Modern.az

Media sahəsində zəruri islahatlar-hardan başlamalı? 

Media sahəsində zəruri islahatlar-hardan başlamalı? 

24 Fevral 2021, 17:29

Elman Babayev


Azərbaycanda medianın durumunun ürəkaçan olmaması sirr deyil. Bunu cəmiyyət, hətta media mənsubları özü açıq şəkildə etiraf edir. Müxtəlif səbəb və arqumentlər mövcuddur: kimi bunu mediada illərdir hökm sürmüş fəaliyyət prinsiplərinin artıq özünü doğrultmaması, bir başqası reklam bazarının olmaması və digər rəylərlə əsaslandırır. Son illər bu istiqamətdə müzakirələr daha da intensivləşib və gəlinən ümumi rəy budur ki, media sahəsində islahatlar labüddür. Hamı dərk edir ki, Azərbaycan mediasının xaotik vəziyyətdən strateji inkişaf yoluna qədəm qoyması üçün bu sahədə düşünülmüş, dərin islahatların aparılmasına ciddi zərurət var!

 

Hakimiyyətin media sahəsində islahatlarda maraqlı olması göz önündədir və bu olduqca sevindirici haldır. İstəklə yanaşı, son vaxtlar verilən qərarlar islahatların ilkin mərhələsinin başladığını əyani şəkildə isbat edir. Ümidləri doğrultmayan KİVDF ləğv edilib, yeni Medianın İnkişafı Agentliyi yaradılıb. Agentliyin qarşısında konkret yeni vəzifələr qoyulub. Hazırda medianın fəaliyyətini tənzimləyən yeni qanun üzərində iş aparılır. Beləliklə, davamlı və sistemli prosesin astanasındayıq və hamıda belə bir fikir hakimdir ki, bu addımlar pozitiv nəticələrə gətirib çıxaracaq.

 

Əsas gözləntilərin nə olması sualına gəldikdə isə, bir neçə məqamın üzərində xüsusi dayanmaq vacibdir. Bu, o məqamlardır ki, medianın inkişafının qarşısında məhək daşına çevrilib.

 

İlk növbədə, medianın fəaliyyəti şəffaflaşdırılmalı, azad rəqabət mühiti və reklam bazarının inkişafı üçün addımlar atılmalıdır. Media quruluşlarının reklam bazarına çıxışı üçün işlər görülməsə, onların öz imkanları hesabına ayaqda durmasına nail olunmasa süni yollarla verilən nəfəs əvvəlki kimi arzuolunan nəticəni ortaya qoymayacaq.

Zamanı çoxdan yetişib ki, müasir, qabaqcıl fəaliyyət prinsiplərinə söykənən, güclü, ən əsası siyasiləşməmiş media subyektləri yaransın. Bunun əksi “hər şeyi bir rəngdə görən”, qeyri-peşəkar, qərəzli medianın meydan sulamasına şərait yaradacaq.

 

Media subyektlərinin vahid uçot-qeydiyyat sisteminin tətbiqi də öz həllini tapmalıdır. Bu, nə deməkdir? O deməkdir ki, Azərbaycanda peşəkar media ilə məşğul olan imzaların adı, soyadı və təmsil etdiyi media qurumunun adı vahid sistemə düşür. Burada həm jurnalistin, həm media təşkilatının nüfuzundan söhbət gedir, həm də bu, uçot-qeydiyyat sistemi dövlət qurumları, bütün qeyri-dövlət təşkilatlarına media olaraq kiminlə çalışdıqlarına aydınlıq gətirir. Məsələn, hansısa jurnalist hansısa dövlət qurumunda keçirilən tədbirə gəlir, onun kimliyi, hansı media təşkilatını təmsil etməsi suallar yaratmır,  vahid uçot- qeydiyyat sistemində həmin adı görə bilir. Burada çəkinməli nə ola bilər ? Əslində bütün peşəkarlara da bu lazımdır-onun nüfuzu tanınsın, ona informasiya almaqda, tədbirlərə qatılmaqda bütün imkanlar yaradılsın. Prinsipcə bütün nüfuzlu media orqanları və jurnalistlər bu təklifi iki əlli alqışlamalıdır. Çünki həmin sistemə düşmək özü medea qurumları arasında bir iş və nüfuz rəqabəti yaradacaq. Beləliklə, kim meydanda yaxşı bir media nümunəsi kimi qala biləcəksə, qalacaq, qala bilməyəcəksə, sıradan çıxacaq.

                

Mediada islahatlardan bəhs edilərkən son günlər müzakirə predmetinə çevrilən məsələlərdən biri də jurnalistlərə vahid vəsiqələrin verilməsidir. Nədənsə bu məsələ ilə bağlı xoş olmayan fikirlər dövriyyəyə buraxılır və bunun guya hansısa mənfi cəhətlərindən bəhs olunur. Hansı ki, bu, yalnız və yalnız jurnalistlərin fəaliyyətinə əlavə üstünlüklər qazandıra bilər. Məsələn, qardaş Türkiyədə jurnalistlərə vahid vəsiqələr (basın kartı) verilir və bu vəsiqə olduqca böyük imtiyazların əldə edilməsinə imkan yaradılır. Türkiyədən olan həmkarlarımızla bir çoxumuzun əlaqəsi olub, var. Və onlarda tətbiq olunan vahid kartların ancaq üstünlüklərindən bəhs ediblər. Belə ki, bu vəsiqə

 

  • - dövlət tərəfindən tanınmış jurnalist olmaq;
  • - ictimai nəqliyyatdan ödənişsiz istifadə etmək;
  • - muzeylərə, qalereyalara və mədəni-ictimai tədbirlərin həyata keçirildiyi obyektlərə müvafiq qaydada ödənişsiz daxil olmaq;
  • - əhəmiyyətli tədbirlərə dair kütləvi informasiyanın axtarılması, əldə olunması,
    ötürülməsi, istehsalı və yayımı məqsədilə həmin hadisələrin baş verdiyi məkanlara daxil olmaq;
  • - dövlət orqanlarının (qurumlarının) rəsmi məlumatlarını birbaşa əldə edə bilmək;
  • - beynəlxalq xəbərləri daha rahat əldə etmək imkanı qazanmaq;
  • - rəsmi tədbirlərin həyata keçirilməsi zamanı peşə fəaliyyəti ilə əlaqədar üstünlüklərdən yararlanmaq kimi imtiyazlar qazandırır.

 

İndi sual olunur: belə bir vahid vəsiqənin tətbiqinin jurnalistlərə nə ziyanı var? Burada hansı formada fəaliyyət məhdudlaşdırılır? Əksinə, Azərbaycanda da belə bir təcrübənin tətbiqi ancaq və ancaq jurnalistlərin daha da uğurlu fəaliyyətinə əlavə töhfə verə bilər. Qeyd olunan analoji imtiyazlarla yanaşı, vahid jurnalist vəsiqəsi əldə etmiş jurnalistlərin peşəkarlığını artırmaq üçün müxtəlif inkişaf layihələrinə cəlb edilməsinə dəstəyin verilməsi asanlaşacaq. Xüsusilə, onların sosial müdafiəsinə yönəlmiş tədbirlərin həyata keçirilməsi reallaşacaq.

Bundan başqa, vahid jurnalist vəsiqəsi heç kimə zorla verilməyəcək və ya bu o demək deyil ki, kiminsə belə bir vəsiqəsi yoxdursa o jurnalistlik fəaliyyəti ilə məşğul ola bilməyəcək. Media Reyestri tərtib oluna və vahid jurnalist kartlarının verilməsi məcburi qaydada deyil, könüllülük prinsipi əsasında təşkil oluna bilər. Ümumi yanaşma çox güman ki, məhz belə bir qaydanın tətbiq olunacağını ehtimal etməyə əsas verir.

 

Qaçılması mümkün olmayan reallıq budur ki, media sahəsində islahatlar geçikdirilmədən həyata vəsiqə qazanmalıdır. Bu işdə kimsə yaxasını kənara çəkib, ümumi işə zərər vura bilən açıqlamalardan qaçmalıdır. İslahatların başlandığı, yeni qanunun hazırlandığı elan olunub. Və mümkün deyil ki, kiminsə hansısa səmərəli təklifi olsun, media sahəsinə məsul şəxslər, yeni yaranan Agentliyin rəhbərliyi onu dinləməsin, qəbul etməsin. Media sahəsinin inkişafının, ümumilikdə cəmiyyətin inkişafına töhfə verəcəyini nəzərə alsaq, bu, əslində hamımızın problemidir. Əsasən də media mənsublarının. Yaranan çətinlikləri birgə aşmaq üçün kənarda durmağa, səslənən hər hansı təklifi süngü ilə qarşılamağa ehtiyac yoxdur. Bu sahənin biliciləri, səmərəli təklifi olanlar problemləri birgə müzakirə və həll etməyə daha maraqlı olmalıdırlar.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?