Modern.az

“Prezidentlik postunu və prezident adını urvatdan salmaq olmaz” - MÜSAHİBƏ

“Prezidentlik postunu və prezident adını urvatdan salmaq olmaz” - MÜSAHİBƏ

31 Avqust 2012, 15:19

“Heç kim də özünü ölkənin və xalqın ağası kimi aparmamalıdır”

Modern.az saytı Ədalət Partiyasının sədri, Milli Məclisin deputatı İlyas İsmayılovla müsahibəni təqdim edir. 

- İlyas müəllim, son vaxtlar - Sizin rayonlarda  seçicilərlə növbəti görüşlər keçirdiyiniz günlərdə paytaxtda bir sıra maraqlı olaylar baş verdi. Məsələn, AMİP-də 16 müxalif partiya nümayəndələrinin toplantısı keçirildi və orada müxalifətdaxili əməkdaşlığın perspektivləri və demokratik seçki mühitinin formalaşdırılması ilə bağlı müzakirələr aparılandan sonra  Demokratik Qüvvələrin Məşvərət Məclisinin (DQMM) yaradılması barədə razılığa gəlindi. Əvvəla bilmək istərdik, Ədalət Partiyasının orada təmsil olunmaması nə ilə bağlı idi? İkincisi, olduğunuz rayonlarda əhalinin sosial durumu, yaşayış tərzi, ən ümdəsi isə seçici fəallığı hansı səviyyədədir?

- Əslində AMİP-dəki toplantıya dəvət olunmuşduq. Amma mən rayonlarda  seçicilərlə görüşdə olduğumdan, təşkilati məsələlər üzrə müavinim isə eyni gündə və saatda partiyanın Bakı rayonlarının rəhbərləri ilə görüş keçirdiyindən  orada iştirak edə bilmədik. Yəni həmin toplantıya qatılmamağımız  sırf texniki səbəblərlə bağlı olub.

Seçicilərlə görüşlərə gəlincə, bu barədə mətbuatda ətraflı məlumat getdiyindən onların üzərində geniş dayanmağa ehtiyac duymuram. Qısaca onu deyim ki, bu dəfə seçicilərlə dörd görüşümüz oldu. Qazaxada Ağköynək, Ağstafada Vurğun və Tovuzda Aşağı Mülkülü və Hacallı kəndlərində. Adamlar əsasən məktəblərdə istilik sisteminin olmamasından və əkin suyunun çatışmamasından gileylənirdilər. Birinci məsələ ilə bağlı elə seçicilərin yanından təhsil naziri Misir Mərdanova zəng vurdum və problemin həll olunmasına köməklik göstərməsini xahiş etdim. Sağ olsun, nazir bu məsələni şəxsən nəzarətə götürəcəyini və problemi soyuqlar düşməmiş həll edəcəyinə söz verdi. İkinci məsələ ilə bağlı isə artıq Meliorasiya və Su Təsərrüfatı Açıq Tipli Səhmdar Cəmiyyətinin sədri Əhməd Əhmədzadəyə rəsmi müraciət göndərmişəm. Ümid edirəm ki, bu məsələ də öz həllini tapacaq. Ümumiyyətlə isə əvvəlki illərə baxanda əhalinin problemləri xeyli azalıb. Məsələn, onlar indi işıq, qaz və sair problemləri qaldırmırlar.  Qaldı siyasi fəallıq, təbii ki, paytaxtla müqayisədə rayonlarda bir süstlük var. İnsanlar daha çox əkin-biçinlə, gündəlik qayğıları ilə məşğuldurlar.

- Yeri gəlmişkən, Seçkilərin Monitorinq Qrupu və Demokratiyanın Tədrisi Mərkəzinin seçici fəallığı ilə bağlı keçirdiyi sorğuda iştirak edənlərin də 48 faizi  ailəsinin güzəranının orta, 37 faizi ağır, 12 faizi isə dözülməz olduğunu bildirib. Respondentlərin 49 faizi son 3 ildə güzəranında dəyişiklik olmadığını, 36 faizi pisliyə doğru dəyişiklik olduğunu qeyd edib.  Bundan başqa, sorğu zamanı o da  aydınlaşıb ki, respondentlərin 44 faizi hesab edir ki, seçkilərin hər hansı prosesə təsiri olmur. Sizcə, vəziyyəti və bu düşüncə tərzini dəyişmək üçün nə etmək lazımdır?

- Şübhəsiz, problemlər var və heç kim onları inkar etmir. Sadəcə dediyim odur ki, ölkədə mütərəqqi meyllər, tendensiya da müşahidə olunur və onları da etiraf etmək lazımdır. Siyasi fəallığın olmamasına gəlincə, ölkədəki mövcud siyasi partiya və vətəndaş fəaliyyətsizliyi həqiqətən də təəccüb və təəssüf doğurur.  Bir çoxları baş verən proseslərə tam biganəlik göstərir, heç bir siyasi partiyanın və ictimai təşkilatın üzvü olmamalarıyla sanki fəxr edirlər. Siyasi partiyalar bunu nəzərə almalı və insanları siyasi süstlük vəziyyətindən çıxarmağa, onlara yüksək vətəndaşlıq hissi aşılamağa çalışmalıdırlar. Biz insanlara öz hüquqlarını müdafiə etməyi öyrətməliyik, onlara başa salmalıyıq ki, haqlarını tələb etməkdən, qanuni məqsədlərinə çatmaq üçün mübarizə aparmaqdan çəkinməsinlər. İnandırmalıyıq ki, bunun yolu həm də ölkənin ictimai-siyasi həyatında fəal iştirak etməkdən keçir. Bunu ona görə deyirəm ki, indi insanların ürəyində qəribə bir qorxu xofu var. Bax, bu qorxu hissini onların canından çıxarmaq lazımdır. Çünki məşhur bir aforizmdə deyildiyi kimi, “qorxu xalqı otaran ən etibarlı çobandır”. Özü də bu yeni şey deyil. Xalqın biganəliyə, cəhalət epidemiyasına tutulması zaman-zaman həmişə müşahidə olunub və toplumların  aparıcı insanlarını daim düşündürüb. Məsələn, oxşar vəziyyət vaxtilə İbn Sinanı dəhşətə gətirmişdi. Ona görə də elə hesab edirdi ki, əgər xalq düşünmürsə, yuxarıdan təqdim olunan “həqiqətlərə” kortəbii olaraq inanırsa, göstərişləri müticəsinə yerinə yetirirsə, onda o ölüdür. Böyük mütəfəkkir deyirdi ki, insanın nəinki bədənini, ilk növbədə şüurunu, zehnini müalicə etmək lazımdır ki, o, dünyaya ağlının gözləri ilə baxa bilsin.

Söhbət ölkədəki vəziyyətin və insanların durumunun kardinal dəyişməsindən gedirsə, bunu təbii, hakimiyyət və hakimiyyətdəkilər edə bilərlər. Xüsusən də yüksək post tutan rərbər vəzifəli şəxslər. Çünki imkan və səlahiyyət məhz onlardadır. Hansı yolla? Yəqin yaşlı və ortayaşlı insanlar xatırlayarlar, Sovet vaxtı müxtəlif dekretlər, indiki terminlə desək, islahatlar həyata keçirilirdi. İslahatlara indi daha çox ehtiyac var.  Özü də rəhbər vəzifə tutanlar bu istiqamətdə şəxsi nümunə göstərməlidirlər. Və bunun üçün onların müəyyən keyfiyyətləri olmalıdır. Birincisi, rəhbər tabeçiliyində olanlardan savadlı, bilikli olmalıdır. Əks halda o, lağ, qınaq obyektinə çevrilə bilər. İkincisi, rəhbər tabeçiliyindəkilərin yanında, necə deyərlər, gözükölgəli olmamalıdır.  Əgər o, kimdənsə nəsə umubsa və ya təmənna görübsə, bu onu gec-tez pis vəziyyətdə qoyacaq və o, heç kimdən heç nə tələb edə bilməyəcək..

Üçüncüsü, rəhbər olan şəxs ictimai fikri mütləq nəzərə almalıdır. Təəssüf ki, Azərbaycan  dünyanın ictimai fikrə əhəmiyyət verilməyən nadir ölkələrindən birinə çevrilib. Dəhşətlisi odur ki, ən ciddi ittihamlara belə nəinki reaksiya verilmir , onlar heç təkzib də olunmur. Halbuki ictimai fikrə bu qədər tüpürmək olmaz. Ən azı ona görə ki, bu cür laqeydlik sonradan çox acı əks-reaksiyalar doğura bilər.

- Avropa Məhkəməsinin Böyük Palatası bəzi müxalif partiya liderlərinin şikayətinə baxmaqdan imtina edib. Şikayət edənlərin iddiasına görə, bu artıq o deməkdir ki, Azərbaycan hakimiyyəti Avropa təsisatlarını da ələ almağa başlayıb. Sizcə, bu iddia nə dərəcədə ağlabatandır?

- Avropa Məhkəməsinin Böyük Palatasına kimlərin və nə üçün müraciət etdiklərini, iddia və tələblərinin nədən ibarət olduğunu bilmirəm. “Ələ almaq” məsələsinə gəlincə, düzdür, Avropa təsisatları Azərbaycanla, onun problemləri ilə bağlı bir çox hallarda ikili standartlara yol verirlər. Amma təkcə bunu əsas götürüb onların, o cümlədən Avropa Məhkəməsinin Böyük Palatasının ələ alındığı iddiasını irəli sürmək olmaz. Çünki bu çox ciddi ittihamdır və konkret sübutlara, dəlillərə söykənməlidir.  

- Prezident seçkilərinə təxminən bir il vaxt qalıb. Artıq bəzi siyasətçilər bu post uğrunda mübarizə aparacaqlarını bəyan ediblər. Yeri gəlmişkən, aralarında ən müxtəlif adamlar var  və istisna olunmur ki, seçkilər yaxınlaşdıqca bu iddiaya düşənlərin sayı daha da artacaq. Həm peşəkar siyasətçi və hüquqşünas, həm də vaxtilə prezidentliyə namizəd olmuş bir şəxs kimi necə fikirləşirsiniz, bu say çoxluğu  hüquqi və mənəvi baxımdan nə dərəcədə normaldır?

- Şəxsən mən namizədlərin çox olmasına heç də pis baxmıram.. Əksinə, çox olmaları hardasa yaxşıdır ki, içlərindən daha layiqlisini seçmək mümkün olsun. Elə seçkinin mahiyyəti də ondadır ki, seçiciyə seçmək imkanı verilir. Bir də unutmayaq ki, Konstitusiyaya görə də hər bir şəxsin seçmək və seçilmək hüququ var.

- Qanun öz yerində, amma hər yoldan ötənin bu cür böyük iddiaya düşməsi də anlaşılan deyil. Lətifəsi hamısından uzaq, məşhur bir aforizmdə deyildiyi kimi, tutaq ki, məscidin qapısı açıqdır, bəs... insafına nə  gəlib? Yəni təkcə qanunun imkan verməsi ilə iş bitmir axı. Ən azı hər bir iddiaçı öz gücünü, imkanlarını nəzərə almalı, bu yükün, məsuliyyətin ağırlığını dərk etməlidir. Bu baxımdan yanaşsaq, prezident olmaq istəyən şəxs hansı keyfiyyətlərə malik olmalı və hansı kriteriyalara cavab verməlidir?

- Məşhur Roma natiqi, böyük mütəfəkkir və görkəmli dövlət xadimi Mark Tulliy Siseronun təbirincə desək, siyasi ambisiyaları şəxsi keyfiyyətləri ilə, yumşaq desək,  uzlaşmayan, əksinə  rüsvayçı dərəcədə ziddiyyət təşkil edən bəzi  şəxslərin o cür iddiaya düşmələri həqiqətən təəccüb doğurur və narahatlıq yaradır.  Mən elə hesab edirəm ki, prezident olmaq istəyən şəxs ilk növbədə Vətənini və millətini sevməlidir. Bütün biliyini, gücünü və bacarığını , bir sözıə, həyatını Vətəninin çiçəklənməsi, millətinin və xalqının yaxşı, firavanlıq və əmin-amanlıq içərisində yaşamasına həsr etməlidir. Şəxsi maraqlarını bir kənara qoymalı, xalqın və dövlətin maraqlarının təmsilçisi və təminatçısı olmalıdır. Qəlbi bu istəklə döyünməlidir. Amma tək istək də azdır. Hazırda regionda və dünyada çox gərgin, ciddi və qlobal proseslər gedir. Əgər kimsə prezident olmaq istəyirsə, deməli, həm də həmin proseslərin içərisinə atılır. Ona görə də bir sıra əlahiddə keyfiyyətlərə malik olmalıdır. Söhbət ilk növbədə siyasi iradədən, əzmkarlıqdan, hərtərəfli bilikdən, zəngin təcrübədən gedir. Çünki o postda oturmaq təkcə hazır sərəncam və fərmanları imzalamaqdan ibarət deyil. Yeri gəlmişkən, sərəncam və fərmanlar da əsaslı, işlək, inandırıcı və xalqın istəklərinə, dövlətin maraqlarına uyğun olmalıdır. Burada general Şarl de Qolla bağlı bir məqamı xatırlatmaq, məncə, yerinə düşər. Deyilənə görə, o, hər hansı bir qərarı qəbul edəndə əsl dövlət adamı olaraq həmişə üç prinsipi – şərəf və ləyaqəti, sağlam düşüncəni və Vətəninin maraqlarını rəhbər tuturmuş. Dövlət başçısı məhz belə olmalıdır. Prezidentlik postunu, prezident adını urvatdan salmaq olmaz. Heç kim də özünü ölkənin və xalqın ağası kimi aparmamalıdır.      

- Dediklərinizə xarici və beynəlxalq dəstəyin zəruriliyini də əlavə etmək olarmı?

- Əlbəttə, regionda və dünyada gedən proseslər mütləq nəzərə alınmalıdır. Azərbaycan özü də elə bir coğrafi məkanda yerləşir ki, bir çox dövlətlər də istər-istəməz ona maraq göstərirlər. Bu həm də onun yeraltı və yerüstü sərvətləri ilə bağlıdır. Və bu maraqlar bəzən uzlaşır, bəzən isə əksinə, mövqe kəsişmələrinə çevrilir. Təbii ki, həmin ölkələrin, eləcə də burada marağı olan nüfuzlu beynəlxalq təşkilatların rəhbərləri də istəyərlər ki, Azərbaycana onların müəyyən tələblərinə cavab verən, uyğun gələn şəxs başçılıq etsin. Yəni, bütün hallarda dediyiniz məqamı nəzərə almamaq olmaz.

- Müsahibələrinizdə Azərbaycanın problemlərindən danışanda dörd məsələni xüsusi qabardırsınız: Qarabağ münaqişəsini – torpaqlarımızın işğalı faktını, korrupsiyanın görünməmiş miqyas almasını, yerlibazlığın, qohumbazlığın bütün əndazələri aşmasını və istənilən cəmiyyətin inkişafında həlledici amillərdən hesab olunan ictimai fikrə tam laqeydlik göstərilməsini. Sizcə, gələcək prezident bu  və digər problemləri həll etmək üçün hansı addımları atmalıdır?   

-  Bayaq bu suala, demək olar, cavab verdim. Qısaca olaraq bir daha vurğulayıram: siyasi iradə, əzmkarlıq nümayiş etdirməli və şəxsi nümunə göstərməlidir, vəssalam!

- Seçkilərə qatılıb-qatılmayacağınızı bilmirk. Amma bir şey dəqiq məlumdur ki, Sizin öz namizədliyinizi irəli sürməyinizi arzulayanlar  var. Onlar Sizi namizəd statusunda görə biləcəklərmi?

- Hadisələri qabaqlamağa dəyməz. Hələ tezdir. Amma əgər məni həqiqətən də namizəd görmək istəyənlər varsa, fürsətdən istifadə edib onlara öz səmimi təşəkkürümü bildirirəm.

- Seçkilərə buraxılacaq namizədlərə bəri başdan nələri arzu və tövsiyə edərdiniz?

- Arzu edərdim ki, xalqın taleyi ilə oynamasınlar. Həqiqətən də xalqa qulluq etsinlər. Bütün bacarıq və imkanlarını səfərbər edib bu istiqamətə yönəltsinlər. Dövlət və xalq qarşısında məsuliyyət hissini itirməsinlər. Çünki insanı həmişə qabağa aparan amillərdən biri məhz məsuliyyət hissidir.

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
BAKI TƏSDİQLƏDİ - Sülhməramlılar Qarabağdan belə çıxarıldı