Modern.az

Məkrli PLAN

Məkrli PLAN

25 Fevral 2021, 14:42

əvvəli burada

 

“Daşnaksütyun” partiyası Zaqafqaziyada öz dövlətlərini qurmağın qeyri-mümkün olduğunu görüb əsas diqqəti yenidən Osmanlı dövlətinə yönəltdi. Bu partiya manevr edərək 1910-cu ildə “ermənilərin Rusiyada muxtariyyəti” ideyasını öz proqramından çıxararaq bunun gələcəyin işi olduğunu bildirmək məcburiyyətində qaldı.

İtaliya – Osmanlı (1911 – 1912), Balkan müharibələri (1912 – 1913) və I Dünya müharibəsi hər iki tərəfin (Rus və erməni) maraq konturlarını yaxınlaşdıra bildi. Rusiya hakim dairələri Balkanlarda və Şərqdə möhkəmlənmək və üstünlüyü ələ almaq üçün “erməni məsələsi”ndən istifadə edərək ermənilərə Türkiyə torpaqlarında “Türkiyə Ermənistanı” yaratmağı vəd etdi. “Daşnaksütyun” partiyasının göstərişi ilə daşnak Y.Zavriyev 1912-ci ilin sonlarında Romanovlar Rusiyasının Osmanlı imperiyasındakı səfiri M.N.Girslə görüşü zamanı “ermənilərin taleyinin Rusiyanın əlində olduğunu” bildirdi. Öz növbəsində, Rusiya diplomatı Y.Zavriyevə Avropanı “Osmanlı ermənilərinin inqilabçı deyil, türk özbaşınalığının qurbanları olduğunu” inandırmaq üçün ehtiyatlı davranmalarını məsləhət gördü.

 

Maraqlar toqquşur

Erməni-qriqorian kilsəsi də “Daşnaksütyun” partiyası kimi “erməni məsələsi”nin həllində Rusiya amilini nəzərə alır, ona böyük ümid bəsləyirdi. Artıq 1912-ci ilin noyabrında erməni-qriqorian kilsəsinin katolikosu V Gevork Osmanlı təbəələri olan ermənilərə himayədarlıq və durumlarının yüngülləşdirilməsinə kömək etmələri haqda Rusiya imperiyasına müraciət etdi. Həmin ilin dekabrında bu məqsədlə erməni-qriqorian kilsəsinin katolikosu V Gevorkun xeyir-duası ilə erməni nümayəndəliyi Qafqaz canişini İ.İ.Vorontsov-Daşkov və Rusiyanın Fransadakı səfiri A.P.İzvolskiyə müraciət edərək “erməni məsələsi”nin beynəlxalq diplomatiyanın gündəliyinə salınması zamanının yetişdiyini öyrənmək istədiyini bildirdi. Buna paralel olaraq erməni liderləri məqsədlərinə çatmaq üçün Qərb ölkələrində də geniş təbliğat işləri aparırdılar. Onların fəallığı isə öz bəhrəsini verirdi. Hətta iş o yerə gəlib çatdı ki, “Antanta” dövlətləri 1914-cü il yanvarın 26-da Osmanlı imperiyasının şərq vilayətlərində islahat keçirmək barədə razılığa gəldilər. Onlar yaxşı dərk edirdilər ki, həm Cənubi Qafqaz, həm də Osmanlı dövləti ərazisində yaşayan ermənilərdən müəyyən şərtlərlə istifadə edə bilərlər.

“Antanta” dövlətləri ermənilərdən iki istiqamətdə istifadə etmək niyyətində idi:

birincisi, Osmanlı ərazisində yaşayan ermənilərə azadlıq və muxtariyyət vəd etməklə onları Osmanlıya qarşı qaldırmaq;

ikincisi, Rusiya ermənilərindən rus Qafqaz ordusunda istifadə etməklə Osmanlıdakı yeddi vilayətə və Kilikiyaya muxtariyyət vermək.

Bununla bağlı İstanbuldakı Rusiya səfirliyinin müşaviri Qulkeviç I Dünya müharibəsinin başlanğıcında bəyan etdi ki, rus hökumətinin əsas məqsədlərindən biri erməniləri zülmdən xilas etmək və onlara muxtariyyət verməkdir.

Qarşı tərəf də, xüsusən Osmanlı dövlətinin müttəfiqi Almaniya da ermənipərəst mövqe nümayiş etdirirdi. Almaniyanın layihəsinə görə, Osmanlı dövləti ərazisində yaşayan ermənilərin vəziyyətini yaxşılaşdırmaq üçün islahatlar və digər tədbirlər, o cümlədən Rusiya erməniləri üçün muxtariyyət nəzərdə tutulurdu. Almaniyanın vədində muxtariyyətin Rusiya ərazisində yaradılması təklif olunurdu. Hər iki tərəfin vədi şirnikləndirici idi. Bu addımlar erməni əhalisi arasında ikitirəlik yaratmışdı. Belə şəraitdə “Daşnaksütyun” partiyası, erməni liderləri “dilemma” qarşısında qalmışdı. Onlar bu yollardan hər hansı birini seçməkdə çətinlik çəkirdi.  Nə etməli? “Antanta” blokuna, yoxsa Almaniya – Osmanlı ittifaqına daxil olmaq?

Bir sözlə, “Antanta” ilə “Dördlər İttifaqı” arasında erməniləri öz tərəflərinə çəkmək uğrunda mübarizə gedirdi. Bəs Osmanlı dövləti belə bir şəraitdə necə hərəkət etdi? Osmanlı dövləti erməni məsələsinə aydınlıq gətirmək üçün Ərzurum və yaxud Vanda seym çağırılması haqqında manifest imzaldı. Osmanlı dövlətinin 3-cü ordusuna rəhbərlik edən Ənvər paşa Ərzurumda erməni liderləri ilə görüşündə yəqin etdi ki, ermənilər müharibə başlanacağı təqdirdə Osmanlı dövlətini müdafiə etməyəcəklər.

 

II Nikolayın bu qərəzli və təhrikedici çıxışı

 

Osmanlı dövləti Türkiyə Balkan və Trablis müharibələrində xeyli itki vermişdi, üstəlik, yeni dünya müharibəsinin alovları yaxınlaşmaqda idi. Vəziyyətin belə ağır və mürəkkəb olmasına baxmayaraq, Osmanlı dövləti qəti addım atdı və erməni vilayətlərində islahatların keçirilməsindən imtina etdi. Bu vilayətlərin heç birində ermənilər çoxluq təşkil etmirdilər.

Ermənilər isə sonunda kimin tərəfində vuruşacaqlarını seçdilər. Daşnaklar bu məsələdə Antanta blokuna meylli olmağa üstünlük verdilər. Bu qərarın verilməsində Rusiya çarı II Nikolayın çıxışı da önəmli rol oynadı. Birinci Dünya müharibəsi ərəfəsində II Nikolayın Qafqaza gəlişi və ermənilərə osmanlılara qarşı əməkdaşlıq təklif etməsi məsələni daha da ciddiləşdirdi.

Çar Tiflisdəki nitqini: “Qoy, rus bayrağı altında üzən gəmilər Bosfor və Dardanel boğazlarında sərbəst hərəkət etsin. Qoy, erməni xalqı Rusiyanın köməyi ilə Osmanlı ərazisində öz müstəqil dövlətini qura bilsin!” kəlmələri ilə bitirdi.

Beləliklə, II Nikolayın bu qərəzli və təhrikedici çıxışı ermənilərin Rusiya tərəfindən Osmanlı dövlətinə qarşı müharibədə iştirakını təmin etdi.


Türk torpaqlarının işğalına və əhalisinin məhv edilməsinə hazırlaşan erməni ideoloqları erməni kilsəsindən xeyir-dua da aldılar.

Həmin dövrdə ermənilər bir tərəfdən də silahlanmaqda davam edirdilər. Belə ki, Don vilayətinin Jandarm İdarəsinin rəisi, Tiflis Quberniyası Jandarm İdarəsinin rəisi polkovnik Pastrülinə göndərdiyi 1914-cü il 28 mart tarixli hesabatında bildirirdi ki, “Daşnaksütyun” partiyasının Tiflis komitəsinin göstərişi ilə Şərqi Anadoluda qiyama hazırlaşan Osmanlı erməniləri üçün silah alınır və polkovnik Pastrülinin fikrincə, bu hazırlıqları görən ermənilər ümid edirdi ki, “erməni iğtişaşları Rusiyanın diqqətini cəlb edəcəkdir”.

Əslində, ermənilərin fəallığı Rusiyanın diqqətini çəkirdi. Çünki Rusiyanın siyasi-hərbi elitası, yuxarda qeyd etdiyim kimi, Osmanlı ilə müharibədə Osmanlı imperiyasındakı ermənilərin silahlı qüvvələrindən, yəni “arxadanzərbə” taktikasından istifadədə maraqlı idi. I Dünya müharibəsi onların istəklərinin reallaşması üçün şərait yaratdı və ermənilərin “Böyük Ermənistan” dövləti yaratmaq arzusunu yenidən alovlandırdı. 


Hər cür yola baş vurdular
 


Osmanlı Dövləti məğlub olduğu halda onun şərq vilayətlərinin əraziləri hesabına bu dövlətin qurulması daha asan başa gələ bilərdi. Bu məqsədə çatmaq üçün ermənilər hər cür yola baş vurdular.

Rusiyanın təhriki ilə Osmanlı torpaqlarında bir-birinin ardınca üsyanlar baş verdi. Erməni silahlıları soyqırım siyasətini tətbiq etməklə həmin ərazilərdən müsəlman əhalisinin təmizlənməsi, boşaldılması və sonra bu ərazilərin özlərinin yaşadıqları torpaqlara birləşdirilməsi məqsədi güdürdülər. Bu, Borçalı üçün də nəzərdə tutulurdu.

Hadisələrin bu fonunda ermənilər Zaqafqaziyada da sakit durmurdular. Onlar bu ərazidə dövlət qurmağın mümkün olmadığını görüb nəyin bahasına olursa-olsun regionda hər hansı bir erməni ərazi inzibati vahidinə malik olmaq istəyirdilər.

Şahbaz Şamıoğlu “Borçalıda etnik proseslər və millətlərarası münasibətlər” kitabında yazır:

 “Ermənilər bu iddianı həyata keçirməyi Borçalı və Axalkələk qəzalarından başladılar; belə ki, hər iki qəzanın Tiflis quberniyasından ayrılması və ərazilərin Gümrü quberniyasına birləşdirilməsi nəzərdə tutulurdu. Bununla da geniş erməni ərazi vahidi əldə olunurdu”.

 

Qafqaz canişini Vorontsov-Daşkov, əslində erməni daşnaklarının cızdığı bu planın həyata keçirilməsinə tərəfdar idi. Onun arvadına ermənilər bahalı hədiyyələr verirdilər. Canişinin ən yaxın məsləhətçisi milliyyətcə erməni olan A.İ.Xatisov idi. Onun atası İvan Stepanoviç Xatisov ermənilərin Borçalıya, Cavaxetiyə və Qara dəniz sahillərinə kütləvi köçürülməsinin təşkilində əsas rol oynamışdı.

1913-cü ildə Canişinlik Şurası Qafqazda mövcud quberniya sərhədlərində dəyişiklik layihəsini hazırladı. Bu layihədə etnik prinsiplər doğrultusunda Borçalı qəzasının böyük hissəsinin İrəvan quberniyasına, qəzanın quzey-gündoğar hissəsinin Yelizavetpol (Gəncə) quberniyasına birləşdirilməsi nəzərdə tutulurdu. Ermənilərin planında İrəvan quberniyası gələcəkdə yaradılacaq erməni dövlətinin bünövrəsini, təməlini təşkil edəcəkdi. Amma onların istəyi baş tutmadı.

Bu barədə Şurəddin Məmmədli arxiv sənədlərinə əsaslanaraq “Paralanmış Borçalı” kitabında yazır:

“Noyabrın 6-da və dekabrın 18-də 5 nəfər azərbaycanlı, 5 nəfər erməni, 2 nəfər gürcü, 1 nəfər rus, 1 nəfər almandan ibarət xüsusi komissiya qəzanın gündoğardan və güneydən dağlarla əhatə olunduğunu, Gümrüyə gedən hər iki araba yolunun (Bozabdal və Güllübulaq yollarının) qışda bağlandığını genəlliklə bu səmtin iqtisadi baxımdan Tiflislə ilişkidə olduğunu, yəni coğrafi ortamı və əhalinin yaşam mənafelərini rəhbər tutaraq “Borçalı qəzasını Tiflis quberniyasının tərkibindən ayırmağın arzuedilməzliyinə” yekdillikə tərəfdar çıxdı”.

Komissiyanın qərarı və məsələ ilə bağlı tərtib edilmiş arayış baxılmaq üçün Tiflis Quberniya Surasına təqdim edildi. 1914-cü ilinin yanvarın 24-də Tiflis Quberniya Şurası bu qərarı təsdiq etdi. Sərhədlərin dəyişdirilməsi planı baş tutmadı. Amma ermənilər və onların havadarları bu ideyadan imtina etmək niyyətində deyildi. Və erməni siyasətçilərin fəaliyyətində ən aktual gündəlik məsələ kimi qalırdı. Onlar yaranan hər imkandan məqsədlərini həyata keçirmək üçün istifadə edirdilər. Təsadüfi deyil ki, ermənilər 1917-ci ildə yenidən Gümrü quberniyası yaradılması məsələsini ortaya atdılar. Bu dəfə Qafqazda zemstvo (yerli) idarəetmə üsulunun tətbiqiylə bağlı yenidən sərhəd bölgüsü məsələsi qaldırıldı.

Ermənilər Borçalının Lori nahiyəsi və başqa ərazilər hesabına Gümrü (Aleksandropol) quberniyası yaratmaq eşqinə düşdülər. Həmin il Borçalı qəza komissarı Əbdürrəhim bəy Haqverdiyevin rəhbərliyi ilə Lori nahiyəsinin bütün icmalarının təmsilçilərinin qurultayı çağırıldı və qurultayda Cəlaloğlu kəndinin təmsilçisi V.Saakovdan başqa qalan hamı bir nəfər kimi ermənilərin bu tələbini rədd etdi. Qərarda deyilirdi: “Tiflis quberniyası hüdudlarından heç vəchlə ayrılmamalı və yeni yaradılan Aleksandropol quberniyasına birləşməməli”.

Noyabrın 10-da Tiflisdəki əlahiddə müşavirədə də Borçalını parçalamaq bəndi əleyhinə qətnamə qəbul edildi.

Pünhan Əfəndiyev

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Erməni hərbçi heç bir səbəb olmadan mövqeyimizə atəş açır