Modern.az

Prezident və birinci xanımın Qarabağ səfəri

Prezident və birinci xanımın Qarabağ səfəri

24 Fevral 2021, 16:15

Məlum olduğu kimi fevral ayının 14-də azərbaycan respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Füzuli, Zəngilan, Laçın və Cəbrayıl rayonlarına səfər etmişlər. Möhtərəm prezident bildirmişdir ki, işğal altında saxlandığı vaxtlar Azərbaycan kəndləri ermənilər tərəfindən qanunsuz məskunlaşdırılsa da, onlar üçün yaradılan şərait it damından fərqli olmamışdır. Xaricdə yaşayan erməni diasporundan, müxtəlif fondlardan alınan yardımlar qondarma rejimin rəhbərliyi tərəfindən mənimsənilmiş, müxtəlif vədlərlə orada məskunalşdırılmış ermənilər səfalətə məhkum edilmişlər.

 

Yollar, infrastruktur yalnız İkinci Qarabağ müharibəsində ordumuzun şanlı qələbəsindən sonra bərpa olunmağa başlamışdır. Prezidentin göstərişi ilə azad olunmuş bütün şəhərlərin baş planları hazırlanır. Erməni işğalından azad olunmuş ərazilərdə dövlətimizin başçısının birbaşa təşəbbüsü və tapşırıqları ilə “ağıllı şəhər” və “ağıllı kənd” konsepsiyalarının reallaşdırılması nəzərdə tutulur. 

 

Pandemiya şəraitində dünya iqtisadiyyatında böyük problemlərin yarandığı bir dövrdə Azərbaycan Prezidentinin təşəbbüsü dövlətimizin güc və qüdrətini nümayiş etdirir.

 

İlk “ağıllı kənd” layihəsi Zəngilan rayonunun Ağalı kəndində icra edilir. Kənddə layihənin icrası əsasən 5 komponent üzrə aparılacaq. Onlar yaşayış, istehsal, sosial xidmətlər, “ağıllı kənd təsərrüfatı”, alternativ enerji sahələridir.

 

Laçın rayonu işğaldan azad olunandan iki ay keçməmiş Güləbird kəndində  su elektrik stansiyası inşa edilib. Həyata keçirilən tədbirlərin məqsədi azad olunmuş torpaqları tezliklə bərpa ediləcək insanların öz doğma yurd-yuvalarına qısa müddətə qayıdışı təmin olunacaq. Prezident İlham Əliyev demişdir: “Şuşa şəhərini elektrik enerjisi ilə təchiz etmək üçün əməli addımlara start verilib və birinci mərhələ başa çatıb”.

 

Minalardan təmizləmə işləri qısa müddət ərzində başa çatdırılacaq, dəymiş ziyan qiymətləndiriləcək. Artıq infrastruktur layihələrinə start verilib. Azad edilmiş torpaqlarda bitkiçilik, meyvəçilik, heyvandarlıq sürətlə inkişaf edəcək. Bu günə qədər suvarılmayan 100 min hektar torpaq sahələrinə su veriləcək ki. Bu da bir neçə rayonun kənd təsərrüfatı sahəsi daha sürətlə inkişaf etməsinə və  məhsuldarlığın artmasına səbəb olacaqdır. Qısa müddət ərzində bütün imkanlar, texnika, işçi qüvvəsi səfərbər edilib və 7 min hektarda əkin işləri aparılıb.  Azad edilmiş torpaqların kənd təsərrüfatı potensialı çox böyükdür.

 

Ermənistan kapitulyasiyadan sonra 20 gün ərzində - dekabrın 1-nə qədər demək olar ki, bütün bu su elektrik stansiyalarını - Laçın rayonu ərazisində 5, Kəlbəcər rayonu ərazisində  12  su elektrik stansiyasını dağıdıb,  avadanlığı çıxarıb, stansiyaların binalarını da dağıdıb.   

 

Prezident İlham Əliyev bildirmişdir ki, işğalçı rejim Azərbaycana qarşı ekoloji terror törətmişdir. Mənfur düşmən işğal dövründə Tərtərçayın da suyunun qabağını kəsmişdir və bir neçə rayonumuzda yüz min hektardan çox torpaq susuz qalmışdır.

 

Erməni vandalizmi nəticəsində ekoloji terrora məruz qalmış, 1974-cü ildə Ulu Öndər Heydər Əliyevin tapşırığı ilə yaradılmış Bəsitçay qoruğunun bərpasına start verilmişdir. Qoruqda 100 hektardan çox sahədə nadir çinar ağacları dövlət tərəfindən qorunurdu. İşğaldan sonra mənfur düşmən çinarların böyük hissəsini kəsib, doğrayıb, talayıb və yandırıb.Kəsilmiş ağacların yaşı təqribən 200-300 ilə bərabər idi.

 

Prezidentin göstərişilə  azad edilmiş bütün torpaqlarda bərpaolunan enerji növləri və yerləri müəyyənləşdirilir. Prezident İlham Əliyev çıxışlarında azad olunmuş ərazilərin “yaşıl enerji” zonasına çevriləcəyini dəfələrlə bildirib. Azad edilmiş bütün torpaqlarda su, günəş, külək enerjisindən istifadə olunacaq. “Yaşıl enerji”nin inkişafı investiya cəlbinin əsas istiqamətlərindən biridir. Kəlbəcər və Laçın rayonlarında külək enerjisinin, Zəngilan, Cəbrayıl rayonlarında daha çox günəş enerjisinin böyük potensialı var.

 

Prezident İlham Əliyevin təməlini qoyduğu, uzunluğu 100 kilometr olan Horadiz-Ağbənd dəmir yolu xəttinin strateji əhəmiyyəti olduqca böyükdür. Bu nəqliyyat infrastrukturu vətəndaşlarımızın azad olunmuş torpaqlara gediş-gəlişini asanlaşdıracaq, Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında birbaşa dəmir yolu nəqliyyat əlaqəsinin yaranmasına böyük töhfə verəcək.

 

Bu gün də Ermənistanda revanşist qüvvələr baş qaldırmağa, Azərbaycanı növbəti təxribatlarla, növbəti müharibə ilə hədələməyə çalışırlar. Bununla əlaqədar olaraq Prezident İlham Əliyevdemişdir:

 

“ Biz hər şeyə  nəzarət edirik və heç vaxt imkan verə bilmərik ki, erməni faşizmi bir daha başını qaldırsın. Biz erməni faşizmini məhv etmişik. Düşməni öz doğma torpaqlarımızdan qovmuşuq. Ermənistan ordusu demək olar ki, məhv edilib. Həm texnika dağılıb, həm canlı qüvvə dağılıb. Müharibə zamanı düşmən ordusunun 10 min fərarisi olubdur. Azərbaycan Ordusunda bir nəfər də fərari olmayıbdır. Bu, xalqımızın, Ordumuzun yüksək mənəvi ruhunun təzahürüdür. Biz döyüş meydanında Qələbə qazandıq, torpaqları vuruşaraq işğalçılardan azad etdik”.

 

Ermənistan noyabrın 10-da kapitulyasiya aktına imza atmağa və Laçın, Kəlbəcər, Ağdam rayonlarını  qaytarmağa məcbur olmuşdur. Ermənistanın və onun bəzi xarici havadarları yalnız beş rayonu Azərbaycana qaytarmaq, Dağlıq Qarabağa nə vaxtsa müstəqillik verilməsini, Kəlbəcər və Laçın rayonlarını Ermənistanın əbədi nəzarəti altında qalmasını istəyirdilər. Azərbaycan Prezidenti milli maraqla zidd olduğu üçün bu təklifləri rədd etmiş, Vətən müharibəsi modelini seçmiş, ölkəmizi addım- addım qələbəyə hazırlamış və “dəmir yumruq əməliyyatı” ilə düşmənə sarsıdıcı zərbə vurmuşdur.

 

Laçın rayonunun işğal altına düşməsi faktiki olaraq Ermənistanla Dağlıq Qarabağ arasında coğrafi bağlantı yaratmışdır.  1992-ci il mayın 8-də Şuşanın işğalından 10 gün keçəndən sonra Laçın rayonu işğal altına düşdü. Bu, strateji nöqteyi-nəzərdən çox böyük məğlubiyyət idi.

 

Prezident İlham Əliyev öz çıxışında demişdir ki, “Laçın rayonunu və Şuşanı satanlar eyni adamlardır. AXC-Müsavat mənfur cütlüyü hakimiyyətə gəlmək üçün bu torpaqları düşmənə satıb, bu xəyanəti edib, bu cinayəti törədib. AXC-nin nəzarəti altında qüvvələr olsa da, Şuşanı boşaltmışdılar. Şuşa ermənilər oraya girəndə, faktiki olaraq, boş idi, müdafiə olunmurdu. Sonra Laçın rayonunu da satmış, ondan sonra heç bir ay keçməmiş hakimiyyətə gəlmişdilər. Azərbaycan xalqı bu tarixi, bu satqınları, bu xainləri, bu düşmənləri unutmamalıdır! AXC-Müsavat cütlüyünün satdığı torpaqları biz döyüşürək azad etmişik. Torpaqları düşməndən azad edən Müzəffər Ordunun Ali Baş Komandanı kimi Azərbaycan bayrağını qaldırmışam və bu bayrağın altında Azərbaycan xalqına doğma Laçın diyarından müraciət edirəm. Bizim Qələbəmiz tarixi Qələbədir. Biz tarixi ədaləti bərpa etdik. Biz öz haqlarımızı bərpa etdik, biz şəhidlərimizin qanını aldıq, biz düşməndən qisas aldıq və qayıtmışıq. Heç kim bizi bundan sonra bu torpaqlardan tərpədə bilməz. Qarabağ bizimdir! Qarabağ Azərbaycandır!”

 

Qurban Osmanov

Azərbaycan Respublikası Vətən Müharibəsi Veteranlar Birliyinin Nərimanov rayon şöbəsinin sədri 

 

Whatsapp
Bizə yazın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir