Modern.az

PJB-çilər Modern.az-ı təbrik edir - FİKİRLƏR

PJB-çilər Modern.az-ı təbrik edir - FİKİRLƏR

Aktual

1 Sentyabr 2012, 13:50


Bu gün Modern.az saytının 3 yaşı tamam olur. 3 illik fəaliyyət çərçivəsində görülən işlərə parlament jurnalistləri öz fikirlərini bildiriblər.

“Yeni Azərbaycan” qəzetinin əməkdaşı Nardar Bayramlı bildirib ki, Modern.az saytı fəaliyyətə başlayandan qısa müddət ərzində xeyli populyarlaşıb. Onun sözlərinə görə, buna səbəb saytın maraqlı layihələr təqdim etməsi, parlamentin, millət vəkillərinin fəaliyyətini geniş işıqlandırması və aktual mövzuları həmişə diqqət mərkəzində saxlaması ilə bağlıdır.
Bu saytın PJB üzvləri, müstəqil jurnalistlər, həmçinin deputatların tribunasına çevrildiyini deyən jurnalist Modern.az-a gələcək fəaliyyətində uğurlar arzulayıram: “Kollektivi təbrik edirəm. Kiçik kollektivlə böyük nailiyyətlər qazanırsınız. Gələcək fəaliyyətinizdə yeni-yeni uğurlar arzulayıram”.

“Üç nöqtə” qəzetinin əməkdaşı Elməddin Muradlı qeyd edib ki, son bir ildə Modern.az saytı çox aktivləşib və onun fəallığı açıq-aydın hiss olunur. “Digər tərəfdən cəmiyyətin, elə millət vəkillərinin də bu sayta marağı artıb. Çox sevinirəm ki, deputatların əksəriyyəti Modern.az saytı ilə əməkdaşlığa üstünlük verir. PJB-nin bir parçası olan Modern.az saytının ağır günləri də olub. Yadıma gəlir, 3 gün oturub yollar düşünmüşəm, Elşadla məsləhətləşmişəm ki, Modern.az bağlanmasın. Çünki elə bilirdim ki, buranın bağlanması mənim öz iş yerinin bağlanması deməkdir. Orada işləməsəm də bəzən köşə yazılarımı Modern.az-da yerləşdirirəm. Düzünü desəm, düşünmürəm ki, PJB-çilərin hamısı Modern.az-da özünü ifadə edə bilir. Bunun böyük günahı fəallıq göstərməyən PJB-çilərdə, bir azı da bizim özümüzdədir. Onu da zamanla yəqin ki yoluna qoya biləcəyik. Bir daha təbrik edirəm. Modern.az saytı bu gün çox modern bir saytdır”.

“Azadinform” Agentliyinin əməkdaşı Mübariz Aslanov bildirib ki, Modern.az saytının fərqliliyi onda oldu ki, jurnalist həmrəyliyinə təkan verdi, xüsusilə də parlament jurnalistləri arasında kollektivçilik yaratdı. “Məsələn, izləyənlər də görür ki, kiçik bir kollektiv jurnalistlərin hansısa tədbiri olursa bunu dərhal Modern.az işıqlandırır və bu da sıravi jurnalistlər üçün stimul verir. Bundan başqa Modern.az parlament xəbərlərinin işıqlandırılmasında müstəsna rol oynayır, hansı ki gün ərzində mütəmadi olaraq buna rast gəlir. O ki qaldı PJB-çilərin özünü ifadə etməsinə, fikrimcə bu Modern.az-ın fəaliyyəti ilə qarşılıqlı şəkildə baş verir. Çünki PJB özünü Modern.az vasitəsilə daha çox ifadə edə bilir”.

“Bizim yol” qəzetinin əməkdaşı Pərviz Həşimli: “Modern.az saytı digər saytlardan xəbərin özünəməxsusluğu ilə seçilir. Parlamentin fəaliyyətini, eyni zamanda Azərbaycanda baş verən ictimai-siyasi hadisələri daim işıqlandırır. Ümid edirik ki, Modern.az bundan sonra da inkişaf edəcək”.

“Ekspress” qəzetinin əməkdaşı Aqil Aslan öncə Modern.az kollektivini təbrik edərək bildirib ki, o, Modern.az-ı özümə doğma sayt bilir. “Hələ ilk vaxtlar saytdakı “Deputat vədi” layihəsi üzrə özüm də reportajlar hazırlamışam. O zaman bu layihə çox maraqla izlənilirdi. Çünki seçki dairələrində olub deputatların öz seçicilərinə verdikləri vədə əməl edib-etməmələrini araşdırırdıq. Bu isə bəzi deputatlarda narahatlıq doğururdu. Çünki çoxları deputat mandatını aldıqdan sonra seçki dairəsinə gedib seçiciləri ilə görüşmürdü, seçki öncəsi vədlərinə əməl etmirdi, bəziləri heç seçicilərini Milli Məclisdə də qəbul etmirdilər. Yəni Modern.az yarandığı vaxtdan öz fərqliliyi ilə seçilir. Əvvəllər onu parlamentin fəaliyyətini işıqlandıran sayt kimi dəyərləndirsələr də, artıq burada çoxsaylı, yeni-yeni mövzulara yer verilir. Bu da geniş oxucu auditoriyasının yaranmasına səbəb olub. Deyərdim ki, Azərbaycanda Modern.az kimi maraqlı layihələri olan ikinci bir sayt yoxdur. Günü-gündən də bu layihələrin sayı artır və bunlar da maraqla izlənilir. Həmçinin bəzi saytlardan fərqli olaraq Modern.az milli-mənəvi dəyərlərimizə, dövlətçiliklə bağlı məsələlərə də çox həssas yanaşır. Bu sayt ucuz, qeyri-əxlaqi məsələlərdən çox-çox uzaqdadır”.
A. Aslan deyir ki, Modern.az-ın Parlament Jurnalistlər Birliyinin üzvlərinin, ümumiyyətlə parlamentdə akkreditasiya olmuş jurnalistlərin özünü ifadə etməsində də rolu böyükdür.
“Tez-tez Milli Məclisin ümumi fəaliyyəti, komitələrin, ayrı-ayrı deputatların fəaliyyəti ilə bağlı fikirlərimizi işıqlandırır. Təbii ki, bunun nəticəsində tənqidi fikrilərimizdən nəticə çıxaran deputatlar da olur, bizdən inciyənlər də çox olur. Mən istərdim ki, Modern.az bundan sonra Milli Məclisdə müzakirəyə çıxarılan qanunlar haqqında da PJB üzvlərinin münasibətini öyrənsin. Bu özü də maraqla qarşılanar. Bundan başqa saytda mənim də sədr müavini olduğum PJB-nin həyata keçirdikləri layihələr, tədbirlər də işıqlandırılır. Yeri gəlmişkən, Modern.az 2010-cu ildə deputatlığa namizədliyini irəli sürmüş və sonradan namizədliyi qeydə alınmış PJB üzvlərinin də özünü ifadə etməsinə imkan yaratmışdı. Ona görə də hesab edirəm ki, bu sayt PJB üzvləri üçün də doğma, əziz bir saytdır. Bir daha Elşad Eyvazlı başda olmaqla, Modern.az-ın bütün yaradıcı və texniki heyyətini təbrik edirəm və uğurlarınız davamlı olsun deyirəm”.

APA-nın əməkdaşı Pərvin Abbasov: “Adətən hansısa qurumun ad günü olanda standart şəkildə deyirlər ki, filan təşkilat yarandığı illər ərzində böyük uğurlara imza atıb. Uğurlar olsa da belə deyirlər, olmasa da. Amma Modern.az-ın uğurları göz qabağındadır, onu xüsusi tərifləməyə ehtiyac yoxdur. Modern.az mənim üçün çox doğmadır. Təkcə ona görə yox ki, orada dostlarımız işləyir. Həm də ona görə ki, bu sayt daim jurnalistlərə meydan verir: müsahibə alanların özlərindən müsahibə götürür. Özü də bu müsahibələrdə, açıqlamalarda, sorğularda təkcə Parlament Jurnalistləri Birliyinin üzvləri, parlament jurnalistləri deyil, bütün jurnalistlər iştirak edir. Modern.az saytının 3 yaşı tamam olması münasibəti ilə Elşad Eyvazlını, Əfqan Qafarlını, Xəqani Səfəroğlunu, Elçin Ağayevi, Anarı və digər bütün Modern.az-çıları təbrik edirəm”.

“Yeni Musavat” qəzetinin əməkdaşı Elşad Paşasoy hesab edir ki, qısa müddət ərzində Modern.az özünü cəmiyyətə təqdim etməyi bacardı, bunu tam əminliklə deyə bilərəm. “Keyfiyyətli media qurumunun önə çıxmağı əslində qəhrəmanlıq tələb edir. Saytın kiçik kollektivi, başda Elşad Eyvazlı olmaqla bu işin öhdəsindən gəldi. Modern.az 3 il ərzində respondentlərin, barəsində yazdığı insanların ictimai-siyasi fəaliyyəti haqqında normal mövqe tutdu və bu media üçün olduqca vacibdir. Tarazlı mövqe tutmaq, tərəflərə bərabər tribuna verməyin çətin olduğu zamanda bunun öhdəsindən gəldi. Qaynar xəbərlərin yayılması istiqamətində fəallığı ilə seçildi. Bu mənada portalın fəaliyyəti qane edicidir. Maddi problemlər də yaşandı, amma Modern.az bundan xilas  ola bildiş. Arzu edirik ki, imkanlı qurumlardan birinə çevrilsin və uğurlar arzu edirik”.

“Trend” İnformasiya Agentliyinin əməkdaşı Murad Əliyev deyir ki, Modern.az parlament jurnalistlərinin istinad etdiyi bir mənbə kimi özünü ictimaiyyətə təqdim etdi. “Modern.az ötən 3 il ərzində kifayət qədər oxucu toplaya bilib. Baxmayaraq parlamentin əsas olan məlumatları yerləşdirir, eyni zamanda Azərbaycanın ictimai-siyasi həyatına dair istənilən məlumatı da burada  tapmaq olur. İlk növbədə Elşad Eyvazlın səyləri çox olub. Kollektivi təbrik edirəm. Parlamentin heyəti dəyişir, amma buna baxmayaraq Modern.az ın fəaliyyəti dəyişməz olaraq yüksələn xətt üzrə inkişaf edir”.   

“Olaylar” İnformasiya Agentliyinin əməkdaşı Alim Hüseynli Modern.az-ı 3 yaşı münasibətilə təbrik edərək bildirib ki, ona xoş-xoş xəbərlər məkanı olmağı arzulayır.
“Deyə bilərəm ki, bu sayt fəaliyyəti müddətində mətbuat qurumları arasında özünəməxsusluğu ilə seçilib. Mediaya yeni layihələr, yeni rubrikalar gətirib. Qısası yaşının az olmasına baxmayaraq böyük işlər görüb, uğurlara imza atıb. Mən bir PJB-çi kimi bu saytdan sərbəst şəkildə istifadə edə bilmişəm. Müxtəlif mövzularda yazılarla çıxış etmişəm. Hətta başqa yerdə ifadə edə bilmədiyim fikirlərimi bu sayt vasitəsilə oxuculara çatdırmışam. Düşünürəm ki, Modern.az parlament jurnalistləri üçün bir açıq tribuna rolunu oynayır. Bir daha təbrik edirəm!”

“Hurriyət” qəzetinin əməkdaşı Zülfüqar Hüseynzadənin fikrincə, Modern.az müasir informasiya rəqabəti fonunda ən qısa zamanda yüksək nailiyyətlər əldə edən bir informasiya daşıyıdcısı olmağı bacardı. “Artıq bu gün media mənbələri içərisində öz dəsti-xətti ilə seçilən informasiya portallarından biridir. Xəbərlərinin ciddiliyi, yaydığı informasiyaların səhihliyi, cəmiyyətin ən yuxarı təbəqələrinə tam səmimi münasibəti-informasiya daşıyıcısına olan hörməti artırıb. Artıq ciddi xəbərlərlə bağlı ilk xəbərləri Modern.az saytından almaq mümkündür. Təbii ki, beynəlxalq əlaqələr yoxdur. Arzu edirik, ən qısa zamanda Modern.az dünyanın ən öndə gedən xəbər protalları ilə rəqabətə girsin, planetin hər nöqtəsindən xəbər versin və bunları Azərbaycan ictimaiyyətinə çatdıra bilsin.

“Xəbərlər-Azərbaycan” Beynəlxalq İnformasiya Agentliyinin əməkdaşı Mürtəza Bünyadov qeyd edib ki, Modern.az 3 il ərzində özünü uğurlu layihə kimi təqdim edə bildi və qeyri-adiliyi ilə seçildi. “Uğurlar, uzun ömür arzulayırıq, və uğurlarına hər birimiz sevinirik”.

“Mediaforum.az” saytının əməkdaşı İmdad Əlizadə hesab edir ki, Modern.az parlament jurnalistləri üçün doğma saytıdır. Onun fikrincə, qurumun mövqeyinin, üzvlərinin fikirlərinin cəmiyyətə çatdırılmasında Modern.az böyük rol oynayıb. “Əgər biz əvvəllər hansısa mətbu orqanlardan mövqeyimizin işıqlandırılması, hansısa məsələlərə dair bəyanatımızın yayılmasını xahiş edirdiksə, indi belə bir xahişə ehtiyac qalmayıb. Necə deyərlər, öz saytımız bunu həyata keçirir. Təsadüfü deyil ki, bəzən Moderin.az-ı parlamentin mətbuat orqanı kimi qəbul edirlər. Bu da onunla bağlıdır ki, sayt deputatların və parlament jurnalistlərinin fəaliyytini geniş işıqlandırır. Saytın ən böyük üstünlüklərindən bir də ciddi olmasıdır. İndi əksər saytları bürüyən açıq-sacıq, intim xəbər və fotoların Modern.az-da olmaması sayta hörmət gətirən amillərdən biridir. Filmdə deyildiyi kimi, sükanı belə saxlayın. Təbriklər!”

Azərtac-ın əməkdaşı Xətayi Əzizovun bildirib ki, Modern.az saytının 3 il fəaliyyət göstərməsinə baxmayaraq elə bir nüfuz qazanıb ki, elə bil 30 ildir fəaliyyət göstərir. “Hər zaman Azərbaycan ictimaiyyətinə dolğun-dürüst informasiyalar verilir . Digər medialardan daha da effektiv, operativ məlumatlar yayır. Hətta bəzi digər saytları da geridə qoyur. Heç bir qərəzli məlumatlar yaymır, işini peşəkarcasına görür. Modern.az parlament jurnalistlərinin, deputatların arasında böyük nüfuza malikdir. Sayta böyük, inam, etibar formalaşdırıb. Deputatlarla bağlı xəbərlərin yerləşdirilməsinə önəm verir. Modern.az saytının kollektivini təbrik edirəm, uğurlar arzu edirəm”.

“Gün.az”saytının əməkdaşı Kamil Həmzəoğlu: “Modern.az mənim üçün doğma saytlardan biri və birincisidir. Çünki bu sayt parlament jurnalistlərinin öz fikirlərini bildirdiyi bir yerdir. Bu və ya digər problemlərə həsr olunan yazıların getməsinə razılıq verir. Yarandığı dövrdə bir neçə sayt var idisə, bu gün isə sayt bolluğu yaşanır. İlk gündən öz oxunaqlığı, peşəkarlığı, operativliyi ilə digər saytlardan seçilir. Bu sayt sensasiya, reklam dalınca qaçmır. Hər bir parlament jurnalisti, eyni zamanda Kamil Həmzəoğlu olaraq mənim üçün Modern.az doğma saytdır”.

“Ayna-Zerkalo” qəzetinin əməkdaşı Xaqani Səfəroğlu deyir ki, Modern.az portalı 3 il ərzində samballı, etibarlı bir iinternet resursu kimi özünü təsdiq edə bilib. “Bu portalın diqqət çəkən cəhəti eksklüziv xəbərlərə üstünlük verməsidir. Bundan əlavə Modern.az ilk dəfə olaraq Milli Məclislə media arasında davamlı körpü yaradan bir sayt ola bildi. Saytın digər yeniliyi jurnalistlərin həyat və fəaliyyətini gündəmə daşıması oldu. Məhz Modern.az saytının sayəsində oxucular onlar üçün material hazırlayan jurnalistlərin həyat hekayələrini, fəaliyyətləri barədə məlumat əldə edə bildilər. Eyni zamanda hay-küylü xəbərlərdən, ucuz populizmdən qaçması saytın etibarlılıq limitinin artmasına böyük təsir göstərib. Oxucu əmindir ki, Modern.az-da gedən xəbər doğrudur, və ona inanmaq olar. Sayta uğurlar arzu edirəm”.

“Kaspi” qəzetinin əməkdaşı İlham Quliyev ilk növbədə Modern.az-çıları təbrik edərək bildirib ki, bu sayt Azərbaycan mətbuatına yeni bir nəfəs gətirdi. “Sayt yeni gənc jurnalistlərin kəşfində də xüsusi rol oynadı və bu rolu hazırda da oynamaqdadır. Modern.az parlament jurnalistlərinin özlərini ifadə etməsi üçün də əla bir tribuna rolunu oynadı. Biz parlament jurnalistləri bu saytı özümüzünkü hesab edirik. Digər tərəfdən diqqət etsək Modern.az parlamentin fəaliyyəti haqqında Milli Məclisin rəsmi saytından daha operativ və daha geniş məlumatlar verir. Bir sözlə 3 il o qədər də böyük müddət olmasa da sayt artıq özünü tam təsdiq edib. Gələcək illərdə Modern.az-a bir qədər də peşəkarlaşmağı, yeni peşəkar əməkdaşlarla güclənməyi arzu edirəm. Hamımızı başda Elşad və Əfqan olmaqla bütün kollektivi və parlament jurnalistlərini təbrik edirəm!”

“Şərq” qəzetinin əməkdaşı Anar Bayramoğlu sözlərinə görə Modern.az təkçə PJB-çilərin deyil, bütün mətbuat işçilərinin tribunasına çevrildi. “Qısa zamanda ən önəmli KİV-dən biri kimi formalaşdı. Burada parlamentdə gedən bütün müzakirələrin hamısı qoyulur. Elə qəzet, sayt var ki, bunu vermir. Amma Modern.az hamısını işıqlandırır. Eyni zamanda ölkədəki ictimai-siyasi, sosial, mədəni əlaqələrin işıqlandırılmasında da öndədir. Modern.az yarananda saytlar az idi, demək olar ki, bu xəbər portalı ilk portallardan biri sayıla bilər. Modern.az tək deputatlar tərəfindən deyil, ictimaiyyət, cəmiyyət tərəfindən sevilən bir saytıdır”.

“Baku New Post” qəzetinin əməkdaşı Fərəh Sabirqızı: ““PJB-çilərin doğma məkanı”. Mən Modern-ı belə qəbul edirəm və inanıram ki, həmkarlarım da bu fikirlə razılaşar. Hamımız bilirik ki, başqa redaktorların ehtiyat edib dərc etmədiyin yazımızı problem olmadan Modern.az-da verə bilərik. Mən birbaşa saytda işləməsəm də, indiyə kimi Modern.az-da onlarla araşdırmam çıxıb, müxtəlif mövzularda fikirlərim yer alıb. Saytın fəaliyyətində bəyəndiyim məqamlardan biri – heç bir halda öz sifətini itirməməsidir. İzləyənlər bilir, Modern.az auditoriyasını genişləndirmək, qısa müddətdə tanınmaq üçün nə şou-biznes xəbərlərinə üz tutdu, nə çılpaq şəkillər verdi, nə də siyasi dedi-qoduları yaymadı. Təbii, saytın işində qüsurlar da var. Amma iş olan yerdə bunlar labüddür. Modern.az-da peşəkar həmkarlarımla yanaşı, gənc jurnalistlər də işləyir, onların işə həvəs və xüsusi şövqlə yanaşmaları xoşuma gəlir. Hamının səyi nəticəsində indi Modern.az-ın özünəməxsus auditoriyası ilə Azərbaycanın informasiya məkanında ayrıca yeri olduğunu demək olar. Modern.az-ın bu səviyyəyə gəlib çatmasında əməyi keçən həmkarlarımın hamısını təbrik edirəm. Daha böyük uğurlar, təkcə yerli deyil, beynəlxalq səviyyəli mükafatlar qazanmasını, bütün KİV-lərin istinad yerinə çevrilməsini arzulayıram”.

Aytən Əliyeva

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir