralarla ehtiyatla davranmaq, orqanizmin immun müqavimətini artırmaq, stress və digər bu kimi faktorlardan daima qorunmaq lazımdır. Bir də ki, heç vaxt papillomanı qaşıyıb qopararaq özbaşına müalicə olunmağa çalışmayın. Əgər papillomanın əsası zədələnərsə, o iltihablaşır və qaralır. Məhz onların daima tez-tez travmatizasiyasına və estetik görüntünü pozmasına görə çox vaxt onlar kəsilib götürülür. Lakin bunu etməmişdən öncə ehtiyatlı olmaq lazımdır, bu zaman siz prosesi daha da ağırlaşdıra bilərsiniz, çünki kiçik papilloma altında intraepidermal xərçəng gizlənə bilər. Papillomalar yaranan kimi onların ölçüsünün böyüməsini, sayının artmasını gözləmədən dərhal həkim-dermatoloqa müraciət edin. 

Papillomaların müalicəsində istifadə edilən bəzi xalq təbabəti üsulları

 Özbaşına özünümüalicə hər zaman təhlükəli qiymətləndirilib. Buna görə də bu xalq təbabəti prosedurlarını etməzdən öncə mütləq müalicə həkiminizlə məsləhətləşin. Papillomaların xalq təbabəti yolu ilə müalicəsi kompleks olmalıdır. Xalq təbabətinə aid sadə üsulları bəlkə də çoxları bilir – papilloma olan nahiyəyə dəmrovotu, zəncirotu, turş alma şirəsi, gavalı ləti, gənəgərçək yağı və A vitamini sürtmək və s. Papillomanın üzərinə 3-5 dəqiqə müddətinə dəmrovotu, yatıqqanqal və tozağacı göbələyinin dəmləmələrindən hazırlanmış buz qoymaqla da arzuedilməz papillomalardan qurtulmaq olar (bu prosedur gündə 3 dəfə təkrarlanır). Astroloqlar bu prosedurların Ay batan zaman edilməsini məsləhət görür.

 Müalicəsi

 Papillomalardan qurtulmaq üçün maye azotla kriodestruksiya, CO2-lazer və ya elektrokoaqulyasiya üsullarından istifadə edilir. Bu məqsədlə həmçinin kimyəvi maddələrdən – üzvi və qeyri-üzvi turşu qarışıqlarından da istifadə edilə bilər.

 Papillomanın üzərinə quru pambıq qoyub üstdən plastır yapışdırmaq lazımdır. 2-3 həftə müddətinə belə gəzmək olar. Sadəcə çimdikdən sonra pambığı dəyişmək lazımdır.

 1 yumurta sındırılır, içərisindəki boşaldılır, qabığında qalmış yumurta ağı papillomaların üzərinə sürtülür.

 Təzə yığılmış dəmrovotu xırdalanır, şirəsi çıxarılır və odun üzərində qatılaşanadək buxarlandırılır. Gündə 2-3 dəfə 2-3 dəqiqə intervalı ilə dəri üzərinə dəmrovotu şirəsi 3-4 dəfə ardıcıllıqla yaxılır.

 50 qr yaxşıca xırdalanmış dəmrovotu üzərinə 0,5 litr qaynar su əlavə edilib 2-4 saat müddətinə dəmə qoyulur.  Soyudulduqdan sonra mikroklizmalar edilərək 30 dəqiqə müddətinə maye bağırsaqda saxlanılır. Lakin onu da qeyd edək ki, mikroimalə etmədən öncə bağırsaq klassik formada imalə edilərək tamamilə təmizlənməlidir.

                             

     AZƏR Salehli

     Azərbaycan Tibb Universitetinin Tələbəsi 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Ukrayna ordusu dəhşət saçdı: Rusiya ərazisi vuruldu