Modern.az

Azərbaycan diasporu 8 Martı necə qeyd edir? – Diaspor liderləri ilə SORĞU

Azərbaycan diasporu 8 Martı necə qeyd edir? – Diaspor liderləri ilə SORĞU

8 Mart 2021, 14:55

Bu gün bütün dünyada 8 Mart – Beynəlxalq Qadınlar Günü qeyd olunur. 8 Mart - iqtisadi, ictimai və siyasi bərabərlik uğrunda mübarizədə qadınların beynəlxalq həmrəylik günüdür.

 

Maraqlıdır, bəs Avropada və Rusiyada mövcud olan Azərbaycan diasporu bu gün münasibəti ilə hansı işləri görürürlər?

Azərbaycan diasporunun ayrı-ayrı ölkələrdəki rəhbərləri 8 Mart və qadın hüquqlarının müdafiəsi ilə bağlı gördükləri və müşahidə etdikləri işləri Modern.az-la bölüşüb.

 

8 Mart post sovet ölkələrindən fərqli olaraq Avropada, xüsusi ilə Fransada qeyd olunmur...

 

Fransa- Azərbaycan Dialoqu Assosiyasiyasının sədri Günel Səfərova Fransada bu günün adi gün olduğunu bildirib:

“8 mart Fransada iş günüdür. Əgər kiminsə yadına düşürsə, öz həmkarlarını təbrik edə bilər. 8 Mart burada xüsusi bir əhəmiyyət daşımır. Əlbəttdə ola bilər ki, televiziyada danışıla, verilişlər hazırlana bilər. Böyük ehtimal ki, bunlar olacaq. Lakin gündəlik gün kimi olur. Amma Fransada qadınlar hüquqları yaxşı səviyyədə müdafiə olunur və qadınlar da öz hüquqlarını kifayət qədər gözəl bilirlər”.

 

Diaspor rəhbərinin sözlərinə görə, inkişaf etmiş ölkələrdə belə bu cinslər arasındakı özünü büruzə verdiyi kimi Fransada da verir:

“Elm sahəsində qadınların sayının çoxalması ilə bağlı işlər görülür. Bəzi qadın olmayan peşələr var. Onlara mühəndislik və ya aeronotika sahəsini misal gətirmək olar. Bəzi sahələr var ki, sırf kişi vəzifələridir. Həmin sahələrə daha çox qadınların cəlb olunması ilə bağlı işlər aparılır. Qadınların o sahələrə üz tutması üçün məktəblərdən və universitetlərdən başlayaraq bu istiqamətdə dövlət səviyyəsində işlər aparılır.

Fransada 1 ildir ki, sərt karantin rejimi mövcuddur və 6 nəfərdən artıq toplaşmaq hüququmuz yoxdur. Axşam saat 6-dan sonra komendant saatıdır. Yəni biz Xocalı ilə bağlı toplaşa bilmədiksə, 8 Martla bağlı yığışmağı mən heç özümüzə yaraşdırmaram. Allah qismət etsin, karantin rejimi bitsin. Şuşada, Laçında, Zəngilanda gələn il 8 Martı necə lazımdır o şəkildə qeyd edək”.

 

Bu bayramı dünyada ən möhtəşəm şəkildə keçirən ölkələrdən biri də Rusiyadır...

 

Moskva Azərbaycanlıları İcmasının rəhbəri Şamil Tağıyev Rusiyanın bu bayrama sovet dövründən bağlı olduğunu qeyd edib:

“Rusiyada hər il bu bayramı səbrsizliklə gözləyirlər. Rusiya dünyada ən çox bayram olan ölkələrdəndir. Təntənəli şəkildə qeyd olunur. Dövlət tərəfindən dövlət işi üzrə çalışan məmur qadınlar və ictimai xadimlər üçün başqa bir tədbirlər hazırlanır. Onları təltif edirlər. 8 Marta görə dövlət və ya şəxsi müəssisələrdə kollektivlər arasında bayramlar keçirilir. Biz də Azərbaycan icması olaraq bu formatda tədbirləri keçiririk. Bu günlərdə Rusiyada təhsil alan bir qrup azərbaycanlı tələbələr bizim ofisimizdə toplaşmışdılar. Onlara şirniyyatlar hazırlamışdılar. Tələbə qızlar üçün stol açmışdılar. Bizim ofisdə bayramı qeyd etdilər”.

 

Diaspor rəhbəri Rusiyada 8 Mart bayramının heç bir siyasi əhəmiyyət daşımadığını söyləyib:

“Bəzi ölkələrdə bayramın yaranma tarixinə baxsaq, görərik ki, əslində bu siyasi tarix və gündür. Qadınların əzilməməsi, haqlarının qorunması üçün seçilmiş belə bir gündür. Lakin Rusiyada buna bu şəkildə qiymət verilmir. Bayrama bayram əhval-ruhiyyəsi kimi qiymət verilir. Onlar üçün bu günün heç bir siyasi tərəfi yoxdur. Əsasən feminizmin güclü olduğu ölkələrdə siyasi tərəfi daha çox olur. Rusiyada bayram kimi qəbul olunub və qeyd edilir”.

 

Hollandiyada 8 Mart Beynəlxalqa Qadınlar günü kimi tanınır....

 

Niderland- Belçika Azərbaycanlıları Koordinasiya Şurasının əlaqələndiricisi Maisə Ağamirzəyeva Hollandiyada bu günün Azərbaycan qədər qeyd olunmadığını bildirib:

“8 Mart Azərbaycanda olduğu kimi  Hollandiyada da istirahət günü sayılmır. Sözsüz ki, burada da qadınların haqlarının qorumağa çalışırlar. Azərbaycan qədər qadına dəyər vermək, qadınları güllərlə əhatə etmirlər. Azərbaycanda ictimai nəqliyyatda üzdən yorğunluq görünən kişi cavan, qoca qadın görən kimi mütləq şəkildə qalxıb yer verirlər. Lakin burada belə bir şey yoxdur. Eyni hüquqlu deyib, keçirlər. Hörmət var, lakin bu şəkildə deyil. Bununla belə, Hollandiya qadına şiddət göstərilən ölkərdən sayılmır”.

 

Maisə Ağamirzəyevanın sözlərinə görə, bu gün ilk növbədə şəhid analarını təbrik etmək lazımdır.

“Bu gün bütün azərbaycanlılar, diaspor fəalları olaraq şəhid analarının qarşısında baş əyirik. Çünki onlar övlad yetişdiriblər və o övladlar bu gün vətən üçün canını fəda ediblər. Çox qısa müddət ərzində 3000-ə yaxın şəhidimizin canı və minlərlə qazilərimizin sağlığı bahasına biz torpaqlarımızı işğaldan azad edib, zəfərimizi çaldıq. Həmçinin bizim qadın qazilərimiz, şəhidlərimiz də var. Bu gün Azərbaycan qadını həqiqətən də dünyada öz sözünü deyir. Azərbaycan qadını dünyada ilk səsvermə hüququna malik olan bir qadındır. Azərbaycan qadını deyəndə yadımıza Nigar, Həcər, Tomiris, Sara xatun, Xurşid Banu Natavan, Məshəti Gəncəvi, Birinci Vitse-prezidentimiz, liderimiz Mehriban xanım  Əliyeva yada düşür. Mehriban xanımın daim Azərbaycan analarına olan nəvazişini, qayğısını və bundan əlavə ehtiyacı olan insanlara olan qayğısını hər zaman görürük. Bu da bizi, xaricdə yaşayan azərbaycanlı xanımları ruhlandırır, həvəsləndirir”.

 

İsveçrədə 8 Mart Qadınlar bayramı demək olar ki, qeyd olunmur...

 

Azərbaycanın İsveçrədəki Koordinasiya Şurasının rəhbəri Qasım Nəsirov isə yerli xanımların bu bayrama isti baxmadığını deyib.

 

“Bayramı təklif edən Klara Setkin və Roza Lüksemburq solçu təmayüllü siyasətçi olublar. İsveçrədə 8 Mart milli bayram olaraq qeyd olunmur. Burada çox az insan bu bayram barədə xəbərdardır. Ona görə 8 marta heç bir hazırlıq işləri getmir. Kişilər isə qadınları bu gün münasibəti ilə təbrik etmirlər. Təbii ki, mən keçmiş Sovet İttifaqında, Azərbaycanda böyüyən birisi kimi mütləq çalışıram ki, qadınları bu bayram münasibəti ilə təbrik edim. Bu bayramın hansı səbəbdən qeyd olunduğunu, gül, hədiyyə verdiklərini başa salmağa çalışıram. Problem ondadır ki, Avropadakı və İsveçrədəki qadınlar özlərini gender məsələlərinə görə heç də kişilərdən ayırmaq istəmirlər. Və özlərini gül, hədiyyə alacaq vəziyyətdə göstərmək istəmirlər. Buna görə əslində buradakı qadınlar 8 Martı qədər də sevmirlər”.

 

Diaspor rəhbərinin fikrincə, qadın haqlarının qorunması və qadınlara qarşı yaxşı münasibətin göstərilməsi bizim ilk növbədə mədəniyyətimizdir:

Avropada qadına münasibət tam başqadır. Azərbaycanda eşitdiyimə və bildiyimə görə qadın haqları heyf ki, o qədər də yaxşı qorunmur. Və ona görə də kiçik yaşlı qızlar var ki, özlərinin istəyi olmadan qaçırılır, ailədə şiddət görürlər. Evli qadınlar var ki, onlar da ailədə şiddət görürlər. Bunların hamısına son qoymaq lazımdır. Çünki qadınlar da vətəndaş kimi bütün haqlara sahibdirlər. Onların haqqlarını əlindən almağa, əzməyə heç kimin haqqı yoxdur.

Mən istərdim ki, Azərbaycandakı insanlar bizim mədəniyyətimizə, kültürümüzə, keçmişimizə qayıdaraq, qadınlara daha çox hörmət göstərsinlər və qadınları daha çox əzizləsinlər və onlarla yaxşı davransınlar. Heç bir zaman onları incitməsinlər. Çünki qadınlar bizim baş tacımızdır. Azərbaycanda qadın haqlarının sərt şəkildə qorunması istəyirəm”.

 

Nəzrin VAHİD

 

 

Twitter
Sizə yeni tvit var
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?