Modern.az

Britaniyadan gələn jurnalist: “İlham Əliyev məni çox heyrətləndirdi” - MÜSAHİBƏ

Britaniyadan gələn jurnalist: “İlham Əliyev məni çox heyrətləndirdi” - MÜSAHİBƏ

Media

9 Mart 2021, 10:03

21 ildir ki, Britaniyada jurnalistika fəaliyyəti ilə məşğul olan Türkiyənin “Hürriyet” qəzetinin yazarı Aynur Tattersall Modern.az saytına müsahibə verib. O, əməkdaşımızla dünyada və Azərbaycanda jurnalistikanın vəziyyəti haqqında söhbət edib, gənc jurnalistlərə öz tövsiyələrini verib. Müsahib həmçinin Qarabağ həqiqətlərini dünyaya çatdırmağın yollarından bəhs edib.

 

- Bütün dünyaya jurnalistika sahəsindəki bacarığınızı sübut etmisiniz. Sizi işinizə bağlayan ən önəmli amil, uğurunuzun səbəbi nədir?


- Həyatda uğurlu olmağın mənası hər insan üçün fərqlidir. Mənə görə, uğurlu olmaq, ömrünü istədiyin kimi sükunət içində keçirə bilməkdir. Məşğul olduğumuz peşəni sevərək icra etmənin də buna böyük təsiri var. Mən bu tərəfdən özümü şanslı hiss edirəm. Məni işimə bağlayan ən önəmli amil isə özümü jurnalistikada tapmağımdır. İnsan işinə gündəlik bir vəzifə kimi baxmamalı, hər gün oxuyub özünü inkişaf etdirməlidir. Hər şeydən əvvəl insan olmağı bacarmaq lazımdır. Jurnalistikanı müqəddəs bir peşə hesab edirəm. Bu, insanlara doğru informasiyanı çatdırma məqsədindən irəli gəlir. Bizim sahəmizin üstünlüyü odur ki, minlərlə insana bir xəbər ilə çata bilirik.

 

- Jurnalistika təhsilinizi harada almısınız?

- Bakalavr təhsilimi Ege Universitetində almışam. Radio və televiziya ixtisasından məzunam. Daha sonra İngiltərədə Multimedia üzrə magistr təhsilimi tamamladım. Boş  vaxtlarımda diksiya və xəbər yazım üsulları ilə bağlı dərslər almışam. Həmçinin, Amerikada liderlik kurslarında təcrübəm olub. Bütün bunları şəxsi inkişafım və peşəmi daha yaxşı olmaq üçün elədim.

 

- Azərbaycanlı jurnalistləri dünya xarici media işçilərilə müqayisə etdiyiniz zaman hansı müsbət və mənfi məqamları müşahidə edirsiniz? Fəaliyyət göstərdiyiniz ölkədən – Böyük Britaniyadan baxılanda mediamız necə dəyərləndirilir?

 


- Prezident İlham Əliyevin dörd dili səlis bilməsi, mətbuat konfransını həmin dillərdə aparması məni valeh etdi. Həmçinin,  nazirlərinizin əksəriyyəti ən az bir xarici dildə yaxşı danışa bilir. Təhsil baxımından Azərbaycan inkişaf edib. Tanıdıqlarımın çoxu ingilis dilini öyrənir, danışır. Hər bir jurnalist özü-özünə düşünməlidir: bizlər özümüzü hansısa ölkə ilə müqayisə etmək yerinə, öz standartlarımızla yarış halında olmalıyıq. Azərbaycan bu sahədə doğru irəliləyir. 

 

- Gənc jurnalistlərə peşənizlə bağlı hansı sirri aça bilərsiniz? Onlara nə tövsiyə etmək istəyərdiniz?

- Mənim gənclərə ən böyük tövsiyəm odur ki, xarici dilləri  öyrənsinlər. Həmişə yeni şeylər öyrənməyə maraqlı olsunlar. Sadəcə peşə üçün yox, hər zaman sorğulamaq çox önəmlidir. Əgər imkanları olarsa, praktikalarını xarici ölkələrdə keçsinlər. Dünyanı kəşf eləmək üçün özlərinə fürsət yaratsınlar. Bir müddət sonra mənim “Həyatdan daha çoxunu istəyin - Hamımız liderik” adlı kitabım işıq üzü görəcək. Burada mən öz həyat yolumdan və gənc jurnalistlərə tövsiyələrimdən bəhs etmişəm.

 

- Bildiyimizə görə, həyatınızı inək və itinizlə bölüşürsünüz. Heyvan dostlarınız həyatınıza necə təsir göstərir? Xoşbəxt olmaq üçün xüsusi bir formulunuz varmı?

- Təbiət hər şeyin cavabını tapa biləcəyimiz, yaxınımızda olan  bir mənbədir. Pandemiya səbəbi ilə öz ölkəmdə vaxt keçirmə və heyvanlarla əlaqədar olma fürsəti tapdım. Heyvanlarım mənə çox şey öyrədirlər. Əslində belə bir xəyalım yox idi, amma həyat belə gətirdi. Hazırda halımdan çox məmnunam. İtim mənə qarşılıqsız sevməyi və bir şeyi əldə etmək üçün hər zaman israrlı olmağı öyrədib. İnəyim isə çox sakitdir. Mən heyvanlarla, təbiətlə iç-içə bir həyatın bizi özümüzə çevirdiyinə inanıram. Gündəlik həyatın axışında çiçəklərlə, heyvanlarla vaxt keçirmək bizə yaxşı təsir edəcək.

 

- Prezident İlham Əliyevin mətbuat konfransında siz də iştirak etmisiniz. Tədbirdən hansı təəssüratlarla ayrıldınız? Dünyanın bir çox yerində dövlət rəsmilərinin konfransları ilə bağlı təcrübəniz olub. Müqayisə etdikdə hansı fərqləri gördünüz?

- Həqiqətən təqdirəlayiq bir tədbir keçirildi. Fikirlərimi heç şişirtmədən ifadə edəcəyəm. Cənab prezidentin su belə içmədən, verilən suallara eyni dildə cavab verdiyini görmək məni çox heyrətləndirdi. Digər jurnalistlər də mənim kimi, bu qədər uzun çəkən bir tədbirin necə uğurla keçdiyinə təəccüb etdilər. Hətta onlar sonra yanıma gəlib, “bizim də maraqlı olduğumuz sualı soruşdun” dedilər. 20 ildən çoxdur ki, bu sahədəyəm və dünyanın müxtəlif yerlərində belə tədbirlərdə iştirak etmişəm. Normal hallarda mətbuat konfransları ən çox 45 dəqiqə çəkir və iki tərəf də sıxılmağa başlayır. Lakin 4 saat çəkən bir mətbuat konfransı ilə rekord qıran prezident, həm də təbiri çox maraqlı keçirdi. Cənab İlham Əliyev bütün sualları səmimiliklə cavablandırdı. O, çox güclü bir diplomatdır.

 

- Azad olunmuş torpaqlara ilk ayaq basanlardan olmaq necə bir hiss idi?

- Həqiqətən də oralara getmək çox təsirli hadisə idi. Füzulidəki minatəmizləmə işlərində iştirak edib komandirlərin açıqlamalarını dinlədim. Dediklərinə görə, Füzuli bölgəsi 8 aya tam təmizlənəcək. Bütün bölgələrin təmizlənməsi isə 10 ilə başa gələcək. Böyük, çətin bir proses gedir. Həmçinin, qurulacaq yeni havalimanının, dəmir yollarının inşaatını da görmə şansım oldu. Bütün işləri dünyanın fərqli yerlərindən jurnalistlər çağıraraq göstərmək çox önəmli addım idi. Məncə Çin, Yaponiya və Hindistan kimi ölkələrdən də jurnalistlər çağırılmalıdır. Sadəcə Qarabağ haqqında deyil, dünyaya Azərbaycanın zəngin mətbəxini, adətlərini də anlatmaq lazımıdır.

 

- Ermənilər illərdir ki, torpaqlarımızı talan edib, tarixi abidələrimizi viran qoyublar. Sizcə, bütün bunları dünya ictimaiyyətinə necə çatdırmalı, səsimizi necə eşitdirməliyik?

- Prezident İlham Əliyevin keçirdiyi mətbuat konfransı və azad olunmuş ərazilərdə keçirilən tədbir bunun nümunələrindəndir. Bu cür tədbirlərin sayı çoxaldılmalıdır. Azərbaycanlı jurnalistlər fərqli ölkələrə gedib doğruları media orqanları ilə bölüşməlidirlər. Xüsusilə bizə ev sahibliyi edən Hikmət Hacıyevə təşəkkürü borc bilirəm. O, çox önəmli və bacarıqlı bir diplomatdır. Bu mövzuda onun da çalışmaları var. Mən Türkiyədə Qlobal Jurnalistlər Şurasının qurucusuyam. Bizlər də Azərbaycan-Türkiyə arasındakı güclü əlaqələri dünyaya tanıtmağa çalışırıq.

Fidan ƏLİ

Twitter
Sizə yeni tvit var
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır