Modern.az

Qarabağ qaytarılacaq

Qarabağ qaytarılacaq

29 Avqust 2012, 14:39

Sahib Alıyev
Millət vəkili

Məndən işğal altındakı torpaqlarımızın haçan qaytarılacağı soruşulanda, geosiyasi proseslərdən az-çox xəbərdar olduğumdan nə yazıqlar ki, səsləndirmək üçün sinov getdiyim və bu sualı verənlərin(təkcə onlarınmı)də eşitmək istədikləri “elə günü sabah” sözlərini deyə bilmirəm. Çünki, guya bu problemi çözmək üçün üzərlərinə vasitəçilik missiyası götürən dövlətlərin, yəni Minsk Qrupuna həmsədrlik edənərin hərəkətləri, daha dəqiqi isə hərəkətsizlikləri nikbinliyə yer qoymur. Və hətta mənə elə gəlir ki, sözü gedən institut Dağlıq Qarabağ münaqişəsinin həlli deyil, həll edilməməsi üzrə Minsk Qrupu adlandırılmalıdır. Bu qrupun başında duranlar 20 ildir ki, münaqişənin həllinə yox, onun dondurulmasına çalışırlar. Bilə-bilə ki, bu nonsensdir. İlk növbədə ona görə nonsensdir ki, münaqişə deyəndə göz önünə qaynar qazan gəlir. Və normal məntiqdən çıxış etməli olsaq, qaynayan şey bişirilməlidir, dondurulmalı deyil. Qaynayanı necə dondurmaq olar axı?!

Bu cür hoqqabazlıqlar adamı, əlbəttə, qəzəbləndirməlidir və qəzəbləndirir də. Amma bir də ortada güclənən Azərbaycan və onun erməni tapdağındakı torpaqlarımızla bağlı prinsipial mövqe sərgiləyən qətiyyətli lideri var ki, bu iki faktora dayanıb da qaynayan Qarabağ qazanını soyducuda saxlamaq cəhdlərinin alınmayacağını demək olar. Son zamanlar facebookda tez-tez rastlaşdığım bir mənzərə isə mənim “proqnoz tərəzimin” nikbinlik gözünü əməlli-başlı ağırlaşdırıb. Yəqin coxlarınızın diqqətini çəkib, indi getdikcə daha çox xanımlarımız buradakı səhifələrini şou-biznez əhlinin təsvirləri və digər lazımsız şeylərlə bəzəmirlər. Hər halda mənə dostluq təklifində bulunanlarda bunu görürəm. Görürəm ki, facebookda sevib əzizlədikləri şəkillər bizim igid oğullarımızın- Mübarizin, Fəridin, İlqarın, Ramilin və digərlərininkidir. İndi qızlarımız ancaq özlərinə aid olan virtual evlərindən ərləri, qardaşları, atlarındansa, igidlərimizin-Qarabag uğrunda savaşda canlarından keçənlərin və keçməyə hazır olanların şəkillərini asmağa üstınlük verirlər. Mən əminəm ki, bu, dəb deyil və olmayacaq. Dəbin mahiyyətində bir göstəri, sətilik, müvəqqətilik və kampaniyaçılıq var. Minlərlə, bəlkə də on minlərlə azərbaycanlı xanımın səhifələrində qarabağ savaşçılarının şəkillərini yerləşdirmələri , məncə, bir hayqırtıdır! Yox hayqırtı deyil, bu bir doğuşdur! Azərbaycan qadınları özləri özlərini yenidən doğurlar. Bilirsinizmi, niyə bu fikirdəyəm? Ona görə ki, nə gizlədək, indiyədək bizim qadınların çoxu torpaqlarımızın geri qaytarılmasının savaşsız mümkün olmadığını anladıqlarını desələr də, həmin savaşa qatılacaq adamların içində öz doğmalarını görmək istəmirdilər. Axı savaş ölüm-itim deməkdir. Məsələ burasındadır ki, elə biz kişilərin də çoxu xanımlarımızın bu cür “ana-bacı mövqeyi”ndən çıxış etmələrinə təbii baxırdıq. Çoxu da ona görə təbii baxırdıq ki, axı biz öz analarımızın övladlarıyıq. Onların tərbiyəsini almışıq. Ümumiyyətlə, paradoksal səslənsə də, bütün patriarxal cəmiyyətlərdə həmin cəmiyyəti formalaşdıran, orada mənəvi mühit yaradan qadınlardır. Uşaqla ən çox təmasda olan onlardır axı. Demək, biz atalarımızdan daha çox analarımızın övladları olduğumuz kimi, bütövlükdə cəmiyyət də kişilərin deyil, qadınların cəmiyyətidir.

Bəlkə abardıram, yaxud istədiyimi reallıq kimi qələmə verirəm, deyə bilmərəm, az öncə haqqında söz açdığım mənzərəni gördükdən sonra bu qərara gəldim ki, artıq neçə illərdir “Qarabağ sancısı keçirən” xanımlarımız doğmağa başlayıblar. Özləri özlərini yenidən doğurlar. Azərbaycanlı qadından AZƏRBAYCAN qadını doğulur. Və bu AZƏRBAYCAN qadını facebookdakı səhifəsini uşaq, ər, ata, qardaşınkındansa Qarabağ şəhidi və qazilərinin şəkilləriylə bəzəməklə kişilərə, özü də ilk növbədə doğmalarına eyham vurur. AZƏRBAYCAN qadını bizdən, ər, ata, qardaş, oğul olmaqdan qabaq AZƏRBAYCAN kişisi olmağımızı tələb edir. Bizə edilən eyhamın içində sərt bir xəbərdarlıq da var, ermənilərə, eləcə də onların havadarlarına xəbərdarlıq! Xəbərdarlıq edilənlər üçün bu o deməkdir ki, hansı yolla olursa-olsun işğal altındakı torpaqlar geri qaytarılacaq. Onu AZƏRBAYCAN qadınının tərbiyə verdiyi AZƏRBAYCAN kişisi qaytaracaq. Vallah qaytaracaq, mütləq qaytaracaq!..

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?