Modern.az

Bir ildə 323 intihar...

Bir ildə 323 intihar...

2 Fevral 2010, 10:40

MODERN.AZ 2009-CU İLDƏ BAŞ VERƏN ÖZÜNƏQƏSDLƏRİN STATİSTİKASINI TƏQDİM EDİR Modern.az 2009-cu ildə rəsmi mənbələrin məlumatları əsasında qeydə alınan intiharların statistikasını aparıb. Bu statistika göstərir ki, ötən il Azərbaycanda 323 nəfər intihar edib. Onların 76 nəfəri qadın olub. İl ərzində 29 məktəbli və yeniyetmə, bir nəfər azyaşlı uşaq həyatına qəsd edib.

 

8 hərbçi özünəqəsdi

 

Nərimanov rayon Hərbi Komissarlığından hərbi xidmətə çağırılan  24 yaşlı Elbrus Rəhimov Gəncə şəhərindəki “N” saylı hərbi hissədə özünü asıb. Dövlət Sərhəd Xidmətinin “N” saylı hərbi hissəsində xidmət edən Elşad Əliyev ( Xaçmaz rayon Hərbi Komissarlığından hərbi xidmətə çağırılıb) Lerik rayonundan olan Nahid Abbasov arasında insident yaranıb. Nəticədə Nahid avtomatla Elşadı vurub, sonra isə özünü güllələyib.

Tərtər rayonudakı hərbi hissələrdən birində xidmət edən Famil Vəliyev də özünü güllələyib. Sumqayıt şəhərindən olan 20 yaşlı əsgərin işgəncə və təhqirlərə dözməyərək intihar etməsi versiyası irəli sürülüb.

Naxçıvan MR Culfa rayonundakı N saylı hərbi hissədə xidmət edən əsgər Kamil İsayev komandirini, əsgər yoldaşını güllələdikdən sonra özünü də vurub. Ucar rayon Hərbi Komissarlığından xidmətə çağırılan əsgərin qaranlıq vaxtı su gətirməyə getdiyi, bu zaman naməlum şəxslərlə qarşılaşdığı və onların erməni olduğunu zənn edərək atəş açdığı bildirilib. K.İsayev komandirini və əsgər yoldaşını vurduğunu biləndən sonra intihar edib.

Daha bir əsgər Şəhriyar Əsgərov Badamdar qəsəbəsindəki N saylı hərbi hissəsində özünə qəsd edib.

Xidməti silahı ilə özünü vuraraq intihar etmə faktı ötən il Müdafiə Nazirliyinin Zığ qəsəbəsindəki Hərbi Dəniz Qüvvələrinin hərbi hissəsində də qeydə alınıb. 18 yaşlı Rəşad Talıbov (İsmayıllı rayon sakini) özünü vurub.

Astara rayonundan hərbi xidmətə çağırılan 19 yaşlı Tofiq Əliyev Tərtərdəki hərbi hissələrin birində avtomatdan atəş açaraq özünü öldürüb.

Gədəbəy rayonunda yerləşnən hərbi hissələrdən birində də ötən il intihar hadisəsi qeydə alınıb. Xaçmaz rayonudan olan 18 yaşlı Zakir Babayev gecə odlu silahla özünü güllələyib.

17 nəfər özünü suda boğub, 2 nəfər binadan atlanıb 2009-cu ildə intihar edən kişilərin 17 nəfəri özlərini çaya, dənizə, su kanalına, su quyusuna, yaxud körpüdən atıb. 8 nəfər özünəqəsdi binaların müxtəlif mərtəbələrindən atmaqla həyata keçirib.

Məsələn, Nərimanov rayonunda 66 yaşlı Rəşid Həsənov, 38 yaşlı qızını bıçaqladıqdan sonra özünü 4-cü mərtəbədən atıb. Ahıl yaşında intihar edənlərdən biri isə bələdiyyə sədri olub. Hadisə Abşeron rayonu, Kürdəxanı qəsəbəsində baş verib. Özünü asan Balahüseyn Babayev ətrafındakılara son vaxtlar Ədliyyə Nazirliyinin nəzarət qurumları tərəfindən sıxışdırılmasından şikayətlənirmiş.

Gəlininə küt alətlə xəsarət yetirən Quba rayonunun Nügədi kənd sakini 71 yaşlı Nadirşah Behbudov da sonradan özünə qəsd edib. Borca düşən biznesmen, 62 yaşlı Aleksandr Yuriyev isə özünü pnevmatik tapança ilə vurub.

Yaşı 60-dan yuxarı olan intihar etmiş kişilər arasında müxtəlif xəstəliklərdən əziyyət çəkənlər də olub.

Gəncə şəhərində 72 yaşlı institut direktoru İnayət Qarayevin intiharının səbəbləri isə açıqlanmayıb.

146 kişi özünü asıb

2009-cu ildə intihar edən kişilərin 146 nəfəri özlərini asıblar. İntihar edən kişilərin 9 nəfəri məcburi köçkün olub. Özünə qəsd edən kişilərin 54 nəfərinin yaşı 18-30 arasında olub. 106 nəfərinin yaşı 31-60 arasında, 23 nəfərinin yaşı isə 60-dan yuxarı olub. İntihar edən kişilərin 44 nəfərinin əsəb, yaxud digər xəstəliklərdən əziyyət çəkdikləri bildirilib.

Həyatına sui-qəsd edən kişilərin 8 nəfəri rus millətindən olub. Bu intiharların hamısı Bakının müxtəlif rayonlarında qeydə alınıb. 

Ötən il kişilərin 10 nəfəri qayçı, ülgüc, bıçaqla bədənlərinin müxtəlif yerlərinə xəsarətlər yetirərək həyatlarına son qoyub. Kişilərin 107 nəfərinin hansı səbəbdən intihar etdiyi açıqlanmayıb.

Qeyd edək ki, 2009-cu ildə baş verən bəzi intihar faktları ilə bağlı müəamalar indi də qalmaqdadır. Bunların bir hissəsini hətta ilin ən hay-küylü özünəqəsdləri sırasına aid etmək mümkündür. Məsələn, “Rabirtəbank”ın Şəki rayon filialının direktoru 46 yaşlı Namiq Musayev yaşadığı mənzildə özünü asıb. İntihardan əvvəl onun yazdığı məktubun məzmunu isə hələ də açıqlaqnmır. Bəzi mənbələrin iddiasına görə, Musayevin gözlənilmədən intihar etməsinə səbəb rayon icra hakimiyyəti başçısının onun rəhbərlik etdiyi bankdan 300 min dollara yaxın kredit götürüb, sonra həmin pulu qaytarnaqdan imtina etməsi olub. Filial direktorunun özünəqəsd etməzdən bir gün əvvəl icra hakimiyyəti başçısı ilə görüşüb pulları geri qaytarmağı xahiş etdiyi də bildirilir.

 

Ötən il bir intihar faktı Lənkəran rayon Polis Şöbəsinin müvəqqəti saxlanma təcridxanasında baş verib. Narkotika aludəçisi və narkotik madddələrin qanunsuz dövriyyəsi ilə məşğul olma səbəbindən saxlanılan 46 yaşlı Rüstəm Əliyev təcridxanada intihar edib.

 

Qonşusu ilə mübahisəyə görə Salyan rayon polis şöbəsinə çağırılan 46 yaşlı İkinci Varlı kənd sakini Vəli Qasımov da intihar edib. İlkin versiyaya görə, şöbədə ondan 3 min manat pul tələb edilib və deyilib ki, əgər bu məbləği gətirməzsə, həbs olunacaq. Onun məhz bu səbəbdən özünü asdığı ehtimalı irəli sürülüb. 

Abşeron rayon Polis idarəsinin dəftərxana müdiri 51 yaşlı Nizami Babayevin müəammalı intiharının səbəbləri açıqlanmayıb.

 

Şəki şəhər sakini, 25 yaşlı Elşən Dadaşovun özünü asması isə Dadaşovlar ailəsində son illər qeydə ailınan üçüncü intihar hadisəsi olub.

 

Ağsu rayonu, Kalva kənd sakini 55 yaşlı Hakim Həşimovun həyatına qəsd etməsinin səbəbi oğlunun toyuna pul tapa bilməməsi ilə izah olunub.

 

Ötən il intihar edənlər arasında keçiş polis əməkdaşları da olub. Abşeron rayonu, Masazır qəsəbəsində 42 yaşlı Ağamir Cavadov özünü asıb.

 

Ailə məişət mübahisəsinin qurbanları

Qeyd edək ki, 2009-cu ildə 24 kişi ailədaxili münaqişə, yaxud ailədə baş verən xoşagəlməz hadisələr  səbəbindən özünü öldürüb. Məsələn,  Ağcabədi rayonunda ailədaxili münaqişə nəticəsində baş verən intihar isə bəlkə də ilin ən dəhşətli hadisələrindən biridir. Rayonun Arazbarı kənd sakini Zahid İbrahimovun gəlini prokurorluğa qayınatası tərəfindən zorlanması barədə şikayət edib. İbrahimov isə şikayətin böhtan xarakterli olduğunu deyərək əvvəlcə sol döş qəfəsinə bıçaqla bir neçə zərbə vurub, ölmədikdə transformatorun naqillərindən əli ilə tutaraq intihar edib.

Şəki rayon sakini 22 yaşlı Faiq Xəlilov isə bacısının sevdiyi oğlana qoğulub qaçdığı xəbərini eşidəndən sonra özünü asıb.

 

14 nəfər ov tüfəngi ilə vurulub

2009-cu ildə intihar edən kişilərin 14 nəfəri özünü ov tüfəngi və digər odlu silahla vurub. Özünəqəsdi əl qumbarası ilə özünü partlatmaqla həyata keçirənlər də olub.

 

Qubadlı rayon icra hakimiyətinin keçmiş başçısı Əvəz Hüseynquliyev Sumqayıt şəhərində özünü məlum olmayan səbəbdən ov tüfəngi ilə güllələyib. Şamaxı rayon sakini Lazım Məmmədov, Quba rayon sakini Oqtay Ağakişiyev, Şəmkirdə Mujgan Əhmədzadə, Qubad İbadov, Ucar rayon sakini Etibar Abdullayev, Göygöl rayonunda Micəlal Seyidov da özlərini ov tüfəngi ilə vuraraq öldürüblər. 

Sabunçu rayon sakini Əziz Abdullayev özünəqəsdi tapança ilə atəş açaraq reallaşdırıb. Şəki rayonunda 42 yaşlı Rəhman Zakirov özünü əl qumbarası ilə partladıb.

 

Gəncə şəhərində isə 50 yaşlı Elşad Nağıyev “Revolver” markalı tapança ilə özünü öldürüb.

 

Ötən il kişilərin 9 nəfəri intiharı üzərinə benzin töküb yandırmaq1a, müxtəlif kimyəvi madddələr içməklə həyata keçirib.

Bu olayların arasında ən diqqətçəkəni Sabunçu rayonunda qeydə alınıb. Yasamal yaron sakini, 27 yaşlı Elnur Ağayev Sabunçuda yaşayan bacısının evindən taxta qapıları oğurlayıb. Polis tərəfindən axtarıldığını eşidən Elnur qapıları geri qaytarıb və buradaca üzərinə benzin tökərək özünü yandırıraraq intihar edib.

 

29 məktəblinin intiharı

2009-cu ildə 29 nəfər məktəbli və yeniyetmə intihar edib. Onların 20 nəfəri oğlan, 9-u qız olub. Bu hadisələrin 3-ü Lənkəran rayonunda (bir qız, iki oğlan), 3-ü Şəmkirdə (üçü də oğlan olub), 2-si Kürdəmir rayonunda (hər ikisi oğlan olub), 2-si isə İsmayıllıda (onların da hər ikisi oğlan olub) qeydə alınıb.

İntihar edən qadınlar

İntihar edən qadınlar da həyatlarına sui-qəsdi müxtəlif vasitələrlə və müxtəlif səbəblərdən törədiblər.

Lənkəran rayonunun Sutamurdu kənd sakini, 84 yaşlı Sitarə Zamanova xəstəlikdən əziyyət şəkdiyi üçün özünü həyətlərindəki su quyusuna atıb. Masallı rayonu, Çaxırlı kənd sakini, 67 yaşlı Səmayə Qədirova xərçəng xəstəliyindən əziyyət çəkdiyi səbəbindən özünü Lənkəran rayonu ərazisində Xəzər dənizinə ataraq həyatına son qoyub. 

 

Azərbaycan Milli Elmlər Akademiyasının əməkdaşı, 48 yaşlı Məlahət Allahverdiyeva əsəb xəstəliyindən əziyyət çəkdiyi üçün özünü 5-ci mərtəbədən ataraq intihar edib.

 

21 yaşlı Ağstafa rayon sakini Şəfa Hüseynova isə özünü yük qatarının altına atıb. Bərdə rayon sakini Zülfurə Əliyeva və Yevlax rayon sakini Kəmalə Rüstəmova özlərini Qarabağ kanalına atmaqla həyatlarına son qoyublar.

 

Sumqayıt şəhər sakini, bir uşaq anası, 21 yaşlı Tahirə Rüstəmova isəşdıqdan sonra  əri ilə dalaşdıqdan sonra özünü 5-ci mərtəbədən atıb.

Ötən il rus millətindən olan 5 qadın intihar edib. İntihar edən rusların hamısının yaşı 40-dan yuxarı olub. Yaşı 60-ı keçənlər isə əksəriyyət təşkil edib.

Həyatına qəsd edən qadınların 32 nəfərinin yaşı 18-30 arasında olub. Ötən il 35 qadın intiharı özünü asmaqla reallaşdırıb. İntihar edən qadınların 11 nəfərinin yaşı 60-dan keçib. 31-60 yaş arasında olan qadınların isə 29 nəfəri intihar vasitəsilə özlərinə qəsd ediblər. Qadınların 40 nəfəri özlərini binaların müxtəlif mərtəbələrindən atmaqla, müxtəlif dərmanlar və zəhərli maddələr içməklə intihar ediblər. Özlərinə bıçaqla, ülgüclə xəsarətlər yetirərək intihar edən qadınlar da olub.

Qeyd edək ki, kişilərlə müqayisədə qadınlar arasında özünəqəsd halları özlərin asmaqla deyil, daha çox başqa vasitələrlə həyata keçirilib. Özlərini yandıraraq intihar edən qadınlar da var. Məsələn, Xətai rayonunda 25 yaşlı Südabə Rzayeva hamamda dəm qazını açaraq vanna dolu suya girib boğulmaqla həyatına son qoyub. Onun namus üstündə intihar etdiyi ehtimalı irəli sürülüb.

 

Mingəçevir şəhərində 65 yaşlı Gövhər Rəhimova xəstə olduğu üçün intihar etdiyin bildirən məktub yazıb. Siyəzən rayonunda Fatimə Seyidəmirzadə benzin içərək, həyatına qəsd edib, Gəncə şəhərində Sevinc Əliyeva da neft içib, 1 uşaq anası, 21 yaşlı Gülər Qafarova isə özünü ov tüfəngi ilə vurub.

 

Şamaxı şəhərində ana, qızı və 4 yaşlı oğlan eyni vaxtda özlərini su anbarına atıblar. 

Bakıda 100-dən çox özünəqəsd baş verib 2009-cu ildə baş verən intiharların yüzdən çoxu Bakının ayrı-ayrı rayonlarında baş verib.

 

Bölgələrə gəldikdə, ən çox özünəqəsd hadisəsi Qərb bölgəsində qeydə alınıb. Burada intihar edənlərin 20 nəfəri kişi, 8-i məktəbli və yeniyetmə, 5-i isə qadın olub. Bölgənin ən çox intihar faktı baş verən şəhəri Gəncədir. Ötən il bu şəhərdə 11 nəfər (9 kişi, 2 qadın) həyatına qəsd edib. Şəmkir rayonunda 6 nəfər (onun 3-ü məktəbli, 2-si kişi, biri qadındır),  Ağstafa rayonunda isə 3 kişi, bir məktəbli və bir qadın intihar edib.

 

Şimal-Qərb bölgəsində ötən il 28 nəfər intihar edib. Onların 21-i kişi, 2-si məktəbli və yeniyetmə, 5-i qadındır.

Bu bölgənin ən çox intihar faktı qeydə alınan rayonu Şəkidir. İl ərzində 15 nəfər həyatına bu və ya digər səbəbdən qəsd edib. Qeyd edək ki, Şəki ötənilki intihar faktlarına görə Azərbaycanın ən çox bu cür xoşagəlməz hadisəsi baş verən rayonudur. Şəkidə intihar edənlərin 14 nəfəri kişi, 1-i qadındır. Zaqatala rayonunda isə iki qadın özünə qəsd edib.

 

Sumqayıt şəhərində intihar edənlərin sayı 16-dır. Onların 9-u kişi, 7-si qadındır.

Cənub bölgəsində 17 intihar qeydə alınıb. Ən çox özünəqəsd edənlər Lənkəran rayonunda olub. Burada baş verən 10 intihardan 5-i kişilər, 3-ü məktəblilər arasında olub.

 

Şimal bölgəsində isə ötən il 17 intihar faktı olub. Bunların 11-i kişi, 4-ü qadın, 2-si məktəblidir. Xaçmaz rayonunda 5-ci,  Qusarda isə 8-ci sinif şagirdləri özlərini asıblar. Quba rayonunda baş verən 5 intiharın hamısını kişilər törədiblər. Xaçmaz rayonunda həyatına qəsd edənlərin 5-kişi, 2-si qadın olub.

Mütəxəssis rəyi

Milli Məclisin Sosial siyasət komitəsi sədrinin müavini, həkim-nevropotoloq Musa Quliyevin sözlərinə görə, intihar insanın cəmiyyətlə uyğunsuzluğunun nəticəsidir: “İntihar insanla onun ətraf mühiti arasında çox dərin bir uçurumun yaranması və insanın bu vəziyyətdən çıxış yolu tapmaması nəticəsində baş verir. İntihar edən şəxslərin böyük əksəriyyəti dərin ruh düşkünlüyünə məruz qalan insanlardır. Ruh düşkünlüyü yaranan insan bu vəziyyətdən çıxış yolu tapmayanda ölümə əl atır. İntihar çox nadir hallarda insan özünü idarəetməsinin nəticəsi ola bilər”.

 

M.Quliyevin fikrincə, son illər intiharların çoxalması təkcə bizim ölkəmiz üçün xarakterik deyil: “Dünyada son 20-25 ildə intiharların sayı çoxalıb. Nevropotoloq kimi düşünürəm ki, bu insanın öz bioloji imkanları ilə cəmiyyətin sürətlə inkişafının, texniki tərəqqinin,informasiya tezliyinin və gərginliyin nəticəsidir. İnsan bioloji varlıq olaraq təbiətin bir parçasıdır. İnsanın özünün yaratdığı müəyyən texnologiyalar var ki, təbiəti dağıtdığı kimi onun özünə qarşı da yönəlir. Bu isə ruh düşkünlüyü formasında özünü göstərir”.

 

Komitə sədrinin müavini deyir ki, intiharlar ən çox inkişaf etməkdə olan ölkələrdə qeydə alınır. “İnkişaf etmiş ölkələrdə özünəqəsdlərin sayının azlığının səbəbi dövlətlə vətəndaşlar arasında ciddi ziddiyətlərin olmamasıdır. Amma inkişaf etməkdə olan ölkələrdə dövlətlə vətəndaşlar arasında çoxlu ziddiyiətlər var. Bu ziddiyyətlər ölkənin və insanların gələcəyi ilə bağlıdır. Bunlar intihar hallarını artıran amillərdəndir”. 

Azərbaycandakı intiharlara gəldikdə, həkim-nevropotoloq bunun iki səbəbinin olduğunu bildirir: ”Birincisi, sosializmin dağılması, müstəqilliyin əldə olunması ilə əlaqədar yeni və böyük dünyaya inteqrasiya etməyimizdir. Bu inteqrasiya prosesi Azərbaycanda həmişə birmənalı tətbiq olunmur və birmənalı qarşılanmır. Gənclər, xüsusən qızlar arasında da intihar edənlər var. Həmin gənc qız televizorda müxtəlif verilişlərə baxır, internetdə məlumatları oxuyur, dünyadakı, xüsusən Avropadakı modalarla tanış olur, oradakı davranış tərzini görür. Bunlarla tanış olan həmin qız hər hansı rayonun ucqar kəndində yaşayırsa və yuxarıda sadaladıqlarımı görə bilmirsə, istər-istəməz ruh düşkünlüyü yaranır. Bunun üçün valideynlərindən, ətrafındakı yaxınlarından etdiyi tələblər isə yerinə yetirilmir”.      

Millət vəkili deyib ki, iş yeri problemi, düşdüyü vəziyyətdən çıxış yolunu tapa biləcəyi dostu, psixoloqu olmayan gənc tənha qalır, özünə qapılır və özü üçün yaratdığı virtual dünyada yerini tapa bilmir: “Bütün bunlar gənclərin intiharına səbəb olur. Bu, məhəbbətlə, xüsusi geyim tərzi ilə də bağlı ola bilər. Davranış tərzi ilə bağlı yaranan münaqişələr, iş yeri perspektivi ilə bağlı problemlər də gənclərin intiharına səbəb ola bilər. Bunların kökündə intihara gedən şəxsin psixoemosinal vəziyyəti durur. Araşdırılsa, məlum olacaq ki, həmin insanların uşaqlıq döründən əsəb sistemində müəyyən problemləri olub. Heç bir problemi olmayan, sağlam düşünən insan bir günün içində gedib intihar edə bilməz”. 

M.Quliyevin fikrincə, intihara səbəb olacaq ikinci məsələ Qarabağ problemi ilə bağlıdır: “Statistikaya nəzər yetirsəniz intihar faktları işərisində müxtəlif yerlərdə məcburi köçkün kimi yaşayanlar, yaxud ailələrində Qarabağ probleminin ağrı-acısını görən insanlar da çoxdur. Bu, müharibənin törətdiyi sosial-humanitar vəziyyət də özünəqəsdə səbəb olan faktlardan biridir”.

 

Problemin həlli yollarına gəldikdə, komitə sədrinin müavininin fikrincə, ilk növbədə cəmiyyətdə demokratikləşmə aşağıdan yuxarı getməlidir: “Ailə üzvləri arasında bir-birinə qarşı inamlı mühit yaradılmalıdır. Qız atasında heç nəyi gizlətməmlidir. Oğlanlar da üzləşdikləri problemləri yaxın ətrafı ilə bölüşməyi bacarmalıdır. Yaxud biznesdə uğursuzluğa düçar olan insanın da çıxış yolu var. Bu vəziyyətdən çıxarmaq üçün həmin şəxsə ailəsi, dostları, qohum-əqrabası kömək edə bilərlər. İnsan heç vaxt təklənməməlidir. Ruh düşkünlüyü birinci növbədə təklərin xəstəliyidir. İntihar isə ruh düşkünlüyünün sonuncu addımıdır”.

 

Millət vəkili qeyd edir ki, intiharların qarşısının alınması üçün psixoloji yardımların təsiri ola bilər: “Psixoloji yardım Azərbaycana hələ ki, kifayət qədər oturuşmamış bir sistemdir. Ümumiyyətlə, Azərbaycanda SSRİ dağılana qədər səhiyyə-tibb nühitində psixoloq anlayışı yox idi. O zaman yalnız pedoqoji ali təhsil müəssisələrində tələbələrə həyat psixologiyası öyrədilirdi. Amma əslində psixologiya bir əsrdən çoxdur ki, bir elm kimi qəbul olunub və ailə həkiminin ən birinci silahıdır. Yəni psixoloji yardım kabinetlərinin və yardım kurslarının mövcud olması, gənclərimizin həmin kurslara gedib müəyyən informasiyalar alması ruh düşkünlüyünün aradan qaldırılması və sonda intiharla nəticələnməməsi üçün vacib şərtlərdən biridir”.

 

Deputatın fikrincə, ruh düşkünlüyünə dövlətin iqtisadi vəziyyəti, işsizlik sadəcə təsir edə biləcək faktorlardan biri kimi götürülə bilər: “Məsələn, Hindistan dünyanın ən kasıb ölkələrindən biridir. Orada insanlar nəinki iş yeri, qarın doyusu yemək tapmır, milyonlarla insan küçədə doğulub-ölür, amma orada intihar yoxdur. Çünki bu ölkədə cəmiyyətlə fərd arasında dərin münaqişə yoxdur. Feodalizm dövründə də intihar ona görə yox idi ki, cəmiyyətlə fərdlər arasında münaqişələr yaşanmırdı. Texnologiyanın inkişaf etdiyi indiki dövrdə isə insanlar bir növ təklənirlər. Biz əvvəlki qədər dostlarımızla tez-tez görüşmürük, ailə şənliklərinə çox yığışmırıq, ad günlərində çox iştirak etmirik, kino-teatrlara nadir hallarda gedirik. Keçmiş ənənələr unudulur, yeni ənənələr formalaşır. Gənc insanlarda bu dövrdə daha çox ruh düşkünlüyü yaranır. Qocaların ruh düşkünlüyünə və onların intiharına gəldikdə, onlar çıxılmaz vəziyyətlə üzləşdiklərindən bu yola əl atırlar. Ömrünün çox hissəsini yaşayan, əvvəlki əlaqələrini itirən, bir qədər də sosial imkanları məhdudlaşan, tənha qalan və övladları tərəfindən diqqətsiz qalan insanlarda ruh düşkünlüyü daha tez baş verir. Nəticədə həmin adamlar dünyadan tez getmək üçün özünəqəsd yolunu seçirlər”. 

Həkim-nevropotoloqun sözlərinə görə, bütün bunlara baxmayaraq, Azərbaycanda qocalar arasında ruh düşkünlüyü ilə bağlı faktlar o qədər çox deyil: “Çünki bizim milli əxlaqımıza görə qocalar arasında tənha qalanlar sayca az təşkil edirlər”. Modern.az.            

 

 
Telegram
Hadisələri anında izləyin!
Keçid et
Sabiq deputat ŞOK ADLAR çəkdi - Mehdiyevin dəstəsində kimlər var?