Modern.az

İntiharla necə rəftar etməli?!

İntiharla necə rəftar etməli?!

23 Fevral 2021, 15:05

Üzeyir Şəfiyev,
sosioloq

           
İntihar halları əksər ölkələrdə olduğu kimi, bizim cəmiyyətdə də düşündürücü səviyyədədir.Azərbaycanda intihar halları heç vaxt oılmadığı bir dinamika üzrə start götürmüşdür. Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) son illərdə apardığı tədqiqatların nəticəsi əsasında hazırladığı məlumata görə, dünyada hər il təxminən 1 milyon insan intihar edir. Verilən son məlumata görə, hər il dünyada 60 milyon insan intihara cəhd edir və bunlardan təxminən bir milyonu öz istəyinə çatır. Proqnozlara görə, yaxın illərdə depressiya kordioloji xəstəliklərdən sonra səhhət problemləri sırasında, eləcə də, ölümlərin səbəbi kimi ikinci yerdə dayanacaq. Təsadüfi deyildir ki, Dünya Psixiatriya Assosiasiyası XXI əsri “depressiya və intiharlar əsri” adlandırıb.Hazırda ruhi xəstələri müalicə etmək üçün 5 ildən bir yeni dərman istehsal olunursa, əsəb xəstəlikləri üçün preparatların tərkibi 2 ildən bir yenilənir. Hazırda dünyada özünə qəsd hadisələrinin sayına görə postsovet ölkələri öndə gedir. Dünyada intihar edənlərin 90 faizi depressiya xəstəsidir. Depressiya xəstələrinin 15 faizi intihara cəhd nəticəsində həyatını itirir. Depressiyada olan kişilərin intihar nəticəsində həyatını itirmə nisbəti qadınlara nisbətdə daha yüksəkdir. Problemləri həll etmə bacarığının kifayətsizliyi, eləcə də stress və ümidsizlik hissləri ilə intiharın yaxın əlaqəsinin olduğu göstərilir.

           
Leqal statistik məlumatlara əsasən,2020-ci ildə respublika ərazisində 597 intihar faktı qeydə alınıb. Əgər latent suisid hallarını da nəzərə alsaq vəziyyət heç də az diqqətçəkən deyildir.Bütün ölkələrdə olduğu kimi  Azərbaycanda da intiharların gerçək vəziyyəti  kovid-19 pandemiyası ilə əlaqəli sərt karantin rejiminin tətbiqi fonunda insanlarda yaranan psixoloji gərginliklə bağlı olub, aqresiyanın introvert təzahürü kimi özünü göstərmə ehtimalı ilə izah edənlər də var.

           
Ümumiyyətlə bu arzuolunmaz hadisə nədir, onu ərsəyə gətirən səbəblər hansılardır?!

           
İntiharı patofizioloji əsasdan izah edən İ.P.Pavlov göstərir ki,intihar insanın aparıcı instinktinin-onu həyata bağlayan maraq,məqsəd instinktinin tormozlanması,sönməsi və itməsi nəticəsində yaranır.İntihar hallarının mozaik təbiətindən çıxış edərək demək olar ki,İ.P.Pavlovun gətirdiyi səbəb intiharı şərtləndirən amillərdən ancaq biri ola bilər.Həyata maraq instektinin ölməsi müəyyən mənada nəticədir.Bu nəticənin səbəbləri isə rəngarəng ola bilər.Psixoloqlar və psixiatrlar suisidi psixapatoloji amillərlə izah etməyə çalışaraq,intiharı yaradan psixi xəstəliklər sırasında depressiv,maniakal depressiv,kotar sindromu,qocalma ərəfəsi qorxu,disforiya,deliriya sendromu,katonik sindrom,hallüsinasiya sindromu,alkoqol  psixoz,hipoxondiya sindromu,epilepsiya,manamoniya,böyüklük maniyası kimi xəstəlikləri qeyd edirlər.Psixologizmdən çıxış edən tədqiqatçılar bəzən ifrata vararaq,intiharı ancaq idiotizmlə əlaqələndirirlər(Eskurel).Bu və buna bənzər baxışları fransız sosioloqu E.Dürkheym başqa bir tədqiqatçı Morselliyə istinadən, idiotizmin intihara təkcə təkan verici rolunu deyil, həm də onun qarşısını alan amil kimi qəbul edir.O, göstərir ki,dəlilik kənddə daha çoxdur, nəinki şəhərdə.Amma intihar şəhərdə daha çox yayılib.Suisidi bir sıra amillərlə,o cümlədən rituallar,mərasimlər,dinlərlə,sosial iqtisadi durum,iqlim, təhsil, məkan, sosial  və peşə mənsubiyyəti, cins, yaş, xarakterlə bağlayan tədqiqatçılar da az deyil.

           
Hind, yapon, yunan, roma, slavyan ritualları tarixinə nəzər salsaq görmək olar ki, intiharların bir qismi həmin rituallarla bağlıdır.’’Sutti’’(etibarlı qadın) adlı hind mərasiminin mahiyyətində belə bir qayda durur ki, ərini itirmiş qadın 40 gündən gec olmayaraq özünü tonqala atıb yandırır və bununlada sahibinə sədaqətini nümayiş etdirir.Əgər qadın özünü əri ilə birlikdə öldürürsə(saxa marana) bu daha yaxşı qiymətləndirir.Əgər sonradan öldürürsə(anu marana),deməli, o, bunu ətraf mühitin təsiri altında edir,yenə pis qiymətləndirilmir.          

“Dikşa” adlı digər hind dini mərasimi isə həyat əzablarından,günahlarından xilas yolunu(mokşa) özünüyandırmada görür.Bu mərasim bəzən kütləvi xarakteri ilə də diqqəti cəlb edir.Yaponiyada samuraylar və cəmiyyətin digər yüksək təbəqələri öz şərəflərinin təhqiri zamanı,busido normalarına uyğun olmayan hərəkət edərkən,feodal ölərkən xarakiri(qarnını yırtma) adlı intihara gedərək bununla da göy və insanlar qarşısında bəraət qazandıqlarına inanırdılar.Xarakiriyə səbəb olan başqa amil kimi düşmən əlinə keşməmək, rüsvay olmaqdan xilas olmağı göstərmək olar.

  
Hesab edirik ki, kamikadze (yaponca-müqəddəs külək) xarakirinin bir formasıdır. Kamikadzelər Yaponiyadan meydana gəlib.1939-1942-ci illərdə müharibə gedişində tarana gedən yapon təyyarəçiləri belə adlandırılırdı.Onların əməlləri xüsusi dini təsir,məxsusi əqidə,inamın sirayətilə reallaşır və kamikadzelər yüksək hörmət,sitayişlə əhatə olunur.Bu mükafat isə kamikadzeliyə stimulverici amil kimi çıxış edə bilər.Kamikadzeyə keçirilən dərs sayəsində onu öz hərəkətinə inam, bu yolda geriyə dönməzlik prinsipləri yaranır, bir növ öz həyatları hesabına düşməni məhv etməyi həyat kredosuna çevirir.  Göründüyü kimi, dinlər və dini mərasimlər intihara bir istiqamətli təsir etmir.

           
İntihara şərait yaradan amillərdən biri kimi iqtisadi amilləri əsas sayan suisidoloqlar da az deyil. Bəri başdan qeyd edək ki,intihar edənlərin özlərindən sonra qoyduqları məktublar və qeydlərdə bu amillər az yer tutumur. İtalyan kriminalisti Q.Polleti iqtisadi zəminli cinayətkarlıqla intihar arasında birbaşa paralel aparır.Haqlı olaraq bəzi tədqiqatçılar bu amili əvəzsiz səbəb kimi görmürlər.E.Dürkheym iqtisadi baxımdan qeyri-bərabər ölkələri müqayisə edərək oxucusunu belə bir mənzərə ilə tanış edir.İrlandiya,İspaniya iqtisadi vəziyyətinə görə Fransaya nisbətən zəifdir,ancaq suisid Fransada daha çoxdur.Yaxud Roma imperiyası öz inkişafında apogey mərhələdə olanda belə suisid orada hekatomba səviyyəsində olub.E.Dürkheym bununla da belə bir nəticəyə gəlir ki,iqtisadi böhran ona görə intihar yaratmır ki, özü ilə birgə səfalət və kasıbçılıq gətirir,ona görə ki, böhran cəmiyyətdə kollektiv birliyi, həmrəyliyi dağıdır.O, davam edərək yazır:”İnsanlar ona görə özlərini öldürmürlər ki, onların qanuni təlabatları ödənilmir, ona görə suisiddən meyllənirlər ki, insanlar öz qanuni təlabatlarının harada dayandığını bilmirlər”.

  
Suisidoloqlar,etoloqlar suisidə həssas xarakterlərin təsirindən də az bəhs etmir.E.Dükeym həkim Qrassenin tədqiqatlarından çıxış edərək belə qənaətə gəlir ki, məğrurluq, səxavət, ağıllılıq instinktlərinin daşıyıcıları intihara çox meyilli olurlar.Fikrimizcə,Dürkheymin bu mövqeyi digər xarakterlərin intihar üçün tam əlverişsizliyi deyil.L.N.Tolstoy özünün “ Sevastopol hekayələri”əsərində belə bir nəticəyə gəlir ki, ümidsizlik vəziyyətində qorxaqlar da qəhrəmana çevrilə bilər(əsərdə təsvir olunan ümidsiz qorxaq praporşikin qəhrəmana çevrilməsi bizə bu qənaəti verir).

 
İntihar,əsasən,qışa nisbətən yayda,şimala nisbətən cənubda yüksək tezliklə baş verir.Bu və ya bunabənzər mövqeləri suisiddə iqlimin, günün çağlarının təsirini əsas götürən suisidoloqlar nümayiş etdirir.İqlimin suisidə təsirini qeyd edən Monteskye hesab edir ki, soyuq iqlimli ölkələrdə intihar daha çox olur,ilin payız fəslində apogey səviyyəyə çatır.Tədqiqatçılardan Lombrazo,Ferri,Morselli Montekskyenin əksinə olaraq hesab edirlər ki, istilik insanın əsəb sisteminə həyacanlandırıcı təsir etdiyindən yayda intihar tezliyi daha çox olur.

           
Suisidoloqlar intiharın cinslə əlaqəsi qanunauyğunluqlarına diqqət yetirərək qeyd edirlər ki, psixi xəstəliklərin kişilərə nisbətən qadınlar arasında az yayılıb.Bunun bir səbəbi də qadınların nisbətən təhsilsizliyidir.Buradan da belə bir nəticəyə gəlmək olar ki, təhsillilər intihara daha çox meyil edirlər.

           
Sosiologizm mövqeyindən intihar probleminə yanaşan E.Dürkheym birmənalı olaraq intiharın səbəbini sosial aləmdə-sosial əlaqələrin qırılmasında axtarırdı.O, suisidi yaradan amilləri fərqləndirir və bu fərqlərə adekvat olaraq intiharın dörd növünü göstərir:eqoist, altruist, anomik, fatalist.Eqoist intihar ölçüsüz fərdiyyətçilik, kollektiv hissizlik, fərdin həyatda məna görməməsi hissinin formalaşması, tənhalıq, boşluq hissi zəmində yaranır.E.Dürkheymin fikrincə, bu vəziyyətin səbəbi ictimai orqanizmdəki xəstəlik və defektdir.O, digər tədqiqatçılar və statistik materialların təhlilindən çıxış edərək qeyd edir ki, dil, ailə, vətən eqoist intiharın qarşısıni almağa kömək edir.İntiharın fatalist tipi qrupun fərd üzərində ifrat primatlığı, güclü sosial nəzarəti nəticəsində yaranır.Bu nəzarət qarşısında dözə bilməyən fərd şüurlu şəkildə özünə qəsd edir.Altruist intihara məruz qalan fərd eqoist intiharla üzləşənlərdən fərqli olaraq həyatda məna görür, amma onu özündən kənarda hiss edir.Bu intihar növü fərdi mənafelərin qrup mənafeləri tərəfindən udulması zamanı özünü göstərir.

 
E.Dürkheym fikrincə, keçid dövrlərində, ağır sosial-iqtisadi böhranlar zamanı, ictimai müvazinətin itməsi, fərdin dəyişikliklərə uyğunlaşa bilməməsi zəminində intiharın anomik forması özünü təzahür edirir.O, belə hesab edir ki,anomik suisid yüksək sənayə və ticarət böhranları zamanı kütləvi xarakter ala bilər.E.Dükheym tarixə ekskurs edərək 1848-ci inqilabının Avropada, 1868-ci il ticarət inqilabının İngiltərədə intiharların yüksəkliyinə təsirini qeyd edir.Sosioloq adı çəkilən əsərində intuhar üçün səbəb olacaq və onun tezliyinə təsir edən amilləri ayırır.O, sosial mühiti, sosial əlaqələrin qırılmasını, fərdə qarşı ictimai laqeydliyi, özgələşməni intiharın əsas səbəbləri sayılırdı.İkinci dərəcəli amillər sırasına ailəni(tək adam evlilərə nisbətən çox), yaşı(yaşlı cavana nisbətən çox), məkanı(şəhər kəndə nisbətən çox) və s. amilləri aid edir. 

  
E.Dürkheymin intihara bağlı mövqeyi bir çox aspektdən maraqlıdır.Onun yanaşmasında intihar fərd-qrup, fərd-cəmiyyət, fərd-sosial mühit arası gərginlik, anlaşılmazlıqla bağlanır, bu da intiharın yaranmasında digər birtərəfli baxış bucaqlarındakı qüsurları görməyə imkan verir, suisidin köklərinə təkcə fərdin psixi anları, individin daxili təbiəti və xarakterində axtarmamağa dəvət edir.

           
Suisidin qarşısını necə almaq olar? Bu sual istər idarəetmə institutlarını istərsə də tədqiqatçıları bütün dövrlərdə düşündürmüşdür.Hələ orta əsirlərdə, intiharı qadağan edən dövlət siyasətlərinin sənədli sübutları bu günə qədər qalmaqdadır 10-cu əsrdə İngiltərə kral Eduardın verdiyi”Qanunlar” adlı fərmanda intihar oğruluq, cinayətkarlıqla bərabər tutulurdu.İntihara bu tipli münasibət Nyu-York ştatının Cinayət Məcəlləsində də mövcud olmuşdur.Bir çox ölkələrdə intihar edənin dəfni hörmətsiz şəkildə, dini mərasimlər nəzərə alınmadan keçirilir(bir qərinə qabaq ölkəmizdə də bu nəzərəçarpacaq səviyyədə müşahidə olunurdu).Bunun sətiraltı mənası intihara meyilli azaltmaqdır.Tədqiqatçılar da intiharın faizini azaltmaq üçün müxtəlif vasitələr tapmağa cəhd edirlər.Morselli insanlarda öz ideya və hisslərini koordinasiya vasitəsini inkişaf etdirməyi belə vasitələrdən biri sayırdı.İntiharın kökünü necə kəsmək olar sualına tədqiqatçı Frank belə cavab verir:bu sahədə birinci vasitə təlim-tərbiyədir.Təkcə əqli deyil, xarakteri də, təkcə ideyaları yox, inamı da tərbiyə etmək gərəkdir.E.Dürkheym intiharı aradan götürmək üçün pessimizmə qarşı mübarizəni gücləndirməyi, ictimai harmoniyanı, sosial əlaqələri təşkil etməyi təklif edir.P.Sorokin isə hesab edir ki, cəmiyyəti, onu təşkil edən insanları bir-birinə sevgi əsasında yenidən təşkil etmək mümkün olarsa intihar xeyli azalar.

   
 Suisid təkcə hadisə deyil, həm də prosesdir.Bu prosesin qarşısını almaq kompleks tənzim mexanizminin işlənib hazırlanmasını tələb edir.

           
Azərbaycanda intiharların digər  mühüm səbəb kimi  yeniyetmə və gənclərə yeni sosiallaşma agentlərinin,xüsusilə də virtual ələmin təsiridir ki, bu məqamı valideynlər və təhsil müəssisələri nəzərə almalı, təlim,tərbiyyə metodlarında yeni yanaşma, “yuimuşaq müdaxilə” texnalogiyalarından istifadə etməlidir.Məktəblərdə Təhsil nazirliyinin uğurlu ideyası olan “məktəblinin dostu” layihəsi çərçivəsində işlər dərinləşdirilməli, yaxşı olardı ki, məktəblinin dostları təhsil nazirliyinə deyil digər qurumlara tabe olsun, direktorların drijor çubuqlarından azad olsun, məktəblinin dostları sosial işçilərdən,təhsildə sosial-pedaqoji iş ixtisası məzunlarından təşkil olunsun.Onlar eyni zamanda valideyinlərlə,müəllimlərlə əlaqli fəaliyyət göstərsin.Gənclərlə bağlı dövlət və qeyri dövlət təşkilatlarının fəaliyyətində yeniyetmə və gənclərin sosial-psizoloji sağlamlıq məsələləri  prioritetlər sırasında özünə yer alsın.

           
İntihar hallarının yayılma tezliyində və statistikasında pozitiv saldoda medianın da rolu xüsusilə vurğulanmalıdır.İntihar elə bir haldır ki, o psixoloji baxımdan “epidemik” xarakterli olub, təqlid gücü ilə yayıla bilir. Təqlid nəzəriyyəsinin tərəfdarları intiharı təqlidlə birbaşa əlaqəli hadisə kimi xarakterizə edərək bildirirlər ki,tüpürmək,əsnəmək,xoreya və s. hallar təqlid qanunlarına tabe olduğu kimi,suisid də təqlid zəminində baş verir.Bu mövqenin qüsürlü cəhətlərinə münasibət bildirməzdən əvvəl,onu qeyd edek ki,təqlidin intihara təsiri şübhəsizdir.Həm də bu təsir epidemik gücü ilə seçilərək kollektiv suisid üçün şərait yarada bilər.Bu nəzəriyyənin təəssübkeşlərinin səhvlərindən biri budur ki, əvvəla, onlar bir intiharın yaradıcısı nədir-sualını hardasa cavabsız buraxıblar.Və qeyd edirlər ki, müəyyən sosial norma və qaydaları pozur,dəyərlərə hörmətsiz yanaşır və sosial nəzarət onu suisidə dəvət edir, bu dəvət təqlid gücü ilə reallaşır(intihar burada intravet formada özünü göstərir). Belə ki, hər bir insan həyatında ən azı bir dəfə intihar haqqında düşünür gerçəkliyini nəzərə alsaq mətbuatda,sosial mediada intihar xəbərlərinin gen-bol özünə yer etmələri, həm də intihar edənlərin az qala qəhrəmanlaşdırılaraq təqdim edilmələri, onların özünü öldürmə üsul və vasitələrinin həmin xəbərlərdə təqdim edilməsi yeni-yeni intihar halları üçün kislarod efekti verməsi şübhəsizdir.Əfsuslar olsun ki, bir sıra media orqanları jurnalistikanın sosial məsuliyyət daşımasını unudaraq peşə etikasına, peşə standartlarına xilaf çıxaraq  bu arzuolunmaz hadisə üzərindən sanki reytinq yarışlarına start verirlər.    Ilk növbədə kütləvi informasiya vasitələri bu hadisəyə qapalı olmalıdır.Çünki bəzi intihar halları insanların yadda qalma təlabatı ,şöhrətpərəstlik hissindən yaranır.Eyni zamanda intiharın psixoloji təsir gücü ,yayılma imkanları media vasitəsilə reallaşır .Koroğlu körpüsü,Qız qalasında və s.baş verən intiharların mediada yayıldıqdan sonra qısa zaman ardıcıllığı ilə təkrarlanması bunun bariz təsdiqi deyildimi. 

           
Başqa bir məqam bir sıra sosial institutların bu  və ya buna bənzər hadisələrə səssiz yanaşması, seyriçi qalmasıdır.Qeyd etdiyimiz kimi ,dini mərasimlərin intihara təsiri şübhəsizdir. Bu təsir birbaşa və dolayısı ilə ola bilər. Bəzi dinlər(caynizm,buddizm) özündə müəyyən pessimist baxışlar ehtiva etdiyindən kütləvi melanxoliyaya, o da son nəticədə intihara səbəb ola bilər. Ancaq istisnasız olaraq bütün dinləri intihar üçün demiurq kimi qəbul etmək olmaz. Bəzi dinlərdə intiharı yasaqlayan sərt,imperativ qaydalar mövcuddur. İslam və  xristian dinləri birmənalı olaraq intiharı düzgün olmayan hərəkət,Allahın işinə müdaxilə etmək kimi qiymətləndirir və insanları bu yoldan çəkindirir (Qurani-kərim.ən-Nisa surəsi,29-cu ayə). E.Dükheym Falret, Morselliyə istinadən qeyd edir ki,hansı dinlərdə ənənəçilik,inandırma gücü sərt qayda və normalar var,yeniliklə barışmazlığa,azad fikirliliyə meydan verilmirsə,həmin dinlərin daşıyıcıları intihara az meyilli olur. O, bu baxımdan protestantlarla katolikləri misal gətirərək bildirir ki, birincilər intihara daha çox meylli olurlar.Bu xüsusda ilk öncə cəmiyyət qarşısında sosial misiyası olan, tənzimləyici görəvə malik , sözügedən hadisənin qarşısını almaq və bununla bağlı proflaktik tədbirlər aparmaq üçün kifayət qədər zəngin resursları olan islam dini və onun ölkəmizdə fəaliyyətdə göstərən qurumları üzərinə mühüm vəzifə düşür.Əfsuslar olsun ki, nə mərasimlərdə, nə də mediada, özəlliklə də televiziyalarda biz din aydınlarını, dini qurumların səlayihətlilərini bu mövzuda fəliyyətlərini hiss etmirik.Halbuki, islam dinin yüksək mənəvi-əxlaqi dəyərləri, sosial nizam və davranış qaydaları  imkan verir ki, intihar və digər bu kimi hallarla mübarizədə müsbət nəticə əldə edilsin.Bununla yanaşı yaxşı olardı ki, intihar edənlərin islam dini qaydaları ilə  dəfnini yasaqlayan   din xadimləri tərəfindən   söylənilən moizələr yenidən aktuallaşsın.

           
İntihar edənlər arasında sağalmaz xəstələrin də xüsusi çəkisini nəzərə alaraq bu xəstələrə artıq paliativ xidmət haqqında düşünmək vaxtıdır, yaxşı olardı ki bu istiqamətdə qanunvericilik bazası təkmilləşdirilsin və paliativ yardım alacaq xəstələrlə sosial –psixoloji iş aparılsın.Bu sağalmaz xəstələrin intiharı eftanaziya üsulu kimi seçməsinin qarşısını almış olar və beləliklə bu qism suisid hallarının statistikasında enməni müşahidə edə bilərik.

           
İntihar hallarının dəqiq statistik əməliyyatlandırılması həyata keçsin,bu zaman səbəblər panaraması həmin statistik vitrində özünə yer alsın.Yeri gəlmişkən bu heç də çətin deyil statistika orqanları üçün, çünki intihar edənlərin ölüm səbəbləri ilə bağlı hüquq mühafizə orqanlarında kifayət qədər zəngin informasiya bankı vardır. Bu həm intiharın elmi tədqiqi üçün şərait yaradar, həm də hadisəyə nədən olan səbəblərlə mübarizədə effektiv  vasitədir.

           
Geçə -gündüz fəaliyyət göstərən, yadda qalan qısa nömrəli inam telefonu layihəsi sosial çarx və reklamlarla insanlara tanıdılmalıdır.

           
Ölkəmizdə  intihar halları digər ölkələrlə müqayisədə həmişə zəif olmuşdur.Danılmaz həqiqətdir ki, Azərbaycanda intihar hallarının qarşısını ancaq xalqımızın mənəvi dəyərləri hesabına alınır desək, heç də yanılmarıq.Bu dəyər sırasına dinimizdəki dəyərləri, bəzi adət-ənənələrimizi, arxetiplərimizi, xalqımıza məxsus ünsiyyətcilliyi, qohumçuluq və tayfa ən-ənələri (bir-birinə ged-gəl,ünsiyyət və s. məxsusi dəyər və xüsusiyyətləri aid etmək olar. Inanırıq ki, xalqımıza məxsus dəyərlər yenidən hərəkətə keçərək bu arzuolunmaz hadisəni tezliklə səngidəcəkdir.

Twitter
Sizə yeni tvit var
Keçid et
Ermənistanı etirazlar bürüdü - Qırıcılar havaya qaldırıldı