Modern.az

MSK-nın mətbuat katibi: “Özümü məmur kimi hiss edirəm” - MÜSAHİBƏ

MSK-nın mətbuat katibi: “Özümü məmur kimi hiss edirəm” - MÜSAHİBƏ

Ölkə

28 Avqust 2012, 11:43

Azər Sarıyev: “Məslək sirri olduğundan açıqlaya bilmərəm...”

Modern.az saytı Mərkəzi Seçki Komissiyası Katibliyinin Media və ictimai əlaqələr şöbəsinin müdiri Azər Sarıyevlə müsahibəni təqdim edir.

– Mətbuat xidmətinin rəhbəri olmamışdan öncə hansı mətbu orqanlarda çalışmışsınız?

– Əvvəlcə “Avrasiya” qəzetində tərcüməçi işləmişəm, sonra siyasət müxbiri kimi çalışmışam. Bu 1997-1998-ci illərdə olub. Sonra, 1998-1999-cu illərdə “Ekspress” qəzetində siyasət və parlament müxbiri işləmişəm. Daha sonra “Palitra” qəzetində baş redaktor olmuşam (1999-2003). “Millət”, Hürriyyət”, “Kaspi” qəzetləri, “Azadinform” İnformasiya Agentliyi ilə də əməkdaşlıq etmişəm.

– “Palitra” qəzetində işlədiyiniz bir zamanda Mərkəzi Seçki Komissiyasının mətbuat xidmətinin rəhbəri işləməyə başladınız, jurnalistikadan məmurluğa keçid qərarını necə verdiniz? Gələcəkdə dövlət qulluqçusu olmağı planlaşdırırdınız?

– Açığı, dövlət qulluqçusu olmaq, inzibati orqanlarda çalışmaq mənim üçün cəlbedici idi. Dəvət gələndə, bəzi yoldaşlarla da məsləhətləşdim, beşindən dördü “sənin yerində olsaydım, gedərdim” dedi. Belə... Hazırda dövlət qulluqçusuyam, ixtisas dərəcəm dövlət qulluğunun müşaviridir. Gələcəkdə də, əlbəttə, kim istəməz ki, irəli getsin.

– Ümumiyyətlə, fəaliyyətinizin neçə ilini jurnalist, neçə ilini dövlət qulluqçusu kimi keçirmisiniz?

– 6 il jurnalistikada (3 il reportyor, 3 il baş redaktor) işləmişəm. 9 ilidir də buradayam, Mərkəzi Seçki Komissiyasında. 2003-cü il avqustun 18-də şöbə müdirliyinə əmrim verilib.

– Jurnalist kimi fəaliyyət göstərərkən müəyyən qədər azadlıqların olur. Amma dövlət qulluqçusu olduğun zaman bəlirlənmiş çərçivəsinin içərisində fəaliyyət göstərirsən. Azadlıqdan çərçivəyə düşmək çətin olmadı ki, sizə?

– Mən buna “azadlıq” yox, “sərbəstlik” deyərdim. Qəzetdə çalışdığım zamanlarda nisbətən sərbəst idim. Lakin “tam sərbəst idim” demək də düzgün olmazdı. Həmişə özüm üçün rejim müəyyən edirəm və o rejimdən də çıxmıram. O zaman da belə idi. Bu mənada deyirəm, tam sərbəstlik yox idi. Ona görə də məmur işinə keçiddə hər hansı problemlə qarşılaşmadım. Lakin təbii ki, məmur olmanın bəlli şərtləri, qaydaları var. İntizamlı adam olduğumdan elə bir çətinlik yaşamadım. Adaptasiya olunmağımda rəhbərliyin, MSK-dakı dostların və yoldaşların, eyni zaman da jurnalist dostların da xeyli köməyi oldu.

– Müsahibə verməklə aranız necədir? Bildiyimiz qədər bir dəfə də verdiyiniz müsahibə üstündə çətin vəziyyətə düşmüşsünüz.

– Müsahibə vermək işimin bir hissəsidir. Kefim yaxşı, yaxud pis oldu, bunu etməliyəm. Amma çətin vəziyyətə düşdüyüm olmayıb. Siz yəqin ki, 2 il öncə mətbuatda gedən yanlış bir informasiyanı deyirsiniz. Yoldaşlardan birinin etdiyi zarafat heç nədən mövzu yaratmışdı. Jurnalistlərdən biri də bunu “Mərkəz” qəzetində getmiş müsahibədə zarafatla verdiyim bir cavabla əlaqələndirərək mövzunu daha da böyütmüşdü. Bütün bunlar mən xaricdə olarkən qısa bir müddət ərzində baş vermişdi. Bakıya qayıdanda artıq mövzu qapanmışdı. Mənə iş yoldaşlarım və jurnalistlər bu barədə məlumat verdilər. Mən də yazıları tapıb oxudum və güldüm.

– Necə düşünürsünüz, tanınmış jurnalist olmaq çətindir, yoxsa mətbuat xidmətinin rəhbəri?

– Rəhbər yaxşı olsa, ikisi də asandır.

– Mətbuat xidmətinin rəhbəri olduğunuz müddətdə jurnalistlərlə konfliktlər yaşamısınız?

– 9 ildir ki, bu vəzifədə çalışıram, hələ belə hal olmayıb.

– Sizi ən çox bezdirən jurnalist və mətbuat orqanı hansıdır?

– Hələ ki, belə jurnalist və mətbuat orqanı ilə rastlaşmamışam. Hətta jurnalistlər namizəd olanda belə.

– Jurnalistlərlə münasibətlərinizi necə qoruyub saxlayırsınız?

– Ən müxtəlif vasitələrdən istifadə edirəm. Məslək sirri olduğundan açıqlaya bilmərəm.  

– Bəzən jurnalistlər belə fikir səsləndirirlər ki, mətbuat xidmətlərinin rəhbərləri yaxın olarkən müəyyən problemlər də yaşanır. Belə ki, bir mövzu işləyirsən və mətbuat xidmətinin rəhbərinə zəng vurursan, o da sənlə münasibətin yaxınlığından istifadə edib deyir ki, “neynirsən bu mövzunu işləməyi, boş ver” və ya “sən Allah bu mövzuya toxunma” və s. siz bu cür situasiyalarla rastlaşmışsınız?

– Bəli, rastlaşmışam. Bir-iki nəfər mətbuat katibi dostum var ki, mənə zəng ediblər ki, eşitmişəm filan jurnalistlə dostsan, sən canın, onlara de, bu mövzunu işləməsinlər, yaxud filan yazını saytdan çıxarsınlar. Onlar da sağ olsunlar, sözümü yerə salmayıblar.

– Çox vaxt jurnalistlər mətbuat xidmətlərinin fəaliyyətindən narazılıq edirlər, yəni onlardan vaxtlı-vaxtında informasiya ala bilmədiklərini qeyd edirlər, buna sizin fikriniz necədir?

– Bu barədə jurnalist dostlarla söhbətlərim olur. Bəzi hallarda jurnalistlərə haqq verirəm. Amma bu problem tədricən öz həllini tapmaqdadır. Son vaxtlar bəzi mərkəzi icra hakimiyyəti orqanları çox yaxşı bir praktikadan bəhrələnməyi bacarıblar. Mətbuat katiblərini jurnalistlər arasından seçirlər. Bu praktika da özünü doğruldur.

Yeri gəlmişkən, hakimiyyət səviyyəsində də jurnalist-mətbuat xidməti münasibətlərinin  tənzimlənməsi sahəsində ciddi iş gedir. Bu sahəni tənzimləyən normativ aktlar qəbul edilib, sənədlər hazırlanır, bir neçə dəfə jurnalistlərlə mətbuat katiblərinin görüşləri keçirilib. Məndə olan məlumata görə bu iş davam etdiriləcək.

– Məmur kimi çalışmağın jurnalist dostlarınızla əlaqənizdə məhdudiyyətlər yaratmayıb?

– Çox yaradıb. Hətta elələri var ki, darıxıram. Amma hamısı ilə  görüşməyə imkan, vaxt  olmur.

– Məmur olduqdan sonra qazandığınız jurnalist dostlarınız çox olub yoxsa itirdiyiniz?

– Təbii ki,  qazandığım çox olub. Bəlkə də jurnalistikada qalsaydım, bu qədər jurnalist dostum-tanışım olmazdı.

– Özünüzü məmur, yoxsa jurnalist kimi hiss edirsiniz?

– Əlbəttə, məmur kimi.

– Belə hallar da olur ki, jurnalist sual hazırlayır, mətbuat xidmətinə verir. Mətbuat xidməti isə ona bir-iki saat gözləməyi tövsiyə edir. Üstündən bir az keçməmiş həmin suala cavab press-reliz formasında hazırlanıb bütün mətbu orqanlara göndərilir. Buna sizin fikriniz necədir? Bu düzgün addımdırmı? 

– Biz belə etmirik və heç vaxt da etməmişik. Başqa mətbuat katiblərinin fəaliyyətinə qiymət vermək isə mənim səlahiyyətimə aid olan məsələ deyil. Bu barədə daha çox jurnalistlər danışsa, yaxşı olar.

– Jurnalist olarkən jurnalistlərin və mətbuat xidmətlərinin fəaliyyətlərini necə qiymətləndirirdiniz?

– O zaman da, indi də eyni-normal qiymətləndirirəm. Jurnalist də, məmur da onları əhatə edən mühitin, zamanın yetirmələridir. Nəyi bacarırlarsa, onu da edirlər. Doğrudur, bəzən bacarmadıqlarını etməyə çalışırlar. Bu da təbii narazılıq yaradır.

– Mətbuat xidmətinin rəhbəri olaraq jurnalistlərin və mətbuat xidmətlərinin fəaliyyətlərini necə qiymətləndirirsiniz?  

­- Ümumilikdə, normal. Təkcə bizdə belə deyil, hər yerdə belədir: nəinki jurnalistlərin, bütün peşə sahiblərinin səviyyəsi yaşadıqları toplumun şüur səviyyəsinə uyğun olur. Doğrudur, kimsə çıxıb maarifçi, filosof donu geyinərək, ağıl öyrətməyə cəhd edir. 3-4 istisnanı çıxsaq, əksəriyyətini dərindən tanısanız, onların da yaşadıqları cəmiyyətin bir parçası olduğunu görərsiniz.  

– Keçmiş həmkarlarınızın fəaliyyətini necə qiymətləndirirsiniz?

– Sabiq jurnalist dostlardan aktiv jurnalistikada qalan azdır. Bəziləri QHT sektorunda, bəziləri dövlət qulluğunda, bəziləri də yenə jurnalistikadadır. Əksəriyyəti də çalışdıqları sahədə öz sözlərini deməyi bacarır.

– Əgər mətbuat xidmətinin rəhbəri vəzifəsindən uzaqlaşsanız, yenidən jurnalist fəaliyyətinə davam etmək istərdiniz?

– İstərdim. Amma daha çox inzibati orqanlarda çalışmağa üstünlük verirəm.

Aytən Əliyeva

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Vardanyan Bakı həbsxanasında aclığı dayandırdı