Prezident İlham Əliyev Azərbaycan qadınlarına fəxri adların verilməsi haqqında sərəncam imzalayıb.
Sərəncamla Azərbaycan Respublikasının ictimai-mədəni həyatında səmərəli fəaliyyətlərinə görə, 8 mart – Beynəlxalq Qadınlar günü münasibəti ilə bir neçə qadına Azərbaycan Respublikasının fəxri adları verilib.
Modern.az-ın əməkdaşı “Şöhrət” ordeni ilə təltif olunan hüquq müdafiəçisi Novella Cəfərova ilə danışıb.
QHT rəhbərinin sözlərinə görə, ona ən böyük təltif Qarabağın azad olunması olub:
“Əvvəla jurnalistlərə təşəkkürümü bildirirəm. Çünki biz hüquq müdafiəsini 30 ildir aparırıq, amma görülən işlərin işıqlandırılmasında jurnalistlərin rolu böyük olub. Jurnalistlərin bizə olan münasibəti ilə biz gündəmdə qaldıq.
Orden və medallara gəldikdə isə, bu təltiflərin hamısı bizim qazilərə, əsgərlərə verilməlidir. Çünki, mənim üçün mükafat Qarabağın alınmasıdır. Qarabağımızın azad olunmasında kiçik yardımı belə olan hər kəsə minnətdaram. Orduma, millətimə, Ali Baş Komandanıma təşəkkür edirəm.
Məni bu medala layiq görüb, təltif edən Cənab Prezidentimiz İlham Əliyevə də minnətdarlığımı bildirirəm”.
Fidan İlqarqızı