Arxiv
27 Fevral 2021, 09:28 | REPORTAJ
Cəsur döyüşçülər: “Əsir götürdüyümüz erməni deyirdi ki, “Azərbaycan əsgərini belə bilmirdik”” - FOTOLAR

Müzəffər Ordumuz 2020-ci il sentyabrın 27-dən noyabrın 10-dək Qarabağda apardığı uğurlu əks-hücum əməliyyatları sayəsində böyük Zəfər qazandı.


O zəfər ki, uğrunda neçə-neçə igidlər öz canından, qanından keçdi. Onlar torpaqlarımızı mənfur düşmənin tapdağından azad edərək, bizim yaralarımızı sağaltdılar...


Torpaqlarımızın azadlığı uğrunda gedən döyüşlərdə 3 minə yaxın hərbçimiz şəhidlik zirvəsinə, 1245 nəfər əsgərimiz isə qazilik şərəfinə yüksəlib. Neçə-neçə oğullarımız müharibəni sağ-salamat, veteran kimi başa vurdu. Vətənə, bizim əmin-amanlığımıza görə canından keçən şəhidlərimizi, qazilərimizi, veteranlarımızı heç vaxt unutmamalıyıq.


Modern.az
saytı “Cəsur döyüşçülər” rubrikasına davam edir.

Rubrikamızda bu dəfə İkinci Qarabağ müharibəsinin iştirakçısı Sudeyif Abbasov danışır.


- Sudeyif, özün haqqında qısa məlumat verməyini istərdik...

- Mən Abbasov Sudeyif Vaqif oğlu 1996-cı il noyabrın 26-da Suraxanı rayonu Əmircan qəsəbəsində anadan olmuşam. Hazırda da ailəmlə birlikdə orada yaşayıram. Ailədə 1 bacı, 1 qardaşıq. Evin tək oğlu və ən böyük övladıyam.  Hərbi xidmətə 2015-ci ilin oktyabrında kəşfiyyatçı olaraq başlamışam. 2017-ci ilin aprel ayında hərbi qulluğumu başa çatdırmışam. 2016-cı ilin aprel döyüşlərində, Lələtəpənin azad olunmasında iştirak etmişəm.


- İkinci Qarabağ müharibəsinə nə zaman qatıldın?

- Aprel döyüşlərində iştirak etmişdim, ona görə bu dəfə müharibəyə yollananda içimdə qorxu hissi yox idi. Hələ iyulda Tovuz döyüşləri baş verəndə başa düşürdüm ki, bunun ardı olacaq. Müharibəyə çağırılacağım günü gözləyirdim. O da ani oldu. İşdə idim, zəng gəldi ki, “hərbi komissarlığa gəl, gedirsən”. Mən də evimizlə telefon əlaqəsi saxladım, xəbər verdim.
Bu, 2020-ci il sentyabrın 29-da oldu. Və həmin gün əvvəlcə Ağcabədiyə getdik, oradan da cəbhəyə yollandıq. Artıq sentyabrın 30-u Füzuli rayonu istiqamətində gedən döyüşlərdə iştirak edirdim.

- Döyüşə çağırılmasaydın, könüllü olaraq gedərdin?

- Əlbəttdə gedərdim. Vətənin bu günündə getmiriksə, onda nəyə lazımıq...

- Ailən döyüşə yollanmağını necə qarşıladı?

- Ailəm döyüşə yollanmağımı pis qarşılamadı. Sadəcə, görüşə bilməməyimə görə bir az inciklik oldu. Onlarla görüşsəydim, pis olacaqdım. Ən yaxşısı görüşməmək idi. Döyüşə gedirsənsə, arxanı yaddan çıxarmalısan. Ata, ana, hamını və hər şeyi...  


- Bir az da döyüş təəssüratlarından danışaq.

- Dediyim kimi, ilk olaraq Füzuli istiqamətindəki döyüşlərdə iştirak etdim. Füzuli istiqamətindən ta Şuşaya qədər davam etdik. Füzuli, Cəbrayıl, Qubadlı, Hadrut, Zəngilan, Şuşa uğrunda döyüşlərin iştirakçısıyam.

Hər bir insanın həyatında hansısa hadisələr olur, bu da bizim qismətimiz idi. Döyüşün hər saniyəsi ölümdü. Döyüşdə hər an ölümümüzü düşünürdük. Özümüzü buna hazırlayırdıq. Hər bir insanın ümidi olduğu kimi, bizim ümidimiz də sağ qalacağımıza inanmağımız idi. Dua edirdik ki, döyüşlərdən sağ çıxaq, amma şəhidliyi arzulayanlar da vardı...

Döyüş öncəsi insan çox qarışıq hisslər keçirir. Düşünürsən ki, ömür burda bitə, sonrası olmaya bilər. Bəzən döyüşdən sağ qayıda biləcəyimizi düşünmürdük. Allahın qismətidir ki, qayıtdıq...

Çox çətin günlər idi. Bir günün içində 3 dəfə mühasirəyə düşdüyümüz günlər olub. Meşədə gedərkən istiqamətimizi itirib, yolumuzu azdığımız anlar olub. Elə olub ki, hər tərəfdən güllə yağıb, hansı tərəfin bizimkilər olduğunu belə bilməmişik.

- Müharibədən ən yadda qalan hansı anları xatırlayırsan?

- Gecələr atışma az olurdu. Tərəflər yer bildirmək istəmirdilər. Döyüşlər əsasən gündüzlər olurdu.

Bir dəfə ermənilərə hücum edəndə maşınlardan düşüb qaçdılar. “Ural” markalı maşınlar idi. Biz həmin maşınları qənimət kimi ələ keçirdik.

Müharibənin bitdiyi günü isə heç vaxt unuda bilmərəm. Gecə idi. Hərəmiz bir istiqamətdə postda dayanmışdıq. Yatıb dincələn yoldaşlarımızın başının üstündə növbə çəkirdik. Bir qulağımız da rabitə xəttində idi. Birdən-birə atəşkəs elan olundu. Adətən meyitləri götürmək üçün atəşkəs elan edilirdi. Bu cür atəşkəs 2-3-5 saatlıq olurdu. Onu da qeyd edim ki, ermənilər meyitlərini götürmək üçün o qədər də canfəşanlıq etmirdilər. Götürməyə qorxurdular.

Biz elə bildik ki, bu dəfə də o cür atəşkəs elan olunur. Daha sonra döyüşlərin bərpa olunacağını düşünürdük.
Lakin həmin vaxt bizim generallardan bir çıxıb dedi ki, “təbrik edirəm, döyüş əməliyyatları uğurla həyata keçirildi. Torpaqlarımız azad olundu. Müharibə bitdi”. Həmin an sevincimizi sözlə ifadə edə bilmirəm. O duyğunu, hissi yaşamaq tamam başqa bir şeydir. O gecə səhərə kimi yatmayıb, sevincdən ağlamışıq.

Eyni zamanda, şəhid qardaşlarımıza görə kədərlənirdik. Təsəllimiz o idi ki, şəhidlərimizin qanı yerdə qalmadı. Düzdür, biz axıra qədər - bütün torpaqlarımızı düşməndən təmizləmək üçün döyüşmək istəyirdik. Amma dövlət başçıları artıq qərar vermişdilər.

- Ölüm-dirim savaşında idin. Hər şey ola bilərdi. O anlar ağlına kimlər gəlirdi?

- Evdəkiləri düşünürdüm. Mənim meyitimin necə qarşılana biləcəyi haqda fikirləşirdim. Bilirdim ki, atamla anamın ürəyi partlaya, ölə bilərlər... Mənim ölümümə dözə bilməzdilər. Düzdür, şəhidlik yüksək zirvədi. O zirvəyə çatmaq mənə qismət olmadı...
Amma eyni zamanda, evdəkilərin sənin meyitini qarşımalarını düşünmək insanın istər-istəməz tükünü ürpədir. Orada bunu fikirləşirdik...

- Yanında şəhid, qazi olan döyüş yoldaşlarını necə xatırlayırsan?

- 140 nəfərlik şəxsi heyətdən 20 nəfər sağ qaldıq. Elə vaxt olub ki, 10 metrliyimdəki döyüş yoldaşım şəhid olub, mən sağ qalmışam. Görünür qismət beləymiş. O güllə ya da qəlpə mənə də dəyə bilərdi... Biz ancaq irəli getməyi düşünürdük. Qazi dostlarımıza həmin an əlimizdən gələn köməyi etməyə çalışırdıq. Elə qazilər var idi ki, qan itirməkdən şəhid olurdu... İrəli getdiyimizə görə arxaya qayıda bilmirdik. Getməsəydik, torpaqlarımızı düşməndən təmizləyə bilməzdik...

Bu hadisə Zəngilanda baş verib. İki nəfər 10 metr məsafə ilə gedirdik. Ağlımıza gəlməzdi ki, erməni bizi görür. Birdən mərmi səsi gəldi. Tez yerə uzandıq ki, qəlpə bizi tutmasın. 5 saniyə ərzində səs eşitdik, yerə uzandıq. Döyüş yoldaşım azca gecikdiyinə görə qəlpə ayaq nahiyəsini tutdu.

Yanımda şəhid olanlar da olub. Bəzən ölüm ayağında bizdən kömək istəyən yoldaşlarımıza yardım göstərə bilməmişik.

Məsələn, tankı vururdular, od tutub yanırdı. 30 metr məsafədən ona yaxınlaşmaq olmurdu. İçindəki insan isə dəhşətli istidən əriyirdi. Gözləyirdilər tank soyusun, sonra cəsədi götürsünlər. Cəsəd də tanınmaz halda olurdu.

- Cəbhədə olanda kimlər üçün darıxırdın?

- Atam, anam, qohumlarım üçün...


- Ailənlə mütəmadi əlaqə saxlaya bilirdin?

- Döyüşün ilk 10 günündə əlaqə saxlamaq çətin idi. Daha sonra tez-tez danışmağa imkan yaranırdı. Zəng vurub, sağ-salamat olduğumu deyirdim. Zəng etməyəndə nigaran qalırdılar. Elə vaxt olub ki, döyüşə getdiyimi onlara deməmişəm. Döyüş elədi ki, gedirsən, amma sağ qayıdacağını bilmirsən. Neçə dəfə evdən soruşublar ki, “nə olub, səsin qəribə gəlir?”. Deyirdim ki, darıxmışam ondandır... Amma içimdə deyirdim ki, bəlkə də sonuncu dəfə onların səsini eşidirəm.

- 44 günlük müharibədə günlər necə keçirdi?

- Döyüşün 44 günü haqqında danışmağa ömür yetməz. Çünki çox şeylər olub. Biz orada ayın tarixini belə bilmirdik. Bilmirdik ki, ayın neçəsidir, saat neçədir. Evlə danışanda çox vaxt soruşurdum ki, ayın neçəsidir... Və yaxud da necənci gündür... Günün necə gəlib-getdiyini belə hiss etmirdik...

- Düşmənlə döyüşlərdə ən yaxın məsafəniz nə qədər olub?

- Füzulidə elə anlar yaşamışam ki, düşmənlə aramızda 5 metr məsafə olub. Amma həm onlar, həm də biz gizlənə bilmişik. Atəş açılıb, amma güllədən yayınmışam.
Zəngilanda sırf üzbəüz atışmamız oldu. Onların istiqamətini bilirdik. Geri çəkilməklərini də görürdük. Digər yerlərdə ağır artileriyalar kömək edirdi. Dəstəksiz qalan günlərimiz də olub. Elə anlar da olub ki, dəstək gəlməyib, mərmimiz də qurtarıb. O məqamda komandirimiz deyirdi ki, “heç olmasa, özünüzə bir güllə saxlayın”.
Hər bir əsgərin cibində özü üçün bir dənə gülləsi olurdu. Bu güllə düşmənə əsir düşməkdənsə, özümüzü vurmaq üçün idi.
Amma bütün bunlara rəğmən, geri çəkilmirdik, ancaq irəli gedirdik.
Hadrutda döyüşən zaman bir erməni əsiri tutduq. O deyirdi ki, “biz Azərbaycan əsgərini belə bilmirdik. Vurub yaraladığımız əsgər dayanmır, üstümüzə gəlir”. Müharibənin gedişində irəlilədikcə, onlar bizdən daha çox qorxurdular.


- Dedin ki, 31 dekabrda tərxis olunmusan. Döyüş yoldaşlarından necə ayrıldın?

- O an yaddaşdan silinməyəcək bir xatirədir. Biz orada hamımız qardaş idik. Ayrılmaq istəmirdik. Lakin döyüş bitdiyinə görə buna məcburuq idik. Orada qalanlar da oldu. Çünki hamı birdən-birə buraxılmadı. O günlərdən, o dostlardan ötrü çox darıxırıq. İndi də onların hər biri ilə əlaqə saxlayıram. Həyatımda silinməyəcək iz buraxdılar...
Allah şəhidlərimizə rəhmət etsin, qazilərimizə də tez bir zamanda şəfa versin.

- Müharibədən qayıdışın zamanı təmtəraqla qarşılanmısan. Bunu gözləyirdin?


- Bu cür qarşılanacağımı gözləmirdim. Mənim üçün bir az şok oldu. Hamı qapımızda məni gözləyirdi. Bir tərəfdən sevinirdim ki, qayıtmışam, digər tərəfdən pis olurdum ki, arxada dostlarımı qoyub gəlmişəm. İnsanlar var ki, qələbəni bayram kimi qeyd etdi. Lakin mən qələbə xəbərini eşitdiyim an dostlarımı itirdiyimə görə ürəkdən sevinə bilməmişdim...

- Yəqin ki, qayıdandan sonra şəhidlərin məzarına da baş çəkmisən...

- Özümə söz vermişdim ki, qayıdan kimi ən birinci sağ qayıtdığıma görə məscidi ziyarət etməliyəm. İkinci olaraq da Şəhidlər xiyabanına baş çəkməliyəm. Evə gec saatlarında gəldiyimə görə səhəri günü məscidə, daha sonra şəhidlərimizi ziyarətə getdim. Orada bir şəhid anasının göz yaşı tökdüyünü görüb çox pis oldum. Həmin an özümü qınayırdım ki, mən sağ-salamat geri qayıtmışam, bu ananın oğlu isə şəhid olub.  

- 44 günlük müharibə sənin həyatında nələri dəyişdi?

- Çox şeyi... Xüsusilə də həyata baxış tərzim dəyişib. Müharibədən çıxmış adamın içində qorxu hissi olmur, ölüm artıq mənim üçün adi hadisədir. Müharibə əsəblərimizə də təsir edib. Hər adi şeyə belə əsəbləşə bilirsən.
Amma müharibə həyatın necə mənalı, yaşamağın necə gözəl olduğunu da anlatdı...

- Deyəsən doğum gününü də cəbhədə keçirmisən...

- Doğum günümü hər kəsdən gizlədirdim. Lakin bizim komandirimiz hamı haqqında bilirdi. Həmin gün komandir dedi ki, “Südeyifin ad günüdü, təbrik etmək lazımdır”. Ermənilər hər şeylərini qoyub qaçmışdılar. Orada heyvan kəsdik, yemək hazırladıq. O ad günü mənim xatirimdə həyatım boyu unutmayacağım bir iz qoydu. Çünki mən həmin ad günümü Şuşada keçirdim.
Heç vaxt ağlıma gəlməzdi ki, 30 illik işğalda qalan torpaqların azad olunmasında iştirak edəcəm, ad günümü də Şuşada keçirəcəm. Bu da Allahın qismətidir.
İndi məndən böyüklər bəzən zarafata deyirlər ki, “biz sənə paxıllıq edirik”. Niyəsini soruşanda, cavab verirlər ki, “biz döyüşlərdə iştirak edə bilmədik, amma sənə qismət oldu”.

- Ən böyük arzun nədir?

- Ən böyük arzum azad etdiyimiz torpaqları görmək... Ən çox da hansı istiqamətlərdə döyüşmüşəm, oralara yenidən getmək... Haradakı gecələr yatmayıb yerdə uzanmışıq, palçığın, suyun içində qalmışıq, o yerləri ziyarət etmək istəyirəm. Bir arzum da var - Şuşaya getmək. Orada çoxlu xatirələrim var...


Nəzrin Vahid

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Rusiya “əsir məsələsi”ndə Ermənistanı DƏSTƏKLƏMƏDI 21 Aprel 2021, 11:54 Prokurorluq həkim səhlənkarlığı ilə bağlı araşdırma aparır 21 Aprel 2021, 11:46 Dövlət başçısının məsuliyyəti ilə populistin yanaşması fərqli məfhumlardır -MÜSAHİBƏ 21 Aprel 2021, 11:40 Bakı Ali Neft Məktəbi regional “Petrobowl” yarışının qalibi olub 21 Aprel 2021, 11:34 Mehridə etirazçılar Paşinyanın kortejinin qarşısını kəsdilər - VİDEO 21 Aprel 2021, 11:28 Ən amansız müharibə cinayətləri Azərbaycana qarşı törədilib 21 Aprel 2021, 11:22 Ombudsman DTX-nın istintaq təcridxanasına baş çəkib 21 Aprel 2021, 11:16 Paşinyan Zəngəzurda satqın adlandırıldı - VİDEO 21 Aprel 2021, 11:11 Bu rayonlarda kənd yolları yenidən qurulur 21 Aprel 2021, 11:05 Bərdədə evlərdən oğurluq edən şəxslər saxlanıldı 21 Aprel 2021, 11:00 Arvadını boğaraq öldürənin işi məhkəməyə göndərildi 21 Aprel 2021, 10:57 ATV cərimələndi - “Bizimləsən” verilişi dayandırıldı 21 Aprel 2021, 10:56 Dövlət büdcəsinin icrası zamanı artıq pul yaranıb 21 Aprel 2021, 10:55 Avropa Superliqası fəaliyyətini dayandırdı - Bəyanat 21 Aprel 2021, 10:50 “YAŞAT” Fondu daha 12 qazini Türkiyəyə göndərdi 21 Aprel 2021, 10:46 Jurnalistika fakültəsinin keçmiş müəllimi vəfat edib 21 Aprel 2021, 10:40 Goranboyda vətəndaş qəbuluna həssas yanaşılır - FOTOLAR 21 Aprel 2021, 10:38 Qocalmanın qarşısını alan 6 MÖCÜZƏ 21 Aprel 2021, 10:32 Azərbaycanın neft və qaz hasilatının həcmi AÇIQLANDI 21 Aprel 2021, 10:26 Azərbaycan nefti ucuzlaşdı 21 Aprel 2021, 10:22 Daha 2 koronavirus xəstəsi küçədə saxlanıldı 21 Aprel 2021, 10:17 Polis Qusarda əməliyyat keçirdi - saxlanılanlar var 21 Aprel 2021, 10:11 Tanınmış şair-dramaturq vəfat etdi - FOTO 21 Aprel 2021, 10:05 Qubadlının Ulaşlı kəndindən VİDEO 21 Aprel 2021, 10:00 Daha 9 koronavirus xəstəsi aramızda AŞKARLANDI 21 Aprel 2021, 09:58 Azərbaycan XİN-dən Ermənistanın iddialarına CAVAB 21 Aprel 2021, 09:54 “Ermənilərə görə AŞPA-nı tərk edəsi deyilik!” - Deputatlar diversantlar məsələsindən DANIŞDILAR 21 Aprel 2021, 09:48 Ünvanlı sosial yardımın ödəniləcəyi tarix açıqlanıb 21 Aprel 2021, 09:42 Neft yenidən ucuzlaşdı 21 Aprel 2021, 09:37 İsveç səfiri Türkiyə XİN-ə çağırıldı 21 Aprel 2021, 09:32 Cənnət Ağdamın cəhənnəm xarabalıqları - REPORTAJ 21 Aprel 2021, 09:28 Bakıda gənc qızın meyiti binanın damında tapıldı 21 Aprel 2021, 09:23 Ərdoğan 3 yeni nazir TƏYİN ETDİ 21 Aprel 2021, 09:20 Koronavirus yoxsa mövsümi allergiya? 21 Aprel 2021, 09:19 Tələbə rektoru təbrik etdi 21 Aprel 2021, 09:14