Modern.az

Ali məktəblərin mühafizəsi: “Siçan dəlikləri” hələ də qalmaqdadır - PROBLEM

Ali məktəblərin mühafizəsi: “Siçan dəlikləri” hələ də qalmaqdadır - PROBLEM

28 Avqust 2012, 12:35

ADNA-dakı məlum terror aktından sonra da universitetlərin mühafizəsində axsamalar var

Artıq yeni tədris mövsümünün başlamasına çox az zaman qalıb. Tezliklə ali məktəblərimiz öz qapılarını tələbələrin üzünə açacaq. Ancaq deyirlər ağzı süddən yanan qatığı da üfürə-üfürə içər. ADNA-dakı 30 aprel 2010-cu il hadisəsindən sonra universitet rəhbərlikləri bildirmişdi ki, ali təhsil ocaqlarının mühafizəsi daha da gücləndiriləcək, tələbələrin təhlükəsizliyi təmin olunacaqdır.

Maraqlıdır universitetlərimiz doğurdanmı tələbələrin təhlükəsizliyini 100% təmin etmək gücünə malikdir, yoxsa deyilən sözlər, verilən vədlər sadəcə quru bir sözdən ibarətdir. Modern.az-ın əməkdaşı ali məktəblərimizdə mühafizənin necə təşkil olunduğunu öyrənmək məqsədi ilə 7 universitetə kəşfiyyata gedib. Nəticəni bilmək maraqlıdır.

İlk olaraq “Sahil” metrostansiyası yaxınlığında yerləşən Azərbaycan Dövlət Pedaqoji Universitetinə baş vurduq. Bu gün ali məktəblərə qəbul olunan tələbələrin qeydiyyatı aparıldığından çoxlu sayda tələbə və valideyn institutun həyətində toplaşmışdı. Universitetin əsas giriş qapısı bağlı olduğundan tələbələr ali məktəbin həyətindəki qapıdan içəri daxil olaraq qeydiyyatdan keçirdilər. Qapıda iki mühafizəçi dayanmışdı. Biri mülki, biri isə elə mühafizəçi geyimində. Mühafizəçilər valideynlərə israrla başa salmağa çalışırdılar ki, içəri yalnız tələbələr girə bilər, valideynlər çöldə dayanıb öz övladlarını gözləməlidirlər. Amma deyəsən bu israrlı mühafizəçilər də bir işə yaramadı. Budur, artıq mühafizəçinin gözündən yayınıb içəri daxil ola bildim. Mən etdimsə, deməli, kənar şəxs də bunu ani bir fürsətdən istifadə edib asanlıqla içəri girə bilərdi.

Yolumu növbəti dəfə Azərbaycan Dövlət Neft Akademiyasının 1-ci korpusundan saldım . Burada da yeni tələbələrin qeydiyyatı keçirilirdi. Qapıda iki nəfər mülki geyimli şəxs dayanıb içəri daxil olanların  hara getdiyini yoxlayırdı. Burada kənar şəxs ürəyi istədiyi kimi keçib gedə bilməzdi. Bir “əmma” var ki, məsələn, mən də əlimdə sənədlərin içərisinə qoyulduğu qovluğu əlimə alsam, bəlkə də içəri keçmək şansım ola bilərdi. Çünki əlində qovluq tutmuş tələbənin sənədlərinə baxılırdısa, bir dəfə də qovluğuna qiyabi baxıb, hansı fakültəyə getdiyini soruşmaqla içəri buraxırdılar. Kənar şəxsin  də elə içinə elə-belə kağız qoymaqla, yalandan fakültənin adını deməklə içəri girmək şansı ola bilərdi.

ADNA-nın ikinci korpusuna isə daxil olmaq istəsəm də qapıda mülki geyimdə duran şəxs məni içəri buraxmadı.

Bakı Slavyan Universitetinin əsas korpusunda isə iki mühafizəçi olsa da, mən içəri girəndə heç kim mənə mane olmadı. Məndə sərbəst sürətdə universitetə daxil oldum, hətta mühafizəçidən digər korpusun yerini də soruşdum. Heç kim də demədi ki, kimsən və bura necə daxil olmusan...

Bakı Slavyan Universiteti ilə yanaşı yerləşən Azərbaycan Dövlət Dillər Universitetində də tələbələrin qeydiyyatı aparıldığından əsas qapıdan deyil arxa qapıdan içəri keçmək olardı. 3 nəfər mühafizəçi dəmir hasarın universitetə aid olan hissəsindən əvvəlcə tələbələrin adları yazılır sonra isə adları 10-10 çəkilərək içəri buraxılır. Bu ali məktəbə birbaşa girmək mümkün olmasa da, əlimdə bir qovluqla adımı da tələbələrdən biri kimi yazdırmaqla içəri daxil ola bilərdim.

Ölkənin bir nömrəli ali təhsil müəssisəsi olan Bakı Dövlət Universitetinin ikinci korpusuna da sərbəst şəkildə daxil ola bildim, içəridə mühafizəçi görmədim.

1-ci korpusa isə daxil olarkən mühafizəçi saxladı ki, hara gedirsən. Dedim, kitabxanaya gedirəm. “Kitabxana bağlıdır”, çölə çıxmağa məcbur oldum.

Əsas korpusdan isə elə təzəcə içəri keçmişdim ki, qarşı tərəfdən gələn mühafizəçi məni saxladı ki, bəs hara gedirsən dedim ki, mətbuat xidməti rəhbəri ilə görüşəcəyəm. Keçməyə icazə verdi. Deməli kənar  şəxsdə bu variantdan istifadə edib içəri keçə bilərdi.

Bakı Dövlət Universitetinin arxasında yerləşən Memarlıq və İnşaat Universitetində də universitetə yeni daxil olmuş tələbələrin qeydiyyatı aparılırdı. Qapıda iki mühafizəçi ayaq üstə dayanmışdı və buda mənim içəri keçmək şansımı əlimdən alırdı.

Azərbaycan Texniki Universitetinin həyətinə sərbəst şəkildə daxil ola bildim. Ali məktəbin həyəti tələbə və valideynlərlə dolu idi. İçəridə  sıra ilə düzülmüş tələbələrin qeydiyyatı aparılırdı. Mühafizəçi isə universitetin içərisində tələbələrə nəzarət edirdi. Ona görə də içəri daxil olmağa çox da ürək etmədim.

Bax beləcə havanın istiliyi və vaxtımın azlığı imkan vermədi ki, digər ali təhsil müəssisələrinə də baş çəkim. Amma görünən bir şey var ki, ağzımız süddən yansa da yenə də qatığı üfürə-üfürə içmirik.

Şahanə Rəhimli

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!