Modern.az

ADU-da Çinşünaslıq ixtisası açılıb, 10 tələbə qəbul edilib

ADU-da Çinşünaslıq ixtisası açılıb, 10 tələbə qəbul edilib

30 Avqust 2012, 13:52

Avqustun 30-da ADU-nun rektoru, millət vəkili, professor Səməd Seyidov Çin Xalq Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri cənab Honq Fiuyini qəbul etdi. Görüşdə ADU-da Çinşünaslıq ixtisasının açılması, habelə bu ali təhsil ocağında Çin mədəniyyəti və dil mərkəzinin yaradılması, həmçinin gələcəkdə müəllim-tələbə mübadiləsi haqda fikir mübadiləsi aparıldı.

Rektor Səməd Seyidov səfiri universitetdə görməkdən məmnunluğunu dilə gətirdi. O, Dillər  Universiteti olaraq Çinin Azərbaycandakı səfirliyi ilə əməkdaşlığa xüsusi yer verdiyini bildirdi. Səməd Seyidov qarşılıqlı əlaqələrin mövcudluğundan söz açaraq qarşıdan gələn yeni tədris ilinin əvvəlində bu görüşün universitet üçün əhəmiyyətli olduğunu vurğuladı. Rektor 2012-2013-cü yeni tədris ilində ADU-nun Regionşünaslıq və Beynəlxalq münasibətlər fakültəsində Çinşünaslıq ixtisası üzrə tələbələrin qəbul olunduğunu səfirin diqqətinə çatdırdı. Rektor Səməd Seyidov bu ixtisas üzrə ADU-da təhsil alacaq 10 nəfər tələbənin siyahısını səfirə təqdim etdi. Səməd Seyidov həmin tələbələrin universitetə yüksək balla daxil olduqlarını vurğuladı. O, Çinşünaslıq ixtisasında təhsil alacaq tələbələrin Çin dili ilə yanaşı, ölkənin tarixi və mədəniyyətini dərindən öyrənəcəklərini bildirdi. Səfir Honq Fiuyin Çinin Azərbaycandakı səfirliyinin ADU ilə əlaqələrini vacib saydı.

Səfir ADU-da Çin mədəniyyəti və dil mərkəzinin açılmasının əlaqələrin inkişafı üçün böyük və vacib layihə olduğunu bildirdi. O, ADU-da Çin dilinin tədrisinin aparılmasını yüksək qiymətləndirdi. Müxtəlif sahələr üzrə mütəxəssislərin hazırlığını vacib sayan səfir bu yeni tədris ilində Regionşünaslıq və Beynəlxalq münasibətlər fakültəsində Çinşünaslıq ixtisasının açılmasından məmnun olduğunu bir daha önə çəkdi. Görüşdən sonra səfir Honq Fiuyin Azərbaycan Dillər Universitetinin İnformasiya Resurs Kompleksi ilə tanış oldu.

Modern.az  
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir