Modern.az

Naxçıvandan çıxan duzlar keyfiyyətcə yaxşı olsa da...

Naxçıvandan çıxan duzlar keyfiyyətcə yaxşı olsa da...

27 Avqust 2012, 16:31

Şöbə müdiri: “Yodlaşdırılmamış duzun bazara buraxılması qəti olaraq qadağandır”

Hər gün yediyimiz yeməklərin əksəriyyətinin hazırlanmasında duzdan istifadə edilir. Ağ zəhər kimi tarixə düşən duz bütün dünyanın qida rasionunda mühüm yer tutur. Bədənin əsas ehtiyatlarını ödəməyə xidmət etməklə yanaşı, ölümcül dərəcədə zərər də verə bilən bu nemətdən demək olar ki, hər gün istifadə etməyə məcburuq. Dünya Sağlamlıq Təşkilatı, bir adamın gündə 5 qram duz istehlak etməsini təklif edir. Araşdırmalara görə isə bir adamın istehlak etdiyi gündəlik duz miqdarı təxminən 18 qramdır. Halbuki bu miqdar minimum istehlak səbətində il ərzində 4,8 kiloqram göstərilir.  

Bu, bir sıra xəstəliklərə yol açır

Yediyimiz təbii qidaların tərkibində çox az da olsa, duz var. İnsanın gündəlik duz tələbatının olmasına baxmayaraq, ləzzət, dad üçün duz işlətməyimiz onu günlük miqdardan 10 dəfə çox yeməyimizə gətirib çıxarır. Bu da təzyiq, baş ağrısı, göz yaşarması və göz ağrısı kimi ciddi sağlamlıq problemlərinə səbəb olur. Bildiyimiz kimi, Azərbaycan milləti də çox duz yeməyi xoşlayır. Ona görə də, həkimlər tərəfindən həmişə az duz işlədilməsi məsləhət görülür. Amma duzdan nə qədər az istifadə edilməsi məsləhət görülsə də yodsuz duzlardan istifadə daha ağır fəsadlarla nəticələnir.

Keyfiyyətsiz duz deyərkən, ilk olaraq ağıla yodlaşdırılmamış duz gəlir. Həkim Sadıx Gülüşov yodsuz duzdan istifadənin insan orqanizmi üçün zərərli olduğunu vurğuladı: “Uşaqlarda boyun inkişafdan qalma problemini, hamilə qadınlarda uşaqsalma, uşağın qüsurlu doğulması halları yod çatışmazlığı nəticəsində yaranır. Bu fəsadlar yodlaşdırılmış duzlardan istifadə olunmadığı hallarda özünü daha qabarıq şəkildə büruzə verir”.

Qanun qəbul olunsa da...

Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov deyir ki, Azərbaycan vaxtilə yodlu duz defisiti yaşayırdı. Onun sözlərinə görə, 2000-ci ildə BMT-nin dəstəyi ilə Yunanıstan həkimləri ölkəmizdə tədqiqat apardılar. Məlum oldu ki, əhalinin 71 faizi yod çatışmazlığından əziyyət çəkir. Bu səbəbdən də get-gedə debillik, ölü uşaqların dünyaya gəlməsi, anaların doğuş zamanı ölməsi, lal-kar olmaq, qısa boyluluq kimi təhlükəli xəstəliklərlə müşahidə olunur.

Eyyub Hüseynov bildirib ki, 2001-ci ildə “Yod çatışmazlığı xəstəliklərinin profilaktikası məqsədi ilə duzun yodlaşdırılması haqqında” Qanun qəbul olunub. Həmin qanunun 8.3 maddəsinə görə, yodlaşdırılmamış duzun qida və yem məqsədi ilə istehsalı, satışı və ölkə daxilinə idxalı qadağandır: “Aparılan araşdırmalara görə, uzun illər Azərbaycan vətəndaşlarının orqanizmində yod çatışmazlığı olub. Bu amil insanların əqli inkişafına, iş qabiliyyətinin, immunitetin zəifləməsinə, ölü körpələrin dünyaya gəlməsinə, ana ölümünə və sair səbəb olub. Qanunun qəbul edilməsi də məhz yuxarıda sadalanan problemlərin həlli zərurətindən irəli gəldi”. O, qeyd etdi ki, qanuna uyğun olaraq AİB UNİCEF-in 5 layihəsini həyata keçirdi. Regionlarda maarifləndirmə işləri apardı və ən nəhayət 2010-cu ildə duzun yodlaşdırılmasında rəqəmlər göstərdi ki, duzun yodluluq faizi 71-dən 85-ə qaldıra bildik: “Yenidən tədqiqatlar aparıldı və məlum oldu ki, duzun yodlaşdırılması neçə faiz artıbsa əhalidə yod çatışmazlığı o qədər azalıb. Baxmayaraq ki, qanun qəbul olunub və yodsuz duzun satışına qadağa qoyulub uzun müddət Masazır gölü yodsuz duzun istehsal mənbəyi idi. Nəhayət duz zavodu açıldı və Masazır gölu istismara verildi. Lakin bundan başqa Azərbaycanda başqa duz gölləri də var ki, hələ də həmin göllərdən duz istehsal edilir.

E. Hüseynov qeyd edib ki, Masazır duz gölündə vəziyyət düzəlsə də, Qaradağ duz gölündə vəziyyət çox acınacaqlıdır: “İllər boyu aparılan çoxsaylı tədbirlərə baxmayaraq bu gündə həmin göl və ona yaxın yerləşən Buta duz gölündən hər gün təxminən 10 ton duz toplanıb, dövlət orqanlarının, bələdiyyələrin gözü qarşısında respublikanın hər yerinə daşınır və təmizlənməyən bu təhlükəli duzlar əsasən çörəkbişirmə, konservləşdirmə, süd məhsulları istehsalı sənayesində istifadə olunur. Biz ictimai təşkilat olaraq dəfələrlə təhlükəli duzların istifadə edildiyi, satıldığı ünvanları İqtisadi İnkişaf Nazirliyi, Səhiyyə Nazirliyi, Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinə rəsmi məktublarla göndərsək də, bu anormal vəziyyət düzəlmir. Həmin duzlar marketlərdə kifayət qədər baha qiymətə satılır. Əslində isə bu duzlar yodsuzdur və təhlükəlidir. Dəfələrlə belə faktlarla üzləşmişik ki, işbazlar Masazır duz zavodundan dəri duzlamaq adı ilə duz alaraq həmin duzları yodlaşdırılmamış halda qablaşdırıb satışa çıxarırlar. Məsələn, Marskoy sol adı altında 8 növ duz satılır”.

Standartlaşdırma, Meteorologiya və Patent üzrə Dövlət Komitəsinin mətbuat xidmətinin rəhbəri Fazil Talıblı isə bu sahənin nəzarətdə olduğunu dedi. Bildirdi ki, dövlət nəzarəti tədbirləri  nəticəsində yodlaşdırılmamış duzlar aşkar olunub. Onun sözlərinə görə, bazarda hələ də yodlaşdırılmamış duzun satışı mövcuddur və Komitə tərəfindən bunu qarşısı alınır. İstehlakçılar əsasən də idxal olunan duzlarla bağlı ehtiyatlı olmalıdırlar: “Dəfələrlə Azad İstehlakçılar Birliyi də Komitəyə yodsuz duzların satışı ilə bağlı məktubla müraciət edib. Bəzən bu məktublar əsaslı, bəzən isə əsassız olur. Təbii ki, hər bir şikayət, müraciət araşdırılır və əsaslı olanlar araşdırılır, monitorinqlər aparılır və buna uyğun tədbirlər görülür. Hər bir istehlakçı 963 nömrəli telefona zəng edib öz şikayətini bildirə bilər”.

Problemlə bağlı rəsmi tərəfdən fikir öyrənmək üçün Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin Qidalanma Gigiyenası bölməsinin müdiri İmran Abdullayev bildirdi ki, bütün dünyada olduğu kimi Azərbaycanda da duzun yodlaşdırılmasının qanun çərçivəsində həyata keçirildiyini bildirdi. “Duzun keyfiyyəti dedikdə, onun tərkibində olan natrium və xlor ionlarının ümumi miqdarı nə qədər çoxdursa, həmin duz keyfiyyətli sayılır. Kənar maddələrlə qatışığı yoxdursa, daha keyfiyyətli duz hesab olunur. Ekstra duzlar daha keyfiyyətli hesab olunur. Çünki onların tərkibi 99,8%-ə qədər sırf duzdan ibarət olur. Kənar qarışıqlara icazə verilmir. Birinci və ikinci növ duzlarda isə müəyyən, 2%-ə qədər kənar qarışığa təsadüf olunur. Ümumilikdə duzun tərkibində dəmirin, civənin, sinkin, misin, maqneziumun və s. birləşmiş duzlar şəklində olmasına yol verilmir. Bu qatışıqlar olan duzları istifadə etmək olmaz. Ərazisindən asılı olaraq duzun tərkibində xammal şəkilində müxtəlif maddələr ola bilər, onların da istifadəsinə icazə verilmir. Ən yaxşı duz göllərdən vakuum yolu ilə alınmış duzlar hesab olunur. Hazırda Bakıda Masazır gölü ətrafında tikilən duz zavodunda da duz vakuum yolu ilə sudan ion şəklində ayrılaraq əldə edilir. Belə duzlar təmiz duz adlanır”.

Şöbə müdiri onu da bildirdi ki, Naxçıvandan çıxan duzlar keyfiyyətcə yaxşı olsa da, onlar müxtəlif qarışıqlıdır: “Satışda olan duzun tərkibində yodun miqdarı kiloqramda 50 milliqram hesabında olmalıdır. Bir ton duza 60 qrama yaxın kalium yodu əlavə olunur. Azərbaycanda yodlaşdırılmamış duzun bazara buraxılması qəti olaraq qadağandır”.

İ. Abdullayev bu vaxta qədər saxtakarlıq səbəbindən bəzi duz istehsalçılarının fəaliyyətinin dayandırıldığını da bəyan etdi. 

Gültəkin Ələsgər

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü