Modern.az

“Dərsliklərə uydurma “erməni soyqırımı”nın salınması cəhdini bir dəfə qabaqlamışıq” – DEPUTAT

“Dərsliklərə uydurma “erməni soyqırımı”nın salınması cəhdini bir dəfə qabaqlamışıq” – DEPUTAT

30 Avqust 2012, 09:55

“Fransa dərsliklərinə uydurma “erməni soyqırımı” ilə bağlı məsələnin salınması erməni diasporunun və lobbisinin təşəbbüsüdür. Ermənistan ayrı-ayrı Avropa ölkələrinin dərsliklərinə bu fikirləri salmaqla strateji niyyətinə çatmaq istəyir”. Bu sözləri Modern.az-a açıqlamasında millət vəkili, professor Musa Qasımlı deyib.

 

“20-ci əsrin 90-cı illərinin sonlarında Avropa Şurası mütərəqqi bir təşəbbüs irəli sürdü. Avropa Şurasına daxil olan ölkələrin məktəb şagirdlərinə Qafqaz tarixini öyrətmək üçün Şimalı Qafqaz, Azərbaycan, Gürcüstan və Ermənistandan hər birindən 3 müəllif olmaqla, bir kollektiv formalaşdırıldı. Yazılacaq dərs vəsaitində bütün tərəflərə eyni həcmdə yer ayrıldı. Azərbaycan tərəfindən müəlliflər heyətində mən də iştirak edirdim. 1828-ci ildən 1920-ci ilin aprel işğalına qədərki dövrü yazdım. İş qaydası belə idi ki, tərəflər hər biri öz mətnlərini hazırlayırdılar, Avropa Şurasına göndərirdilər. Avropa Şurası isə tərəflərin mətnlərini bir-birinə göndərirdi və razılaşdırıldı. O zaman yazdığım mətndə problem  çıxmayacağına əmin idim. Nəşr olunacaq dərs vəsaitinin redaktoru Böyük Britaniyadan olan bir professor idi. Onun Azərbaycana səfərlərindən biri zamanı mənim yazdığım mətnə ermənilərin bir iradının olduğunu bildirdi. Söylədi ki, mətndə yazmısınız ki, Azərbaycan tərəfi İrəvanı ermənilərə paytaxt olaraq, güzəştə getdi və əlavə  etdi ki, bu, Gümrü və digər şəhər olsa idi,  bəlkə də  mümkün idi.  Bunu çıxarmaq olarmı? O zaman mən kitabın redaktoruna arxiv sənədinin surətini təqdim etdim və zarafatla bildirdim ki, arxivdən kənar heç nə yazmamışam. Əgər istəyirsinizə, bu cümləni redaktə edə bilərsiniz. O isə bildirdi ki, bu cümləni redaktə etmək mümkün deyil. Belə olduqda, mən söylədim ki, biz tarixi sənədlər əsasında yazırıq. Amma Ermənistan tarixçilərinin təqdim etdiyi mətndə uydurma "erməni soyqırımı" yer alıb. Onda ermənilər uydurma "soyqırımı" və tarixi Azərbaycan torpaqlarını öz sərhədləri daxilində göstərmələrindən imtina etməlidirlər. O vaxt bu işin koordinatorları ilə də görüşmüşdük. Onlar Ermənistan Xarici İşlər Nazirliyinin Avropa Şurasına göndərdiyi notaları göstərdilər. Ermənistan tələb edirdi ki, həmin dərsliklərə “erməni soyqırımı” məsələsi salınsın. Bizim dəlillərimizdən sonra həmin layihə baş tutmadı”.  

M. Qasımlı əlavə etdi ki, indiyə qədər Türkiyə məktəblərindəki tarix dərsliklərində erməni silahlı dəstələrinin türklərə qarşı törətdikləri soyqırım haqqında heç bir şey yazılmayıb. Ermənistan dərsliklərində isə uydurma "erməni soyqırımı" ana xətt kimi keçir.

“İlk növbədə, Türkiyənin rəsmi dairələri, QHT-ləri, mediaı hərəkətə keçməlidir. Azərbaycan da müəyyən addımlar atmalıdır. Əks təqdirdə, tarix dərsliklərinə saxtakarlığın salınması Azərbaycan və Türkiyəyə çox böyük mənfi təsir göstərəcək. Bu dərsliklərə uydurma erməni soyqırımı ilə bağlı məsələ salınarsa, Fransa demokratiyasına və Fransa xalqının üzərinə bir ləkə atılmış olacaq“, – deyə deputat bildirib.  

Nihadə Eyyubova

 
Twitter
Sizə yeni tvit var
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?