Modern.az

Məşhur Məmmədov: YAP-ın yenilənməsi islahatlara təkan verəcək

Məşhur Məmmədov: YAP-ın yenilənməsi islahatlara təkan verəcək

5 Mart 2021, 16:13

Yeni Azərbaycan Partiyasının növbədənkənr VII qurultayının keçirilməsi ölkədə aparılan islahatların davamıdır. Çünki  yeni-yeni gənclərin partiya sıralarında təmsil olunması onu göstərir ki, partiya həm də yenilənir.

Növbədənkənar qurultayın keçirilməsi tarixi hadisədir. Qurultayda bir çox qərarların verilməsi onu göstərir ki, partiya üzvləri bundan sonra daha da məsuliyyətli olacaqlar.

Qurultayda diqqət çəkən məqamlardan biri Veteranlar Şurasının yaradılması  ilə bağlıdır. Belə ki, 1992-ci ilin 21 noyabrında  ölkəmizin ictimai-siyasi fikir tarixində  Yeni Azərbaycan Partiyası yarandı.  Yeni Azərbaycan Partiyası Azərbaycan tarixinin son dərəcə ağır və keşməkeşli günlərində, ölkənin ciddi sınaqlara məruz qaldığı bir dövrdə  Azərbaycan ziyalılarının təşəbbüsü və fəal iştirakı ilə yaranıb.

Hər kəsə bəllidir ki, Dövlət müstəqilliyinin rəsmən elan olunduğu 1991-ci ilin 18 oktyabrından sonra Azərbaycan böyük fəlakətlə üzləşib. Bir-birini sürətlə əvəzləyən müvəqqəti iqtidarların şəristəsiz siyasəti dövlətə, xalqa qarşı edilən xəyanətlər Azərbaycanı nəinki yenicə qazandığı müstəqilliyini itirmək, hətta bir dövlət kimi dünyanın siyasi xəritəsindən silinmək təhlükəsi ilə üzləşib. Həmin dövrlərdə  Azərbaycan vətəndaş müharibəsinin bir addımlığında idi.

Azərbaycanın bir sıra dövlətlərlə, o cümlədən qonşu ölkələrlə olan münasibətləri korlanmışdı. Eləcə də  beynəlxalq aləmdə təklənmişdik. O zamanların tələbi xalqı təlaşdan çıxartmaq üçün  mütəşəkkil siyasi qüvvənin —partiyanın yaranması gündəmdə idi. Yeni Azərbaycan Partiyasının yaranması 1988-ci ildən başlayaraq ölkəmizdə cərəyan edən hadisələrin yekunu və mövcud olan ictimai-siyasi şəraitin məntiqi nəticəsi idi. Sovet rejiminin və Kommunist Partiyasının süqutundan sonra müstəqillik əldə etmiş respublikalardan biri kimi Azərbaycanda da müxtəlif siyasi partiyalar və digər qurumlar təşəkkül tapmağa başlamışdı. Azərbaycanda siyasi qurumların formalaşması prosesi 1988-ci ildən başlanan xalq hərəkatı gedişində özünü büruzə vermiş ve 1990-cı ilin əvvəllərində bir sıra təşkilatlar yaranmışdı. Lakin yaradılan partiyalar ölkəni düşdüyü ağır iqtisadi, siyasi, mənəvi böhrandan nəinki qurtara bilmədi. Ölkəni bürümüş dərin siyasi, iqtisadi, sosial böhran xalqın qabaqcıl hissəsi olan ziyalıları, tanınmış insanları son dərəcə narahat edirdi. Bu zaman Azərbaycanın taleyini düşünən insanlar ölkəni böhrandan çıxara biləcək yeni bir partiya yaratmaq təşəbbüsü ilə çıxış etdilər və bu məqsədlə xalqın sınanmış lideri və müdrik oğlu Heydər Əliyevin şəxsiyyəti ətrafında birləşdilər.

 

Həmin dövrlərdə mərhum Ulu öndərin ətrafında birləşən həmin  şəxslərin bəziləri bu gün Veteranlar Şurasında təmsil olunur. Bu da təsadüfi deyil. Çünki bölgələrdə də partiyamızın rayon təşkilatları fəaliyyət göstərir və aktiv üzvlərimiz mövcuddur. Partiya sıralarımızda yeni-yeni gənclərimiz təmsil olunur. Həmin gənclərin çoxunun yaşı partiyanın yaşından kiçikdir. Təbii ki, həmin gənclərə partiyanın necə yaranması aşılanmalı və onlar partiyanın tarixini dərindən bilməlidirlər. Məhz partiyanın veteran üzvləri bu işdə gənclərə daha yaxından köməklik göstərə bilərlər. Hesab edirəm ki, Veteranlar Şurasının yaranması partiya sırlarında təmsil olunan şəxslərin inkişafına, partiyanı daha da qabağa aparmalarına dəstək olacaq.

 

Eyni zamanda, ölkə başçısı partiyanın qurultayında videokonfrans formatında çıxış edib. Cənab prezident çıxışı zamanı Azərbaycanın 44 günlük Vətən müharibəsindəki qələbəsindən də bəhs edib. Dövlət başçısı qarşıya qoyulan hədəflərə çatdığımızı bu cür ifadə edib:

 

“Prezident seçkilərindən sonra bəyan etdiyim proqram icra edilir və ardıcıllıqla biz öz hədəflərimizə çatırıq. Prezident seçkilərindən sonra ərazi bütövlüyümüzün bərpasını mən birinci dərəcəli vəzifə kimi qoymuşdum və biz buna nail olduq. Eyni zamanda, siyasi, iqtisadi, sosial və başqa sahələrdə, o cümlədən xoşagəlməz hallara qarşı mübarizədə də açıq-aydın hədəflər qarşımıza qoyuldu və biz ardıcıllıqla və məqsədyönlü şəkildə bu hədəflərə çatırıq”.

 

Göründüyü kimi, ölkədə aparılan islahatlar qarşıya qoyulan hədəflərin davamıdır. Hər kəs bu islahatları alqışlayır. Çünki aparılan islahatlar bizim inkişafımıza hədəflənib.

 

Hesab edirəm ki, Yeni Azərbaycan Partiyasında da yenilənmənin aparılmasını islahatların davamı kimi xarakterizə etmək olar.

Məşhur Məmmədov Milli Məclisin deputatı

Twitter
Sizə yeni tvit var
Keçid et
BAKI TƏSDİQLƏDİ - Sülhməramlılar Qarabağdan belə çıxarıldı