Modern.az

Azərbaycanın “Ana müxalifət”i dəyişir 

Azərbaycanın “Ana müxalifət”i dəyişir 

Hadisə

4 Mart 2021, 12:25

Son rəsmi məlumata görə, Azərbaycanda 62 siyasi partiya dövlət qeydiyyatından keçib. Sağçı, solçu, mərkəzçi istiqaməti götürən bu siyasi təşkilatların bir qismi müxalif mövqedə olduğunu bildirir.

 

Adətən hakimiyyət uğrunda müxalifət və iqtidar arasında mübarizə gedir. “Ana müxalifət” adı uğrunda isə müxalifət partiyaları öz aralarında mücadilə edir.

 

Partiyaların aktivliyindən asılı olaraq, “Ana müxalifət hansı partiyadır” sualının cavabı adətən seçkilər zamanı ortaya çıxır.

 

Son zamanlar yeni qeydiyyatdan keçən bəzi partiyaların aktivləşməsi siyasi mənzərəni sanki dəyişdirir. “Ana müxalifət” adına iddia edən yeni partiyaların ənənəvi müxalifət kimi oturuşan Müsavat və Azərbaycan Xalq Cəbhəsi Partiyasını sıxışdırıığını söyləyənlər var.

 

Maraqlıdır, hazırda Azərbaycan siyasi həyatında ən aktiv və “ana müxalifət” adına iddialı partiyalar  hansılardı?

 

Siyasət yazarları bu mövzuda Modern.az-a danışıblar.

 

Yeni Müsavat” qəzetinin parlament müxbiri Elşad Paşasoy bildirib ki, 2018-ci il prezident seçkilərindən sonra ölkənin siyasi palitrasında tam fərqli atmosfer yaşanır:

 

 

“Faktiki olaraq ölkə rəhbərliyi siyasi partiyalara, o cümlədən müxalifəti təmsil edən düşərgəyə açılım elan edib. Bunu sübut etmək üçün xüsusi araşdırmalar aparmağa ehtiyac yoxdur, son illərdə Prezident Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri Ədalət Vəliyevin ölkəmizdə fəaliyyət göstərən siyasi partiyaların təmsilçiləri ilə keçirdiyi silsilə görüşlərə nəzər salmaq kifayətdir. O cümlədən illərdir dövlət qeydiyyatına alınmağı gözləyən bir sıra siyasi təşkilatların qeydiyyata alınması, yeni yaranmış qurumlar daxil, onların bir neçəsinin qərargahla təmin edilməsi siyasi təşkilatlara yeni nəfəs verilməsi baxımından hakimiyyətin maraqlı olduğunu göstərir. 44 günlük Vətən Müharibəsi göstərdi ki, biz dövlət və millət naminə vahid mövqe nümayiş etdirməyə qadirik. Digər məsələlərdə fərqli baxışlar, yanaşmalar, hətta sərt tənqidlər ola bilər, amma  milli məsələlərdə vahid prinsiplər sərgilənir, bu, çox yaxşıdır və yalnız təqdir olunmalıdır. Dövlət mətbuata ona görə qayğı göstərmir ki, onun tənqid yazmasını “məxməri yolla” əngəlləsin. O cümlədən dövlətin, hakimiyyət strukturlarının siyasi təşkilatlarla körpü yaratması, onları dinləməsi, tənqidlərini birbaşa dinləmək marağı da alternativ fikrin qarşısını almaq niyyətindən irəli gəlmir, heç şübhəsiz. Hakim düşərgə də qəbul edir ki, tənqid, rəqabət olmayan yerdə inkişaf ya olmayacaq ya da ləng gedəcək. Eyni zamanda, problemlərin, inkişafın zəruri olduğu sahələrin üzə çıxarılması həm də müxalifətin mövcudluğu halında mümkündür”.

 

E.Paşasoy hesab edir ki, bütün bunlara rəğmən gərək müxalifət düşərgəsində təmsil olunanlar da situasiyanı doğru-düzgün təhlil etsinlər və ona adekvat reaksiya göstərməkdə maraqlı olsunlar:

 

“Siyasi təşkilatlar arasında “ahıl”, “gənc” olmasından asılı olmayaraq, bir sıra qurumlar özlərini daha reytinqli sayır, bu barədə iddialar ortaya qoyurlar. Bu barədə sosial şəbəkələrdəki reytinq cədvəllərini, sorğuların nəticələrini ortaya qoyanlar da tapılır. Ancaq siyasi partiyaların reytinqini müəyyən etmək üçün ən ilkin amil seçkilərdir. Bu mənada hansı partiyanın daha reytinqli olmasını azad, ədalətli, şəffaf seçkilər müəyyənləşdirir. Ədalət naminə demək lazımdır ki, bəzi partiyaların rəhbərləri internetin yaratdığı imkanlardan bəhrələnərək, özlərinin reytinqlərinə əlavələr etməyə nail olublar. Amma bu da var ki, söhbət partiyadan gedə bilməz, hələ tam oturuşmamış, kifayət qədər təşkilatlara malik olmayan partiyanın ölkə çapında populyar olması real görünmür. Bu mənada belə qruplaşdırmaq olar: bəzi partiyaların liderləri kifayət qədər fəaldır və ictimai rəyə təsir etmək imkanındadır, digər qrup partiyalar isə vaxtilə kifayət qədər reytinqə malik olsalar da, rəhbərliyin müasir dövrün tələblərinə adekvat cavab verə bilməməsi, rəhbərlik etdiyi qurumlarda nəzarəti itirməsi və yersiz təkəbbürlülük nəticəsində nüfuzunu az qala “son qəpiyinədək” xərcləyiblər. Vətəndaş olaraq arzu edərdik ki, ölkədə sağlam mübarizə getsin, mübarizə meydanı küçələr, meydanlar yox, parlament olsun və müsəlman şərqinin ilk demokratik dövlətində yaşı bir əsri keçən parlamentarizm ənənələrinin davamı şəraitində sağlam siyasi polemikaların şahidi olaq. Parlamentdə təmsil olunan partiyaların bir çoxunun sədrlərinin, digər təmsilçilərinin aktivliyini müşahidə edirik. Ən çox müraciətlərin də məhz mandat sahibi olan partiya rəhbərlərinə ünvanlandığına şübhəmiz yoxdu və bu, təbiidir. Ancaq reallıq budur ki, ölkə vətəndaşlarının mütləq əksəriyyəti partiyalara deyil, bu ölkənin rəhbərliyinə, Prezidentə inanır və etimad göstərir, müraciətlər də daha çox dövlət başçısına ünvanlanır. Digər bir məqama gəldikdə, hətta hakim Yeni Azərbaycan Partiyası belə, müasir tələblərə uyğun olaraq öz daxilində islahatlara gedirsə, bunun üçün növbədənkənar qurultay çağırırsa, o halda digər təşkilatlar da özlərinə ciddi nəzər salmalıdırlar. “Bir lider, bir portfel”dən ibarət olmaq ənənəsinə isə ümumiyyətlə, son qoyulmalı, partiya adının sanbalı özünə qaytarılmalıdır”.

 

Azpost.info saytının rəhbəri Xaqani Səfəroğlu siyasi partiyaların gücünün seçkidə iştirak etməklə müəyyən olunduğunu düşünür:

 

 

“Bunun üçün isə proporsional seçki sisteminin olması lazımdır. Azərbaycanda proporsional seçki sistemi olmadığı üçün siyasi partiyaların ictimai nüfuzu və təsir imkanları məlum deyil. Odur ki, bu sualın cavabı açıq qalıb. Ümumi götürdükdə ölkədə çoxlu sayda partiya var. Onların içində ölkə üzrə strukturlaşmış YAP, AXCP, Müsavat, ADP, ASDP, BAXCP-ni qeyd etmək olar. Digər siyasi partiyalar içində ictimai-siyasi müstəvidə ReAl Partiyası yer tutmağa çalışır. Fikrimcə, balaca Azərbaycanda 50-dən artıq partiyaya ehtiyac yoxdur. 3-4 partiya ölkənin siyasi spektrini tam əhatə edə bilər”.

 

Publika.az saytının siyasət yazarı Asif Nərimanlı isə xatırladıb ki, Azərbaycanın siyasi seqmentində dəyişiklik 2018-ci ildən sonra - hakim komandanın daxilində yenilənmə prosesi ilə başlandı:

 

 

“Bu təbii haldır, çünki ənənəvi müxalifət dediyimiz kəsimlər uzun illər hakim komandada təmsil olunan şəxslər üzərindən tənqidi fikirlər səsləndirir, ictimai rəyə bu istiqamətdə təsir edirdilər. Hakim komanda yeniləndikdə “təsir əks-təsirə bərabərdir” qanunu işə düşdü və siyasi müxalifətin də mənzərəsi dəyişməyə başladı.

 

Bu prosesdə iqtidarın ağıllı manevri də mühüm rol oynadı: Birincisi, ictimai rəydə iqtidara qarşı narazılığın simvoluna çevrilmiş fiqurlar vəzifədən uzaqlaşdırıldı və hakim komanda bununla mövcud narazılığı da özündən uzaqlaşdırmış oldu;

 

İkincisi, siyasi partiyalarla dialoqun qurulması prosesi sürətləndirildi, partiyaların qeydiyyat, ofis və digər problemləri həll olundu.

 

Bu addımlar ənənəvi müxalifətlə hakimiyyət arasında qalan digər partiyaların tərəzinin iqtidar gözünə ağırlıq verməsi ilə nəticələndi. Bir tərəfdə hakim komanda və siyasi dialoqda iştirak edən onlarla siyasi partiya, digər tərəfdə ənənəvi müxalifə kimi tanıdığımız AXCP-Müsavat partiyaları yer alır. Son dövrlər yeni qeydiyyatdan keçən partiyaların aktivləşməsi, elektoratlarının artması bu prosesin davamıdır. Çünki ictimai rəydə hakimiyyətlə bağlı miqyasından asılı olmayaraq mövcud olan narazılıq azaldıqca, ənənəvi müxalifətin elektoratı da azalmağa, buna paralel olaraq elektoratın müəyyən bir hissəsinin yeni aktivləşən partiyalara maraq göstərməsi başladı. Vətən müharibəsində qazandığımız qələbə də siyasi münasibətlərə təsir göstərir, müharibə həmişə cəmiyyətin baxışlarını, prioritetlərini, sosial psixologiyasını dəyişdirir. Bu dəyişikliklərdə radikal xətt seçən siyasi qüvvələr yer almayacağı gözləniləndir”.

 

“Ana müxalifət” məsələsinə gəlincə, Asif Nərimanlının sözlərinə görə, bu məsələyə münasibət də fərqlidir:

 

“Hazırda “ana müxalifət” olaraq parlamentdə YAP-dan sonra daha çox mandatla təmsil olunan Vətəndaş Həmrəyliyi Partiyası qəbul olunur, lakin reallıqda elektoratı bu partiyadan daha çox olan, lakin qanunverici orqanda təmsil olunmayan partiyalar var:

 

Parlamentdə təmsil olunan ReAl partiyasının “ana müxalifət” olmaq iddiası daha çox görünür, həm elektorat, həm də bu partiya haqqında ictimai rəyin müsbət olması baxımından. Lakin mandat sayında VHP-dən geri qaldığı üçün bu da sual altında düşür. Belə vəziyyət ana müxalifət partiyasını müəyyənlşdirməyi çətinləşdirir.

 

Hazırda hakim partiyadan başqa ən aktiv siyasi partiyalar arasında ReAl və Ağ Partiyanın adını çəkə bilərik. Parlamentdə təmsil olunan siyasi partiyaların aktivliyi var, lakin adını qeyd etdiyim iki partiya ictimai rəyi formalaşdıran virtual aləmdə daha aktiv görünür”.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü