Modern.az

Üçüncü çərşənbə: Yel, yoxsa torpaqdır?

Üçüncü çərşənbə: Yel, yoxsa torpaqdır?

9 Mart 2021, 10:45
Xeybər Göyyallı

Novruz sistemində dəyişilməz bir harmoniya-dördlü dəyər mövcuddur. Bu məqamda bəzi dördlüklərə diqqət edək. Dörd fəsil var: yaz, yay, payız, qış. Boz ay 4 çərşənbədən ibarətdir. Dörd ilaxır çərşənbə qeyd olunur. Bu ilaxır çərşənbələr 4 əsas həyat ünsürünü (od, su, yel və torpaq) təmsil edir.


Dörd mühit bəllidir: isti, soyuqluq, quruluq və nəmlik.
 

Boz ayın üçüncü çərşənbəsi yel (hava, kulək) çərşənbəsidir. Bəzi mənbələrdə və müasir araşdırmalarda yel çərşənbəsi sonuncu çərşənbə kimi verilir. Bu yerdəyişmənin özündə də bir məntiq vardır. İlaxır çərşənbələrin mənşəyində insanın yaranmasında və fiziki-cismani təşkilində iştirak edən dörd müqəddəs ünsür dayanır. Tanınmış folklorşünas A.Nəbiyev ilaxır çərşənbələrin düzümünü elmi-məntiqi cəhətdən son dərəcə düzgün izah edibdir.
 

Bu inandırıcı izaha heç bir şübhə yeri qalmır. Müəllif «Bayramların sultanı» məqaləsində yazır: «Teoloji düzümdə, yəni insanın yaranma prosesində onların (həyat ünsürləri) sıra düzümü belədir – su, od, torpaq və yel. Əvvəlki üç ünsürün iştirakı ilə yaranan insan müqəvvasına həyat, can verən yeldir. Yəni suyun, istiliyin və torpağın birliyindən yaranan insana nəfəs verməklə, o, həyat funksiyasına yiyələnir. Bu, insanın yaranması üçün zəruri teoloji düzümdür. Yaranan insan isə dünyanı dərk etdikdən, onu mənimsədikdən sonra bu düzüm dəyişir. Yeni düzümdə insanın yaşayışı üçün lazımi məhsullar verən, yetirən torpaq yeldən sonraya keçir və beləliklə, dörd muqəddəs ünsürün mərasim folklorunda yeni düzümü sıralanır. Bu düzümdə insanı yaşayış vasitələri ilə təmin edən torpaqdır. Ona gorə də sonuncu çərşənbədə torpaq vəsf olunur və xalq onu torpaq cərşənbəsi kimi kecirir». Çərşənbələrin digər sıralanması belədir: su, od, torpaq və yel. Hər iki sıralanma özlüyündə doğrudur. Birinci sıralanmada suyun canına istilik gəlir, damarlarında buz əriyir, günəşin (od) hərarəti artır, bundan sonra vədə yeli (yaz küləyi) əsir, nəhayət, planetin ən böyük ünsürü olan torpağın canına hərarət gəlir, onun canından-qanından qışın şaxtası-soyuğu çıxır. Torpağın oyanması ilə bütövlükdə planetin dirçəlişi başlayır. Sonuncu çərşənbənin yel olması da maddi-mənəvi dəyərlərdən qaynaqlanır. Od, su və torpaq maddidir. Bu ünsürlər kainat və təbiətin arxitektonikasını təşkil edirlər. Bu möhtəşəm arxitektonikanın çatışmazlığını ruh, nəfəs (yel) tamamlayır. Belə bir analogiya aparaq. Təsəvvür edək ki, insanın bircə anlıq nəfəsi kəsilib, nəfəsi yoxdur. Belə olarsa, insan var ola bilərmi?
 

Böyük Azərbaycan mütəfəkkiri N.Gəncəvinin bu dörd ünsürlə bağlı fikirləri hələ də orijinal olaraq qalır. Dahi şairin düşüncəsinə gorə, birinci işıqlı oddur, ikinci küləkdir, hərəkətdədir. Hərəkətsiz bilinməz. Üçüncü sudur, hər şeyə təravət, gozəllik verər. Dördüncü torpaqdır. Fikrimizcə, çərşənbələrin ardıcıllığındakı bu yerdəyişmə Azərbaycanın ərazisində mövcud olan iqlim muxtəlifliyi ilə daha çox bağlıdır. Məlumdur ki, Mil-Muğan (Aran) zonasındakı iqlimlə Azərbaycanın dağlıq və dağətəyi ərazisində mövcud olan iqlim eyni deyildir. Aran zonasında torpaq erkən oyanır. Oyanmış torpaq yaşıla burunur. Biz sıralanmada üçüncü çərşənbənin yel çərşənbəsi olduğunu qəbul etdiyimizdən bu məqamda elə ondan danışacağıq. Xalq bu çərşənbəni «Yelli çərşənbə», «Küləkli çərşənbə», «Külək oyadan çərşənbə» və b. adlarla adlandırır. Bu çərşənbəyə verilən adların hər biri öz mahiyyətini doğruldur. Qədim insan dünyagörüşündə haqlı idi. Onların düşüncəsinə gorə, bu çərşənbədə oyanmış külək, suyu və odu hərəkətə gətirir, torpağı qızdırır. «Yel çərşənbəsində əsən isti və ya soyuq küləklər yazın gəlişindən xəbər verir. Gün ərzində külək bir neçə dəfə dəyişir. Bu dəyişmələr yelin özünün təmizlənməsi kimi qəbul edilir» (A.Nəbiyev).
 

Əski inamlara gorə, «qara nəhrdə» yatmış dörd cür külək yer üstünə çıxaraq təmizlənir, sonra hərəsi təzə bir formada görsənir. Onların (külək) təzə libasları ilə adları arasında bir yaxınlıq, oxşarlıq görünür. Rənglərin mifik mahiyyəti açıq-aşkar duyulur.
 

Türk mifik düşüncəsində ağ yel – ağ libasla, qara yel – qara libasla, xəzri – goy libasla, gilavar – qırmızı libasla təsəvvür edilir. Mifik düşüncəyə əsasən, yel çərşənbəsində bu dörd yel birləşib yer üzünü dolaşır. Yel çərşənbəsində külək gün ərzində bir neçə dəfə dəyişir. İnama görə, Yel baba suyun, torpağın donunu açır, odu üfürür, günəşin qabağını kəsən buludları qovur. Yelin (külək) digər ünsürlərdən əsas fərqi onun birbaşa hərəkətlə bağlılığıdır. Bu hərəkət yeli yerindən oynatdıqdan sonra o, sərhəd tanımır, «laməkan» olur. Elə bu sərhədsizlik, «laməkanlıq» ona ən qədim çağlarda Tanrı statusu qazandırmışdır. «Əski inamlarda yel, ya özü Tanrıdır, ya da dünyanı idarə eləyən tərəfindən göndərilən qüdrətli bir antropomorfdur. O, lazım olanda insanları əzizləyir, onlara kömək edir, qəzəblənəndə isə adamları cəzalandırır» (A. Nəbiyev).
 

Dörd səmavi kitabda da (Zəbur, Tövrat, İncil, Quran) yel ilahiləşdirilir, müqəddəs obraz kimi təsvir olunur. Sonuncu müqəddəs səma kitabı olan Quranda isə yel Allahın mərhəmət və cəza vasitəsi hesab edilir. Bu məqamında, «Avesta»nın küləyə münasibətini xatırlatmaq gərəkli olardı. «Avesta» etiqadına gorə, «Yelin gücü Hörmüzün gücüdür. Yel Hörmüzdən güc alıb, dünyaya ayaq açmışdır».
 

Yuxarıda dediklərimiz əski təfəkkürün dəyərlərini təsdiqləyir. Müqəddəs səmavi kitablarda da yelin (küləyin) tanrılarla (göylərlə) bağlı olduğu bir daha vurğulanır. Qədim türklərin təfəkküründə yel Tanrı statusu qazanmışdır. Yelin Tanrı möhtəşəmliyinə yüksəlməsi onu xalqın yaratdığı şifahi ədəbi nümunə və mərasimlərdə əbədiləşdirmişdir. Yelin ilahiləşdirilməsi xalq düşüncəsinin məhsulu olan əfsanə, rəvayət, mif, nəğmə, mərasim və s. folklor janrında qorunub saxlanılıb.
 

Yelin (küləyin) təbiət proseslərində, insanın həyat və məişətində əvəzsiz əhəmiyyəti vardır. Yetişdirdiyi məhsulu xırmanda döymüş zəhmətkeş insan taxılı, saman və küləşdən təmizləmək üçün Tanrıdan yel (külək) diləyir:
 

A Yel baba, Yel baba,
Qurban sənə, gəl baba.
Taxılımız yerdə qaldı,
Yaxamız əldə qaldı.
A Yel baba, Yel baba,
Qurban sənə, gəl baba.
 

Xalqımızın yellə (küləklə) bağlı min illər ərzində düzüb- qoşduğu bəzi ədəbi nümunələrə diqqət yetirək.
«Xırman sovrulandan sonra ilk buğda göturənin oğlu olar», «Yel çərşənbəsi gecəsi söyüd ağacının altında gedib niyyət elə və Yel babanı çağır. Əgər Yel baba sənin səsini eşidib əssə və söyüdün budaqlarını torpağa toxundursa, diləyin yerinə yetər».
 

(inanclar),
Əl ilə tutmaq olmaz,
Goz ilə görmək olmaz. (Yel)
 

Hər yan ələk-vələkdir,
İşi tamam kələkdir.
Dəyirmana can verər,
Xırmana da gərəkdir. (Yel) (tapmaca)
 

«Yel əsməyincə, yarpaq tərpənməz»,
«Yel apardığın qaytarmaz». (atalar sozu)
 

Yel əsdi yurdum üstə,
Toz düşdü qurdun üstə.
Yurd üçün baş qoyanı,
Sən bizim eldən istə. (bayatı)
 

Tufan qopar, yel ağlar,
Çaylar daşar, sel ağlar
Qəriblikdə ölənin
Yasın tutar, el ağlar (ağı)
 

Xalqımızın təfəkküründə yelə (küləyə) bu cür yanaşma təsadüfi deyildir. Xalqımızın empirik təfəkkürünə görə, ilin sonuncu çərşənbəsi torpaq çərşənbəsidir. Bu inamda bulunan xalq son dərəcə haqlıdır.

 
Təbiətin digər komponentlərinə nisbətən torpaq qış yuxusundan gec oyanır. Torpaq planetin ən böyük və zəruri komponentidir. Digər komponentlər torpağın üstündə yerləşir və onun qoynunda intişar tapır. Torpağın oyanışı ilə ilin təzələnməsi əyaniləşir. Digər üç ünsürün (su, od, yel) dirçəlişi ilin təzələnməsini hələ tam ortaya qoya bilmir. Torpağın oyanışı bütövlükdə təbiəti cana-qana gətirir. Bu səbəbdən xalq bu çərşənbəyə «İlaxır çərşənbə», «Torpaq çərşənbəsi», «Yer çərşənbəsi» deyibdir. Torpağa gəlmiş hərarət suda və havada duyulur. Donmuş torpağın canı-qanı isinir. Dirçəlmiş torpaq şumlanır, əkinə hazırlanır. Torpağın oyanmasına insanlar daha cox sevinir. Əcdadlarımız inanıblar ki, torpağın dirçəlişi suya, oda və yelə daha çox hərarət bəxş edibdir. Xalqın bu inamı onun mifik düşüncəsində əbədiləşmişdir.
 

Özündən əvvəlki gerçək mənəvi sərvətləri mənimsəmiş «Avesta»da torpağa münasibətdə varislik hissi qorunub saxlanılmışdır. «Avesta»da torpaq canlı varlıq kini təqdim olunur. Torpaq insanın ilkin yaradıcısı –ana bətni kimi təsvir və təsəvvur olunubdur. «Avesta» inamına gorə, şər allahı Əhrimən Qayomardı öldürür. Qayomardın sol qabırğasından iki damcı tər torpağa düşür. Bu damcılardan kol-revac göyərib qalxır. Doqquzuncu ayda kollarda düyməciklər əmələ gəlir və birləşir. Bunlardan ilk insanlar yaranır. 50 il müddətində ilk kişi və qadın bir-birlərinə toxunmadan ömür edirlər. 50 ildən sonra şər təmsilçisi Əhrimən qoca kişi görkəmində onlara yaxınlaşıb, meyvə yeməyə və cinsi münasibətdə olmağa tamahlandırır. Bundan sonra dünyaya yeni insan gəlir. Mahiyyətcə bu mifə yaxın olan digər bir mifdə göstərilir ki, Qayomard ölümdən əvvəl torpağa toxum qoyur. Həmin toxum 40 il günəş işığında qalandan sonra ondan revac kolları əmələ gəlir. Bu kollar insan formasına düşürlər. Maşya və Maşyana insanların ilk əcdadları olublar.
 
Bu miflərdən görünür ki, torpaq bəşərin ilkin rüşeymini canlandıran, dirildən bir varlıq kimi dərk olunubdur. Ölüm-dirim dualizmi həyatın və bəşərin yaranması və inkişafıdır. Qayomard ölməsə, insan nəsli yaranmazdı. Təbiət ölməsə, yenidən dirilə bilməz. Xalqımızın da torpaq haqqında min illərin sınağından çıxan məşhur bir deyimi var:” Torpaq deyir: öldür məni, dirildim səni”.
 

«Avesta»da dilə gələn torpaq insanlara buyurur ki, ondan hər vasitə ilə istifadə etsinlər, ona əmək sərf edib, ondan layiqincə faydalansınlar. Torpaq insanoğluna müraciət edərək deyir ki, ey insan, sən məndən ikiəlli yapışıb, məni layiqincə becərsən, mən yorulmaq bilmədən sənin üçün istədiyin neməti yaradaram, sənə bol ruzi, bol məhsul verərəm. Əgər belə etməsən, torpaq üzərində əməyin olmasa, dilənçilərə qarışıb özgələr qapısında boyun bükəcəksən. Sənin qiymətin zəngin evlərin tullantısı olacaqdır. Sonuncu çərşənbə sayılan torpaq çərşənbəsi digər çərşənbələrdən fərqli olaraq daha təntənəli keçirilir. Axırıncı çərşənbə özünəməxsus ayin və mərasimləri ilə digər çərşənbələri geridə qoyur.

 
Soyuqdan-şaxtadan olmazın əzab-əziyyətini görmüş, məşəqqətini çəkmiş insan qışı yola saldığına sevinir, sevincini-şadlığını bayram səviyyəsinə qaldırır. Bir çox regionlarda ilaxır çərşənbənin təntənəsi Novruzu belə üstələyir. Bu çərşənbə mərasimləri sübh tezdən bulağa, çaya getməklə başlayır. İnsanlar bulaq başına, çay kənarına gələr, oradan su göturər, suyun üstündən atlanar, dərdini, arzusunu suya danışar və sudan dilək diləyərlər.
 

Axır çərşənbənin gecə mərasimləri də dəbdəbəli kecirilir. Tonqallar çatılır, od üstündən tullanılır, uşaqlar qohum-qonşuya üz tutur, evlərə torba atılır, qız-qadınlar qulaq falına çıxırlar. Axır çərşənbədə evlərdə şam yandırılır, xonça düzəldilir. El-obada camaatın gur yaşadığı yerlərdə yumurta döyüşdürülür, digər xalq oyunları keçirilir. İnsanlar məişət və təsərrüfatda köklü yeniliklər edirlər. Qız -qadınlar ev-eşikdə təmizlik işlərinə başlayar. Ev-eşik silinib təmizlənər, yorğan-döşək gün altına atılar, ev-eşikdə nə varsa suya çəkilər, qapı-baca açıq qoyular, evin havası dəyişilər.

 
Kişilər də həyət-bacada əsaslı işə başlayar. Bağ-bağat, həyət-bacaya əl gəzdirərlər, səliqə-sahmana salınar. Bağ-bağatda ağacların qol-budağı budanar, artıq nə varsa yandırılar, ağacların dibi bellənər. Axır çərşənbədə torpağa əlahiddə bir sevgi ilə qayğı göstərilərdi. Bağ-bağatda, əkin-biçin yerlərində torpaq daşlardan təmizlənər, əkin üçün yararlı yerlər əkilib hazırlanardı. Axır çərşənbə ilə bağlı ayin və mərasim çoxsaylı və çoxqatlıdır. Sonuncu çərşənbə ilin ən əziz günü sayılır. Sovet hakimiyyətinin kəskin maddi-mənəvi repressiya apardığı illərdə xalqımız Novruzu təntənəli qeyd edə bilmədiyi halda, axırıncı çərşənbəni son dərəcə yuksək təntənə ilə keçiribdir. Bunun səbəbi ilin axırıncı çərşənbəsinə olan inam və inancda, onun yaratdığı ovqatda, ilaxır çərşənbə ərəfəsində kainat və planetdə gedən təbii proseslərdə axtarılmalıdır. Axır çərşənbə Novruz sisteminin mukəmməl və ən uca nöqtəsidir. İlaxır çərşənbə ayin və mərasimləri ölcuyəgəlməz dərəcədə zəngin və rəngarəngdir.
 

Bu çərşənbədə keçirilən ayin və mərasimlər Novruza hazırlıq mərhələsini bütövlükdə tamamlayır. Torpaq çərşənbəsi özündə əvvəl keçirilən üç çərşənbənin komponentlərini –mərasimlərini də cəmləyib.
 

İlaxır çərşənbələr özündə gerçək simvolikanı qoruyub saxlayıbdır. Bu çərşənbələr insanın yaranmasında fundamental rol oynayan dörd ünsürün hər birini ayrı-ayrılıqda vəsf edir, yaşadılması üçün gələcəyə ötürür.
 

İşıq (od) ata, Su ana başlanğıc, Göy üzü Ata, Yer üzü (Torpaq) ana sayılıbdır. Əslində, Novruzun son tamamlama mərhələsində keçirilən şənlik və mərasimlərlə ilaxır çərşənbələrin ayin və mərasimləri
üst-üstə düşür.
 

Suyun donunun açılması, odun (günəşin) hərarətlənməsi, yelin (küləyin) kainata (planetə) ruh (nəfəs) və can bəxş etməsi ilə torpaq qış yuxusundan oyanır və “nəşvü-nüma” tapır. Məhz bu səbəbdən də “təbiətin dilini bilən” qədim insan kainatın (planetin) yenilməsinə, yerin (torpağın) dirçəlməsinə ürəkdən sevinmiş və bu sevinci rituallaşdırmışdır. İnsanoğlu yaxşı bilirdi ki, kainatın yenilənməsi onun özünün də dəyişilməsi və təzələnməsinə gətirib çıxaracaqdır.

 
(Məqalə müəllifin “Novruz: genezisi, tarixi transformasiyaları və mərasimləri” kitabındandır (“Qanun” nəşriyyatı, Bakı, 2015) .
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
SON DƏQİQƏ! İran raketlərlə vuruldu- Anbaan görüntülər