Modern.az

Bakıda ölmək neçəyədir? - QİYMƏTLƏR

Bakıda ölmək neçəyədir? - QİYMƏTLƏR

31 Avqust 2012, 07:48

Modern.az əməkdaşı dəfn və hüzr mərasiminin xərclərini öyrənib

Artıq bir ilə yaxındır ki, nənəm aldığı təqaüdlə lotereya oynayır. Bibilərim və mən onu həmişə qınayırıq ki, axı sənin nəyin çatışmır ki, aldığın təqaüdün hamısını lotereyaya verirsən. Neynəyim, əvvəllər heç olmasa nənəm bu puldan mənə də görüm-baxım edərdi.

Elə ki, böyük lotereya layihəsinə başladı, daş atdı başını tutdu ki, “mənə əl dəyməyin bir ilə lotereya oynayıb özümə ölüm pulu yığacağam”. Matım-mutum qurudu ki, “ay arvad, indi bu qədər pulu yığıb saxlayasan ki, özümə gor pulu yığıram?!”

Düzünü desəm, indiyə qədər bir insanın ölümünün neçəyə başa gəldiyi haqqında heç təsəvvürüm belə yox idi. Bəlkə də bu səbəbdən yazıq arvadı ürəyimdə hətta qınadım. Amma mövzu ilə bağlı araşdırma aparanda gördüm ki, bu insanlar heç də haqsız deyillərmiş. Yaşamaq bir dərd, ölmək ondan dəhşətli bir dərd! Məgər bir insanın ölümü 6-7 min dollardan da çox başa gələ bilərmiş. Yəqin ki, sizi də dəhşət bürüdü. Bu qənaətə necə gəldiyimi bilmək istəyirsinizsə, elə ilk olaraq ölünün yuyulması prosesindən başlayaq.

Mürdəşirlə haqq-hesab

Çox uzağa getmirəm, Bakıda ən böyük məscid olan Təzə Pirdə ölünün yuyulması, kəfənin istifadəsi, sidr, kafur, pambıq, kommunal xərclər 50 manata başa gəlir. Meyitxanada fəaliyyət göstərən ölü saxlanması üçün kameranın bir günlük qiyməti isə 20 manatdır. Təzə Pir məscidində ölüsünü özü yumaq istəyən şəxslər, təbii ki, mürdəşir pulunu verməyəcək. Çünki Qafqaz Müsəlmanları İdarəsi ölü yiyələrinə bunda sərbəstlik verir. Mürdəşir xidmətindən istifadə etmək istəmirsənsə, özün yu, xərcin də az çıxsın.

Bu xərclər rayonlar və şəhərlər üzrə dəyişir. Onu da deyim ki, cəsədi qəbiristanlığa aparmaq üçün istifadə olunan nəqliyyat vasitəsinin qiyməti də məsafədən asılı olaraq, fərqli olur. Belə ki, bu məbləğ 30 manatdan başlayaraq 100 manat və daha çox ola bilər.

Qəbiristanlıq od tutub yanır

İndi isə görək hansı qəbiristanlıqdan yer seçirik. Bakıda torpağın qiyməti, yerindən asılı olaraq, hətta eyni bir qəbiristanlıqda müxtəlif ola bilər. Məsələn, ən bahalı torpaq sahələrindən biri “Qurd Qapısı”ndadır. Məzar pulu 1500-3000 manata başa gələ bilər. Bunu bizə orada “işləyən” mollalardan biri dedi. Onu da bildirdi ki, Biləcəri, Günəşli kimi uzaq yerlərdəki qəbiristanlıqlarda 300 manatdan başlamış 1500-2000 manata qədər yerpulu vermək olar.

Ən bahalı qəbiristanlıqlar sırasında isə Yasamal və Keşlə qəbiristanlıqları da göstərmək olar. Burada normal qəbir yerləri 2000 manatdan başlayır. Doğrudur, Bakının elə qəbiristanlıqları da var ki, nisbətən ucuz – 200 manatdan tutmuş 1000 manata qədər yerhaqqı var. 

Onu da deyim ki, elə rayonlarımız və şəhərlərimizdə var ki, orada qəbir üçün torpaq sahələri pulsuzdur.

Gorqazan

Bakı Şəhəri Mənzil-Kommunal Təsərrüfatı Departamentinin Əhaliyə Vətəndaşlıq Xidmətindən isə bildirilir ki, ölçüləri 2.40-ın 1.40-a olan qəbirin qazılması, ölünün dəfn edilməsi 49 manatdır. Qəbrin standart ölçüsü var, kvadratla deyil. Üstəlik tikilməsi, suvanması hamısı bir yerdə 63 manata gəlib çıxır. Material nəzərə alınmadan. Yəni onu ölü sahibi özü alıb gətirir. Qəbiristanlıqlarda torpaq sahələrinin satılması məsələsinə də xidmətin baş mühəndisi münasibət bildirdi. “Bizdə torpaq satışı yoxdur. Biz torpaq satırıq? Kim satır torpağı? Mən elə şey bilmirəm”.
Onu da deyim ki, bu qiymət də son hədd deyil. Ayrı-ayrı yerlərdə qəbir qazanlar tərəfindən qiymət yüksək deyilə bilər.

Baş bəlalı qəbir daşı


İndi isə keçək qəbir daşlarına – burada da qiymət əsasən qəbir daşının ölçüsündən, növündən hansı ölkəyə məxsusluğundan da asılı olur. Beləliklə, 500-600 manatdan başlayır 6000 manat və daha çox qiymətə başa gəlir. Yəni seçim ölü yiyəsindən asılı olaraq dəyişə bilər.

Eurostil VİP çadırları

Əsas məsələlərdən biri də mərasimlərin keçirildiyi yerdir. Bu sahədə də xidmətlər müxtəlif cürdür. Belə ki, əgər ev yiyəsi kirayə VİP çadır sifariş verirsə, bunun xərci təxminən 300 manatdan baha başa gəlir. Çadırın özü (içərisində qab-qacaq, mətbəx əşyaları, stol-stul və s) 100 nəfərlik 200 manata verilir, bir nəfər ofisiant – 15 manata, qabyuyan – 20, aşpaz – 50, çay paylayan – 20, molla da sifariş edərsənsə 50 manata başa gəlir.

Təzə Pir məscidindən də çadır kirayə etmək təxminən eyni qiymətədir. 100 nəfəlik çadır 300 manata verilir. Tərkibinə də ofisiant, çay paylayan, aşpaz, qabyuyan daxil edilir. Əgər kondisioner sifariş etsəniz, əlavə 100 manat da ödəməlisiniz.

Yox, əgər çadır istəmirsinizsə, onda Təzə Pir məscidinin mərasim zallarından da yararlanmaq olar. Belə ki, burada 100 nəfərdən az olmamaq şərti ilə adambaşına 12 manat pul ödənilir. Menyunun tərkibində isə xurma, halva, şərbət, meyvə, şokolad, dovğa, isti xörəklərdən isə aş və s. daxil edilir. Əgər yas məclisinə gələnlərin sayı 100 nəfərdən az olarsa, menyunun qiyməti 13 manata qalxır. Onu da deyim ki, əgər siz Təzə Pir məscidindən molla çağırmaq istəsəniz bir gün üçün ayrıca ona 30 manat da verməlisiniz.

Hüzr sahibinin şəxsi mağarda, şəxsi xidmətlə təşkil etdiyi xərclər isə daha çox onun süfrəyə verdiyi nemətlərdən asılı olur. Bu xərclər vəfat eləmiş insanın 40 mərasiminə kimi davam edərsə, necə deyərlər, kəllə vurub çarxa çıxır.

Şahanə Rəhimli

P.S. İnformasiyaları toplamaq  məqsədi ilə Təzə Pir məscidinə gedirdim. Yolda bir naxçıvanlı tanışıma rast gəldim. Hara getdiyimi soruşduqda ona məscidə gedişimin məqsədini dedim. Gülərək dedi ki, məsciddə molladan soruş ki, bahalı qəbiristanlıqda basdırılan və təmtəraqlı yas mərasimi keçirilən ölü cənnətə düşür?


 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Ermənistan ordusu Qazaxın kəndlərindən çıxır